Naxçıvanla dəhlizlə yox, tarixi ərazimizlə birləşməliyik

Azərbaycan-Ermənistan sərhədinin bərpa edilməsi və mübahisəli ərazilərlə bağlı müzakirələrə ehtiyac var. Məsələ ondadır ki, iki ölkə arasında sərhədlər keçən əsrdə bir yox, bir neçə dəfə Azərbaycan torpaqlarının Ermənistana verilməsi ilə dəyişdirilib. Real sərhədlər isə Paris Sülh Konfransı ilə təsdiqlənən xəritələrdədir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Azərbaycan-Ermənistan sərhədinin bərpa edilməsi ilə bağlı aparılan işlər haqda danışarkən deyib.

O bildirib ki, Ermənistanın müstəqilliyi Paris Sülh Konfransının təsdiqlədiyi xəritələr əsasında tanınmalı idi:

“Müstəqilliyin ilk illərində Azərbaycanın atdığı yanlış xarici siyasi addımlardan bəlkə də ən pisi Ermənistanın müstəqilliyini 1918-ci il sərhədləri ilə tanımamaq idi. Dövrün Azərbaycan rəhbərliyi bu tarixi səhvi dərk edə biləcək potensiala malik deyildi.

Paris Sülh Konfransında iştirak edən erməni, gürcü və Azərbaycan təmsilçiləri nəhayət de-yure müstəqilliklərini tanıda bildi. Daha sonra hər üç ölkə rəhbərliyinin imzası ilə regionun siyasi xəritəsi təsdiqləndi. SSRİ dövründə isə əvvəlcə Zəngəzur, daha sonra bir sıra digər ərazilər Ermənistana verildi. Ermənistan rəhbərliyi hətta Naxçıvan və Qarabağa da iddia etməyə başladı.

SSRİ dağıldıqdan sonra müstəqil olan Azərbaycan sovet dövründə dəyişdirilən və Azərbaycan SSR-in verdiyi heç bir qərarı tanımamalı idi. Çünki bu qərarlar Azərbaycan xalqının iradəsi ilə deyil, Kremlin əmri ilə verilmişdi. Necə ki, Azərbaycan SSR ADR-nin verdiyi qərarları tanımadı, Azərbaycan Respublikası da Azərbaycan SSR-in qərarlarını tanımamalı idi. Sərhədlər Paris Sülh Konfransının təsdiq etdiyi kimi olmalı idi”.

Politoloq qeyd edib ki, keçmiş Dağlıq Qarabağın statusu məsələsini yenidən ortaya atanlara Azərbaycan Zəngəzuru və Göyçəni əhatə edən ərazilərin statusu ilə cavab verməlidir:

“Ermənistan-Azərbaycan sərhədinin yenidən bərpa edildiyi bu günlərdə bəzi qüvvələr Ali Baş Komandan İlham Əliyevin Müzəffər Ordumuzun və xalqımızın iradəsi ilə hərbi yolla alınan torpaqlarımızda yenidən status məsələsini dilə gətirir. Ümumiyyətlə, ölkə başçısının dediyi kimi, status ola bilməz. Əgər bu gün hansısa qüvvələr bu məsələni yenidən qabardacaqsa, Azərbaycan da Zəngəzur-Göyçə mahallarını əhatə edən ərazinin statusunu ortaya atmalıdır. Naxçıvanla quru əlaqəmiz yalnız dəhlizlə deyil, tarixi torpaqlarımızın hesabına olmalıdır”.

 

 

Share: