Sözünü sulara, sirrimi ləpələrə pıçıldayan dənizçi şair

Hüseyn Sözlü – 75

Ömrünün 75-ci baharını yaşayır Hüseyn müəllim. İnşallah hələ çox baharlar yaşayacaq, sərt qışlar yola salacaq, yaşayacaq, yaradacaq…

Çox az adam olar ki, onunla tanış olmasın; nəğmələri, şeiryyəti və insanlığı ilə çox qəlblərdə dost olaraq, şair olaraq, bəstəçi olaraq ünvanlanıb.

Dünyaya paytaxtdan uzaq bir diyarda, dağlarla əhatələnmiş bir yerdə, Naxçıvanda – Şərur rayonunun Şəhriyar kəndində göz açıb. Burda dili söz, ayaqları yer tutub. Əlifbanı, qələm tutmağı, oxumağı, yazmağı öyrənib. Körpəlikdən söz onu özünə çəkib, sözünün bütövlüyü, dürüstlüyü ilə tanınıb. Və çox sonralar onun yazdıqlarını oxuyublar, sözünə sənətinə hörmət ediblər. Elə özünə Sözlü ləqəbini də bu üzdən götürüb, Söz onun ömür yolunun bələdçisi olub.

Əlbəttə ki, şair-bəstəkar Hüseyn Sözlüdən, mənim az qala 30 il olacaq dostluq etdiyim qələm adamından danışıram, bəhs edirəm.

Kimdir Hüseyn Sözlü? Heç bilmirəm bu suala ehtiyac varmı? Amma olsun, hər kəs tanısa da mən də öz tanıdığım Hüseyn Sözlüdən bəhs edim.

Öz təbirincə desək, şeirlərinin birində oxucuya  “dənizin oğluyam” deyir. Və sözün mənəvi məqamında həqiqəti yazır. Dənizdən uzaq bir məkanda dünyaya göz açsa da, həyata şair-bəstəkar, dənizçi kimi doğuluşu dənizin qoynunda olub. İlk dostu, həmdəmi də elə dəniz olub. Təhsilini də bu sahə üzrə alıb, uzaq səfərlərdə olub və insanlara deyə bilmədiyini sulara deyib. Bu əminlik məndə ona görə var ki, o həyatı, həm də mən yaşamışam. Mən də Hüseyn Sözlü kimi sözümü, sirrimi ləpələrə pıçıldamışam.

Ömrünü dalğalar qoynunda keçirən dənizçi şairin həyat yolunu dənizçilərin “Suraxanı” gəmi muzeyinin guşələrindən birində asılan şəkli də təsdiqləyir. Veteran dənizçi olaraq onun da bir vaxtlar işlədiyi, indiki gəmi-muzeydə gənc nəsillər onun həyatı ilə tanış ola biləcəklər.
Bu il aprelin 15-də şair dostumun 75 yaşı tamam olur. Əlbəttə ki, yuxarıda dediyim kimi, şox yaşasın, xoş yaşasın. Elə bu məqamda, Yubiley yaşın mübarək, əziz dost, çox yaşa. Xoş yaşa, deyirəm.

Mən Hüseyn Sözlünün yaradıcılığına yaxından bələd olan birisi kimi birmənalı şəkildə deyə bilərəm ki, dostumun şeir və qəzəlləri həm də onun vizit kartıdır. Oxucuları ilə 11 kitabla görüşə gələn Hüseyn Sözlü özünün söz dünyası ilə yanaşı musiqi dünyasını da zənginləşdirməklə neçə – neçə ünvanlarda – qəlblərdə özünə ünvan tapıb. Bir vaxtlar onun haqqında yazmışdım: Onun sözlərinə tanınmış bəstəçilərin müraciət etməsi şairin poezyasının poetik yüklülüyündən xəbər verir. Şairin musiqi duyumu yaradıcılığında da əks olunmaqdadır. Onun istənilən şeirində həzin bir musiqi var. Hansı mövzuda yazırsa yazsın, hansı mövzuda bəhs edirsə etsin, bu hiss olunmaqdadır. Bu da heç təsadüfü deyil. Hüseyn Sözlünün özünün təqdir ediləcək bəstəkarlıq qabilyyəti var ki, bu da onun yaradıcılığında özünün dolğun əksini tapır.

Yuxarıda qeyd etdiyim kimi, şair ədəbiyyata, bədii yaradıcılığa dənizdən gəlib. Həyatının müəyyən məqamlarını mavi dalğaların qoynunda keçirən Hüseyn Sözlünün yaradıcılığı da elə dəniz kimidir; gah mülayim olur, lirika ilə “yüklənir”, gah da təlatümlü. Ətrafda baş verən naqisliklər də şairin müşahidələrindən kənarda qaqlmır və qələminin “istehsalı” kimi oxuculara təqdim edilir. Çoxlarının gördüyünü, duyduğunu şair həssaslığı ilə qələmə almaq hər kəsə nəsib olmaz.

Hüseyn Sözlü sözün həqiqi mənasında xoşbəxt şairdir. O, bütün mövzularda olduğu kimi lirikasında da səmimidir. Şairi bir mənalı olaraq sevgi şairi də adlandırmaq olar. Yuxarıda dediyimiz kimi, şair nədən bəhs edirsə, ədəbi qabiliyyətini nədə sınayırsa orda bir sevgi var, bir istək var. Bu sevgini ürəyində gəzdirib, qələmindən ağ vərəqlərə köçürmək şairin yurda, vətənə bağlılığından xəbər verir.
“Həsrət hopur sözlərimə,
Vətən, sənsiz üşüyürəm” –

misraları ilə başlayan “VƏTƏN, SƏNSİZ ÜŞÜYÜRƏM”  şeirində olduğu kimi bu mövzuda yazılan bütün şeirlərdə, şair əsl vətənpərvərlik mövqeyi sərgiləyir. “VƏTƏN TORPAĞININ ÇIXIB SEYRİNƏ, BƏHRƏLİ ÇÖLLƏRDƏN YAZACAĞAM MƏN” – deyən şair, sanki yaradıcılığında bu müqəddəs mövzunu zaman-zaman davam etdirməyinin səbəblərinə aydınlıq gətirir. Elə, şairin doğulub boya-başa çatdığı Şərur rayonun Şəhruyar kəndinə olan nastolji hissləri də  poetik çalarlarla oxucuya təqdim olunur; “MƏNİ, TƏMƏNNASIZ SEVƏN ELİMƏ, QAYTARIN BİR ANLIQ, QAYTARIN MƏNİ” deyərək əzəli ilkinliyə dönmək istəyir.

Onunla bütün mövzularda söhbət etmək maraqlıdır. Həyatın bütün anlarını, fəsillərini yaşayıb; Ömrünün çətin, kəşməkeşli anları da olub, xoş günləri də. Ötən günlərinin heç birinə biganə deyil, nə sərt, məhrumiyyət dolu uşaqlıq, nə yeniyetməlik, nə aşıb-daşan, dəli-dolu gənclik illərinin, nə də indiki müdrük anlarını özündən, duyğusundan bir addım da olsa uzaq saxlamır. Bütün sadaladıqlarım onun yaradıcılığında öz əksini tapmaqdadır.

O, harda olursa olsun, hansı şəraitdə yaşayır yaşasın, insani hisslər, duyğular bir an da olsun belə onu tərk etməyib.

Hüseyn Sözlü səyyah şairlərimizdəndir. Azərbaycanımızın bir çox bölgələrini demək olar ki, qarış-qarış gəzib, gözü tutan, könlünü oxşayan yerlərə qələmi ilə sığal çəkib, misralara köçürüb, ürəklərə yol tapdırıb . “Dağların” adlı şeirində olduğu kimi:

Elə ki seyrinə çıxdım bu səhər,

 Məni gördü, güldü üzü dağların.

Könlümü oxşadı mənzərəsiylə,

Yamyaşıl yamacı, düzü dağların.

Yaxud,

Günəş baş qaldırır öz yatağından,

Çiçəklər düzülür yola bir daha.

Bülbül güllər üçün nəğmə oxuyur.

Dönür qarşısında qula, bir daha.

 “Bundan o tərəfə daha gücüm yox” şeirində  Vətən sevdalısı olmasını, yuru-yuvanı qarış-qarış gəzməsini belə poetik bir dillə açıqlayır:

 

Dənizlər adladım, dəryalar keçdim,

Bundan o tərəfə daha gücüm yox.

Tufanlar adladım, boranlar seçdim,

Hələ bu şerimin sonu deyildi.

 Diyar-diyar gəzdim eli, obanı,

Çox insanlar gördüm doğma, yabanı,

Başa düşdüm qocaları, cavanı

Hələ bu şerimin sonu deyildi.

Qeyd etdiyim kimi Hüseyn Sözlü Vətən mövzusunda yazmaqdan usanmır. Yaradıcılığında dönə-dönə bu mövzuya müraciət edir. Yurdun təkrarolunmaz gözəlliklərindən bəhs edir. Bu, şeirdə olduğu kimi,

Təbiət seyrinə çıxdım bu səhər,

Könlümü çiçəkli bağlar oxşadı.

İlahi, gözəllik varmış nə qədər,

Ruhumu əlçatmaz dağlar oxşadı.

Yenə də ötənlərdə onun haqqında yazdığım bir fikrin üstünə gəlirəm: H. Sözlünün vətəndaş şair olduğu qənaətinə, indi bir bəndini misal gətirəcəyim elə tək bu şeirini oxumaqla gəlmək olar.

Həyat özü çox yaşatdı sərtləri,

Həsrət uddu neçə-neçə mərdləri.

Taleyimin şimal-cənub dərdləri,

Məni çəkib Araz üstə gətirir.

Hüseyn Sözlü ürəyinə müraciət edərək, “HƏMİŞƏ MƏN SƏNƏ ARXALANMIŞAM” deyir.

“Ürəyimlə söhbət” adlanan, haqqında bəhs etdiyim şeirdə şair özünün həyatının cizgilərini də cızır. Həyatının çox hissəsini dənizlərdə keçirən şairin şeirlərindəki yaşam da elə gördükləri, yaşadıqlarıdır:”HƏYATIM DƏNİZLƏR YOLÇUSU OLUB, DÜŞÜB FƏLAKƏTƏ, GƏMİ ÜRƏYİM”.

Dalğalar qoynunda gəminin necə dözümlü olması, necə ağır yüklərin mənzil başna çatdırılması göstərdiyim iki misrada necə də düzgün ifadə olunub. Yaradıcı insanın ürəyi də elə həmin gəmi kimidir. Nə qədər ağrı, acı, tufan, qasırğa, kədər, qəm, iztirab görür və onları daşımaqda davam edir. Bəlkə də elə buna görədir ki, bir neşə il bundan qabaq şairin gəmi ürəyi bu qədər yükə tab gətirmədi, çat verdi və açıq ürək əməliyyatına bsəbəb oldu.

Hüseyin Sözlünün ibrətamiz məsəllərlə yüklənmiş çoxlu sayda şeirləri də var ki, zamanı gəldikdə zərb –məsəl kimi səslənir:

“Hər şeyi varında görmə, a dostum,

Eşşəyin qiyməti çulunda deyil” –

misraları ilə başlanan “İnsanlıq satılımır” şeiri dediklərimə əyani sübutdur. Şairin, “Daha nəyin qaldı ki”, “Sına”, “Sözünü de” və başqa şeirləri bu qəbildən olan şeirlərdir.

Bəzən pərişanlıq, yorğunluq, giley-güzar da şair ürəyindən süzülərək qələmindən vərəqlərə köçürülür. Sanki həyatın təzadlarından tıncıxıb, tükənib, ağ bayraq qaldırmaq, təslim olmaq istəyir,

Mənimtək yoxdu biri, halı pərişanam bu gün,  

Sevgidən ayrı düşən, tənha qəribanam bu gün.

 

Gecələr yatammıram, getmir yuxu gözlərimə,

Çox yuxusuz qalmışam, gözləri al qanam bu gün.

 

Bir zamanlar gördüyün o şuxluqdan yoxdur əsər,

Səhrada dəvələri ölmüş bir sarvanam bu gün – deyir.

Amma, anındaca, həmin küskünlük, yorğunluq aradann qalxır. Şair, heç də tükənmək, geri çəkilmək olmaz, anlamında yazır:

Elin dərdlərini qələmə aldım,

Pislik, alçaqlığı tələmə saldım,

Hüseyn Sözlütək doldum, hey doldum

Hələ bu şerimin sonu deyildi

Hüseyn Sözlü həm də lirik bir şairdi. Onun lirikasında insanın qəlbini oxşayan, duyğulandıran, oxucunu sehrində saxlayan misralar yetərincədir. Şairin adı çəkilən bu şeirlərində olduğu kimi: “O gül səni xatırladır”, “Daha gözləyə bilmirəm”, “Sənə deyəcəyim sözün xətrinə”, və digər şeirlərində saf bir sevidən, bu sevginin böyüklüyündən, ilahiliyindən söz açılır. H.Sözlünün digər şeirlərin də də bunları hiss etməmək olmur.

Çəkilib buludlar, gülür göy üzü.

Axşamdır, ulduzlar bizi izləyir.

Təbiət susubdur, dayanıb sanki,

Sənə deyəcəyim sözü gözləyir. (Sənə deyəcəyim sözün xətrinə)

Yaxud nakam bir sevgidən yazılan, ürəkləri riqqətə gətirən aşağadakı misralara nəzər salaq:

Nə qismətdi, tale yazıb adıma,

Tək qalmışam, kimsə çatmır dadıma.

Pərvanələr görüb yanır oduma

Göz yaşlarım sənsiz axır gecələr.

Çatmadım vəslinə, ahu-zardayam

Əlacsız bimaram, bir bax, dardayam

Axıb qurumaqda olan bir çayam

Göz yaşlarım sənsiz axır gecələr.

Hüseyn Sözlü həm də ənənəvi şairlərimizdəndir. Onun yaradıcılığında klassik şeir nümunələri ilə yanaşı ədəbiyyatımız da son vaxtlar o qədər də geniş yayılmaya qəzəl janrına da yazıb, yaradır. Bu da düzdür ki çağdaş ədəbiyyatımızda bu janra müraciət edən onlarla şairlərimiz var. Laikin ümumilidə götürəndə əruz vəzninin imanlarından yetərincə istifadə olunmur. Bu baxımdan Hüseyn Sözlü istisna təşkil edir.

“Qoyubdu bizlərə irs, “sevgili-cananı” Füzuli,

Sevdim səni mən, sevgili canan kimi sevdim” –

deyən Hüseyn sözlü bu qəzəldə özündən qabaq yazıb yaradan şair babamızın adını əziz tutmaqla yanaşı, əruz vəzninin incəliklərindən də məharətlə istifadə edir və misralarda sözləri cilalamağı bacarır. O, 400-dən çoz qəzəlin müəllifidir…

Artıq ömrünün 75-ci pilləsini də arxada qoydu. Qarşıda hələ çox illər var ki, onun ömür arxivinə xoş anları ilə yazılacaq. Hüseyn müəllim bir insan, dost olaraq da nümunə göstəriləsi, öyrəniləsi bir ziyalımızdır. Xarakterindəki özgürlük, daima irəliyə baxış, bacardığı qədər insanlara kömək etmək fitrəti olan dostuma uzun ömür, can sağlığı, yaradıcılıq uğurları arzulayırm və deyirəm: Əziz dost, dünyaya gəliş günün mübarək, çox yaşa, xoş yaşa.

Faiq Balabəyli

AYB üzvü, Şair-publisist, “Məmməd Araz” və “Şahmar Əkbərzadə adına ədəbi ödüllər və “Qızıl Qələm” mükafatçısı, Prezident təqaüdçüsü. Müstəqil.Az saytının baş redaktoru,  “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri.

 

 

 

 

 

 

Share: