Yalquzaq olmalısan – II məqalə

HƏCƏR

Diz üstə çökürdüm

Laçın… Otuz illik dustaqlıqdan azadlığa çıxan cənnətimiz!.. Burada gördüyüm  ilahi gözəlliklər, onların yaddaşımda saldığı izlər elə dərindir ki…

Siz heç quşların himni ilə səhəri açmısınızmı? Himndən daha möhtəşəm nəğmələrlə!.. On minlərlə qanadlı nəğməkarın birgə ağız-ağıza verib lap ürəkdən, var gücü ilə oxumasını meşədə gedərkən dinlədinizmi? Onların səsini, nə vaxt başlayacaqlarını həsrətlə gözlədinizmi? Ordan-burdan təkəmseyrək eşidilən cırtıltı səslərinin qəfildən bir anda başlayan nəhəng xora çevrildiyinin şahidi oldunuzmu? Bu nəğmələrdə Tanrını zikrin notlarını tuta bilmisinizmi? Mən o nəğmələrdə Allahın nə qədər şövqlə mədh edildiyini quş dilini bilirmişəm kimi aydınca duyurdum. Obaşdan at belində, səhərin açılmağına hələ bir neçə saat qalmış yola çıxırsan. Bir azdan qarşı tərəfdən dan yeri ağarmağa başlayır. Kirs dağı hələ görünmür. Nə qədər sakit olsa da, gecənin gündüzə təhvil verildiyi o an havada əmələ gələn titrəyişi hiss etmisinizmi? Aşiqlərin ahından yaranan nəfis bir nəsimdir bu – səba yelidir. Artıq Kirs görünür və onun zirvəsindən doğan günəşin ilk şüaları üzünə düşür, gözlərin qamaşır. Quşların nəğməsindən,  gördüyün əsrarəngiz gözəlliklərdən, rəngbərəng çiçəklərin br-birinə qarışmış ətrindən aldığın zövqdən ruhunda tufanlar qopur. Ürəyin o quşların ürəyi kimi çırpınır. Özünü bütünlüklə bu ləzzətin ixtiyarına verirsən. Günəş bir anda şəfəqlərini dağlara, dağarası kiçik düzənliklərə, yamaclara səpələyir. Bütün duyğu üzvlərini məst edən bu fövqəl-xoşbəxt anlar həyatının çox az çəkən bəxtəvər səhifələrini yazır. İndiyəcən  Tanrıya bu cür ürəkdən şükr etməmiş, onunla bu qədər munis, həmdəm olmamısan. Allahın sənin şükürlərindən razı qaldığını bütün ruhunla duyursan.

Günəş Kirsdən bir ağac boyu yuxarı qalxıb. Havaya baxırsan. Mavi büllur kimi – “xrustal” kimi parlayır hava. Bu mavi büllurun içərisində addımladıqca, hər nəfəs aldıqca bütün vücudunda, ruhunda yüngül, ləzzətli, ilahi bir ovqat yaranır. Ruhunun bayramıdır sanki. Mavi büllura çalan hava nəhəng aqlomerasiya mərkəzlərindən, böyük şəhərlərdən uzaq o məmləkətdə – Laçında idi. Yəqin ki, elə indi də var.                                                                                                                           Səhər tezdən yola çıxanda ilk olaraq Bağırbəylinin ən gözəl, axar-baxarlı kəndlərindən olan Ağanusun Qaladərəsinə tərəf yön alan yalını aşmalıydıq. Qaladərəsi Şuşanın, Ağanus Laçının kəndidir. Sağ tərəfə – üzü Qışlağa dolaylanırıq. Qaladərəsi sol çiyin tərəfdə qalır. Qaladərəsi ermənilərinin hər il yonca əkdiyi kiçik bir düzənlik  çıxır qarşımıza. Yazda çəhrayı rəngə çalan yonca çiçəklərinin nektar qarışıq tünd ətri uzaqdan hiss olunur. O çiçəklərin ətri atın tərinə qarışıb paltarımıza, üst-başımıza hopur, heç vaxt görmədiyim qəribə rayihə əmələ gətirirdi. Bu düzə çatanda daim eniş-yoxuş olan yolumuzda ürəyimizcə olan imkan yaranır: burda atları dəlicəsinə qovmaq olar. Muşqurub kəhərləri qızışdırırıq. Qəmər at burun pərələrini genişləndirib fınxırır. Elə bil içini hava ilə doldurur ki, daha yüngül qaça bilsin. Atlar dördnala çapmaqdan ötrü darıxıblarmış kimi qanad açıb yelə dönürlər. Açılmış saçlarımı qulağımın dibindən vıyıltı ilə keçən külək arxaya  çırpır, ruhum az qala bədəndən ayrılıb  öndə qaçır, məni arxasınca çəkir. O anda duyğularım ətrafla, təbiət və qəmər atın qaçışı ilə elə bir həmahənglik yaradardı ki, bunu əsl süvarilər bilər. Bir az aralıdakı bostanlarda işləyən erməni qadın və kişiləri əllərini işdən çəkib tamaşaya dururlar. Atların başını boşlasaq, çatlayanacan qaçarlar. Məsuliyyət hissi həvəsimizi boğmağa məcbur edir. Yola davam etməliyik.  Yoncalı düzənliyi keçəndən sonra yol yenə meşənin seyrək yerindən Kirsə tərəf istiqamətlənir.

Burdan keçən cığırlar qan damaları kimi neçə yerə haçalanır. İstiqaməti düz tutub getməsən, yolunu azarsan. Atlar gah yorğa, gah löhrəm yerişlə gedir, hərdən fınxırıb başını silkələyir, quyruqlarını çalırlar. Gözəlliyinə heyran olduğum qəmər at diyir-diyir dingildəyir, yanaşı getdiyi atı bir addım da qabağa buraxmaq istəmir. Yüyəni çəkib başını güclə yığıram. Hündür, cüssəli, dəlisov bir atdı.  Tövlədə şampunla xəlvəti yuduğum yalı-quyruğu gün işığında par-par yanır.  Yazın bu çağı, yayağzı o müqəddəs – Kəbə kimi yerlərdə atla getməyin sevincini, dadını yalnız o yolu gedənlər bilər. Salahın fermasını ötəndən sonra  Çiyələkli dərə adlandırdığım dağarası uzunsoz, kiçik düzənlik başlayır. Atlar yeridikcə ayaqları altında qalıb əzilən çiyələklərin ətri dərəni başına götürür.  Gün çıxan vaxtı uzaqdan baxanda qızarmış çiyələklər dərəni qan rənginə boyayır. Hər danəsi min dərdin dərmanı olan nemət ayağımız altında qalır, düşüb yığmağa vaxtımız yox. Yolumuz uzaqdır. Burdan sonra hələ neçə yalı-yoxuşu aşmalıyıq. Meşənin içi ilə gedən yol hərdən açıqlığa çıxır, ətrafa baxırsan. Gün bir qədər qalxıb. Bir kənd-kəsək görünmür. Yalnız Cənbərəxaçda bir neçə evlik məskən var. Ora qalxan dik yoxuş aldığımız ləzzətli təəssüratı dəyişir. Qalxdıqca qurtarmır. Həm də sarı, gilli torpaq. Bir az nəm olsun, saqqız kimi yapışır. Bu yoxuşu piyada qalxmaq lap zülmdür. Nəhayət ki, bitir. Qarşıda Müsəlmanlar obasının Xumarta, Köhnəkənd, İrçan və Dəyhan kəndlərinə gedən cığırlar haçalanır. Qışlağa gedən yolumuz Xumartaya çatmamış çox dərin bir dərədən keçir. Sarıbabadan gələn kiçik bir irmaq buradan keçib aşağılarda Həkəri çayına tökülür. Dərəyə enib atların qarnının altına su vurur, həm də  suvarırıq. Xumarta gözəl kənddir. Axar-baxarlı. Bəzən kəndin içi ilə, hərdən də  aşağıdan, Saray nənənin evinin altından keçirik. Hər dəfə bizi uzaqdan görən Saray nənə ətəyinə xeyli alma yığıb cığırın ağzını kəsdirir:

– Bay, sizin qadanızı alım, dönün, bir stəkan çay için. Uzaqdan gəlirsiz, yorulmusuz? – deyir.

Minnətdarlığımızı bildiririk. Dinməz-söyləməz atın xurcununun köşədən çəkilmiş iplərini açıram. Bilirəm ki, yaxa qurtarmaq çətindir. Almaları köməkli xurcuna doldururuq.

Bu kəndlərdə çox dadlı, ətirli alma növləri yetişirdi. Qırmızılığı  toxumunacan vuran, yemiş ətri verən,  içərisində şirni dağılmış kimi düyünləri olan, adlarını bilmədiyim növlər. Meyvələr yetişən vaxtı o bağların arası ilə bir gedəydiniz. Cənnət ətri gəlirdi. Gözəlliyi də ki bir başqa aləm. Budaqlar burnunacan rəngbərəng almalarla dolurdu. Hər budağın altına bir haça vururdular ki, ağırlıqdan sınmasın.

Xumartanı keçəndən sonra Qışlağa gedən yolu tuturuq. Qışlaq bu tərəflərin ən hündür kəndidir. Təqribən 2700 metr hündürlükdə. Xınalıqdan hündür. Dəqiq bilmirəm, deyəsən, bircə Alcan ordan hündür idi. Yol boyu ətrafa nəzər salır:

– Bu yolları kimlər keçib? Bu dağlar, meşələr nə qovğalar, döyüşlər, qaçaq-quldurlar, mərd igidlər görüb? – deyə düşünürdüm, – Onlardan hansı nişanələr, xatirələr, dastanlar qalıb?

Xumartanın yalını aşmaq asan gəlir bizə. Həm hündür deyil, həm də çiçəklərlə bəzənmiş və yoxuşa qalxan maili çəmənlikdən keçir. Yaldan baxıram,  artıq kənd görünür. Yer kürəsinin yeddinci qitəsi adlandırdığım Laçının Qışlaq kəndi… O insanların mənə göstərdiyi qayğını, hörməti heç vaxt unutmadım.

Qışlaqdan, başqa kəndlərdən, demək olar ki, hər gün kimsə qonaq çağırır, kənd camaatından qohum-qardaş da o evə yığışır, gecəyarıyacan söz-söhbət bitib-tükənmirdi. İlahi, nələr qalmırdı danışılmaya? Tayfalardan, onların mərd kişilərindən, düşmənçilikdən, bunun səbəblərindən, oğurluqlardan o qədər əhvalatlar danışardılar. Kişilərin söhbətinə qadınlar qarışmazdı. Qadınlar mənim başıma yığışar, söhbətlərimə  maraqla qulaq kəsilərdilər. Onların baxışlarında, səslərində duyduğum heyranlıq və sevgi hissləri məni qanadlandırardı. Yeməkdən sonra samovar çayı süzülər, yanına mürəbbələr düzülərdi. Söhbət edə-edə domino oynayardılar. Bu oyun çox dəb idi oralarda. Gecəyarı qalxıb evə dağılışmaq istəyəndə ev yiyəsi:

– Bəs məcburi çay qaldı axı. Onu içməmiş hara gedirsiniz? – deyəndə qanım qaralırdı. Yenə oturmalı, gözləməli idin. Onlarda heç yerdə olmayan bir adət vardı. Çayı içib qurtarandan sonra ev yiyəsinin süzdüyü çayı məcburən içməli idin. Adına “məcburi çay” deyirdilər.

Əyərək kəndinə də tez-tez dəvət olunurduq. Günortaya yaxın bir də görürdük, Hüseyn oğlu Cəlil atını yolağaya bağlayıb evə yaxınlaşdı:

– Günortaya bizdəsiz. Gəlin bir domino oynayaq, müəllim, – deyib qayıdırdı.

Əyərəyə gedən yolu heç unutmuram. Yuxularıma girirdi tez-tez. Çılpaq yamacın döşü ilə Qışlaqdan çəkilmiş ensiz torpaq yol Köhnəkəndəcən uzanırdı. Əyərəyəcən dolayı idi. Ordan o tərəfə yoxuşlar, daşlıq, qayalıqdı və meşənin içindən keçirdi. Yalı aşandan sonra Köhnəkənd görünürdü. Həmin yalda, lap yuxarıda biz gələndən bir neçə il sonra ötürücü qüllə quraşdırıldığını eşitdim. O kəndlərin camaatı televizora baxa bilirdilər artıq. Buna çox sevindim. Qışlaqdan çıxanda sağ tərəfdə Səfərli çayıncan enən dərənin o tayı elə möhtəşəm mənzərələrdi, baxdıqca doymurdum. Ayaqlarımı sürüyür,  ecazkar mənzərəni gözlərimlə içimə yığırdım. Alcana gedən yol oradan keçirdi. Böyük maili düzənlik çiçəklərlə süslənər, ara-sra bitmiş iri armud ağacları yüksələrdi. Sol tərəfdə sanki əlinlə ölçüb düzəltdiyin konusvari, bir-birinin eyni olan və bir-birindən dümdüz kiçik düzənliklə ayrılan üç ədəd dağ sıralanırdı. Ordan yuxarı isə yoxuşlar  sağdan Soltan yurdunacan qalxırdı.  Bütün bunları yuxarıdan baxaraq seyr edir, zövqdən və minnətdarlıq hissindən tir-tir əsirdim. Bəzən hüsn-təvəccöhdən diz üstə çökür, əllərimi qaldıraraq Allaha şükürlər, minnətdarlıq edirdim.

Bir dəfə öz kəndimizə gəlmək üçün qapını bağlayıb atlara süvar olmaq istəyirdik ki, yolağada Xumartadan atlı bir uşaq göründü. Atası bir şaqqa quzu əti pay göndərmişdi. Əti və evdən çörək, pendir də götürüb yola düşdük. Neçə ildi,  yuxarısından ötdüyümüz bir yerə – Qaladərəsinə çatmamış dərin dərənin içi ilə axan çay yatağının qaşına gəldik. Baxanda adamı vahimə bürüyürdü. Çay  dərəsinə çox çətin endik. Dibindən dumduru su axan yastı çay yatağı aşağıda enlənirdi. Yarıqaranlıq dərədə suyun şırıltısı, yarpaqların pıçıltısı bir-birinə qarışıb qəribə əks-səda verir, heç vaxt hiss etmədiyim müəmmalı xof yaradırdı. Bir qıraqda suyu çaya qarışan və yatağı qıpqırmızı olan mineral bulaq axırdı. Bulağa yaxın yerdə Qaladərəsi erməniləri  köşk düzəltmiş, üstünə dəmir vurmuşdular. O qədər ətin hamısını kabab etdik, mineral sudan içən kimi elə bil heç nə yeməmisən. O suda nə hikmətlər vardı, ey ulu Yaradan!.. Çayın Sarıbabadan axıb gəldiyini deyirdilər. Sarıbaba Şuşa-Turşsu tərəfdə idi. Laçından Şuşaya gedən üzdə, Turşsuya çatanda yol sol tərəfə Sarıbabaya, sağ tərəfə Turşsudan keçib Müsəlmanlar obasına gedirdi. Sarıbabaya bir dəfə Bakıdan gəlmiş qonağımız üçü motal almağa getmişdik. Yay idi. Binələri dolaşdıq. Turşsu tərəfdən Sarıbabaya gedəndə dağın xeyli hündür hissəsinə tuş gəlirsən. Ordan aşağı baxanda binələri, qoyun sürülərini, alaçıqların qarşısında nehrə çalxayan qadınları, oynaşan uşaqları görmək dünyalara dəyərdi.   Doğma yurda, gözəlliklərinə heyranlıq, etiqad, pərəstiş və sevgi hissim okeanları daşırırdı bu zaman.

Kirs ətəyi obaların mənzərəsi qışda fərqli bir gözəllik alırdı. Dağın qarı adladır. Qurşağacan yağırdı. At çətin yarıb keçirdi. Bəzən qarnının altına, sinəsinəcən çatırdı. Qar yağandan sonra gün çıxanda o yolları getmək cənnətə səfər etmək kimi idi. Bəmbəyaz qarla örtülmüş düz-dünya gün düşdükcə milyonlarla almaz dənəsi səpilibmiş kimi par-par yanır, gözümü qamaşdırırdı. O qədər dərin sakitlik olurdu. Arada bir zığzığların səsindən başqa bir səs eşidilmirdi. Meşənin, dağların sükunətinin dilini anlayır, onların nə dediyini dinləyirdim. Bu bəyaz sükunət ruhumu da bəmbəyaz dünyaya aparır, təmizləyir, həyat və yaradılış, onun mənası, İlahiyə qovuşma, dünyadakı imicimiz haqda düşüncələrə daldırırdı. Bəzən kəskin şaxtadan sonra bütün ağaclar sırsıra bağlayır, bəzənir, onların arası ilə gedəndə sanki ağ gəlinlik donu geymiş ağaclarla bəzənmiş böyük bəyaz tunelin içi ilə gedir, özümü tamam başqa bir aləmdə, nağıllarda hiss edirdim. Bir-birindən az seçilən tülkü, dovşan izlərinə, qaban, canavar izinə rast gəlirdik. O meşələrin şahı olan palıd ağaclarına çox təəccüb edirdim. Qışda yarpaqlarını tökən ağacların çılpaq budaqlarında iki-üç yerdə bir topa yamyaşıl, kiçik yarpaqlı  palıd butası əmələ gəlirdi. Nə üçün qışda yalnız palıdda əmələ gəlirdi bu yaşıl budaq, başqa ağaclarda olmurdu? Niyə belə olurdu? – suallarna cavab tapa bilmədim o vaxt. Heç nə boşuna, mənasız yaranmır, bilrdim. Tanrı hər kiçik yaradılışda böyük möcüzələr gizləyir.

Tufan, yağış, qar olmayanda bu yerlərin obalarını yumaq sapı kimi bir-birinə calayan cığırlarla atla səfər etmək, onun hər qarışının gözəlliyini görmək, bu gözəlliklərdən ilahi bir zövq almaq demək idi. Mənə elə gəlir ki, maşınla səfər etmək bu qədər zövq verməzdi. Bu hissləri yaşamaq o qədər yolu atla getməyin əziyyətinə dəyərdi.

Xatirələr baş alıb gedir. Bu möhtəşəm diyardan yazmaqla bitməz.  Məqsədim gənc nəslə, Laçını görməyənlərə o yerlərin gözəlliyini bir daha çatdırmaq, Vətəni, gözəlim torpaqlarımızı tanıtmaqdır. Qarabağı, Laçını aldıq. Gedib əbədi məskən salmaq  borcumuz, bu gözəllikləri görmək, duymaq hamımızın haqqımızdır.

Share: