Mənim erməni oğlum…

İbrahim RÜSTƏMLİ
(Bu, real faktlar, olmuş hadisə əsasında yazılımış bir tarixdir. Heç nə uydurulmayıb. Nə jurnalist fantaziyasının, nə də yazıçı təxəyyülünün məhsuludur. İlk dəfə Qafqazinfo.az saytında 25.02.2015-ci ildə dərc olunub!)
Aramsız körpə çığırtısı qulaqlarıma çırpıldığı ilk andaca məni öz əsirinə çevirdi və kürəyimdən dürtmələyə-dürtmələyə zorla hərbi hissənin qərargahına gətirdi.
Hiss və həyacanımın heç bir sərhəd tanımadığını anlasam da, onları cilovlamaq, öz daxilimdə gizlətmək imkanım hələ tam tükənməmişdi.
Nə baş verdiyini bilmirdim, ancaq əli silahlı əsgərlərin arasında, insan qanına susamış güllə və mərmilərin rəqs meydanında bu səsin necə gücsüz və tənha olduğunu çox yaxşı başa düşürdüm…
***
Müharibə heç nəyi, heç kimi vecinə almır. Hamının iradəsini sındırır.
Müharibə davamlı inadkarlığı ilə daşı-qayanı yaran su kimidi. Ancaq su deyil. Oddu, alovdu…
Mən onun amansız qanunlarına yaxşı bələddim. Qısa zamanda hər üzünü tanıtmışdı. İyrənc iddialarının özünəxas səmimi və arxayın diqtəsilə adamları çox asanlıqla öz köləsinə çevirir və hər şeyi təbii qarşılamağa vadar edirdi.
Müharibə məni özünə sevdirə bilmirdi…
Müharibə məni özünə sevdirə bilmirdi, amma ona nifrət etmək zorunda da deyildim…
Canımı göyüm-göyüm göynədən XOCALI FACİƏSİ ürəyimdəki insanlıq duyğularının qəsdinə durmuşdu. Məni özümdən alırdı.
Məni özümdən alıb indiyədək tanımadığım, görmədiyim başqa bir adama çevirirdi…
Ancaq mən müharibəyə tabe olmaq – dəyişmək istəmirdim.
Mən özüm olmaq istəyirdim…
***
Aramsız körpə çığırtısı qulaqlarıma çırpıldığı ilk andaca məni öz əsirinə çevirəndə və kürəyimdən dürtmələyə-dürtmələyə zorla hərbi hissənin qərargahına gətirəndə 1992-ci ilin yayı idi…
Ayını, gününü – dəqiq tarixini xatırlamıram. Ancaq xatırladığım daha vacib məqamlar var. Mən bu haqda ilk dəfə yazıram…
***
Qərargaha girən kimi yerimdəcə donub qaldım və aramsız körpə çığırtısının yerini-yurdunu müəyyənləşdirməyə çalışdım…
Ətrafımdakıları gözüm görmürdü. Özümdə deyildim. Ancaq hamının mənə necə heyrətlə, necə təəccüblə baxdığını açıq-aydın duyurdum: Bakıdan bir-neçə günlüyə cəbhəyə ezam olunmuş gənc zabitin hörmətlə qarşılanmağı nə qədər təbii görünürdüsə, onun qeyri-adi hərəkətləri də bir o qədər gözlənilməz və anlaşılmaz təsir bağışlayırdı…
Aramsız körpə çığırtısının yerini-yurdunu təxmin etməyə çalışdığım məqamda, qəfildən kürəyimdə kiminsə həyəcanlı və titrək səsini eşitdim:
– Erməni uşağıdı, komandir, anası ilə birgə zirzəmiyə salmışıq…
Daha sonrasını gözləmədim, birbaşa deyilən ünvana yüyürdüm…
***
Təqribən 20-25 yaşlarında cavan bir gəlin idi: həm cavan, həm də gözəl…
Otağın küncünə necə sıxılmışdısa, bir anlıq mənə elə gəldi ki, qadının yarısı divarın içindədi…
Körpə, ayaqlarını anasının qarnına döyəcləyə-döyəcləyə elə hey döşlərinə doğru dartınırdı. (Bu, onun tanıdığı yeganə ünvan idi.) Elə bil dağa dırmaşırdı…
Və hər dəfə də ümidsizliklə aşağı sürüşür, daha bərk çığırır, daha bərk ağlayırdı…
***
– Atası kimdi?..
Bu sualı niyə verdiyimi heç özüm də anlamadım…
Onu da anlamadım ki, bu, belə çıxılmaz vəziyyətdə olan köməksiz qadına verilə biləcək ən ağır, ən amansız, ən dəhşətli sualdı, ən ağır, ən amansız, ən dəhşətli əzabdı…
– Atası kimdi?!.
Bu sualı niyə verdiyimi anlamadığım kimi, niyə ikinci dəfə, özü də daha uca səslə təkrarladığımı da başa düşmədim…
Başa düşməyə macal tapmadım…
Bu sualı ikinci dəfə, özü də daha uca səslə təkrarlayanda, qadın, bədəninin daşlaşmış sükutunu, nəhayət, pozdu.
İlk dəfə başını yuxarı qaldırdı.
İlk dəfə göz-gözə gəldik…
O hər şeyə hazır idi: ölməmək üçün zorlanmağa da, zorlanmamaq üçün ölməyə də…
***
Zirzəmiyə necə atılmışdımsa, eləcə də komandirin otağına təpildim. Və hansısa gözəgörünməz ilahi bir qüvvənin hökmü ilə hərəkət etdiyimi anladım. Elə bil hər şeyi çiyinlərimə qonmuş mələklərin ixtiyarına buraxmışdım. Gözləri bərələ-bərələ mənə baxan, baxışlarıyla sanki nə baş verdiyini anlamaq istəyən yorğun komandirə dediklərim də mənim yox, o mələklərin diqtəsi idi:
– Erməni gəlinini qoruyun. Xocalıda, girovluqda əqrabam var. Onlarla dəyişdirəcəm…
Bu, mənim həyatım boyu çox az-az uydurduğum və dilimə gətirdiyim nadir yalanlarımdan biri idi…
Mənim maraqlı yalanlarım olur. Ancaq bu yazdıqlarımın heç biri yalan deyil. Komandirin cavabını gözləmədən bayıra atılmağım da, yaxınlıqdakı “budka”dan uşaq yeməyi almağım da, o yeməyi acından çığıran körpəyə yedizdərməyim də həqiqətdi…
İndiyədək heç vaxt rast gəlmədiyiniz, heç vaxt eşitmədiyiniz müharibə həqiqəti…
***
Özümü unutmuşdum. Bütün diqqətim körpədə idi. Əmziyi az qala yeməkqarışıq udacaqdı. Onu anasının qucağından zorla qopardım. Buraxmaq istəmirdi. Elə bil bir-birilərinə bitişmişdilər…
Körpə, əmziyi çılpaq damaqlarının arasında gəmirə-gəmirə, mənim qoynumda yuxuya getdi. Onu ehmalca anasına doğru uzadanda başımı yuxarı qaldırdım və qadının üzümə zillənmiş gözlərinə taxıldım…
O, mənə nəsə demək istəyirdi…
Amma deyə bilmirdi…
***
Erməni gəlini ilə aramızda təzə-təzə başlayan dialoqu komandirin yorğun və zəhmli səsi yarımçıq qoydu:
– Bura bax, girovları dəyişənlərə zəng vurmuşam. Ləngimə. Get onların yanına. Səni gözləyirlər…
***
Düz on iki saatdan sonra qucağı uşaqlı gəlinlə birgə daha beş ermənini də Xocalı girovları ilə dəyişməyə yollandıq.
Məni təmas xəttinin yaxınlığına buraxmadılar.
Ancaq hər iki tərəfdən ağ bayraq qaldırmış bir-neçə hərbçinin qarşı-qarşıya gəldiyini uzaqdan açıq-aydın görürdüm…
Söhbət uzun çəkmədi. Başa düşdüm ki, sövdələşmə qabaqcadan razılaşdırılıb.
Hərbçilərdən sonra girovlar da onların dayandığı neytral zonaya gətirildilər…
Gəlin diqqətimi özünə çəkdi – körpəsini bağrına basıb hamıdan qabaqda qaçırdı, elə bil uçurdu…
Daha sonra nə baş verdiyini anlamadım. Basırıq idi…
Bir anlıq kiminsə əlini mən doğru uzatdığını gördüm. Bəlkə də yanılırdım. Amma o anda, deyəsən, hamı mənə tərəf çevrilmişdi…
***
…Xocalıda girov götürülən dinc insanların vəziyyətini sözlə ifadə etməyə gücüm çatmır. Onların hər birini iki-üç əsgər qucağına almışdı. Nə danışa bilirdilər, nə də yeriyə…
Mən bu insanların simasında ilk dəfə dünyanın ən böyük əzabını gördüm…
Mən dünyanı heç vaxt belə yüngülsaqqal görməmişdim…
Mən bu insanların simasında ermənilərin simasızlığını gördüm…
Mən bu insanların simasında daha nəyi görmədim ki…
İnsanın şərəf və ləyaqətini, şərəfin, ləyaqətin nə olduğunu anlamayanlar alçaldar…
Güclünün gücsüzə gücü çatmaz…
Erməni zimVORneri Xocalı qətliamı ilə dünyanın ən ağır cəzasına haqq etdi…
Bu haqqı biz ona tanıdacağıq, mütləq tanıdacağıq…
***
Fikirlərimin nizamı girovları dəyişən “rəhbər”in kobud səsilə pozuldu:
– Buyur. “Dostun” iki daşın arasında yazdı. Xahiş elədilər ki, sənə çatdırım…
Əl içi boyda kağız idi. Üç-dörd kəlmə söz yazılmışdı. Özü də erməni dilində…
Əl içi boyda kağız idi. Amma elə bil çiynimə özümdən ağır yük götürdüm. Bir andaca hər şey iradəmdən kənara sıçradı. Əsən əl-ayağım, düyün düşən düşəncələrim ipə-sapa yatmırdı; sözümü eşidən yox idi…
Müharibə məni nəyin qurbanına çevirmişdi: xeyirinmi, şərinmi? Bilmirəm!
İndi mənə hər şey ovucuma aldığım o balaca kağızda yazılanlar qədər qaranlıq və yad idi…
“Rəhbər” ürəyimdən keçənləri dərhal “oxudu.”
– Narahat olma, ermənicə bilən var. Deyərəm, gedərsən yanına…
Maraq məni götürdü, daha “rəhbər”in saqqalını sığallaya-sığallaya bu anlarda necə bic-bic gülümsəməyinin dalınca düşmədim.
Verdiyi ünvana tələsdim…
***
Amma axtardığım adam evində yox idi. Axşam gələcəkdi. “Məktub”u xanımına verdim…
Vağzala necə gəldiyimi, avtobusa necə əyləşdiyimi, Bakıya necə çatdığımı bilmədim. Yol boyu bir dəfə də olsun kipriklərim qırpılmadı. Elə bil ölmüşdüm, ya da kor idim…
***
Axşam həmin adamın evinə zəng vurdum. Telefonu özü götürdü. Tanışlıq verdim. Kim olduğumu biləndə gülümsədi və qəribə bir ironiya ilə kağızda yazılanları əvvəlcə erməni, sonra da Azərbaycan dilində oxudu:
– Sənsən, mənim uşağımın atası sənsən…
Share: