Xan kəndi Cavanşirlər ailəsinin qışlaq yeri idi

1923-cü ildə Orcenikidze və Kirovunn rəyi əsasında Stalinin verdiyi fərmanla Xan kəndinin adı dəyişdirilib Stepanakert adı almışdı. Həmin ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yarandıqda Stepanakert vilayət mərkəzi elan edilmişdi.

Xan kəndi Mehrəli xanın (İbrahim xanın böyük qardaşı, onun Şamaxıda öldürülməsi nəticəsində İbrahim xan hakimiyyətə gəlmişdi) vaxtında xan ailəsinin qışlaq yeri olan kiçik kənddən abad qəsəbəyə çevrilmişdi. Mehrəli xana məxsus Xəlfəli nəsli buranın əsas camaatını təşkil edirdi. Burada xanın atları və süfrəsinə bəslənən mal-heyvan saxlanılırdı. Rus işğalının ilk çağlarındaca (1804) Xan kəndinin də növrağı pozuldu; Qarabağın idarəsi üçün saxlanılan rus qüvvələri bu qışlaq yerində düşərgə saldılar. Qeyd edək ki, yüz il sonra 1918-20-ci illərdə bu əsgər qışlalarında AXC –nin Qarabağda xidmət aparmalı olan əsgərləri yerləşdirilmişdi.
Türkmənçay müqaviləsi imzalanan tək (1828) Rus himayəsinə can atan və İranin müxtəlif ərazilərindən yığışıb Arazın bu tayına köç edən ermənilər əsasən Qarabağda məskunlaşmağa üstünlük verirdilər. Fürsət onlarda idi: çünki elə bu zaman Qarabağın əsil hakimləri olan Cavanşirlər rus hökümətinin gözündən düşmüşdülər. Odur ki, xanlığın yeganə varisi Mehdiqulu xanın erməni general Madatovun fitnəkarlığı səbəbilə öz əyan- əşrəfi ilə birlikdə İrana pənah apamasından sonra sahibsiz qalan Qarabağa, eləcə də Xan kəndinə ermənilərin axını xüsusi vüsət aldı. Rus qüvvələri də Türkmənçay sülhü şərtlərinə görə Rusiya idarəsinə keçən Qarabağa yiyələnməklə Xan kəndinə tam yerləşib hospital, qışlalar, səhra kilsəsi və inzibati binalar tikməyə girişdi. Bundan sonra rus himayəsinə sığinmaq istəyən Zəngəzur erməniləri də bura köç etməyə başladı.
Nə etməli?! Mənhus ideyaları uğrunda heç bir provakasiyadan çəkinməyən ermənilər tarix boyunca həyata keçirməyi planlaşdırdığı fitnəkar “Böyük Ermənistan” ideyası uğrunda irəlilədikcə güclü dünya dövlətləri onların bu ağrıyan yerindən yaxşıca bəhrələnirdilər. Bu mənada sayca kiçik xalq olan ermənilərin “böyük dərdləri” azman dövlətləri, o cümlədən Rusiyanı həmişə düşündürmüşdür.
Türk tarixinin faciəli məqamı olan 1768-1774-cü illərin Rus-Türk müharibəsi sırasında artıq Qara dənizə işğalçılıq yolu açan II Yekaterina ( o, türklərə qarşı kim olursa olsun, onun təəssübünü çəkməyə hazır idi) Suvorovdan Erməni İstiqlalı Projesi tərtib etməyi tələb etmişdir. Təsadüfi deyil ki, ard-arda gələn növbəti Rus-Türk müharibələrində, Yekaterinanın favoriti olan mühüm dövlət adamı Qriqori Potyomkin 19 may 1783-cü il tarixli məktubunda çariçə II Yekaterinaya “fürsət bulunca Qarabağı həmən ermənilərin ixtiyarına vermək və böyləcə Asiyada bir xristian dövləti qurmaq üçün gərəkənləri yapacağıq” deyə yazırdı. Ardıcıl baş verən 18-ci yüzilliyin Rus-Türk savaşları sırasında Qara dənizin şimal və Qafqaz sahilləri torpaqlarına sahiblənən Rusiya imperiya dövləti erməniləri Kırıma və Qıpçaq çölü ərazilərinə köçürüb gətirmklə erməni elbaşıları ilə iş birliyinə girmişdilər. Ermənilərdən Türkiyə dövlətinə və habelə Qafqazın türk-müsəlman xalqları birliyinə qarşı “əlcək” olaraq istifadə edən Potyomkinin gizli məqsədi bu sözlərlə və həyata keçirdiyi işğalçılıq tədbirlərilə aydın olur.
PS.: 1991-ci ilin sonlarında Azərbaycan hökuməti Stepanakert adını ləğv edərək şəhərin öz adı olan Xankəndi adını bərpa etdi. Lakin bunun əməli şəkildə həyata keçməsi günümüzdə baş verən Vətən müharibəsi şəraitində gözlənilir. Sağlıq olsun.
Mina Xanım Təkləli -Nuriyeva
professor
Share: