Nizami Gəncəvinın Azərbaycan şairi kimi tanıdılmasında Heydər Əliyevlə Mir Cəfər Bağırovun xidmətləri əvəzsizdir

“Stalin söyləyirdi ki, Nizami poemalarında etiraf edib ki, ona öz xalqının ana dilində yazmağa imkan verilmirdi. Ona görə də o, fars dilində yazırdı”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ili dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkirinin şərəfinə “Nizami Gəncəvi İli” elan etdi.

Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli lider Heydər Əliyev də Nizami irsinə daim xüsusi diqqət yetirmişdir. Məhz H.Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir.

2011-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.

Amma çox az adam bilir ki parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan dahi Azərbaycan  şairi N.Gəncəvinin yubiley tədbirləri ilk dəfə ötən əsrin 40-cı illərində, o dövrdə Sovet Azərbaycanının  rəhbəri olmuş Mircəfər Bağırovun təşəbbüsü ilə həyata keçirilməyə başlanmışdı. Həmin dövrdə istər Sovet İttifaqında, istərsə də dünyada N.Gəncəvi fars şairi kimi tədqiq və təbliğ olunurdu. Doğrudur, 1903-cü ildə görkəmli ədəbiyyatşünasımız Firidun bəy Köçərli “Azərbaycan tatarlarının ədəbiyyatı” əsərində Nizamini tatar-türk şairi kimi göstərmiş və onun farsca yazıb-yaratmasını orta əsrlərdə bu çoğrafiyada ədəbiyyat dilinin fars dili olması ilə bağlamışdı. Firidun bəyin arqumenti bununla da bitirdi. Yəni F.Köçərlinin bu fikri heç də Nizami Gəncəvinin Azərbaycan-türk şairi olmasını əsaslı şəkildə sübuta yetirmirdi. Ona görə də 1933-cü ilə qədər (M.C.Bağırov siyasi hakimiyyətə gələnə qədər) həm Azərbaycanda, həm də SSRİ-də Nizami fars şairi kimi təqdim olunurdu. Yalnız Mircəfər Bağırovun Azərbaycan rəhbərliyinə gəlişindən bir neçə ay sonra, 1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqı təsis edilən zaman, yaradıcı insanların qarşısında Nizami Gəncəvinin  azərbaycanlı olmasını əsaslı şəkildə sübut edərək, yeni tədqiqat əsərlərinin yazılması məsələsini qaldırır. Bu məqsədlə o, dahi şairin əsərlərinin Azərbaycan türkcəsinə tərcümə edilməsi tapşırığını verir. Fəqət, problem ondan ibarət idi ki, sovet şərqşünaslığı bütün ədəbi mənbələrdə Nizamini fars şairi kimi təqdim edirdi. Eyni zamanda, o dövrdə Azərbaycan şərqşünaslıq məktəbi kadr baxımından zəif olduğundan, sovet şərqşünaslığının mərkəzi sayılan Leninqrad məktəbinə qarşı gedə bilmirdi. Bütün bunlara baxmayaraq, Mir Cəfər Bağırovun tapşırığına əsasən, tanınmış ziyalılarımız: Abdulla Şaiq Nizaminin “İsgəndərnamə” poemasının “Şərəfnamə” hissəsini dilimizə poetik tərcümə edir, İbrahim Tahir Musayev N.Gəncəvinin “Sirlər xəzinəsi” poemasını dilimizə çevirir və filologiya elmləri doktoru, ədəbiyyatşünas Mikayıl Rəfili “Nizami dövrü: həyatı, yaradıcılığı” və “N.Gəncəvi və onun yaradıcılığı” adlı əsərləri qələmə alır. Bununla da Nizami irsi ilə bağlı Azərbaycanda çox ciddi tədqiqatlara start verilir. M.Bağırov, həmçinin, Nizami Gəncəvinin Azərbaycan şairi olmasını əsaslandırmaq üçün Sovet İttifaqının tanınmış şərqşünaslarını bu işə cəlb edir. Bu ona görə lazım idi ki, N.Gəncəvi Azərbaycanda türk şairi kimi göstərilsə də, akademik çevrələrdə, xüsusilə Leninqrad şərqşünaslıq məktəbi tərəfindən hələ də fars şairi kimi qəbul edilirdi. M.Bağırovun təşəbbüsünə ilk dəstək Leninqrad şərqşünaslıq məktəbinin nüfuzlu nümayəndəsi, görkəmli şərqşünas və iranşünas Yevgeni Bertelsdən (Bertels Yevgeni Eduardoviç: şərqşünas, SSRİ EA müxbir üzvü (1939), Özbəkistan (1944) və Tacikistanın əməkdar elm xadimi (1946), İran EA (1944) və Ərəb EA-nın (Dəməşq) müxbir üzvü (1955), SSRİ Dövlət mükafatı laureatı (Nizami yaradıcılığı ilə bağlı tədqiqatlarına görə, 1948) gəldi. Onun 1939-cu ildə mərkəzi qəzetlərdə məqalə kimi, 1940-cı ildə Bakıda “AzFan” nəşriyyatında isə “Dahi Azərbaycan şairi Nizami” əsəri kitab halında çap olundu. 1939-cu ilin aprelində “Pravda” qəzetində ukraynalı şair Mikolo Bajan (Mikolo Bajan:1951-ci ildə Ukrayna SSR Elmlər Akademiyasının üzvü, 1946-1949-cu illərdə SSRİ Dövlət mükafatı laureatı, 1974-cü ildə Sosalist Əməyi Qəhrəmanı adını alıb) Nizamini Azərbaycan şairi elan edərək, onu fars qılafından çıxardı. O, məqaləsində Stalinlə görüşünü xatırlayaraq, müzakirə mövzularından birinin də Nizami Gəncəvi ilə bağlı olduğunu qeyd edir. Bajan yzırdı: “Stalin mənə söyləyirdi ki, Nizami poemalarında etiraf edib ki, ona öz xalqının ana dilində yazmağa imkan verilmirdi. Ona görə də o, fars dilində yazırdı”. Əslində, Stalinin bu mövqeyi Mir Cəfər Bağırovdan qaynaqlanırdı. Artıq Stalinin bu yanaşmasından sonra sovet şərqşünaslıq elmi Nizami Gəncəvinin Azərbaycan şairi olması istiqamətində ciddi  tədqiqatlar aparmağa və bu faktı ictimailəşdirməyə məcbur oldu.

Stalinin bu yanaşmasına minnətdarlıq kimi, Azərbaycan ziyalıları adından mərkəzi qəzetlərdə Səməd Vurğunun, Rəsul Rzanın və Süleyman Rüstəmin şeirləri çap olundu. Bütün bunlardan sonra M.Bağırovun təşəbbüsü ilə Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul edildi. Bu qərar çərçivəsində həm də bütün sovet ensiklopediyalarında Nizami Gəncəvinin Azərbaycan şairi olması haqqında məlumatların verilməsi nəzərdə tutulurdu. Əlbəttə, Azərbaycanın vətənpərvər və ləyaqətli oğlu M.C.Bağırovun strateji siyasi əhəmiyyətli bu addımları erməni millətçilərinin heç də xoşuna gəlmirdi. N.Gəncəvinin 800 illik yubileyi münasibətilə 1940-cı ildə erməni daşnaklarının ədəbi nümayəndəsi Mariyetta Şaginyan “Nizami Gəncəvi” adlı əsər yazır. Əsər çapa getməzdən öncə Moskvanın “Dövlət Bədii Ədəbiyyatı” nəşriyyatının rəhbərliyi ehtiyat edərək,  əlyazmanı M.C.Bağırova göndərir. M.C.Bağırov bu əlyazmanı araşdırmağı Tarix İnstitutunun direktoru İsmayıl Hüseynovdan xahiş edir. İsmayıl Hüseynov bir müddətdən sonra M.Şaginyanın əsərinin olduqca təhlükəli olduğunu və təxribat xarakteri daşıdığını Bağırova məruzə edir. M.Şaginyan əsərində Nizaminin milli kimliyini bir kənara qoyaraq, sadəcə, onun dini görüşlərini önə çıxarır. O, Nizami Gəncəvi dövründə şiəliyin aparıcı məzhəb olduğunu və onu İran cəmiyyətinin təfəkkür tərzində separatçılığa meylli kimi göstərir. Sual olunur: nəyə görə Şaginyan birdən-birə şiəlik xəttini xüsusi vurğulamağa başlamışdı? Əslində, o, adının önündə Mir sözünü daşıyan Mircəfər Bağırova sataşırdı. Bununla, eyni zamanda, Azərbaycan şiələrini sürüşkən, satqın, mərkəzi hakimiyyətə qarşı separatizmə meylli qüvvə kimi göstərməyə çalışırdı. Əlbəttə ki, M.C.Bağırovun bu kitab barədə rəyi kəskin tənqid üzərində qurulmuşdu (bu rəy bizim Milli Arxiv İdarəsində (keçmiş partiya arxivi) qorunur). Bağırovun təşəbbüsü ilə hazırlanan rəyin müəllifi Tarix İnstitutunun direktoru İsmayıl Hüseynov idi (İsmayıl Hüseynov: tarix elmləri doktoru adını alan ilk azərbaycanlı, 1941-1944 və 1958-1960-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, 1960-1966-cı illərdə isə AEA İctimai Elmlər Bölməsinin akademik-katibi, 1949-cu ildə AEA-nın müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü, Azərbaycan SSR Ali Sovetinin “Fəxri fərman”ı ilə təltif olunmuş və “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür). Həmin rəydən qısa bir iqtibası oxuculara təqdim edirik:

“Şaginyan Nizami yaradıcılığında yaxşı nə varsa, hamısını xarici təsirlərin nəticəsi kimi izah edir. Şaginyanın İslamda şiəlik cərəyanına aid fikirləri də həqiqətə uyğun deyil. Nizami Gəncəvi dövründə və ondan əvvəl şiəlik İran separatizmini əks etdirə bilməz. İranda hansısa ciddi azadlıq hərəkatının olduğunu və ya separatizmin şiəlik kontekstində baş verməsinin müəllif tərəfindən söylənilməsi yanlış və yolverilməzdir (burada Şaginyan şiəliyi guya separatizmə meylli xətt kimi Moskva elitasının diqqətıinə çatdırmağa çalışırdı – A.M.). Şiə məzhəbinin yaranmasına gəldikdə isə o, xəlifə Əlinin qətlə yetirilməsi ilə əlaqədar deyil, Məhəmmədin vəfatından sonra Əlinin hakimiyyətə gətirilməməsi nəticəsində meydana gəlmişdir. Şaginyan çox nahaqdan şiəliyi iranlılara aid edir”.

Moskvaya göndərilən bu rəydən sonra (Bağırovun həbsinə qədər) Şaginyanın kitabı işıq üzü görmür. Yalnız 1955-ci ildə M.Şaginyan sözügedən əlyazmasını “Nizami haqqında etüdlər” adı ilə Yerevanda 4000 tirajla çap etdirir. Bununla da M.Şaginyanın Bağırov tərəfindən qadağan edilmiş kitabı işıq üzü görür. Mircəfər Bağırovun Şaginyana bu münasibəti və onu  Bakıdan qovması sonralar Azərbaycan rəhbərinə qarşı qurulmuş məhkəmədə ona qarşı ittiham kimi səslənirdi.

Bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olan Nizami Gəncəvinin 800 illik yubileyinin 1941-ci ildə keçirilməsi planlaşdırılsa da, müharibənin başlanması ilə bu qəbildən olan yubiley tədbirləri təxirə salındı. Lakin hətta ağır müharibə şəraitində belə Leninqrad Şərqşünaslıq məktəbi kiçik tərkibdə olsa da, “Azərbaycan şairi Nizami Gəncəvi-800” devizi altında tədbir keçirə bildi. Nizami Gəncəvinin yubileyi müharibədən sonra  – 1949-cu ildə böyük təmtəraqla qeyd olundu. Beləliklə, M.C.Bağırovun birbaşa iştirakı, şəxsi təşəbbüsü və fəaliyyəti sayəsində sovet dövlətinin Nizami Gəncəviyə diqqəti artdı və dahi şairin milli kimliyi ilə bağlı o dövrə qədər formalaşmış əsassız fikirlər kökündən dəyişdi.

Adıgözəl Məmmədov
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı

P.S. Dahi Nizaminin məzhəbinin əhli-sünni olması tarixi faktdır. Bunu özü salnaməsində qeyd edib. 

Share: