Ölümsüzlüyə gedən yol – Xatirə Xatun yazır…

Çiskinli bir payız günüdü, hava elə içində olduğumuz müharibənin özü kimidi- bomboz, az sonra nə olacağı məchul…Yenə də iş başındayıq…Maşınımız dənizin düz sahilində yerləşən vağzal küçəsinə dönür, məşhur Sonalar bağının bir addımlığındakı köhnə məhəllələrin arası ilə br xeyli gedib axtardığımız ünvana çatırıq.Əslində elə də çətin olmur şəhid evlərini tapmaq…hərəni bir əlamətlə tanıyırsan.Bu dəfə isə küçədə dayanan avtomobilin arxa şüşəsinə vurulan posterdən -şəhid Orxan Quluzadənin Azərbaycan bayrağı fonundakı şəklindən tanıdıq…
 Quluzadə Orxan 1994-cü ilin 29 iyun tarixində Lənkəran şəhərində anadan olmuşdur. 2000-2001-ci illərdə Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü litsey-məktəbdə oxuyub.Orta məktəbi bitirdikdən sonra 2011-ci ildə həqiqi hərbi xidmətə yollanmışdı. Hələ uşaqlıqdan idmana böyük həvəs göstərən Orxan qaydasız döyüş idman növündən dərs də almışdı. Respublikamızın müxtəlif şəhər və rayonlarında idman yarışlarında iştirak etmiş, yüksək nailiyyətlər qazanmışdı. Bundan əlavə, Orxanın xarici dillərə böyük həvəsi var idi. Ən çox ingilis dilinə meyilli olması onun həmin dildə olan yarışlarda dəfələrlə iştirak etməsinə və yüksək nəticələr göstərərək, sertifikatlarla və diplomlarla təltif olunmasına səbəb olmuşdu . Hərbi xidmətini bitirib evinə döndükdən sonra 2013-2017-ci illər arasında müxtəlif yerlərdə işləsə də hərbidə xidmət etmək həvəsi bir an belə olsun başından çıxmır.Buna görə o, könüllü olaraq 2017-ci payızında Dövlət Sərhəd Xidməti komandanına ərizə ilə müraciət etmiş, 2018 ci ilin mart ayınından isə Dövlət Sərhəd Xidməti Komandanının əmri ilə Yevlax şəhərinə “N” saylı hərbi hissəyə xidmət etmək üçün göndərilmişdir. Xidmət zamanı fərqləndiyinə görə qısa bir zamanda ona kiçik gizir rütbəsi verilmişdir. Çevik hərbi dəstənin kəşfiyyat bölüyünün kəşfiyyatçı-snayper vəzifəsində xidmət edirdi. İkinci Qarabağ müharibəsinin başladığı ilk gündən Orxan Quluzadə snayper kimi döyüşlərə qatılmışdı 08.11.2020 ci il tarixində Zəngilan rayonunun Şükrütaz yüksəkliyi uğrunda gedən döyüşlərdə 18 erməni hərbi qulluqçusunu məhv edərək, yaralı yoldaşlarını döyüş meydanından son nəfəsə qədər xilas etmiş,qəhrəmancasına şəhid olmuşdur.
Sin descripción disponible.
Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra kiçik gizir Orxan Quluzadə Qarabağ medalı və Vətən uğrunda ordeni ilə təltif olunmuşdur. Evli idi, 2 yaşlı Ayla adlı qız övladı yadigar qaldı… Özündən sonra bir ömrə sığacaq qədər xatirələr saxlayan adamlar var-danışdıqca bitmir, dinlədikcə yorulmursan…Haqqında sizə söhbət açmaq istədiyimiz şəhid Orxan da 26 illik ömrünə bir dünya xatirələr qoyub gedib-anasına, atasına, sevib-seçdiyi həyat yoldaşına və onu ancaq şəkillərdən xatırlayacaq balaca qızına… -Necə bir oğul idi Orxan?-sualıma anası Fatimə belə cavab verir: – Cəsur, təəssübkeş bir uşaq idi Orxan.Özünü lazım gəlsə dost yolunda, sevdikləri üçün qurban verə bilərdi…Çox mərd, ürəyiyanan idi…Hətta o qədər ki, elə bilirəm indi də bir az bərkdən, ürəklə onu çağırsam, mənə səs verəcək…Kəşfiyyatçı idi balam…hər dəfə danışanda deyirdim ki, Orxan, qorxma, ancaq irəli. Gülüb deyirdi ki, ana, bu şərəfsizlərdən qorxan var? Hərdən düşünürdüm ki birdən əsir düşər, Allaha yalvarırdım ki, bunu mənə göstərmə…Yuxuma gəlmişdi, ən son necə görmüşdümsə, eləcə- saqqallı idi…Şəhid xəbərini eşidəndə heç bir reaksiya vermədim, inanmırdım çünkü…Heç cür inanmırdım ki, Orxan şəhid ola bilər.Amma özü həmişə deyərdi ki, mənim üçün narahat olmayın, ola bilər lap şəhid olam… Hərbi həyatın çətinliklərinin biri də ailədən, sevdiklərindən uzun müddət ayrı düşməkdir.Məhz elə bu səbəbdən ömür- gün yoldaşı Orxana bu işdən ayrılmağı, başqa bir işə keçməyi təklif edir.Orxan qəbul etmir.Gənc qadın bu dəfə bu xahişini Orxanın anası vasitəsilə ona çatdırmağı qərara alır.Gəlini ilə həmfikir olan ana oğlu ilə bu barədə danışır: -Bala, qız düz deyir, ev üzü , rahatlıq görmürsən, bəlkə dəyişəsən işini? Mənim də ürəyim rahat olar.Orxan : -Mama, mən o işdən çıxsam ölərəm…Nədən narahat olursuz ki, uzağı şəhid olacam da,–deyib söhbəti zarafata çevirir. Bir körpə qızı var Orxanın- Aylası…Hələ dünyadan xəbərsiz, öz balaca dünyasında şirin –şirin nağılların içində boy atmaqda…Şəhid qızı olduğunun, atasının ona necə böyük bir ad qoyub getdiyinin fərqində deyil…O atanın ki , bu həyatda ən böyük arzusu qızına yaxşı tərbiyə və təhsil vermək idi… Atası Elxan oğlu haqqındakı xatirələrini bölüşür: -Sakit uşaq idi Orxan, məhəllədə hamının sevimlisi idi…Uşaqlıqdan idmana və hərbiyə can atırdı, mən istəsəydim də, mane ola bilməzdim. Halbuki sonun belə ola biləcəyini başa düşürdüm…Sözəbaxan uşaq idi, cəmi bir dəfə ona əl qaldırmışdım- evə gec gəldyinə görə, onda da başını aşağı salıb cavab vermədi.Dənizə apardığım, ona üzməyi, balıq tutmağı öyrətdiyim günləri xatırlayıram…Sirr saxlayan, ağzıbütöv uşaq idi, yanında nə olsa elə orda da qalardı. Müharibə başlayanda bilirdim hər şey ola bilər, ancaq bir tək onu düşünürdüm ki nə olur-olsun, əsir, ya girov götürülməsin.Başa düşürdüm ki, müharibədə ölüm-itim yox deyil, Vətən uğrunda qurban getmək də var- bu mənim də oğlum ola bilər, başqasının da…Burdan digər şəhid atalarına bir sözüm var: başlarını dik tutsunlar! Orxanın bizə əmanət körpəsi var, onu oxutdurub cəmiyyət üçün faydalı bir insan kimi yetişdirmək arzum var- Orxanın arzusu həm də…. Orxan da oğlumla orta məktəbdə bir oxuyub. Haqqında soruşuram, deyir ki, çox zarafatcıl idi, yadımda o zarafatları ilə qalıb Orxan.Bunu Orxanın anası Fatiməyə yazıram, o da cavabında :,,hə, düz deyir, çox zarafatcıldı balam”,-yazır…Susuram… ana öz şəhid balasının haqqında hələ də indiki zamanda danışır, heç cür qəbullana bilmir oğlunun yoxluğunu… Haqlısan, Fatimə bacı, şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Məhz bu səbəblərdəndir ki, şəhidlər ölmürlər, cismani ölümləri ilə ölümsüzlüyə qovuşub, əbədi olaraq xalqın ürəyinə köçərək orda özlərinə yuva qururlar…Sənin balan, bizim balamız, Azərbaycanın igid oğlu gizir Orxan Quluzadə kimi…
Xatirə Xatun, yazar- publisist
Bakı,18 dekabr 2020-ci il,
Müstəqil.Az
Sin descripción disponible.
Share: