Prezidentin dəmir yumruğunu unutmamalıdırlar

Xatırlayırsınızsa, dövlətimizin başçısı 44 gün davam edən İkinci Qarabağ savaşı zamanı möhtəşəm bir ənənənin, yeni davranış tərzinin, cəmiyyətlə yeni ünsiyyət formasının əsasını qoymuşdu. Həmin vaxt Prezident demək olar ki, hər gün bu və ya digər şəhərimizin, qəsəbəmizin, kəndimizin, strateji yüksəkliklərimizin düşmən işğalından azad edilməsi barədə “tvit”lər paylaşırdı.

Bu, gündəlik ənənəyə çevrilmişdi və insanlarımız da hər gün Prezidentin növbəti qələbə “tvit”lərini xüsusi səbirsizliklə gözləyirdilər. Doğrudan da çox gözəl ənənə idi. İlham Əliyev bu son zamanlarda daha bir ənənənin əsasını qoyub. Belə ki, dövlət başçısı xanımı ilə birlikdə işğaldan azad edilmiş rayonlarımıza vaxtaşırı səfərlər edir, o yerlərdən millətə və dünyaya, qonşularımıza, dostlarımıza və düşmənlərimizə bir-birindən önəmli, vacib mesajlar verir. Bu da artıq növbəti ənənə halını almaqdadır və biz heç şübhəsiz ki, Prezidentin bu taktikasını təqdir edirik. Prezident dünən də bu yeni ənənənin növbəti səhifəsini çevirdi, Şuşaya səfər etdi. Və Prezidentin bu səfəri sözün əsl mənasında HADİSƏyə çevrildi. İndi təkcə Azərbaycan mediası yox, bütün Ermənistan KİV-ləri, Rusiya telekanalları, qardaş Türkiyənin, qonşu İranın dünyanın xəbər agentlikləri , siyasi şərhçiləri və köşə yazarları bu səfərin bu və ya digər məqamları barədə danışır və ya yazırlar.
Onu da deyim ki, Prezidentin bu səfərini ölkədə hər kəs gözləyirdi. Çünki bu səfər 30 illik müstəqillik tariximizdə Azərbaycanın dövlət başçısının Şuşaya ilk səfəri kimi çox əhəmiyyətli idi. Vətənin işğaldan azad edilmiş ərazilərini kənd-kənd, rayon-rayon gəzərək o yerlərin dağlarını, meşələrini həm azərbaycanlı kimi, həm də dövlət başçısı kimi seyr etmək, o yerlərin bizə mənsubluğunu xüsusi vurğu ilə vurğulamaq əlbəttə ki, torpağının hər qarışına sahib olmağın göstəricisi və eyni zamanda gücün nümayişidir. Bu səfər həmçinin azərbaycanlıların Qarabağa Böyük Qayıdışının möhtəşəm və əbədi olacağını göstərmək baxımından əhəmiyyətli idi. Azərbaycanın öz müstəqilliyini bərpa etməsinin 30-cu ili tamamlanarkən İlham Əliyevin Şuşaya gedən ilk Prezident kimi verdiyi ismarıclar, atdığı addımlar, etdiyi ziyarətlər Dağlıq Qarabağ separatçılarının, Ermənistan rəhbərlərinin, xaricdən gələn cürbəcür ermənipərəst alimlərin, siyasətçilərin, blogerlərin son illərdə Şuşa üzərindən bizim milli qürururmuzu aşağılamağa hesablanan hərəkətlərinin, bizə meydan oxumalarının hamısının əvəzini çıxdı. Düşmənin bütün murdarlıqlarının layiqli cavabı verilmiş oldu. Hətta Cıdır düzündə paxlavalı çay süfrəsinin təşkili də düşmənə və düşmənimizin havadarlarına sözün əsl mənasında göz dağı idi. Prezident bütün bunları dəqiq hesablamışdı.
İlham Əliyevin Şuşadakı hər bir hərəkəti, hər addımı, hər sözü bir ismarıc idi, bir xəbərdarlıq idi, bir nida idi. Onun xəbərdarlıqları, nidaları ilk növbədə revanşa, qisasa can atan, yenidən müharibənin alovlanmasından dəm vuran Ermənistan rəsmilərinə, siyasi qüvvələrinə, Qarabağda gizlənməkdə davam edən separatçılara, erməni silahlılarına ünvanlanmışdı. Prezident bildirdi ki, bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar, lakin onlar dəmir yumruğu unutmamalıdırlar. Revanşizm hissləri Ermənistana baha başa gələ bilər. Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, Azərbaycanın dəmir yumruğunu bir daha görəcək. Prezident əvvəlki çıxışlarında da revanşistlərə xəbərdarlıqlar etmişdi. Lakin dövlət başçısının bu dəfə bu xəbərdarlığı məhz Şuşadan – son 27 ildə ermənilərin hər cür vasitələrlə “erməniləşdirməyə” çalışdıqları tarixi Azərbaycan şəhərindən etməsi tamamilə fərqli anlam daşıyır və daha böyük təsir gücünə malikdir. 27 il işğal altında qalandan sonra Azərbaycan Ordusunun Şuşanı savaş yoluyla azad etməsi revanşistlərə ən yaxşı cavabdır və Prezident də dünənki çıxışlarında bunu birmənalı şəkildə vurğuladı, Xüsusi Təyinatlılarımızın şüvaətini qeyd etdi, düşmənin başına yenə dəmir yumruğun endirilə biləcəyini bir daha bəyan etdi.
Eyni zamanda Azərbaycan torpaqlarında törədilən vəhşiliklərin əsas müəlliflərinin məhz Köçəryan- Sarkisyan cütlüyünün olduğunu qeyd edən Azərbaycan Prezidenti onların bu əməllərinə görə cavab verməli olacaqlarını vurğuladı və bundan sonra Azərbaycan torpaqlarında bu cür vəhşiliklərin törədilməsinə yol verilməyəcəyini hər kəsin diqqətinə çatdırdı. Qoy hər kəs bilsin ki, Şuşa bir daha işğal altına düşməyəcək və hər zaman Azərbaycan şəhəri olub, belə də olmağa davam edəcək. Çünki Azərbaycan Ordusu Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qoruyur. Məlumdur ki, kim Şuşaya nəzarət edirsə, Qarabağa və ətrafdakı digər bölgələrə də məhz o nəzarət edir. Odur ki, ölkə başçımızın bu tarixi şəhərimizə səfəri Azərbaycan dövlətinin savaşın qalibi və torpağın sahibi kimi Qarabağa qayıdışını, Şuşanın yenidən Azərbaycanın suverenliyi altına keçməsini ehtiva edir, təsdiqləyir.
Bu səfər hər bir azərbaycanlıya böyük qürur hissi yaşatdı. Dünən ölkədə hər kəs Prezidentin Şuşaya səfəri haqqında danışırdı. Mən dünən həmsöhbət olduğum insanların hamısının üzündə, gözlərində Şuşa sevincini gördüm, Şuşa sevgisini sezdim. Sosial şəbəkələrdə isə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşadakı foto-videogörüntüləri sözün əsl mənasında paylaşım rekordu qırırdı. Dünən Şuşa səfərinin görüntülərini paylaşmaq trendə çevrilmişdi. Bu həm millətin Şuşa sevgisini, həm də Prezidentə dəstəyini göstərirdi. Ancaq öz soydaşlarımızla bərabər, düşmən ölkədə də dünən hər kəs İlham Əliyevin və xanımının səfərindən danışırdı. Prezidentin və Birinci vitse-prezidentin Şuşaya səfər etməsi erməni cəmiyyətinə və siyasi qüvvələrinə ağır psixoloji sarsıntı yaşatdı. Bunu onların öz açıqlamalarından və paylaşımlarından da görmək mümkündür.
Misal üçün, gəlin Ermənistan Müdafiə nazirinin sabiq müavini Artak Zakaryanın öz Facebook səhifəsində Ermənistanın Baş nazirinə ittihamlı suallarla dolu müraciətini birlikdə oxuyaq: “Pənah xan (indiki Əliyev) xain Melik-Şahnazarın (indiki xain Nikolun) gözü qarşısında tarixdə ikinci dəfə özünü Şuşada tapdı. Bununla da “Şuşa kimindirsə, Qarabağ onundur” mesajını verdi. Nikol, babalarının Şuşadan gəldiyinə görə öyünürdün və Qarabağ köklərinə sahib olduğuna görə fəxr edirdin? Cənab, “ali komandan” demək yaxşı çıxmır. Səninləyəm! Əliyevlərin Şuşa ziyarəti ilə bağlı erməni xalqına deyəcək bir sözün varmı? Yoxsa hakimiyyəti davam etdirmək üçün keçirəcəyin seçkilərə görə “cib” və korrupsiyalaşmış “partiyalar”la görüşlərdəsən? Yoxsa Əliyevlərin Azərbaycan bayrağını qaldırmaq üçün Verin və ya Nerkin Voskepar, Tavuş bölgəsi, Sofula və Barxudarlu, Ararat bölgəsinin Tigranaşen, Sünik bölgəsinin Şurnux, Ardaniş və Geğarkunik bölgəsinin Sotk mədənlərinə gələcək günü gözləyirsən? Ermənilərin taleyi, ümumiyyətlə, ətrafında baş verənlər səni heç maraqlandırırmı? Sabah və ya birisi gün ev tikib uşaq böyüdəcək, kilsəyə gedib facebookda toy edə biləcəksənmi? Hələ də bu xalqın tək bir probleminin Nikol Paşinyan olduğuna əmin deyilsən?”
Revanş çağırışlarına qarşı olduğunu bildirən və bunu açıq şəkildə dilə gətirən Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan isə dünənki müraciətində “ərazilərin geri qaytarılmasına”, yəni hərbi revanşa çağıranları “ziyanlı və reqressiv” adlandırıb: “Bu gün bir çox ekspertlər, müxtəlif xadimlər deyirlər ki, bilirsiniz, bir neçə illik dinc həyatdan sonra biz güclü olarıq, silahlanarıq və sonra qələbə payımızın ardınca gedərik. Bağışlayın, mən bu düşüncəni reqressiv və ziyanlı hesab edirəm. Və istəyirəm ki, mənə barmaqla göstərsinlər, onlar kimin 18 yaşlı oğlunun hesabına bunu etmək istəyirlər. Ermənistanın bütün qonşuları ilə uzunmüddətli və ya hətta daimi sülhün təmin edilməsinə can atmaq lazımdır. Region sonda nəhayət insani sifətə malik olmalıdır”.
Göründüyü kimi düşmən ölkədə Azərbaycanın dövlət başçısının ismarıclarını, xəbərdarlıqlarını doğru-düzgün dəyərləndirən, rasional yanaşma sərgiləyən fərdlər və qüvvələr də var. Bu isə bir daha onu göstərir ki, deməli, Prezident İlham Əliyevin ötən gün Şuşadan səsləndirdiyi fikirlər, etdiyi xəbərdarlıqlar tam hədəfinə dəyib. Qoy olsun. Biz də elə bunu istəyirdik. Bu bizim istədiyimiz bir nəticədir. Bəli, ermənilər bu gün miskin və məğlub Nikol Paşinyanın, hakimiyyətə can atan Vazgen Manukyan, Edmon Marukyan kimi revanşistlərin, yenidən səfir olmağın xiffətini yaşayan Mikael Minasyan (Serj Sərkisyanın kürəkəni) kimi xəyalpərəstlərin xəstə təfəkküründən doğan zəhərli fikirləri deyil, məhz İlham Əliyevin ismarıclarını, xəbərdarlıqlarını müzakirə etməli, düzgün nəticələr çıxarmalı, ağıllı mövqe nümayiş etdirməlidirlər ki, Lena Nazaryan demişkən, region sonda nəhayət insani sifətə malik olsun. Ermənilər öz faşist mahiyyətlərindən, millətçi hədəflərindən, revanşist çağırışlarından əl çəkib insanlığa qayıtmalı, insani sifət almalıdırlar.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri,
Birinci Qarabağ Müharibəsinin iştirakçısı
Share: