Bizim borcumuz Vətəni bu gündən sabaha aparmaqdır

və yaxud        “YAZMAQ -İDEYANI İŞIĞA ÇIXARMAQDIR”

Yazıçı-filosof  Eluca Atalı ilə müsahibəni təqdim edirik

Bu yaxınlarda hər zaman izlədiyim eloktron jurnalların birində, qardaş Türkiyədə yayımlanan “Derğizan” dərgisində bir yazı diqqətimi çəkdi. “Çanaqqala şahidi, Qarabağımın göz muncuğudur” başlıqlı yazını birnəfəsə oxudum.

Hiss olunurdu ki, yazı qanında türk qanı axan bir insan tərəfindən yazılıb. Məqalədə türk torpaqlarının yüz illər boyu ermənilərin işğalına məruz qaldığı və bu işğal qurbanlarının içində dövrünün ən dəhşətli faciələrini yaşayan Çanaqqala və Qarabağın taleyindən bəhs edırdi. Qarabağın azadlığını ifadə edən fikirlər o qədər içdən yazılmışdı ki…Mətni oxuyub bitirən kimi, imzaya baxdım-Eluca Atalı… Xocalı soyqırımını dünyaya çatdıran “ Tiqranizm Xocalıda”, “Azadlıq hekayələri”, “Nalşəkilli mühasirə”  və onlarca belə taleyüklü əsərin müəllifi… Bəli, bu o idi. Əslən azərbaycanlı olan, hal –hazırda dünyanın o başında, İsveçdə yaşayan, damarında isə bütöv türk qanı daşıyan qeyrətli, qələmi ilə həm Azərbaycanı, həm də türk dünyasını bütün dünyaya tanıtdırmağa çalışan və bunu çox gözəl bacaran istedadlı yazar Eluca Atalı… 2017- ci ildə Beynəlmiləl Türk Ədəbiyyatına Xidmət mükafatını qazanan cəsarətli Azərbaycan qadını…Onun elə azadlıq, cəsarət haqqında fikirlərini oxuyanda necə düşüncə sahibi olduğu öz-özlüyündə ortaya çıxır …

“Cəsarətə yönəlməkdən ötrü İradənin gücü ilə qorxunu aşmaq lazımdır. Cəsarətli olmaq üçün insan gərək ilk növbədə öz daxili gücünü aşkarlamalı, nəyə qadirliyinə bələd olmalıdır. Cəsarətli olmaq imtina qətiyyəti tələb edir. Az əhəmiyyətlidən keçib, çox əhəmiyyətlini qazanasan gərək. Yalnız qorxudan ötən zaman azad bir insan ola bilərsən!”

Bu fikirlərin təzahürünü biz özümüzdə,  xalqımızın timsalında görmüşük. İstər , min doqquz yüz doxsanın iyirmi yanvar hadisələrndə, istərsə də, 2020-ci ilin 44 günlük Vətən müharibəsində bütün dünya damarında türk qanı axan azərbaycan övladlarının  cəsarətinə, azadlıq eşqinə canını qurban verməsinin şahidi oldu

-Salam, Eluca xanım. Necəsiniz? İşləriniz necə gedir?

Bütün yurddaşlarımı, salamlayıram! Özüməməxsusam. Yəni, kimsə halımı dəyişməyə qadir deyil. İşlərimlə bağlı fərəhliyəm, yazı məhsullarım əsərlərim müntəzəm çap olunur. Bir sözlə, gərgin və fərəhliyə.

-İllərdir erməni vandallarının işğalı altında olan olan torpaqlarımız bu gün azaddır. Doğma Azərbaycandan kənarda qalib bir ölkənin nümayəndəsi olmaq, həm də bir yazar üçün necə hisslər yaradır?  

 Qürur hissi yaradır. Türk özgə qapısında boynunu çiyninə qoyub ədalət diləməz. O, bir dəfə ayağa qalxıb ədaləti bərpa edər, istər qılıncla, əlbəttə, qılınc dövründə. İstərsə də dronla, fərq etməz, ona qarşı olan haqsızlığı özü bərpa edər. 1730- cu illərdən sonra param-parça olub itirilmiş torpaqlarımızdan ilk dəfə olaraq bir hissəsi geri qayıtdı.

Həm də Qarabağla bağlı əsərlər yazmış, müntəzəm konfranslar vermiş bir müəllif kimi arzularımın həyata keçməsi idi bu qələbə. 9 noyabrda səhər işə gedəndə hər kəs məni təbrik edirdi, Şuşanın geri alınması artıq dönüş nöqtəsi oldu. O zaman əsl qələbəmiz qabaqdadır deyirdim, sözsüz ki, Qarabağın tam, biryolluq həllini gözləyirdim hələ. Amma ermənilər dünyanı inandırmışdılar ki, Şuşa  bizdədir, yəni, ermənilərdə, üstünlük də bizdədir. Şuşadan sonra erməni diasporasının artıq sarsıntı keçirtdiyi xaricdə güclü şəkildə hiss edilirdi.

-Xarici vətəndaşların sizə münasibətində fərq varmı? Onların Qarabağ müharibəsi haqqında hansı dərəcədə məlumatları var?

 Savaş dövründə Qarabağın ermənilərə məxsusluğu ilə bağlı ərəb, suriyan müəllimlərlə mübahisəmiz olmuşdu. Tariximiz haqda çox az bilirlər, bunun digər səbəbləri də var. Bilirsiniz ki, tarixən ermənilərin vətənləri olmayıb, o üzdən dünyaya səpələniblər, olduqları ölkələrin prezident aparatında, nazirlər kabinetində, parlamentində, bələdiyyələrdə yüksək mənsəb sahibləridirlər. İrəvanın, Qarabağın, hətta Naxçıvanın tarixi erməni torpağı olması yalanını güclü formada təbliğ ediblər.

Biz otuz ildir xaricdəyik, 1920 -ci ildə mühacirət edənlər asimlasiya olundular. Bunun üçün onları günahlandıra da bilmirik. Çünki kompakt yaşayıb, ana dilində danışmaq məcburiyyətində qalmasan, diaspora fəaliyyəti çətin alınır. Dildən uzaqlaşırsan, dil ruhani varlıqdır, insan mənəviyyatı ana dili üzərində köklənir. Bu üzdən 100 il bundan qabaqkı milli təfəkkürlü siyasi mühacirlərimiz diaspora fəaliyyətini güclü formada qura bilməyiblər.

2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı xaricdəki diasporamız güclü informasiya işi aprdı, əlbəttə, çətinliklər çox oldu. Ümumi halda, öz günahımızı da deyək, biz informasiyaya üstünlük verən millət deyilik. Bir fikir var, deyir: “Türk tarix yaradır, amma yazmır.” Fəlakətimiz tarix yazmamağımızdan doğur, tariximizi qeyrilər yazdıqları üçün bizi yamanlayaraq yazırlar. Yenə türk olaraq milli ordumuz silahla sözün dedi, informasiya savaşımızda dönüş yaratdılar. Bununla da Qarabağın Azərbaycanın olmasına heç kimsədə şübhə qalmadı. Bu yaxınlarda müəllifi Umeo universitetinin doktoru, tərcüməçi Səadət xanım Kərimi olan “Əsk-səda: Qarabağ-Təbriz-İrəvan şahidlərin gözü ilə” antologiyası isveç dilində yayımlandı. Burda da adından göründüyü kimi, Azərbaycanın işğalda olan yurdları haqqında  məlumatlar verilir. Mənim də Güney Azərbaycanla bağlı iki hekayəm bu antologiyada yerləşdirilib.

-Azərbaycan, türk dünyası Eluca Atalı üçün nə deməkdir? Əlbəttə, bunu sizin əsərlərinizə az-çox bələdçiliyi olan, onları oxuyanlar çox gözəl bilir. Yenə də sizin öz dilinizdən eşitmək istərdik.  

Türk dünyası mənim üçün dünyanın bir hissəsi, həm də əsas hissəsidir. Ona görə əsasdır ki, mən orda kimliyimi təsdiq edə bilirəm. Türklərin yaşadıqları yurd yerlərini gəzmək arzum olub, bu minvalla Güney Azərbaycan, Dərbənd, Şimali Kıbrız, Özbəkistan, Qırğızıstan, qədim hunların məskəni Macarıstanı, sözsüz ki, ən əsası Türkiyəni qarış-qarış gəzmişəm. Bu həm də türk dünyasını təkcə fiziki baxımdan gəzmək deyil, türk mədəniyyətinə, ruhuna bələd olmaq istəyi yaradıb məndə. XX əsrin əvvəllərindəki türkçülər kimi Turanı ərazi bütövlüyü tək qəbul etmək mümkünsüzdür, amma siyasi, hərbi, iqtisadi, mədəni birliyi yaranmalıdır, labüddür. Bu da mənə “Kərküklülər – təklənmiş türklər” və hal-hazırda üzərində işlədiyim “Tarixin gizli qorxusu” publisistik kitabımın yazılması istəyini yaratdı

-Dinləyicilərimizə keçdiyiniz yaradıcılıq yolu barədə danışın, zəhmət olmasa. İlk nəşr olunan əsəriniz və s.  

12 yaşımda ilk şeirimi yazdım, atam oxudu, şeir deyil, amma nəyəsə oxşayır, dedi. Yazdıqlarımın nəyə bənzədiyini bilmədən On il şeir yazdım, bu illər ərzində on dənə doxsan altı səhifəlik dəftər doldurdum. Hardasa üst-üstə təqribi min səhifə saya bilərik. 22 yaşımda gözlənilmədən nəsrə keçdim, ilk hekayəm olan “Ən şirin şey” alleqorik əsərimi yazdım, “Ulduz” jurnalında dərc olundu.

Asif Ata hekayəmi oxuyub məsləhət gördü ki, yeni bir janr yaradım özümüzəməxsus olsun. Özümüzəməxsus deyəndə Ata Ocağın Mütləqilik fəlsəfəsinə uyğun olmasını nəzərdə tuturdu. 1993-cü ilin 4 aprelində “Aqibət” adında bir yazı yazdım, Ataya oxudum. Ata artıq yeni janrı yaratdığımı deyib, təhlil etdi və adını da o qoydu: fəlsəfi-bədii miniatür janrı. Bir müddət yazılarımı dərc etmədilər, bu nədir, deyirdilər. Ya şeir yaz, ya esse, gətir yayımlayaq. Sən yazdığını kimsə oxumaz və s. Yerli-yersiz çox nəsihətlər verdilər, amma mən özümü eşitdim! İndi ondan artıq janrda – şeir, mənsur şeir, fəlsəfi-bədii miniatür, hekayə, esse, etüd, dram, povest, roman, publisistika, elmi məqalə və s. yazıram. Hal-hazırda müxtəlif dillərdə iyirmi səkkiz kitabım yayımlanıb, beş kitabım yayımdadır, yeddi kitabı yazmışam, indi onların redəktəsi ilə məşğulam.

Qəribədir, şeir yazanda elə zənn edirdim, heç zaman nəsr əsəri yaza bilmərəm. Amma qeyd etdiyim kimi, gözlənilmədən nəsrə keçdim, bundan sonra şeir yazmağı atdım. İndi ildə yalnız bir-iki şeir yazıram. Kiçik janrlı əsərlərə çox üstünlük verirdim, nə qədər də desələr, roman janrında yazmaq məndən ötrü müşkül idi, amma romana keçdim və artıq dörd roman yazmışam. İki ay əvvəl Hindistanda yayıma hazırlanan dünya yazarlarından kiçik hekayələr antologiyasında dərc olunmaq üçün təklif aldım. İkinci Qarabağ savaşını əks etdirən iki səhifəlik hekayə yazmağa başladım. Çünki şərtdə deyilirdi hər müəllif üç hekayə göndərməlidir, hərəsi iki səhifə olmaq şərti ilə. Hekayəni yazmaq üçün sözə qənaətlə təsvirləri verərkən sözü almaq kimi cilalayaraq yerinə qoyurdum. Amma birdən-birə partlayış baş verdi, kiçik hekayə dönüb oldu povest. Çünki beynimdə o qədər informasiya vardı ki, yazda daşan Kürün qarşısını bəndlə kəsmək mümkün olmadığı kimi ideyanı da bəndləyə bilmədim, çox sürətlə kağıza töküldülər.

-Ədəbiyyata fəlsəfi-bədii miniatür janrını gətirən ilk yazarsınız. Az sözlə dəyərli, mənalı fikir ifadə etməyi günün tələbi hesab edə bilərikmi?  

 Kitab oxumaq, oxuculuq özü bir mədəniyyətdir. Asif Ata: Oxumaq – beynin gimnastikasıdır!” – deyir. Yeməsən bədən qidalanmadığı kimi, oxumasan beynin də ac olur. Yeni ideyaya gəlib, onu həll etmək, düşüncə quruculuğu etmək üçün oxumaq əsas şərtdir. Amma təəssüflər olsun ki, bu günkü oxucu görüntülü informasiyaya üstünlük verir. Bu olur hardasa məlumat xarakterli informasiya. Amma kitab oxumaq, ən çox da kitab oxumaq beyni inkişaf etdirir. Bədii kitabda biz ideya ilə birgə sözün gözəlliyini, estetikasını duyuruq.

Mənim yaratdığım fəlsəfi-bədii miniatür janrı az sözlə fikri ifadə etmək baxımından bu günkü oxucular üçün əlverişli bir janrdır. Amma bu həm də müəyyən qədər hazırıqlı oxucu üçün nəzərdə tutulmuş bir janrdır. Şərq poeziyası ilə qərb fəlsəfi esse janrı burda sintez şəklində bir-birini tamamlayır.

-İndi oxucu şox səbirsiz olub. Oxuduğu mətnin, hər hansı əsərin sonunu tez görmək istəyir. Bu düzgündürmü?  

 Bunlar oxu vərdişi olmayan insanlardır, mütaliədən zövq almayanlar, onları yalnız sonluq düşündürür. Bunu mən passiv oxuculuğun bir növü hesab edirəm. Zaman itirmədən nəticəni bilmək istəyi beyinə əziyyət verməmək niyyətindən doğur.

Oxucu özü gərək yaradıcı ola, əsərdə özü yol gedə. Nəticəyə qədər səbəb və səbəblər var, sən onları görməli, bilməli, dərk etməlisən. Tez-tələsik bilgi əldə etmək tək zaman azlığından irəli gəlmir, oxucu zəhmətkeşlikdən uzaqlaşıb, tənbəl olub, özünə qarşı laqeyd olub. Mən qəti qəbul etmirəm.

Bir də var məqsədyönlü oxuculuq. Sən yalnız seçib öz ixtisasına, sənətinə uyğun olan ədəbiyyatı, məlumatları oxuyursan, o başqa. Sizin dediyiniz, nəticə ilə maraqlanan oxucular həm də həyata üzdən yanaşanlardır.

-Ən çox sevdiyiniz janr hansıdır?  

 Təbii ki, özümkü, öz yaratdığım fəlsəfi-bədii miniatür janrı. Oxucudan düşünmək tələb edir, həm də tək əsəri oxuyan zaman yox, elə daim, ardıcıl əsərlə birgə qalmağa imkan verir. Digər tərəfdən bu janr oxucuda az sözlə fikri ifadə etmək vərdişi yaradır, onu sözçülükdən xilas edir.

-Əsərləriniz, dediyiniz kimi, dünyanın müxtəlif dillərinə tərcümə olunub. Sözsüz ki, orjinal əsərlə tərcümə arasında fərq olmalıdır. Tərcümə orjinalı üstələyə bilərmi? Və ən yaxşı, ürəyinizcə tərcümə olunan əsəriniz hansıdır və hansı dilə tərcümə olunub?  

 Yox, üstələyə bilməz, çünki yazıçının ruhu əvəzedilməzdir. Yazıçı mənsub olduğu dildə yazır, dili duyaraq yazır, yazan zaman dili bilmək azdır, gərək sözün isti soyuqluğunu, yumşaq-bərkliyini, rəngini, musiqisini hiss edəsən. Bəli, sözlərin öz palitrası var, sən yalnız əsəri yazan zaman onu hiss edə bilirsən.

İdeya beyindən gəlir, bədiyyatsa ürəkdən. O üzdən bədii əsər isti olur, çünki ürək daimi istilik mənbəyidir. İsveçlilər mənə çox israr edirdilər əsərlərini birbaşa isveç dilində yaz, bir novella, iki uşaq kitabı yazdım. Amma ana dilində yazdığım zaman yazı prosesindən aldığım zövqü tam hiss etmədim. Öz əsərlərimi belə isveç dilinə çevirəndə əsəbləşirdim, çünki kəlmə palitrasını yaratmaq çox çətin idi.

Digər tərəfdən istənilən bədii tərcümədə otuz faiz keyfiyyət itir, əgər tərcüməçi naşıdırsa və ya müəllifi tam duya bilmirsə, o zaman keyfiyyət otuz faizdən də aşağı düşür. Yəni, olur heç nə…

Qızım Atanurun etdiyi tərcümələr orijinala yaxın olur, bəlkə də bir-birimizi yaxşı tanıdığımızdandır. Mən ona silsilə uşaq hekayələri, nağıllar yazmışam. O, türk və ingilis dillərinə tərcümə edir.

“Ənqa quşu”nun ingilis variantının tərcüməsinin yüksək olduğunu bu dilin mütəxəsisləri vurğulayırlar.  Rus dilinə çevirən tərcüməçim Anna Bartkulaşviliyə çox inanıram, iki kitabımı tərçümə edib.

Benqal əlifbasin oxuya bilmirem, tayland, ərəb əlifbalarını da bilmirəm… Bu dilin daşıyıcısı olan oxuculara oxutdururam, müsbət rəy verirlər.

Ümumi halda, türk, özbək dilli tərcüməçilər ilə işləmək asandır məndən ötrü, yəqin ruh yaxınlığına görədir

-Üzərində işlədiyiniz son əsəriniz hansıdır?  

 On ildir üzərində çalışdığım “İran hizbullah zindanında” romanımı kitablaşdırıram. Güney Azərbaycan tarixi, orda gedən ictimai-siyasi hadisələr, İran İslam inqilabı əsərdə yer alır. Əsər Səməd Behrənginin “Balaca Qara balığın nağılı” üzərində qurulub.

-Sizdən Vətən müharibəsi, zəfərimizlə bağlı yeni bir əsər gözləyən oxucularınıza sözünüz nə ola bilər?  

 Son yazdığım “Nənəmin Dronu” povesti ikinci Qarabağ savaşından bəhs edir. Asif Atanın “Yurd – müqəddəsləşən torpaqdır, o adi daş-kəsək deyil!” fikri burda bədii təsvirini alır. 1993-cü il 2 aprel gecəsində Kəlbəcər işğal olunarkən qoca qarı evin bayır qapısındakı açarı evi kilidləmədən götürüb yeddi yaşlı nəvəsi ilə qaçır. Həmin açar stimul verir ki, o oğlan uşağı yurduna qayıtsın və sonda zabit sənətinə yiyələnib o açarla birgə evlərinə dönür.

Həmin o kənd evinin balaca həyətində bütün ulularının ruhu yaşadığı bədii şəkildə təsvir edilir. Vətən nədir? Əcdadlarımızın bizə ötürdüyü qiymətli varidat! Bizim borcumuz Vətəni bu gündən sabaha aparmaqdır, sabahkı nəslə – varislərimizə ötürməkdir. Bu baxımdan biz bu gün körpü rolunu oynayırıq, dünən və sabah arasında sadəcə bir vasitəiyik. Əgər biz bu gün Vətən anlayışına tam sahibiksə, məhz o zaman biz onu sabaha ötürə bilərik.

-Bir qadın üçün yazar olmağın mənfi və müsbət xüsusiyyətləri nədir?  

Yazmaq – ideyanı işığa çıxarmaqdır. Yazıb özünü, iç dünyanı ifadə edirsən. Musiqidə səs, rəqsdə hərəkətlər, rəssamlıqda rənglər, heykəltəraşlıqda daşlar nədirsə, yazarlıqda sözlə işləmək odur. Yəni, söz vasitəsi ilə ruhunu ifadə edirsən. Amma qadın yazar olduqda kəlmə seçimində də ustalıq olmalıdır. Tutaq ki, qadın yazarın dilindən söyüş eşitmək istəmərik. Mənfi cəhətlər çoxdur, qadını ailəsi, yaxınları anlamalıdırlar. Bizim cəmiyyətdə bu çox nadir hallarda olur. Eyni zamanda cəmiyyət də qadını anlayıb, dərk edib dəstək vermir. Əksinə deyərdim, maneələr çox olur. O üzdən qadın yazarlarımız hardasa həm də cəngavərlik edib cəmiyyətə qarşı döyüşməlidirlər. Diqqət edirsiniz, bizdə qadın psixologiyasından bəhs edən bədii əsərlər azdır. Digər bir məsələ isə bizdə qadınlar məişətə çox bağlıdırlar və ya belə demək olar, evin məişəti əsasən qadınların üzərindədir. Bu üzdən də daim öz üzərində çalışma baxımından qadın yazarın zamanı az olur. Yazarlıq isə xüsusi bir ömür istəyir, sənət çox qısqanc mövzudur. Son olaraq deyə bilərəm, sənət aləmində olan qadınların çoxusu müstəqil həyat tərzinə üstünlük verirlər, əlbəttə, sənəti seçib şəxsi həyatından keçənlər çoxdur.

-Əsərləri fəlsəfi yüklü olan Eluca Atalıdan ötrü uşaqlar üçün yazmaq çətin deyil ki?

Uşaqlar üçün əsər yazanda, 50 yaşımdan 6 yaşıma enirəm, bütün uşaqlıq dünyamı yaradıram. Yaşım azaldiğı kimi, keçmişə  səfər edirəm, öz böyüdüyüm mühiti yaddaş arxivimdən geri alıb vərəqləyirəm.

Yəni, bu gündən dünənə səfər edirəm və həmçinin İsveçdən birbaşa Xəzər dənizinin və Kürün sahilindəki kəndimizə gedirəm. O bağımız, ordakı yerli və köçəri quşlar hamısı mənlə birgə olurlar. Ondan sonra köklənib yazıram.

İnsan 100 il yaşasa da, uşaqlığı ilə vidalaşmır, uşaqlıq sadəcə, yetkinliyə keçir. Bu hardasa Lomonosovun maddə haqqında dediyi nəzəriyyəyə bənzəyir: “Maddə itmir, yalnız bir formadan digər formaya keçir”. Bunu insana şamil etmirəm, çünki insanın cismi saydığımız bədəni maddədir, amma insanın əşyadan fərqli və həm də üstün cəhəti onun ruh sahibi olmasındadır. O zaman insandakı uşaqlıq dövrünün xüsusiliyindən danışmaq olar. Uşaqlıq yetkinliyə keçəndə də o itmir, bizim iç qatımızda oturur. Mən belə düşünürəm, çünki zaman-zaman o dövrümlə görüşə bilirəm. Uşaqlıq hər şeyə heyrətlə baxmaqdır. “Ay mənimlə yatmadı” uşaq hekayəmin qəhrəmanı Atanur inanır ki, o otağında tək qalmır, Ay onunla birgə yatır. Bununla təkliyini öldürür. Burdakı sadəlövhlüyü yox, sən inamı gör, ülviliyi gör, yerə-göyə sığmayan körpə sadəliyi. Elmin əsrlərdir öyrənib qurtara bilmədiyi nəhəng Ay, hər gecə qızcığaza qonaq gəlir. Saflıqdan doğan inamdır bu. İndi siz özünüz deyin, uşaq əsəri yazanda necə uşaqlaşmayasan? Uşaqlaşmamaq – sadələşməmək- saflaşmamaq mümkünsüzdür uşaq əsəri yazan zaman!

-Özünüzü ifadə etdiyiniz əsəriniz hansıdır?

Son çapa verdiyim Ənqa quşu uşaq romanımdır. Burda cəmiyyətdə baş verən bütün hadisələri təbiətə gətirmişəm, yerdə olan hadisələri göyə qaldırmışam. Əsərin qəhrəmanı 2 qramlıq kolibr quşu Günəşə aşiq olur, amma anası Günəşə çatmaq üçün bir quş ömrünün yetərsiz olduğunu ona anladır. O zaman balaca quş əbədiyyətə qovuşmaq yolunu axtarır, tapır. Əsərdə kolibrdən savayı əllidən artıq quş obrazı, morfologiyası, həyat tərzi əks olunmuşdur.

Hardadır əbədiyyət? Ona hansı şərtlərlə çatmaq olar? Uzaq diyarda bir magara var, orda Ənqa quşu adında bir quş yaşayır, o ölümsüzdür, əbədiyyətə qovuşub. Kim bu uzun yolu gedib o Ənqa quşu ilə görüşərsə, o zaman o da əbədiyyətə qovuşa bilər. Uzun yolu tutub uçan quşlardan kimisinin yolda inamı, kimisinin də iradəsi tükənir, mənəviyyatı korlar öz səfər yoldaşlarını tutub yeyirlər: Bayquş gecə qaranlığında Yarasanı, Qartal Çalıquşunu, Çərkəz Göyərçini və s. yeyirlər. Əbədiyyətə qovuşmaqdan ötrü ruhun təmiz olmalıdır, ruhsa Mütləqə İnam fəlsəfəsinə görə İnam, İdrak, Mənəviyyat və İradədən ibarətdir. Bu dörd atributun bir vəhdətdə birləşməsi. Əsərin sonunda yalnız saf ruhlu balaca quş Başarı Ənqa quşu yaşayan mağaraya çatıb dəfələrlə onu səsləyir. “Mən gəlmişəm, Ənqa quşu!” Cavab gəlmir, bir də səsləyir, yenə cavab almır. “Mən yanılmışammı, sən yoxsanmı?” Səsi mağaranın divarlarında əks-səda verib özünə qayıdır. Nəhayət sonda: “Ənqa quşu sən özünsən!” bir səs onu silkələyir. “Mənmiyəm?!” “Bəli, sənsən! Sən ki, bu qədər məhrumiyyətlərə dözüb durmusan, uzaq yolu qət edib bura yetişmisən, o zaman Ənqa quşu sən özünsən.” Ənqa quşu özünü yaradanlardır, yalnız ruhani olan əbədi yaşayır ideyası bu əsərdə bədii təsvirini tapır.

– Son sualım..Tam ürəyinizcə olan əsəriniz hansıdır?

Hələ yazmadığım, əcaib səslənmədi ki?

Əgər Sizi, Eluca Atalını az da olsa tanımışamsa, cavabınızı da normal qəbul edirəm. İnşallah, tam ürəyinizcə olan yazmadığınız əsərinizi zaman gələr biz də oxuyarıq . Səmimi müsahibə üçün təşəkkür edirik. “İnsan dəyişməsə, dünya dəyişməz” ideyasını özünə yol seçən yazarımıza hər zaman yolunuz açıq olsun, deyirəm.

Təranə Əliyeva

 

Share: