İki bənzərsiz şairdən şeirlər…

 

                                                                             Ələkbər SALAHZADƏ – 80

 

Bir də gördün

Bir də gördün beşikdi adam,
bir də gördün bəbədi.
Bir də gördün uşaqdı adam,
bir də gördün babadı.

Bir də gördün oğuldu adın,
bir də gördün atadı.
Bir də gördün yox oldu adam,
bir də gördün fotodu.

Bir də gördün oddu adam,
bir də gördün ot oldu
Bir də gördün adamdı adam,
bir də gördün ad oldu.

Axşam

Qanadlara qondu axşam–
yordu, yordu quşları.
Yarpaqlara qondu axşam –
silkələyin ağacları!

Küləklər axşam daşıdı,
küləklər yavaşıdı.
Axşam, axşam…
Qüdrətinə mat qalıb
öz yerində dondu axşam.
Gülüşlərin, sədaların
üzərində dondu axşam.

Adamlar, adamlar…
Çıraqları gur yandırıb
işığını itilədi, –
Kölgələri qapılardan itələdi.
Axşamüstü
axşam üstə
atam çəkic vurdu,
anam paltar ütülədi.

Biz əl verib görüşəndə
axşam sanki sıxılırdı,
çırpınırdı əlimizdə!..

Yarpaqlara qondu axşam –
silkələyin ağacları!

Mənsiz gecə

Ulduzları mürgü döyən
sakit, heysiz bir gecədi.
Ay hardasa itib-batib,
yoxsa göysüz bir gecədi.

Öz-özünə axır keçir,
qədim, nəfis bir gecədi.
Bir az xəfə, bir az qəfəs
təngnəfəs bir gecədi.

Nə yaxşı ki, sonsuz deyil,
uzun, ensiz bir gecədi.
Bir az həzin, bir az qərib,
sanki mənsiz bir gecədi…

Düzəlmədi

Gözlədim –
Bu dünya düzələ bəlkə,
Otuzumda düzəlmədi.
Otuz yazı otuz qışa
Uduzdum da düzəlmədi…
Döz, dedim,
Bu dünya bəlkə düzələ;
Yolum boyu düz getməyə
Bir yerində düzəlmədi.
Qırxımda düzəlmədi,
Qırx birimdə düzəlmədi.
Yüz dedim,
Bircə gün düzələ bəlkə,
Düz ilə, doğruyla düz gələ bəlkə;
əyildi ki, əyildi,
əllimdə də düzəlmədi.
Bildim, bala, düzəlmədi,
Qaldım, baba, düzəlmədi,
Öldüm, dədə, düzəlmədi!..

Qar

Elə bil gün o gün, qar o qar,
haradasan?
O günə qar yağar,
o qara qar yağar –
şığıyar qara qar.
Qar o qar,
Yağar ha, ha yağar,
o saça, kirpiyə qar yağar,
ağarar, ağarar,
haradasan?
Söyüdlər qarıdı,
haradasan?
Saçları ağara-ağara
yayda da düşərəm o qara.
Qurudu, yerində qurudu,
dayanıb qapıda
o qara qarğıyar
bir qarı –
haradasan?
Qar o qar,
baxaram, gözlərim ağrıyar,
izlərim qar altdan çığırar, çığırar.
Çığırar – çığırmaz
üstünə qar yağar,
qar yağar o qara,
o günə qar yağar –
haradasan?!

                                                                          İsa İSMAYILZADƏ – 80

Güllələr demədi…

Getdilər. Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə –
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq dərməyə
Bizi aparmadılar.

Yalvarıb-yalvarıb, dil tökəndə biz
onlar üstümüzə ol ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
«Hələ uşaqsınız… nə yaşınız var…»

Bir gün xəbər gəldi: dava başlanıb…
Onlar əsgərliyə çağırıldılar.
Nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular…

Yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
«Gəlməyin, qayıdın… geri qayıdın…
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dəyməyə».

Biz getdik atları çimizdirməyə,
qulançar yığmağa, moruq yeməyə:
düşüb arxamızca gəldi uşaqlar.
Dilimiz gəlmədi bir söz deməyə.

Onların yoxluğu düşdü araya,
Oyunlar, «məclislər» qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq –

Kəndimiz yamanca uralanmışdı,
hərdən korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı:
«Deyəsən, gedənlər qayıtmayacaq» –

Mərmilər, güllələr fit çala-çala
Hey böyür-başından ötdü onların.
Kətmən vura-vura, ot çala-çala
baxdıq yollara.

Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var…

Mən bir termos şüşəsiyəm

Mən bir termos şüşəsiyəm,
çilik-çilik olmuşam,
tökülmüşəm içimə.
(Eh, kimin nə vecinə)

Birinin gözlərindən,
birinin ürəyindən
qolaylanıb atılanda,
tənhalığın üstünə düşüb, sınmışam –
necə sındığımı heç kəs görməyib,
Heç kəs öilməyib.
Mən bir termos şüşəsiyəm –
pərtliyin də üstünə,
sərtliyin də üstünə
düşəsiyəm bugun-sabah.
Mənim ürəyimin qırıntıları
qəlpəyə dönə bilər,
dostuma, tanışıma, arzuma deyə bilər…

Bir gecə
kiminsə əlləri qonaq gələcək,
kiminsə nəfəsi qonaq gələcək
kövrəlmiş ürəyimə.
Toplayıb bir yerə qırıntıları
düzəcək yan-yana.

Sonra da yana-yana
zərgər barmaqlarla cıllayacaq –
xarabalığın tən ortasında
möhtəşəm bir ürək ucalacaqdır.
Ancaq möhtəşəm ürək
mənim ürəyimə bənzəməyəcək.
Soyuqdan genişlənib, istidən sıxılacaq,
darıxacaq, boğulacaq,
bağlı qalmış qapı kimi
taybatay açılmaq istəyəcək.

Mən bir termos şüşəsiyəm,
Təzədən, təzədən,
təzədən sınmaq üçün,
təzədən yanmaq üçün
bir heyrətin üstünə
daş kimi düşəcəyəm…

 

***
Qatım bir-birinə gecə-gündüzü,
Axşamım-səhərim qarışıq düşsün.
Yaza bilmədiyim sətirlərimdən
Alnıma təptəzə qırışıq düşsün.

Desinlər:
Bu nədir, bir gecəliyə
Adam da bir belə qocala bilər?..
Heç kəs bilməyəcək –
şeir yazanda
Bütün ağrıların gedər heçliyə,
Bütün qırışların açıla bilər! –
Açılar
ürəyin qırışıb belə…

Hamı gözlərinə ipək görünər,
Hamını öpməyə hazır olarsan.
Ulduzları dərib,
çiçək yerinə
Qızların üstünə tolazlayarsan.

Ayağı da yerə toxunmaz onda…
Elə bilərsən ki, damarlarından
Bir coşqun çay axır –
sevinc adında,
Boğula bilərsən burulğanında…

…Sonra yavaş-yavaş
sovuşub gedər,
Təkcə adı qalar sevincin, adı…
Bunu da bir kəsə açıb demirdim:
Hər şeir –
ömrümü bir gün uzadır,
Amma…
ikicə gün alır ömürdən.

Necə deyim

Neyləyim
mən səni sevə bilmədim,
Adsız çiçəkləri, otları sevdim,
Tanışları sevdim, yadları sevdim,
Ürəyimə yatan adları sevdim,
Neyləyim,
tək səni sevə bilmədim.

Sızladım qarışqa yuvası üstə,
Göynədim «Sarıtel» havası üstə.
Dünyanın məhəbbət «davası» üstə
Tək səni,
tək səni sevə bilmədim.

Ağacın üstündə budaqlar qoşa,
Budağın üstündə yarpaqlar qoşa,
Dağlar da,
quşlar da verib baş-başaNə olsun
Mən səni sevə bilmədim.

Qol-qola söykənən budağı sevdim,
O dərəni sevdim,
budağı sevdim,
Məni haraylayan ocağı sevdim –
tək səni sevə bilmədim.

Bir baxışdan dağ çayına vuruldum,
Bulaq gördüm – ağ suyuna vuruldum,
Sənə şer yazım dedim, – yoruldum,
Mən nə deyim, mən də deyim – bilmirəm.
Qələm səni, kağız səni sevmədi.

Bulud gəldi, yağış gəldi – bilmədin,
Göy üzünə axın gəldi – bilmədin.
Tanrıdanmı qarğış gəldi – bilmədin –
Mən gəlmədim
yollar səni sevmədi,
Açılmayan qollar səni sevmədi.

Necə deyim – o yolları bağışla,
Necə deyim – bu qolları bağışla,
Necə deyim,
necə deyim – bilmirəm –
Sənsiz keçən bu illəri bağışla,
Sənlə keçən bu illəri bağışla,
Vurulduğum dağ çayını bağışla,
Sevdiyim çiçəyi-otu bağışla,
Sevdiyim ocağı-odu bağışla,
Sevdiyim tanışı-yadı bağışla

Neyləyim,
neyləyim,
deyə bilmirəm.

Həsrət

Sən qanadlı xəbər kimi,
yad qapını açan gündən –
Həsrətinlə yaşayıram bir otaqda,
həsrətinlə yaşayıram bir torpaqda,
bir dünyada.
Qatarlarda, təyyarələrdə, gəmilərdə
sənəd kimi öz yanımla
gəzdirirəm həsrətini.
Ora-bura sürüməkdən
bezdirirəm həsrətini.
İstəyirəm, azdıram mən həsrətini
alqış dolu salonlarda –
bacarmıram.
İstəyirəm, azdıram mən həsrətini
dalanlarda,
döngələrdə,
izdihamlı küçələrdə –
bacarmıram.
Həsrətinə gücüm çatmır, sənə – əlim,
İstəyirəm, həsrətini
Meşələrə, dənizlərə atıb gəlim –
Bacarmıram.
Həsrətinə gücüm çatmır, sənə – əlim
Süfrəmdəki çörək deyil, həsrətindir,
sinəmdəki ürək deyil, həsrətindir, – hey döyünən
Ürəyimin başını mən
ovuduram bir uşaq tək.
Səndən qalan xatirələri,
olub-qopan həsrətini
ürəyimin qabağına atıram mən
oyuncaq tək,
öz başımı qatıram mən
bir uşaq tək.
Həsrətini içirəm mən,
həsrətini çəkirəm mən.
Nə yaxşı ki, həsrətin var!..
Həsrətinlə yaşayıram bir otaqda,
həsrətinlə yaşayıram bir torpaqda,
bir dünyada,
Yaşayıram,
yaşayıram,
yaşadıram həsrətini.

 

(Dilimizvarlığımız.az)

Share: