Azərbaycanlı serial ulduzu: “O rola görə məni təhqir elədilər” – Müsahibə

Kulis.az “Sonuncu fəsil” serialının İlyası kimi tanınan aktyor, İlham Hüseynovla müsahibəni təqdim edir.

– Hansı rolunuzun həyatını realda yaşamaq istəyərdiniz?

– Mənim ekranda oynadığın rollar arasında ən çox sevdiyim Rövşən İsaxın “Sonuncu fəsil” serialında çəkildiyim İlyas obrazıdır. Bax, mən onun həyatını yaşamaq istəyərdim.

Texnomart.az

– Sevdiyi qadına sahib çıxdığı üçün?

– Bilirsiz, bu rol mənim ruhuma, xarakterimə, iç dünyama çox yaxın obrazdır. Mən bu rola çəkiləndə elə bilirdim ki, özümü, öz taleyimi oynayıram. Heç vaxt heç bir rolumdan bu qədər zövq almamışam. İş burasındadır ki, həyatda da oynadığım obrazın taleyini yaşamışam. O ki qaldı sevdiyin qadına sahib çıxmaq məsələsinə, bu adi bir iş, adi bir addımdır. Ali iş, ali addım sevdiyin insanı xoşbəxt eləməkdir. Bax bu, həyatda ən çətin, ən müqəddəs işdir. Xoşbəxt edib, xoşbəxt olmaq. Xoşbəxtlik insan üçündür, insan xoşbəxt olmaq üçündür.

– Problem sizi tapır, ya siz problemi?

– Mən çox həssas insanam. Başqalarının dərdini öz dərdimə çevirmək mənim üçün vərdişdir. Deməli, mən problemi tapan insanam.

– Rövşən İsax olamsaydı, İlham Hüseynov necə tanınardı? Bir halda ki teatr sizə istədiyiniz şöhrəti qazandırmadı…

– Bu, danılmaz bir həqiqətdir. Aktyoru məşhurlaşdıran, geniş tamaşaçı kütləsinə tanıdan kinodur, serialdır. Aktyor sənəti asılı sənətdir. Bütün dünyada belədir. İstənilən aktyorun həyatında bir rejissor olur və onu çəkib məşhurlaşdırır. Onun həyatında açar rolunu oynayır, taleyini dəyişir. Mənim də bəxtimə Rövşən İsax düşdü. Mənim də həyatımı o dəyişdi. Kino taleyimi o həll elədi. Məni kinoya ilk dəfə Rövşən İsax gətirib və bugünə qədər onun bütün serial, kino layihələrində çəkilmiş aktyoram.

– İmran roluna görə təhqir olunmusuz…

– Bəli. Sosial şəbəkələrdə, digər yerlərdə təhqirlərə məruz qalmışam. Amma mən bu fikrin qəti əleyhinəyəm ki, oynadığım rola görə tamaşaçıda nifrət yaratmışamsa, bu, mənim uğurumdur. Yox, belə deyil. Əgər, mənim oynadığım personaj ssenarist tərəfindən mükəmməl yazılıbsa, bu rolu mən yox, hər hansı bir aktyor oynasaydı, nifrət yaranacaqdı. Bu nifrət hissini mənə ötürən insanlar, reallıq hissini itirmiş qara camaatdır. Kütlə düşüncəsidir bu. Mənə ağıllı tamaşaçı yaxınlaşıb desə ki, necə təbii, necə real oynadınız, bax bunu öz uğurum hesab edirəm. Deməli, inandıra bilmişəm.

– Nə vaxtsa, vicdan səddini keçsəniz, sizi kimin mühakimə eləməyini istəyərsiniz?

– Mənim üçün vicdan hissi həyatda ən müqəddəs nemətdir. Baxmayaraq ki, dünyada insan vicdansızlığı baş alıb gedir, dünyanı uçuruma aparır, yenə də dünyanı fəlakətdən xilas edə biləcək yeganə qüvvə vicdandır. Mənim vicdan səddini keçməyim mümkün deyil. Əgər, belə bir olsa, məni mühakimə edən kim olur-olsun, təki vicdanlı olsun.

– “İlham Hüseynov mənim müəllimimdir ” deyəcək tələbələr yetişdirmək fikriniz yoxdurmu?

– Aktyor sənətində pedaqoq olmaq dəhşətli dərəcədə məsuliyyətli işdir. Aktyorluğun sirlərini öyrənməyə çalışan tələbələrin hamısı yox, aralarında bir neçə gənc bu sənətə həyatını qurbaq vermək üçün gəlir. Sən də bir müəllim kimi onlara düzgün yol göstərib öyrətməlisən. Hər bir aktyorun sənət yolu düzgün tədris prosesindən başlayır. Sən gələcək aktyorunun sənət fundamentini qurmalısan. Bu işdə hansısa bir səhv bu gəncin gələcək sənət taleyini korlaya bilər. Ən azından bu günahdır. Yaxşı aktyor, yaxşı rejissor hələ yaxşı pedaqoq deyil. Bu sahədə yaxşı pedaqoq olmaq ayrıca bir sənət və istedaddır. Bilmirəm, bəlkə də nə vaxtsa öz öyrəndikərimi, təcrübəmi kimlərəsə öyrətmək iddiasına düşdüm. Buna mənim həvəsim də var. Amma bu o zaman ola bilər ki, mən özümə tam əmin olum

– Aktyor kursu açan həmkarlarınız var. Və üzə çıxarda bilməsələr də, istedadlı tələbələri var. Amma bəzi həmkarlarınız kurs məsələsinə müsbət reaksiya bildirmir ki, iki-üç aya aktyor yetişdirmək olmaz. Teatrlarımızda isə istedadlılar gizləndiyi kimi, istedadsızlar da at oynadır.

– Aktyor sənəti incəsənət aləminin bir zərrəsidir. İncəsənət ruhun ehtiyacından yaranan mövhumdur. Ruha qida verən ilham pərisidir. Bu anlayış, bu şövq hər adama verilmir. İncəsənət aləmində yaşayan insanlar bu ilhamın şövqüylə yaradırlar. Aktyor sənəti də belədir. Dünyada aktyor sənətini yazılı nəzəriyyə şəklinə salıb sistem kimi teatr aləminə təqdim edən ilk aktyor, rejissor Stanislavski olub. İndiyə qədər dünya aktyor və rejissorları onu oxuyub, öyrənir, bəhrələnir. Belə bir fikir də söyləyib. Əgər hər hansı bir aktyor öz işini bədahətən hiss eləyib, duyub, realizə etsə, mənim sistemim ona lazım deyil. Əgər bir insana aktyorluq istedadı verilməyibsə, heç bir təhsil ona kömək eləyə bilməyəcək. Yox, əgər verilibsə, onun üçün yarım il, bir il təhsil də bəsdir. Bütün bunlara baxmayaraq, mən hesab edirəm ki, aktyor sənəti bir elmdir. Onun üçün yaxşı təhsil və təcrübə mütləq vacibdir.

– Niyə bəzi həmkarlarınız hələ də anlamırlar ki, ekranda əl-qol hərəkətləri yox, gözlər vacibdir?

– Göz ürəyin aynasıdır. Gərək ürəkdə nəsə olsun ki, göz onu ifadə etsin.

– Niyə aktyorların çoxu teatrı kinodan üstün tutur?

– Bəlkə də yer üzündə bütün aktyorlar sənət baxımından teatrı kinodan üstün tutur. Daha doğma sayır. Teatrda oynamağı, kinoda oynamaqdan daha məsuliyyətli hesab edir. Mən bu fikirlə razıyam. Aktyor teatrda yetişər, öyrənər, təcrübə qazanar. Teatrda gündəlik məşqlər etməklə öz qabiliyyətini üzə çıxara bilirsən. Kinoya isə hazır məhsul lazımdır. Nəyin varsa, indi bu dəqiqə göstər. Ona görə, həmişə deyirlər, aktyor teatrda qazandığını kinoda xərcləyir. Şəxsi qənaətim belədir. Teatr məktəb, dərs, kino isə imtahandır.

– Cavabınızdan belə çıxır ki, teatrda oynamaq daha çətindir.

– Mənim üçün hər ikisi çətindir. Amma mən bunları bir-birindən ayırmıram. Hər ikisinin çətin və asan məqamları var. Məsələn, səhnədə ağır, emosional, psixoloji yüklü bir obrazı oynamalısan. Lap belə ağlamalısan. Ağlaya bilmirsənsə, bunu texniki vəziyyətdə yaxşı mənada yola verə bilərsən. Tamaşaçı səni nisbətən uzaqdan görür. Ekran tamaşaçısı isə öz gözünü dikir sənin gözünün içinə. Səni yaxından izləyir. İndi hünərin var süni oyna, tamaşaçını aldat.

– Serialda özünü teatr aktyoru kimi aparan aktyorlarımız var ki, günahı rejissorda görürlər. Deyirlər, aktyoru rejissor idarə eləməlidir.

– Aktyorun necə oynamağı üçün rejissor məsuliyyət daşıyır. Amma bu o demək deyil ki, aktyor rejissorun köməyini gözləməlidir. Bu işdə hər iki tərəf eyni məsuliyyət daşıyır. O ki qaldı aktyorun ekranda teatr aktyoru kimi oynamağına, buna sənət aləmində “teatral oyun tərzi” deyirlər. Çox ciddi problemdir. Bu problemi mən də yaşamışam. Teatrda səni izləyən tamaşaçı səni otuz-qırx metr uzaqdan izləyir. Bayaq dediyim kimi, sən öz emosiyanı, fiziki hərəkətini qabartmalısan ki, ən axırıncı sırada oturan tamaşaçıya çatsın. Kamera isə sənin bir addımlığındadır. Nəyisə qabartmağa ehtiyac yoxdur. Uzun illər və ya qısa müddət teatrda oynayan aktyor qəflətən kamera qarşısına keçəndə özündən asılı olmayaraq başlayır teatr aktyoru kimi oynamağa. Çünki vərdiş edib. Bu vərdişi tərgitmək üçün rejissorun köməyi vacibdir.

– O zaman rejissor uğursuz işinə görə aktyoru yox, birbaşa özünü günahlandırmalıdır. Zaman-zaman rejissorun da öz məsuliyyətsizliyini aktyorun üzərinə atdığının şahidi olmuşuq.

– Bu suala ən gözəl cavabı böyük sovet rejissoru Tolstonoqov verib. Əgər rejissor aktyora hansısa rolu həvalə edibsə, aktyor rolunun öhdəsindən gələ bilmirsə, rejissor bunu vaxtında duyub, aktyorunu başqa bir aktyorla əvəz eləməlidir. Yaxud, hansı zəhmət bahasına olur-olsun, gecə-gündüz aktyoruyla işləyib, istədiyini almalıdır. Əgər bunların heç birini eləmirsə, eləməyə qadir deyilsə, deməli, birinci günahkar rejissor özüdür. Başqa bir misal çəkim. Nəyə görə deyirlər, Rövşən İsaxın aktyorları yaxşı oynayır? Mən elə aktyorlar tanıyıram ki, onları başqa serialda görmüşəm, bəyənməmişəm, amma Rövşənin seriallarında yaxşı oynayıblar. Çünki Rövşən İsax aktyorla işləməyi bacarır. Bizim rejissorların əksəriyyətində aktyorla işləmək problemi var. Bu problem bayaq vurğuladığım kimi, tədrisimizlə bağlıdır. Dörd il bundan əvvəl bizdən on nəfəri Moskva şəhərinə oxumağa göndərdilər. Onların bəzisiylə əlaqə saxlayıram, görüm, nələr öyrəniblər. Məktəbi bitirsələr də, mükəmməl aktyor yetişdirmə məktəbini yaradıblar. Savadlarıyla universitetdə, akademiyada dərs deyən müəllimlərdən geri qalmırlar. Mən onlardan da öyrənmişəm. On nəfərə iki il ancaq aktyorluqdan dərs keçirlər. Rejissorluqdan heç nə keçmirlər. İki ildən sonra ya tələbənin öz şəxsi istəyinə, ya da rejissorun məsləhətinə söykənərək məsləhət verirlər, sən bundan sonra ya yaxşı aktyor ola bilərsən, ya da yaxşı rejissor ola bilərsən. Rövşən İsax aktyor sənətini bildiyi üçün aktyorlarla işləməyi bacarır. Çünki universitetdə aktyorluq fakültəsini bitirib. Rejissorluğu isə özü öyrənib. Ən gözəl bilik, yaddaş yoluyla yox, təcrübə yoluyla əldə edilmiş bilikdir.

– Zəif oynayan aktyora, aktrisaya iradınızı bildirirsiz?

– Bu mənim işim deyil.

– Axı siz artıq öz sözünü demiş aktyorsunuz.

– İradı, tənqidi heç kim sevmir. Kim deyirsə, tənqidə açığam, normal qarşılayıram, inanmayın. Heç mən də xoşlamıram. Bu, təbii instinktdir. Heç kim öz ayranına turş demir. Amma tənqidi həzm eləmək lazımdır. Bu, işin xeyrinə olar. Mənim özümü tənqid eləyənlər olub. Məyusluğa qapılıram ki, niyə özümdəki səhvi görə bilməmişəm? Emosiyalarım yatandan sonra soyuq başla bu tənqidin qərəzli olub-olmadığını araşdırmışam. Əgər, tənqiddə həqiqət varsa, ürəyimdə mənə irad tutanlara minnətdar oluram, səhvimi düzəldirəm. İndi sualınıza sualla cavab verirəm: Başqa aktyorlar da mənim kimi düşünürmü? Kiməsə irad bildirəndə çox ehtiyatlı davranmaq lazımdır. Əksər hallarda qarşı tərəf bunu düzgün anlamır, nəticədə münasibətlər korlanır. Hər adama irad bildirmək, tövsiyə vermək olmaz. Bunun tərəfdarı deyiləm.

– O zaman sizi öz səhvlərini görən məşhurlar sırasına salmaq olarmı?

– Hər halda mən buna cəhd göstərə bilirəm. İstər teatrda, istər kinoda hansısa uğura imza ata bilmişəmsə, bunun arxasında birinci özümə tənqidi yanaşmağım dayanıb.

– Niyə başqa seriallarda çəkilmirsiz?

– Başqa seriallara ara-sıra dəvət almışam, amma çəkilməyə razılıq verməmişəm.

– Niyə?

– Uğursuzluqdan çox qorxuram. Əmin deyiləm ki, içimdəki potensialı digər rejissorlar Rövşən İsax qədər göstərib üzə çıxara bilər.

– Çalışmamısınız, hardan bilirsiniz?

– Bunu bilmək o qədər də çətin deyil. Onların işini diqqətlə izləmək kifayətdir. Amma çox arzulayıram. Ən azından serial işində müxtəlif, fərqli, yaxşı rejissorlarla çalışım. Müxtəliflik aktyorun aktyor kimi inkişafında vacib amildir. Fərqli rejissor fərqli aləmdir, fərqli dünyadır. O aləmin içində fərqli nəsə öyrənirsənsə, qazanıb inkişaf edirsənsə, mənəvi zövq alırsan. Bax aktyor sənətinin gözəlliyi bundadır.

Şəfaqət Cavanşir

Share: