MÜQƏDDƏS ZİRVƏ… – Sevil Gül Nur yazır

İsti yuvasını soyuq səngərə dəyişənlərin yolu ucalığa doğru uzanır. Köksündə vətən boyda ürək daşıyanlardır o zirvədə qərarlaşanlar. Vətən yolunda ləyaqətlə vuruşanlar, haqq uğrunda canını fəda edənlər o zirvənin daimi sakinidirlər. Tanrı qatında ən uca məqama, müqəddəs zirvəyə layiq görülənlər əbədi nəğməyə dönərək könüllərdə yaşayırlar.
Onlardan biri də Elçin İlqar oğlu İsmayılovdur. O, 1995-ci il mart ayının 17-də Cəlilabad rayon Göytəpə şəhərində dünyaya gəlmişdi. Orta təhsilini Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəbdə almış, 2013-cü ildə məktəbi bitirib həqiqi hərbi xidmətə yollanmış və kəşfiyyatçı kimi xidmət göstərmişdi. Hərbi xidmət dövründə nümunəvi xidmətinə görə müxtəlif təltiflərə layiq görülmüşdü. Xidməti başa vurduqdan sonra DSX sıralarında Yevlax N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmət etmişdi. 2016-cı ilin aprel döyüşlərində DSX-nin xüsusi təyinatlı hərbi qulluqçuları əməliyyatlara cəlb olunsa da, bütün heyət bu döyüşlərdə iştirak etməmişdi. Onlardan biri də Elçin idi. O torpaqların müdafiəsi uğrunda döyüşlərə qatıla bilmədiyi üçün çox kədərlənmişdi. Vətən torpaqlarının azadlığı uğrunda mübarizə aparmaq istəyən gənc hərbçi DSX sıralarından ayrılmış, xüsusi kursa yazılaraq tankçı kimi təlimlərdən keçmişdi. 2017-ci ildə Milli Ordu sıralarına yazılan Elçin inanırdı ki, bir gün müharibə başlayacaq və o bu torpaqların azad olunması uğrunda döyüşə atılacaq. Elçinin gözlədiyi gün 3 il sonra gəlib çatdı. 2020-ci il 27 sentyabrda Azərbaycan oğulları vətən torpaqlarının bütövlüyü uğrunda mübarizəyə qalxdılar. Ürəklərdə 30 il yığılıb qalmış nifrət birdən püskürdü. Bir qığılcımla düşmənə olan qəzəb alovlandı. Hamı səfərbər oldu. Elçin də onların arasında idi. Tankçı kimi döyüşə atılan Elçinin döyüş yolu Füzulidən başladı. O sərrast mərmi atışları ilə düşmənə ağır zərbələr endirməyə başladı. Bir çox ərazilərin azad olunmasında böyük şücaət göstərdi, igidliklə döyüşdü. İmkan olduqca ailəsi ilə əlaqə saxlayan Elçin hər zaman qələbəyə olan inamından danışır, tezliklə zəfər çalacağımızı qürurla söyləyirdi. Evə qələbə ilə dönəcəyinə, Qarabağın gözəl güşələrinə birlikdə səfər edəcəklərinə hər kəsi əmin edirdi. Sentyabr ayında 5 günlük məzuniyyət götürüb evə gələn Elçin yenicə doğulmuş qızının üzünü son dəfə gördü. Qucağına götürüb uşağı doyunca qoxladı, iyini ciyərlərinə çəkdi. Bütün günü yanından ayırmadı. Körpə Nilay da balaca gözlərini açıb baxışlarını atasının üzünə dikir, sanki onun əksini gözlərinə həkk edirdi. Yumşaq əlləri ilə atasının tüklü üzünə toxunaraq sanki ovuclarına ata nəfəsini hopdurmaq, əllərində ata istisini saxlamaq istəyirdi. Yenicə dil açmağa başlamış oğlu İsmayıl isə onu aramsız suallara tutmaqla sanki bir ömürlük ata səsini qulaqlarına sığdırmağa çalışırdı…
Sin descripción disponible.
Elçin gedəndə yüksək əhvalla getdi. Çünki o, yenilməz ordunun əsgəri idi! Döyüş meydanında düşməni əzib geri dönəcəyinə az müddət qalmışdı. Tezliklə bütün Azərbaycan zəfər xəbəri ilə müjdələnəcəkdi. Oktyabrın 1-də evə zəng vuran Elçinin səsində yenə də rahatlıq vardı. Hal-əhval tutdu, uşaqları soruşdu. Amma sağollaşmağa tələsmirdi. Sanki nəsə demək istəyir, sözü boğazında ilişib qalırdı. Bircə: – “Özünüzdən muğayat olun”, – deyə bildi və telefonu söndürdü. Səhəri gün isə… Elçin yenə döyüş meydanında idi. Onun dəmir atı yenə də düşmənin başına od yağdırırdı. Bu vaxt qəfil atılan bir mərmi onun tankına dəydi. Amma o döyüşməyə davam edirdi. Ardınca bir mərmi də atıldı. Artıq tank alışmaqda idi. Elçin isə meydandan çıxmırdı. Son nəfəsinə qədər düşmənlə mübarizə aparmağa qərarlı idi. 3-cü dəfə atılan mərmi tankı bütünlüklə alovlandırdı. Bu alovdan qurtuluş yox idi. Elçin və yoldaşları tankın içindən çıxa bilməyib şəhid oldular. Vətən oğulları vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda edib şəhadətə yüksəldilər… “Ruhunuz şad olsun, şəhid qardaşlarım!” -deyə qəhər içində pıçıldadım. Şəhadətindən sonra Elçin İlqar oğlu İsmayılov “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Oğlu haqqında danışan ana göz yaşlarıma boğulduğumu görüb: – “Bağışla, qızım, səni də kövrəltdim”,- deyə üzrxahlıq etdi. İlahi! Bir ananın ürəyinin böyüklüyünə bax! Balasını itirib, ürəyi ağrıya köklənib, bir ömür bitməyən acıyla yaşamağa məhkum edilib, amma başqa bir ananın övladının axan göz yaşlarına qıymır. Ana olmağın ən mükəmməl tərəfi də bu imiş, demək – hər vətən övladını öz balası bilmək, canının acımasına razı olmamaq… Qəhər məni boğduğundan bu böyük ürək sahibinə deyə bilmədim ki, sən məni bağışla, şəhid anası! Dağ boyda dərdinin önündə bir neçə kəlməylə təsəlliyə gəlmişəm səni. Kaş ki, ağrılarını dinləyib sətirlərə düzməkdən daha artığını bacarsam… Kaş ki, cavan ömürləri yarım qoyan, anaları qəlbidağlı edib balaları gözüyaşlı buraxan müharibələri yox edə bilsəm… “Vətən sağ olsun!” – bu, sonda məğrur ananın dilindən çıxan cümlə idi…
Sevil Gül Nur
Müstəqil.Az
Share: