Sən ömrü borclusan tərsa qızına , Mən dönə bilmirəm –sevgi də dindi.

 Xatire RƏHİMBƏYLİ 

 

Küsülü ulduzlar sönük görünür

Günəşi sinəmə qəsdən qoyub baxt.
Gün keçir, ömür -gün qüruba enir.
Əlini qaşının üstə qoyub bax.
Gözlərin ağrıyır məni görəndə?

Nə qədər varındı, gətir yandırım,
ümidin yarımçıq sönən şamları.
Hicranın oduna tutmuşam, yarım,
yalan şübhələri, boş inamları.
Gözlərin ağrıyır məni görəndə?

Ömür ürəyimi bomboş saxlayıb,
bircə kəlmə şirin sözündən ötrü.
Gözün qaranlığa düşüb ağrıyıb,
ağartdım saçımı gözündən ötrü,
Gözlərin ağrıyır məni görəndə?

Dözmür sinəmdəki yanan ocağa,
pərvanə gözlərin çaşır, mən neynim?
Yandım gözlərinə çıraq olmağa,
gözlərin işığa düşür, mən neynim?
Gözlərin ağrıyır məni görəndə?

Belə qəliziymiş sevdanın yolu?
Təmənnasız eşqin əvəzi buymuş?!
Zərif baxışların görür, yorulur,
Xatirə ağrıya Ağrı dağıymış…
Gözlərin ağrıyır məni görəndə?

 Mənim gözlərimdə muncuqdu bu eşq

Mənim qulagimda sırğadı bu qəm
Sən də heç çəkinmə, mənim ürəyim
Yaxşı oyuncaqdı , balaca sənəm.

Bu qəhər hər gecə udduğum həbdi
Şəkərim, şəkərdi bu eşq qanımda.
Ömrümün bal dadan vaxtı varıydı,
Sən də uyuyurdun nağıllarımda.

Qəfil tufan qopdu yer- göy titrədi,
Qəfil toz-dumana büründü aləm.
Səni ayrılığın divi qaçırdı
Mənim nağılımdan, balaca sənəm…

Ha gözüm su verir, ha ürəyim can,
Dustaq xəyalların gülü açılmır
O vaxtdan könlümdə lal gəzdirirəm,
Qorxmuş arzuların dili açılmır.

Mənim gözlərimə muncuqdu bu eşq
Mənim qulağıma sırğadı bu qəm.
Sən də heç çəkinmə,mənim ürəyim,
Yaxşı oyuncaqdı, balaca sənəm …

****
Duzlu sular qoyub qəmin bağrina
Duzlayıb yığıram sənsiz günləri .
Əsgər balasısan ayrılıqların,
Ümidəm , nə vaxtsa dönərsən geri.

“Mən-sən” eşqimizə “o” qara kağız
Göynədir könlümü üçkünc məktublar .
Naümid qoymuam qəlbi;əsgərin
Partizan olmağı ,əsirliyi var …
Axıtdın adımı yaralarından ,
Oxşadı ruhunu şəfqətin əli .
Bulaq eşqimizi silib gözündən,
Axdı ürəyinə tərsa gözəli …

Sən ömrü borclusan tərsa qızına ,
Mən dönə bilmirəm –sevgi də dindi..
Bütün istəklərin sərkərdəsi yar,
Bu çaşqin qoşunla neyləyim indi ?!

Duzlu sular qoyub qəmin ağrına ,
Duzlayıb yığıram sənsiz günləri .
Əsgər balasısan ayrılıqların,
Ümidəm, nə vaxtsa dönərsən geri;
Ömürlük sevmir ki , tərsa gözəli!…

****
Yüz dedim :”Bəxt yazan, əlinə qurban,
Yazdığın bu bəxti sil haaa…”.Silmir a…
Niyə həsrət tikən dağa çəkildin ?
Gəl çıx, ömrüm-günüm , gəl haa… ” Gəlmir a…

Dərd bitir o eşqin ölən yerindən ,
Utanır ,yaşınır bilən yerindən,.
Gəlmədi səadət gülən yerindən
Ürəyə ha denən: “Gül haa”…Gülmür a…

O ölü günləri neynir üsyanın ,
Bu şirin günləri didir əfqanın?
Oğuldan-uşaqdan xəcalət canım
Min denən :”Öl qurtar ,öl haa” Ölmur a….

****

Bilsəm ki ,qəlbinin dərinliyində
Səni didir-yeyir acı duyğular
Bilsəm ki könlündə adımla bağlı
İynə ucu boyda ağrı-acı var
Halal etməyəcəm sənə bu dərdi ..

Gözlərim yoluna dikili qalıb
Bax gör aramıza nə sədd çəkmisən …
Bilsəm xəyalında mən ola-ola
Qəsdən belə qansız sərhəd çəkmisən
Halal etməyəcəm sənə bu dərdi !!!

Bu fani dünyadan nə ummuşuq ki ?
Doğulan saatdan dərvişik ki, biz…
Biri-birimizə əzab veməyə
Əzməyə, boğmağa gəlmişik ki biz?
Halal etməyəcəm sənə bu dərdi …

Eh, bu acı nədi, ehhh, bu qəm nədi
Dedim :”Qoy gözəllik xəyalın olsun !”
İllərlə susdum ki, dərd çəkməyəsən
Yolunda nə çəkdim halalın olsun!!!
…Halal etməyəcəm sənə bu dərdi…

Hər nağlın bir sonu ,sonrası olur ,
Tükənmir bu həsrət ,bitmir bu hicran .
Dilin bir söz deyir ,əməlin bir söz
Saxladın bir ömür könlü nigaran
Oldu ağrım-acım dillərdə dastan
Halal etməyəcəm sənə bu dərdi !!!

*****

Nə tez-tez deyirsən :”Ölürəm daha ”
Ağzından yel alsın ,nə sözdü ,ölmə!
Sənin ölünü də qıymazlar mənə,
Ölü diridən də əzizdi,ölmə!

Mənim başım çıxmaz küydən-kələkdən,
Ətrini alıram əsən küləkdən …
Adın xatirimdə güldən-çiçəkdən
Göylərdə mələkdən təmizdi ,ölmə!

Dilim dönməz deyəm ,zalımsan ,pissən ,
Noolsun ki,indi əğyarla dostsan .
İlahi ülfəti min yol da pozsan ,
İlahi sevgilər ölməzdi ,ölmə!
25.11.2014.

Hər axşam ömrümün xəyal ekranın

3-5 dəqiqəlik yandırmağım var.
Ömrümün ən şirin dəqiqələrin
Bu sirli ekranda dondurmağım var.
Keçir asta-asta,keçir aramla,
Baxışı,duruşu,gülüşü keçir…
Çıxıb xatirəmin dərinliyindən ,
O məhzun,o yorğun yerişi keçir.
Sonra da yalandan tərsləşməyimiz
Yalançı inciyib-küsmələr keçir.
Sonra da ağlını başından alan
İnsafsız dodağı büzmələr keçir
Onda gözlərimin dolur buludlu,
Onda ürəyimdən ağrılar keçir.
Onda yaddaşımdan bir ömür boyu
Cavabın tapmayan sorğular keçir…
Ah,onda qaralır bu xəyal ekran,
Çarxına bir qəhər ilişib qalır.
Zorla fırladıram…
Yenə dişinə
Bir lövhə,bir xəbər ilişib qalır.
Götürüb atımmı bu köhnə çarxı,
Qocaldıqca ona boyum da çatmır.
Hərdən ilişəndə,ciyildəyəndə
Tutub hərləməyə heyim də çatmır….
O qədər baxıb ki,bu köhnə filmə
Daha gözlərimdə tovuş qalmayıb…
Ürəyə gəl anlat bu həqiqəti–
Onda da o ağıl, o huş qalmayıb.
Onun xatirində yüz sənsiz filmi,
Eh,sənsiz yaranmış min lövhəsi var.
Onun xatirində əzizləməyə
Səndən milyon kərə əziz kəsi var.
Nəyinə lazımdı kif iyi verən
Cır-çır cırıldayan köhnə filmlər?
Acı dərman kimi udduğun qəhər,
Gözündən süzülən bu mirvarilər…
Hər axşam ömrümün xəyal ekranın
3-5 dəqiqəlik yandırmağım var.
Ömrümün ən şirin dəqiqələrin
Bu sirli ekranda dondurmağım var…

Sonuncu şeirdi yazıram sənə,
Adın bundan belə çıxar yadımdan .
Səni bundan belə düşünməməyim
Məndən sənə çatan ən böyük cəzan!

Düşün ,səndən ötrü kim böyütmüşdü ,
Bağrının başında bu boyda həsrət.
Cəhənnəm uçrumu açar qarşında
Qəfildən kəsilən bu qurd sədaqət !

Mənim xəyalımın saraylarında ,
Gözəl Yusif idin , ölməz Cakonda ,
Sonuncu şeirdi yazıram sənə,
Əlvida ,gözündən öpürəm sonda…

Share: