VİCDAN – Mina RƏŞİDİN hekayəsi

Son bir-neçə gün idi ki, Zərqələm yuxudan oyanan kimi onu həyəcan bürüyür, eyni fikirlərdən əzab çəkirdi… Bu gün də gözünü açan kimi vəziyyət təkrarlandı. Həyəcandan tərlədi, əl atıb gur saçlarını boyun-boğazından yığdı, başının ortasında topaladı, əlindəki mətbəx dəsmalı ilə özünü bir xeyli yellədi:

“Allah, sən saxla, elə bil başım xarab olur… Axı niyə onu aldatdım, işə götürmədim. Evinə, balalarına çörək aparsaydı, nə olardı ki… Söz verdim, amma çağırmadım. Heç nə olmamış kimi, unutdum. Bircə dəfə də olsa, xatırlamadım. Mən necə zalım adamam, indiyə qədər niyə bunu düşünmədim, görünür vaxtım az olub, amma hər şeyə vaxt tapırdım axı. İnsan idi də, ümidlə gəlmişdi… Məni çoxdan tanıyırdı, doğma, yaxın bilib qapımı açmışdı. Axı o da, mənim kimi köçkündü, atası şəhid olub, qardaşları əlildi. Heç anası da yoxdu, bütün bunları bilə-bilə onu saymadım, “direktoram” axı… İndi hanı məktəb, incitdiyim müəllimlər, şagirdlər, Könül kimi imkansızlar?! Yox, bu gün ona zəng edəcəm, mütləq. Daha dözə bilmirəm…” Telefonu götürdü. Əlləri əsməyə başladı. Amma bu dəfə inadından dönmədi: ”Ölsəm də, onunla danışacam, bu əzabla daha yaşaya bilmirəm…”

–  Alo…

–   Alo

–  Salam.

–  Salam.

–  Könül, niyə məni söymədin, heç bir acı söz də demədin. Başqası olsaydı, indi nəslimi çölə tökmüşdü. Axı mən… Səsi tutuldu, hıçqırmağa başladı…

–  Eybi yox, nə olar ki, birinci dəfə deyil ki, adətkaram.

–  Sən məni bağışlasan da, heç vaxt özüm özümü bağışlamayacam. Axı mən necə bu qədər daşürəkli, insafsız oldum?! Amma gec də olsa, anladım… Anladım ki, ürək sındırmağa dəyməzmiş, heç dəyməzmiş! Bax, indi mən də evin bir küncündə qalmışam. İş yox, məktəb yox… Mən onsuz da bədbəxtin biriyəm. Bir övladım da yoxdur ki, onunla təskinlik tapım… Öləndə gözlərinin içinə baxım, gedim. Sanki bu boyda dünyada tək-tənhayam, özüm öz gözümdən düşmüşəm. Bundan betər nə var ki?

–  Darıxma, darıxma.

–  Qoy məktəb açılsın…

Könül ona inanmasa da, bunu dilinə gətirmədi, qəlbini qırmaq istəmədi. Onun öz əzabının özünə bəs olduğunu düşünüb, sakitcə sağollaşdı. Ramazan ayı başlamışdı. Bu ay Uca Allah bütün yer üzünə ədalət, insaf Kitabını göndərmişdi. Allahın əziz Peyğəmbəri müqəddəs Qurani Kərimini insanlara anlatmağa başlamış, onları bir-birinə qardaş olub, yaxşılıq etməyə çağırmışdı… Könül bütün başına gələnlərə, üzləşdiyi çətinliklərə rəğmən həyatı, onu Yaradanı çox sevirdi. Həmişə yaxşı işlər görməyi düşünürdü. Gücü çatana əl uzatmağa çalışırdı. Baxmayaraq ki, neçə illərdi özü Zərqələm müəllimə kimi adamların sayəsində işsizlikdən əziyyət çəkirdi, amma qəlbi elə işıqlıydı ki, bu işıq onun zülmətlərini nura boyamışdı. Ruzini verən Allahdır. O, kimi var-dövlət, kimi yoxsulluqla imtahana çəkdiyini yaxşı bilirdi…

Könül bunları düşünərkən Zərqələm özünü qəfəsə salınmış quş kimi hiss edirdi. Divarlar üstünə gəlir, düşüncələri onu sorğu-suala tuturdu. Düzdü, onunla danışandan sonra xeyli yüngülləşmişdi, amma öz vicdanının məhkəməsindən yaxasını qurtara bilmirdi. Televizoru açdı, bu nədir, sanki koronavirus adlı bəla adamları sınağa çəkməyə gəlib, kimin kim olduğu bir-bir ortaya çıxırdı… Ölkə Prezidentinin karantin günlərində işsiz vətəndaşlara qayğısı Könül kimi minlərlə insanı sevindirmişdi. Dövlət pul yardımı ilə yanaşı imkansız ailələrə ərzaq bağlamaları da hədiyyə edirdi. Bəzi icra başçıları, məsul vəzifədə çalışanlar isə dövlətə dəstək olmaq əvəzinə, vəziyyətdən sui-istifadə edir, sadə vətəndaşların haqqını qamarlayırdılar… Bax bu, dövlətə əsl xəyanətdi! Zərqələm acı-acı gülümsədi, güya o, bunlardan fərqli idi. O, da dövlətin məktəbində şəhid övladını aldatmışdı. Elə bir qəlb sındırmışdı ki…

…O məktəb direktoru idi, evdə qalsa da, onlayn fəaliyyət göstərir, müəllimlərlə əlaqə saxlayırdı. Ölkədə dərslər bir aydı ki, virtual şəkildə davam edirdi. Amma nə etsə, nə qədər çalışsa da, fikri dağınıq idi. Elə hey öz-özünə deyinirdi, qoy bir məktəb açılsın, Könülü gətirəcəm yanıma. Qoy məktəb açılsın… Məktəblər isə hələ açılmaq bilmirdi, çünki taclı virus bizi hələ tərk etmək istəmirdi və virusla bərabər vicdan adlı bir məhkəmə də…

May, 2020-ci il.

 

 

Share: