Qadın yazarlar niyə bir araya gələ bilmir? – SORĞU

– Ədəbi mühitdə kişi imzalar tez-tez bir araya gəlir, söhbətlər, müzakirələr edir. Bir növ, özləri üçün ədəbi məclislər qururlar. Amma qadınlarda bu hallar görsənmir. Bir sorğuda deyildi ki, bu, qadınların paxıllığı, bir araya gələ bilməməsi ilə bağlıdır. Sizcə də belədir? Niyə qadınlar bri araya gələ bilmir?

 

Səhər Əhməd; Səbəblər çoxdur. Bunu ən birinci kişilərin lüksü adlandırardım. Yəqin, qadınların bu azadlığı yoxdur. Kişilər harda bir araya gəlir? İçki məclisində. Yəni, ora ədəbi söhbətlər etməyə getmirlər, axı, içməyə gedirlər İçki məclisində şeir demək, bir-birini tərifləmək, ya kimisə söymək ədəbi söhbətdisə, bu imkan qadınlarda yoxdur. Onlar işdən çıxıb evə getməlidir, hansısa kafeyə yox. Bu ilk səbəb. İkinci səbəb isə ciddi qadın imzalar azdır. Feysdə şeirini şəklinə büküb paylaşan və şərhlərdə “dahi şair” adlanan qadınlardan danışırıqsa, onlar da yığışırlar və o söhbət ədəbi söhbət yox, qeybət və dedi-qodu olur mən biləni. Sırf mənim fikrimə gəlincə isə, yaradıcılıq fərdi məsələdir, özəldir. Ədəbiyyat yaradanlar onun haqqında danışmır adətən. Danışanlar başqadı, yazanlar başqa…

Samirə Əşrəf; Qadınlar bir araya gələ bilmir demək bir az yanlış səslənir. Mən əhatəmdə olan yaradıcı qadın rəfiqələrimlə görüşürəm də, söhbətlər də edirik. Bizim söhbətlərimiz mətbəxdə qutab, borş bişirməkdən tutmuş, Tolstoya, Meyerxolda, Berqmana qədər gedib çıxa və yaxud da onlardan məişətə qədər qayıda bilər. Sadəcə qadınlar kişilər qədər yeyib-içmək məclislərinə aludə deyillər. Bu təklifi onlara edən müasir düşüncəli kişi yazarlarımız da çox azdır. Qadın üçün bir tabaq keks və yaxşı dəmlənmiş bir fincan çay kifayət edir. Məni əsasən düşündürən məsələ qadın müzakirələrində kişilərin, kişi müzakirələrində isə qadınların niyə olmamasıdır. Kişilər vikinqlər kimi bir yerə yığışıb yeyib-içə, bir-birlərinin sağlığına badə qaldıra, böyük ədəbiyyatdan söhbətlər edə bilərlər. Amma təəssüf ki, həmin məclislərdə qadın ideyası, qadın nəfəsi və fikri çatışmır.

Şəfiqə Şəfa; Təkcə ədəbi mühitdə deyil, ümumiyyətlə kişilər məclis qurmağa qadınlardan daha çox meyillidirlər. Onların özünəməxsus süfrə mədəniyyəti var. Yorgun günlərin, qayğıların, stressin çıxarılması üçün ən münasib üsuldur. Ədəbi mühitdəki kişilər üçünsə ikiqat – hava, su qədər vacibdir: “süfrə ədəbiyyatı” daha şirin olur. Qadınlara gəlincə, inanmıram paxıllıqdan bir araya gələ bilməsinlər. Əksinə qadın paxıllığının ən zəif özünü göstərdiyi yerdir, amma… sırf qadın məclisidirsə. Bəlkə kişili-qadınlı məclis olarsa, hə. Diqqət mübarizəsi, daha çox ön planda olmaq, gözəl ifadə oluna bilmək, vəsf hədəfinə çevrilmək yönündə paxıllıq ola bilər. Bir araya gələ bildiyim qadın məclisləri olur, az da olsa. Orda da ədəbi müzakirələr ikinci planda qalır. Yəqin hələ formalaşma prosesindəyik, ondan.

Aysel Xanlarqızı Səfərli; Mən bunu paxıllıq kimi düşünmürəm. Buna səbəb qadınların qayğılarının çoxluğu, bəzi xanımlara qoyulan məhdudiyyətləri səbəb gətirərdim. Amma, sizin qədər çox olmasa da, bütün bunlara baxmayaraq biz, bir neçə xanım yazarlar uyğun zaman olan kimi bir araya gəlib, ədəbi müzakirələr edib, şeirlər oxuyuruq. Bunu pandemiya şəraitində də zaman tapan kimi canlı bağlantı vasitəsilə təkrarlamışıq.

Naringül Nadir; Kişi yazarların bir araya gəlməsi əlbəttə, rahatdır. Şəhərdəki çayxanalar, kafelər buna imkan yaradır. Nə qədər gender bərabərliyindən danışsaq da, qadın yazarların bir yerə toplanması üçün belə imkanlar bir qədər məhduddur. Amma demək olmaz ki, qadın yazarlar bir yerə yığışmır. Qadın yazarları da tez-tez birlikdə görmək olur. Hərənin də özünə, yaradıcılığına uyğun yoldaşları, dostları olur. Amma söhbətləri yaradıcılıq mövzusunda olur, yoxsa başqa səmtə yönəlir, bax, bu başqa məsələdir… Mənə elə gəlir ki, kişi imzalar bir yerə toplaşdıqda daha çox yaradıcılıq söhbətlərinə yer verirlər. Qadınlarda isə məişət söhbətləri daha çox irəli atılır. Əslində qadın yazarları, kişi yazarlardan fərqləndirmək də o qədər məntiqli görünmür. Necə ki, son dövrlərin ədəbiyyatına nəzər salsaq, yaradıcılıqlarında elə bir fərq yoxdur. Yəqin ki, sağlam ədəbi məclislərin yaranmasına ehtiyac var. Belə olsa, imzaları bölmədən, birlikdə daha gözəl ədəbi diskussiyalar aparmaq olar.

Dəniz Pənahova; Ədəbi mühit ayrı-ayrı cinslərin birliyindən yaranmalı deyil ki, ümumi proses olmalıdır. Kişilərdən ibarət ədəbi mühit bir aya gələndə nə edir ki, guya? Badə qaldırır da. Yəqin ki, qadınlar da toplaşır. Bilmirəm. Əgər belə bir hal baş verərsə, düşünürəm müasir Azərbaycan ədəbiyyatı çox kədərli və faciəvi görünər. Qadınların qayğıları da çox olur, bunu da nəzərə almaq lazımdır. Sənətdə qadın- kişi müqayisəsi isə şərq toplumuna xas özəllikdir.

(Ədalət.az)

Orxan Saffari

Share: