“Muxtar Auezov həyatı və yaradıcılığı” kitabı çap olundu

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Muxtar Auezov həyatı və yaradıcılığı” kitabı çap olunub.

Kitab Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 iyul 2020-ci il 3 saylı qərarı ilə yayımlanıb. Türk xalqları ədəbiyyatı şöbəsində hazırlanmış kitab “Sənətkarın elmi pasportu” seriyasında işıq üzü görən on səkkizinci nəşrdir. Monoqrafiya AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin “Böyük vətəndaş yazıçı və görkəmli ictimai xadim” başlıqlı ön sözü ilə çap olunub.

Kitabın elmi redaktoru və “Muxtar Auezov və böyük çöl mədəniyyəti” adlı giriş hissənin müəllifi filologiya elmləri doktoru, professor Məmməd Əliyevdir. Rəyçiləri filologiya elmləri doktorları, professorlar Əsgər Rəsulov və Ramiz Əsgərdir. Məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayevadır.

Monoqrafiyada qazax ədəbiyyatının görkəmli nümayəndəsi Muxtar Auezovun (1897-1961) həyatı və yaradıcılığı elmi cəhətdən dəyərləndirilir. Ədibin ömür yolu, ictimai fəaliyyəti və yaradıcılığının əsas sahələri tədqiqat obyektinə çevrilmişdir.

180 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. Dörd fəsildən ibarət kitabın Azərbaycan, türk, qazax, rus dillərində ədəbiyyat siyahısı vardır. Birinci fəsli (Muxtar Auezov: Həyatı, ədəbi və ictimai mühiti) Xuraman Hümmətova, ikinci fəsli (Muxtar Auezovun hekayə və povestlərində qazax milli düşüncəsi) Nizami Tağısoy, üçüncü fəsli (Muxtar Auezovun roman yaradıcılığı) Teymur Turan, dördüncü fəsli (Muxtar Auezovun dramaturgiyası) Nizami Tağısoy tərəfindən yazılmışdır.

 

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Müstəqil.Az

Share:

Author: admin