Qiymət artımından işbazlar sui istifadə etməməlidir

Məlum olduğu kimi 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Benzinin və dizel yanacağının bahalaşması ilə bağlı rəsmi arqumentlərə toxunsaq, ötən il avtomobil idxalı 2019-cu illə müqayisədə artsa da, dizel yanacağının istehsalı aşağı düşüb, avtomobil benzininin istehsalı isə cüzi artıb: “2019-cu ilin yanvar-noyabr aylarında 1 milyon 41,9 min ton avtomobil benzini, 1 milyon 911,2 min ton dizel yanacağı istehsal edildiyi halda müvafiq göstəricilər 2020-ci ilin eyni dövründə 1 milyon 66,3 min ton və 1 milyon 881,3 min ton olub.
Belə ki, Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib.
Təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib.
İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.
Əslində Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Belə ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Rusiyada orta hesabla 1,0 manat, Ukraynada 1,72 manat, Belarusda 1,14 manat, Gürcüstanda 1,12 manat təşkil edir. Dizel yanacağının qiyməti isə 1 litr üçün Türkiyədə 1,44 manat, Rusiyada 1,12 manat, Ukraynada 1,72 manat, Belarusda 1,21 manat, Ermənistanda 1,19 manat/litr, Gürcüstanda 1,15 manat səviyyəsindədir.
Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.
Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçirilməlidir. Bəzi işbazların belə hallarda sui istifadə etmələrinin şahidi olmuşuq.
Bununla bağlı Dövlət Xidməti sahibkarların nəzərinə çatdırıb ki, nəzarət tədbirləri zamanı qanun pozuntusu halları aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək. Bu hallar üzrə cinayət tərkibli əlamətlər müəyyən olunduqda isə, toplanmış materiallar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndəriləcək.
Tarif (qiymət) Şurasının iclasında yeni dövlət qeydiyyatından keçmiş 300-ə yaxın dərman vasitəsinin qiyməti də təsdiq olunub.
Yeni tariflər 5 yanvar 2021-ci il tarixindən tətbiq edilməyə başladı.
Ümid edək ki, növbəti qiymət artımı vətəndaşlarımızın rifahına ciddi təsir göstərməsin. İnanırıq ki, Dövlətin qəbul etdiyi qərar xalqımızın inkişafına töhvəsini verəcək.
 
Xəzər rayon təhsil işçiləri adından;
Həzərxan ƏBİLOV.
Share: