ANA DİLİM -Mina RƏŞİD yazdı

Dil açanda ilk dəfə “ana” söyləyirik biz,

“Ana dili” adlanır bizim ilk dərsliyimiz.

İlk mahnımız laylanı anamız öz südüylə

İçirir ruhumuza bu dildə gilə-gilə.

 

Yazıya unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin “Ana dili” şeirindən bir nümunə ilə başlamağım təsadüfi deyil. Axı 21 fevral “Ana dili” günüdür. Odur ki, öz doğma, mehriban dilimizdən danışmaq istədim.

Biz xoşbəxt millətik ki, öz Ana dilimizdə yazıb-oxuyuruq. Tariximizdə elə çətin zamanlar olub ki, bizi öz dilimizə həsrət qoyublar. Özgə dillər başa çıxarılıb. Amma yurdumuzun vətənpərvər ziyalıları  həmişə mübariz olublar. Onlar xalqımıza qarşı bu ədalətsizliyə boyun əyməyiblər.

Azərbaycan bərəkətli torpaqları, təbii sərvətləri, mədəniyyət nümunələri ilə həmişə başqa ölkələrin marağına səbəb olub. Yadlar  bu zəngin torpaqlara sahib olmağa çalışıblar. Ona görə də yurdumuz dəfələrlə düşmən hücumlarına məruz qalıb. Amma çox vaxt da, igid oğullarımız onları gəldiklərinə peşiman ediblər. Təəssüf ki, bu həmişə mümkün olmayıb. Ədalətsiz müqavilələrlə yurdumuzu parçalayanlar onun dilinə də, əl uzadıblar. Dilimiz sıxışdırılıb, bizi özgələşdirməyə çalışıblar. Torpaqlarımız uğrunda savaşan igidlərimiz kimi, dilimizin, nənəviyyatımızın keşiyində də, bu yurdun  layiqli övladları dayanıb  həmişə…

Dil millətin yaranışı və inkişafı ilə meydana gəlir. Buna uyğun olaraq elmi rəylərə görə Azərbaycan dilinin inkişafı III-VII əsrlərdə başlayıb, VII-VIII əsrlərdə başa çatıb. XI əsrdə dilimiz Qafqazda və qonşu ölkələrdə geniş yayılıb. XII-ci əsrdə ədəbi dil kimi tam formalaşıb. Səfəvilər dövlətinaə saray və ordu dili kimi dövlətin ilk rəsmi dili Azərbaycan dili olub.

Əski dövrün Azərbaycan dilinin leksik tərkibi ərəb və fars sözlərinin çoxluğu ilə seçilir. Zaman-zaman Azərbaycan dili “türki”, “türk dili”, “Azərbaycan türkcəsi”, “tatar dili”, “Qafqaz tatarlarının dili” kimi adlandırılıb.

1929-1939-cu illərdə latın qrafikalı əlifbamız olub. Sonra bu kiril əlifbası ilə əvəz edilib. 1991-ci ildən Azərbaycan yenidən latın qrafikalı əlifbaya keçib.

Ana dilinin müasir anlamda dövlət dili kimi işlənməsini vacib edən ilk qəti rəsmi  sənəd Azərbaycan Xalq Cumhuriyyətinin 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsilə bağlıdır. Qeyd edək ki, o vaxt dilimiz “türk dili” adlanırdı. AXC 1918-ci il avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar qəbul edib.

Öz quruculuq işləri ilə “Azərbaycanın memarı” adını qazanmış ümummilli lider Heydər Əliyev dilimizə, mədəniyyətimizə də xüsusi qayğı göstərib. Onun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi” adlı fərmanı da, bu qayğının nümunəsidir. 2004-cü ildə Naxçıvan şəhərində dilimizin şərəfinə “Ana dili” adlı abidə də ucaldılıb. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı da, dövlətimizin Ana dilimizə olan həssas münasibətini əks etdirir.

Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız ölkə Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin düşünülmüş siyasəti və güclü ordumuzun sayəsində ötən il erməni quldurlarından azad edildi. Bu böyük bir ZƏFƏRDİ! Doğma Ana dilində ölkə rəhbərinin  söylədiyi “Yaşasın Azərbaycan!”, “Qarabağ Azərbaycandır!” kimi şüarları bütün dünyaya səs saldı. Öz haqqı uğrunda savaşıb Zəfər qazanmış bir millət kimi dünya bizi öz dilimiz və əməlimizlə daha parlaq şəkildə tanıdı…

Allaha şükürlər olsun ki, bu gün Vətənimizin əsas atributları olan üçrəngli Bayrağımız, səkkizguşəli Gerbimiz, qəlbə toxunan Himnimiz və özümüzə məxsus gözəl, rəvan və mehriban Dilimiz var.

 

Ana dilim bal kimi

Danışmaqdan doymuram.

Mən onu neçə dilin

İçində qoruyuram.

 

Anamın laylasıyla

Mən boy atıb böyüdüm.

Onun şirin diliylə

Fərəhlənib öyündüm.

 

Çoxlu nağıl söyləyib

Nənəm bu dildə mənə.

Əlifbanı öyrəndim

Mən sevinə-sevinə.

 

Çox sevirəm yurdumun

Bayrağını, himnini.

Mən sevirəm anamı,

Həm də, Ana dilimi!

 

 

 

Share: