Ömrümün əzəli – Doğa…  İşıqlı Atalı yazır

Ürəyinizdə Ata Günəşi olsun!

İnsan ömrünün çağları olur.

Kəndim (Kalva) ömrümün əzəli, yəni başlanğıcıdır.

Uşaqlığımın keçdiyi, içimdə ağac kimi bitdiyi kəndim!

Duyğularımın boy atdığı, böyüdüyü kəndim!

O illərin hamısı təzədir, bənzərsizdir. Ona görə ki, ilk dəfə yaşayırdım. Hər gördüyüm mənim üçün yeniydi, maraqlıydı. Dünyaya heyran-heyran baxırdım, sevinirdim, kövrəlirdim, inanırdım, şübhələnirdim…

Dərdimi deməyə kimsə tapmayanda özümə qapılırdım.

Özümlə dost olmağı o zaman öyrəndim.

***

Hələ məktəbə getmirdim. Yaz gəlmişdi. Dədəm göydələn nar armudu ağaclarının altında yer belləyirdi. Qəfil soruşdum:

  • Bu ağacların neçə yaşı var?

Dədəm dedi:

  • Ağacın yaşını bilmək istəyirsənsə, get qulağını daya, özü sənə deyəcək.

Gerçəkdən dədəmin bu sözünü həqiqi saydım. İnandım ki, ağac danışır. Getdim durdum ağacın dibində, qulağımı tutdum gövdəsinə. Mənə  elə gəldi ki, ağac nəsə dedi,  ancaq başa düşmədim…

***

3-4 yaşım olardı, yazın ilk gəlişilə həyətimizdə cücərən rəngbərəng otların sehrinə düşmüşdüm. O rəngləri indi də nəinki xatırlayıram, hətta görürəm! Budur, şabranı armudla lətənc armudun qoşa calağının evə baxan səmtindəyəm. Buradakı dünya mənimdir, heç yanda bu gözəllik yoxdur, ola bilməz! Olsa da bu gözəlliyə çatmaz, bu, bir başqa dünyadır. Bu sehrli dünyanı həm də ağlımda, ruhumda yaradıram ardıcıl olaraq, ona görə də illərdir yaz gəlir, o əlvan otlar torpağın bağrından sıyrılıb çıxdıqca yamyaşıl olur, sonra xırdaca güllər açır, o güllərdən dəstə bağlayıram, doyunca baxıram, baxıram…

Bu gözəllik məni bəxtiyar eləyir. Bu gözəllik haqda düşünməyə başlayıram. Kimsəyə nəsə deyə bilmirəm. Sanki duyuram, desəm, gülərlər. Bəlkə də məni anlayan tapılar…

***

İllər ötmür, ötə bilmir, ona görə ki, yaddaşımda zamanı tutub saxlamışam: kəndimizi gəzirəm, tez-tez eşitdiym Azərbaycan kəlməsini elə Kalvaya aid eləyirəm. Ona görə ki, Azərbaycanı həm bu gözəlliyin ruhu olaraq anlayıram.  Yaş o yaşdır ki, başqa yerlərə getməmişəm, heç Kalvadan başqa kəndlərin olduğu haqqında təsəvvürüm belə yoxdur…

***

Kəndim – təbiətdə doğulmaq, uzun illər təbiətin qoynunda yaşamaq, onunla iç-içə olmaq xoşbəxtlyini verdi mənə. İndi yaşımın bəlli vaxtında o gözəllikləri nisgilli xatırlamağım insanın kökündən az qala qopub təbiətə özgələşməsinin qarşısını ala bilmir. Nədən belə oldu ki, İnsan təbiətə qənim kəsildi? Ona görə ki, özümlüyündən ayrıldı.

Son illər kəndə gedəndə meşələrin, yolların qırağında, dərələrin yaxasında zibilin hər cür çeşidini görürəm, nəfəsim tıncıxır. Plastik qablar ağacların gövdəsinə sarmaşıq  kimi  sarılıb,  köklərinə ilişib bağrını yarır…

Kim eləyir bunu? Sənayeləşən, təbiətsizləşən insan.

***

Kənd şəhərə oxşayacaqsa, şəhərləşəcəksə, artıq insan yaşamının kənd janrı yoxa çıxmaqdadır  demək.

Kəndə gedənin içində ağaclarla, yollarla, dağlarla, bulaqlarla, çaylarla, səmayla,  Günəşin doğmasıyla, qürubuyla, gecənin sehriylə, sükutuyla danışmaq ehtiyacı  yoxdursa, içlərdə o həsrət ölmüş deməkdir.

Təbiət  (Doğa) – öyrətmənimdir!

Bunu  özümə deyirəm, deyirəm, ağlıma yazıram.

Sonra da hamıya deyirəm.

Deyirəm ki, ilahiliyi (insaniliyi) unutmayaq.

İlahilik – Təbiətdə olduğu dərəcədə həm də İnsandadır.

İnsan Təbiətdən ayrılanda – özündən ayrılır.

***

İnsanın  qəribliyi var…

Qəriblik nə zaman başlayır?

Özünlə, ruhunla bir olmayanda.

Özümləyəm, Ruhumlayam.

Bədbəxtliyim yoxdur.

İçimdə kəndimin təbiətini yaşadıram. Bu gün o təbiət yoxdur əslində. Hər kəndə gedəndə uşaqlığımdakı o təbiəti axtarıram. Getdiyim yerlər gözümdə adiləşir də. Ancaq yaddaşımda,ruhumda mənimkidir. Adiləşməyə qoymuram. Hətta istəsəm də adiləşməz. Ona görə ki, ruhumla qoruyuram.

Aqibətlə  zarafat etmək olmur.

 

Atamız var olsun!

 

28 İnam günü, Günəş ayı, 43-cü il (mart, 2021)

 

 

 

 

 

Share:

Author: Müstəqil AZ