Əli HƏSƏNOV : Türkiyə NATO-nun ən mühüm qurumunun komandanı təyin olundu

Türkiyə əsl qiymətini aldı və NATO-nun ən mühüm qurumunun komandanı təyin olundu. Şturvalı arxasında türk pilotunun əyləşəcəyi F-35-ləri türk səmasında görmək nə xoş olardı!

Müstəqil.Az bildirir ki, bu fikirləri tanınmış ictimai-siyasi xadim, Rezidentin sabiq köməkçisi, tarix elmləri doktoru, Professor Əli Həsənov özünün sosial şəbəkəsindəki divarında yayınlayıb:

“Türkiyənin 2021-ci il yanvarın 1-dən Almaniyanın (2019) və Polşanın (2020) ardından NATO-nun Çevik Hərbi Müdaxilə Qüvvələrinin (VJTF) Komandanlığını öz üzərinə götürməsi xəbəri artıq KİV-lərdə yayılmışdır.
VJTF bütövlükdə NATO-nun Hərbi Müdaxilə Qüvvələrinin ən çevik hissəsi hesab olunmaqla, yüksək hərbi hazırlıqlı Birgə Xüsusi Qüvvələr Komandanlığının 66-cı Mexanikləşdirilmiş Piyada Briqadasından təşkil edilmişdir. VJTF tərkibinin 3/2-si (4200 nəfər) Komandanlığı qəbul edən ölkənin hərbi qulluqçuları və əsgərlərindən seçilməklə, qalan əsgərləri NATO üzvü olan digər ölkələrdən- ABŞ, Albaniya, Macarıstan, İspaniya, İngiltərə, İtaliya, Latviya, Çernoqoriya, Polşa, Rumıniya və Slovakiyadan olmaqla cəmi 6 min 400 nəfərdən ibarət elitar hərbi qüvvələrdən təşkil olunmuşdur.
VJTF NATO-nun ən son model hərbi zirehli texnikası, tank əleyhinə raketlər, haubitsalar və digər xüsusi hərbi texnika ilə təchiz edilmişdir.
Qeyd edək ki, VJTF Rusiyanın 2014-cü ildə “Krıma müdaxiləsi və Ukraynanın suveren hüquqlarını məhdudlaşdıran digər fəaliyyətləri”nin ardından və həmin dövrdə Yaxın Şərqdə yaşanan bir çox iğtişaşlar da daxil olmaqla NATO sərhədləri ətrafında tez-tez dəyişən təhlükəsizlik mühitini idarə etmək məqsədilə 2014-cü ildə Uelsdə keçirilən NATO dövlət və hökumət başçılarının zirvə toplantısında yaradılmışdır.
Əksər Türkiyə rəsmiləri- Prezidentdən Müfdafiə və Xarici İşlər nazirinə qədər hər bir yüksək ranqlı məmur 10 noyabr atəşkəs sazişinin bağlanmasından sonra dəfələrlə Azərbaycanın arxasında sona qədər dayanacaqlarını heç bir tərəddüd etmədən bəyan edirlər. Azətbaycanın işğaldan azad etdiyi Qarabağ torpaqlarına hər hansı təhlükə yaranacağı təqdirdə rəqiblərin bu məkanda qəhrəman türk əsgəri ilə qarşılaşacağını qətiyyətlə ortaya qoyurlar.
Sevvindirici hal odur ki, türk siyasi və hərbi elitasının Azərbaycana verdiyi birmənalı dəstək fonunda və Dağlıq Qarabağda bərabərhüquqlu sülhyaratma missiyasi ilə ruslarla yan-yana fəaliyyət göstərməsinə bəzi qüvvələrin ciddi maneçilik törətdiyi bir məqamda, kimlərinsə rəsmi Ankaranı bacardıqca Cənubi Qafqazdan uzaq tutmaq siyasəti qarşısında, qlobal dünya gücləri Türkiyə ordusuna və tütk generallarına Şimali Atlantika Blokunun ən nizami və çevik hərbi müdaxilə qüvvələrinin komandanlığını həvalə etdi. Bu o deməkdir ki, Şimali Atlantika Bloku rəsmi Ankaraya özünün çox böyük inamını və etimadını nümayiş etdirərək, NATO-nun ən elitar və çevik güc mərkəzini Türkiyə Cümhuriyyətinə tapşırdı. Bu həm də o deməkdir ki, Avropa və Asiyada, regionda və dünyada kimin nə planlamasından və etməsindən, Ankara və Qərb arasında hansı qarşıdurma toru qurmasından asılı olmayaraq, Türkiyə Qərb düşərgəsində qalır və Qərb ölkələri ilə münasibətlərini dərinləşdirmək xəttini davam etdirəcəkdir. Avropa və ABŞ-da indiyə qədər qəbul olunmuş, yaxud qəbul olunmasına cəhd edilmiş bütün antitürk sanksiyaları tədricən aradan qalxacaq və qardaş Türkiyə yenidən Avropanın, dünyanın sayılı-seçili ölkələrindən birinə çevriləcəkdir. Hətta, yaxın zamanlarda şturvalı arxasında türk pilotunun əyləşəcəyi F-35 qırıcılarını Aralıq dənizi sahillərində və türk səmasında uçan görsəniz heç də təəccüblənməyin.
Yaxud, ABŞ və Avropanın əksər hərbi sanksiyalarını aradan qaldıraraq, Türkiyəyə lazım olan alternativ hava qüvvələrindən müdafiə sistemlərini veriləcəyi də artıq kimsədə şübhə doğurmamalıdır.
Göründüyü kimi, Türkiyə Ulu Atatürkün müəyyən etdiyi demokratik inkişaf və avrointeqtrasiya siyasətini bundan sonra da davam etdirmək əzmindədir. Bunu bugünlərdə qətiyyətlə və inamla Türkiyə Çümhuriyyətinin Prezidenti və türklərin hazırkı şəksiz-şübhəsiz lideri R.T. Ərdoğanın özü bəyan etdi. O, söylədi ki, bəzi xarici və daxili qüvvələrin maneçiliyinə baxmayaraq, Türkiyə öz gələcəyini Qərblə inteqrasiya siyasətində görür və bu istiqamətdə bizi həm də ölkə daxilində çoxsaylı islahatlar, o cümlədən demoktarikləşmə sahəsində islahatlar gözləyir. Görünən odur ki, Türkiyə həm NATO ilə, həm də Avropa Birliyi və ABŞ-la əvvəlki tərəfdaşlıq münasibətlərini tam bərpa etmək istəyir və inşAllah buna nail olacaqdır!
Əlbəttə, bütün bunlar həm də bizim ölkənin mövqelərini dünyada və regionda möhkəmləndirəcək. Türkiyə indiyə qədər olduğu kimi, bundan sonra da heç zaman Azərbaycanı çətin problemlər qarşısında tək buraxmayacaq, qlobal və regional güclərin təsiri altına düşməsinə imkan verməyəcək!
Hazırda 10 noyabr birgə sazişinin şərtləri çərçivəsində Türkiyəni bərabərhüquqlu tərəfdaş kimi sülhyaratma prosesindən kənarda saxlamağa çalışan ermənilər və onların bəzi himayədarları da yəqin ki, bundan sonra Azərbaycanın və Türkiyənin bu istiqamətdəki istəklərini və təkliflərini qulaqardına vura bilməyəcəklər!”
Share: