XALQ TƏQVİMİ, yaxud Çillələrin töhfəsi: Xıdır Nəbi

Novruz çərşənbələrinin sayı yeddidir, bunun üçü KİÇİK ÇİLLƏYƏ düşür və yalançı çərşənbələr adlanır. Yalançı çərşənbələr el arasında “oğru buğ” çərşənbələri kimi tanınır ki, bu da fevralın ilk iki ongünlüyündə torpağa gələn buğla bağlıdır. Bir çox bölgələrdə Kiçik Çilləyə “qışın oğlan çağı” deyirlər.

Adətən, yanvar ayını və dekabrın son on gününü qışın oğlan çağı sayırlar, lakin bu fərqli münasibətin də səbəbləri var. Dağlıq ərazilərlə aran bölgəsi arasında qışın sərtlik fərqi var, bu da havasata fərqli dövrlərdə oxşar adlar verilməsinə səbəb olmuşdur.
Maraqlı bir məsələ də Kiçik Çillənin ilk ongünlüyünün tamamı ilə bağlıdır. Bu mövsüm fevralın onuna düşür və XIDIR NƏBİ adlanır. El arasında deyirlər ki, Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı. Bəlkə də bu baxışa görə, fevral ayının iki ongünlüyü, yəni Kiçik Çillə bəzi bölgələrdə qışın oğlan çağı kimi qarşılanır. Rəvayətə görə, Kiçik Çillə Böyük Çilləni qınayır ki, sən heç nə bacarmadın, gör, indi mən nə edəcəyəm?! Böyük Çillə soruşur: “Nə edəcəksən?” Kiçik Çillə deyir: “Arvadların əllərini xamırda, körpələri bələkdə donduracağam!” Böyük Çillə deyir: “Tanrı ömrünü kəssin!” Guya Tanrı Böyük Çillənin sözünü eşidir və Kiçik Çillənin ömrünü cəmi 20 günlə məhdudlaşdırır.
Xıdır Nəbini Xızır peyğəmbərlə bağlayırlar, Xızır isə dirilik, həyat rəmzidir. Buna görə müqəddəs sayılır. Xıdır Nəbi həm də bayram kimi, mərasim kimi qeyd olunur. Bu dövrdə buğda (qovurğa) qovrulur, qovut hazırlanır, qazan xörəkləri bişirilir, ocağı boş qalanlara pay verilir. Xıdır Nəbi mərasimi həm də yaza hazırlığın ilk mərhələsini təşkil edir. Qısaca desək, bu bayram torpağın dirilməsini gözləyən təsərrüfat adamlarının bayramıdır.
Bir neçə kəlmə də Çillə sözü haqqında demək istəyirəm. Bu sözü adətən farsların cehl (qırx) rəqəmi ilə bağlayırlar, halbuki, cillələrdən birincisi – Böyük Çillə cəmi 40 gündür. Əslində bu söz qədim türk sözü olub, ağırlıq, çətinlik, gərginlik anlamlarına gəlir. El arasında “Çillə kəsmək” ifadəsi vardır ki, bu da tilsimi, dolaşıqlığı, maneəni kəsmək mənasında işlənir. Çillə sözünün 40 rəqəmi ilə bağlı olmadığını xalq təqviminin başqa bir termini də təsdiq edir: hər biri 7 gün olan ilin son 7 çərşənbəsinin cəmi 49 edir və bu çərşənbələr “çilləbeçələr” adlanır. Çilləbeçələrin digər adı “Cəmlələr”dir. Cəmlələrin ilki (yalançı çərşənbələr) cəmi 21 gün, ikincisi (doğru çərşənbələr) cəmi 28 gündür. Doğru çərşənbələr Boz Ayın töhfəsidir.
Bilal Alarlı HÜSEYNOV,
filologiya üzrə fəlsəfə doktoru
Share: