Cəlilabad faciəli tarixini yaşayır

Cəlilabadda baş verən son hadisələr bölgəyə olan uzunmüddətli biganə münasibətin nəticəsidir. Bu münasibətin birinci şərti rayonun iqtisadiyyatını yaxşı bilməyən, perspektivli kadrları tanımayan təsadüfi şəxslərin icra başçısı təyin edilməsidir.

İyirmi ildən çoxdur ki, Cəlilabada kənardan göndərilmiş adamlar və onların bacarıqsız qohumları rəhbərlik edirlər. Pkokurorluq, polis, məhkəmə kimi hüquq-mühafizə təşkilatlarına da bölgəyə dəxli olmayan, onun problemlərinə biganə yanaşan “kadrlar” rəhbərlik edirlər və onlar da öz ətraflarına qohum-əqrabalarını yığıblar.
İcra və bələdiyyə strukturu daha bərbad vəziyyətdədir. Bələdiyyə demək olar, gərəksiz bir quruma çevrilib, təyinetmə yoluyla seçdirilən bu işbazlar rayonun təsərrüfatını dirçəltməkdə maraqlı deyillər, bölgənin iqtisadi resurslarını yaxşı bilmirlər. İcra idarəetmə strukturu isə qohumu Prezident Aparatında oturan özündənrazı bir hərcayının əsiridir, hətta adını çəkməyə cəsarət etməyən İH işçiləri görəcəkləri işləri və planlaşdıracaqları məsələləri belə bu bivec, davakar oğlanla razılaşdırmalı olurlar. Ölü bir qurum! Bir neçə ailənin istəyi üçün canfəşanlıq göstərən bir alətdir Cəlilabad RİH!
Cəlilabadda işsizlik baş alıb gedir. 245 min əhalisi olan rayonda bir dənə də olsun kütləvi iş yeri yoxdur. Halbuki, Cəlilabad vaxtilə ildə 1 milyon ton üzüm istehsal edir, respublikanın ən çox taxıl istehsal edən bölgəsi kimi tanınırdı. Rayonda bekar adam tapmaq çətin idi. Tikinti-Quraşdırma idarələrində, Mexaniki Suvarma İdarəsində, RTS deyilən yerdə, kəndlərdəki üzüm emalı zavodlarında, üzüm qəbulu məntəqələrində, müxtəlif tikinti təşkilatlarında, xalça sexlərində, təsərrüfat subyektlərində on minlərlə adam işləyir və ailəsini dolandırırdı. İndi bu təşkilatların heç biri fəaliyyət göstərmir, göstərirsə də 5-6 işçi ilə məhdudlaşır. Hər şey dağıdıldı, hətta çoxlu işçisi olan üzüm və kartof sahələri yerlə yeksan edildi.
İşsizlik rayonu başına aldı. Adamların çoxunun çıxış yolu rayonu tərk etmək oldu. Qalanlar üçünsə iki peşədən birini seçmək imkanı var: ya alver etməli, ya da köhnə bir minik avtomobili alıb xaltura etməlidir! Elə də oldu, bütün Cəlilabad alverxanaya çevrildi, qonşu rayonlarda yaşayanlar artıq bu bölgəyə ad da qoyublar: İRAN BAZARI! Başqa heç nə!
Bir neçə kəlmə də Cəlilabadda baş verən son hadisələr haqqında: DSMF-nin rayon şöbəsindəki hərc-mərcliyin nəticəsi sosial yardım və pensiya alanların başında çatladı, kütləvi şəkildə yardımlar dayandırıldı, pensiyaların təkrar təyinatı problemə çevrildi. DSMF-nin rayon şöbəsində xeyli işçi vəzifəsini itirdi.
Cəlilabad rayon mərkəzi xəstəxanası TƏBİB-ə verildi, həkimlər xəstəxanadan didərgin salındı. COVİD-19 xəstəliyi bəhanə edilərək, Cəlilabadda səhiyyə sistemi bərbad vəziyyətə salındı. Xəstələr lələgiryan qaldılar, bilmədilər, haraya üz tutsunlar. Bir şöbə Diaqnostik Mərkəzə, digər şöbə Uşaq xəstəxanasına, başqa şöbələr özəl tibb mərkəzlərinə köçürüldülər, bu şöbələrin köçürüldüyü yerlərdə yaranan qarmaqarışıqlıq onların öz işlərini normal qurmasına mane oldu. Poliklinikanı bir neçə ayın içində bir neçə yerə köçürdülər, Poliklinikanın öz binasını isə Uşaq xəstəxanasına verdilər. İndi rayon Poliklinikası ilə rayon Uşaq xəstəxanası imkanları çox məhdud olan bir binada yerləşir. Bu birləşdirmə yarıtmaz əməli fəaliyyətin nəticəsidir və baş verənlərdə günahkarlar rayona rəhbərlik edənlərdir.
Maraqlı bir faktı deyim, 1992-ci ildə rayonun Alar kəndində doğum və uşaq şöbələri olan xəstəxana istifadəyə verildi, kifayət qədər həkim kontingenti də var idi. O zaman Alar kəndində 3 min əhali yaşayırdı. 28 il keçəndən sonra kəndin əhalisi 11 minə yaxınlaşdı, amma xəstəxananın səlahiyyətləri ambulator səviyyəyə endirildi. Əcaba, nə dəyişdi və niyə dəyişdi?
Yaxud yenə Alarla bağlı bir faktı deyim: Mən bu kənddə yaşayıram, kənd artıq əhalisinin sayına görə rayonda Cəlilabad və Göytəpədən sonra üçüncü böyük yaşayış məntəqəsidir. Ölkədə bələdiyyə sistemi yaranandan Alar bələdiyyəsinə 90 yaşlı Baxış Mustafayev rəhbərlik edir, əvvəllər də burada sovxoz direktoru işləyib. B. Mustafayev həm də rayon birləşmiş bələdiyyələr idarəsinin əvəzedilməz sədridir. Əlbəttə, ağsaqqal sözünə həmişə ehtiyacı olub. Amma fikir verin, bu adam bələdiyyə sədri olduğu müddətdə kəndin bütün iş yerləri ləğv edilib, tikinti-təmir təşkilatları fəaliyyətini dayandırıb, üzümlüklər kəskin şəkildə azalıb, Alar kəndindəki üzüm emalı zavodu, xalça sexi, tomat sexi, tikinti kooperativləri, heyvandarlıq ferması və onlarla digər iş yerləri qapadılıb. Kənddəki elektrik ötürücü stansiyası xaraba qoyulub. Hətta ll Dünya Müharibəsində həlak olmuş alarlılara qoyulmuş abidə sökülüb götürülmüş, yeri ticarət obyektinə satılmışdır. Aların mərkəzindəki dayanacaqlar belə işbazlara satılmış, buralar çoxsaylı ticarət köşkləri üçün ticarət meydanına dönmüşdür.. Kənddə heç bir perspektivli iş görülmür, infrastruktur dağılıb gedir, yollar bərbadlaşır. Aların mərkəzindən keçən İnçəçay isə zibilxanaya çevrilmişdir, buraya su buraxılmır, çay yatağı tualet və hamamların çirkab sularının toplaşdığı məkana dönmüşdür. Çayın üstündəki körpüdən keçəndə adamı üfunət iyi vurur.
Rayonun əksər kəndləri bu gündədir. Ən böyük dərd isə işsizliklə bağlıdır. Rayonun resurs imkanları geniş olduğu halda, təsərrüfatı göz qabağında bərbad hala düşür, iqtisadiyyatı dağılıb gedir.
Cəlilabadda yaranmış vəziyyət olduqca dözülməzdir. Son olaylar göstərdi ki, bölgədə demoqrafik ağırlığı ilə diqqət çəkən bu rayona biganə yanaşmaq təhlükəlidir. Rayona rəhbər təyin edilən təsadüfi adamlar əhalinin güzəranını qaldırmağa qadir deyillər. Bölgədə ciddi kadr islahatı aparılmalı, təsərrüfat subyektlərinə diqqət və qayğı artırılmalıdır.
Cəlilabad camaatı vətəpərvərliyi ilə də seçilir, Vətən Müharibəsində ən çox şəhid verən rayonlardan biri Cəlilabaddır. Rayon bu bölgəni bərbad hala salan, əli yuxarıların ətəyində olan şəxslərin dinastiyasından çıxarılmalıdır. Bununçün ciddi kadr islahatına ehtiyac var.
Son olaraq deyim ki, Cəlilabaddan Milli Məclisə deputat seçilən Elman Nəsirov və Malik Həsənov bölgədə baş verən hadisələrə biganəlik göstərir, bölgənin problemlərinin aradan qaldırılmasında yerli hakimiyyət orqanlarına dəstək göstərmirlər. Bu təyin edilmiş deputatlar üçün onları “seçən” əhalinin iqtisadi və sosial vəziyyəti dəyərli deyil. Bu da bir problemdir. Təmsil etdiyi rayonun vəziyyəti ilə maraqlanmayan deputatın qanunverici orqanda oturmaq səlahiyyəti yoxdur.
Hələlik bu qədər.
Bilal Alarlı
( ardı var)
Bu da bir qeyd:
ŞƏKİLDƏ TƏSVİR OLUNAN TARİXİ SİMVOLİK ABİDƏ ARTIQ YOXDUR, ONU HAMININ GÖZÜNÜN QARŞISINDA SÖKDÜLƏR, YERİNDƏ EYBƏCƏR BİR ŞEY QOYDULAR, ETİRAZ EDƏN İSƏ OLMADI.

Rəy
Paylaş
Share: