Şəhid ailələri tam dövlət qayğısı ilə əhatə olunmalıdır – Əlövsət ƏLİYEV

Azərbaycan Respublikasının hər bir vətəndaşı şəhidlərimiz və qazilərimiz qarşısında borcludur.

2-ci Qarabağ müharibəsində 2783 nəfər şəhid olmuşdur, əmək qabiliyyətini tam və ya qismən itirən xeyli sayda qazilərimiz var.

Müstəqil.Az bildirir ki, bu sözləri tanınmış hüquqşünas, Miqrantlara Hüquqi Yardım təşkilatının sədri Əlövsət Əliyev özünün feysbuk səhifəsindəki divarında şəhid ailələrinə, müharibə veteranlarına və əlillərinə olan dövlət qayğısı haqda fikirlərini bildirərkən  yayınlayıb:
“Bildiyimiz kimi şəhid ailəsində böyüyən uşağa 16 yaşına qədər 21 manat, müharibə əlili ailəsində böyüyən uşağa 16 yaşına qədər 15 manat əlavə ödəniş edilir. Şəhid ailəsinə 300 manat prezident təqaüdü, əlillik dərəcəsindən asılı olaraq 210 manatdan 250 manata qədər, müharibə iştirakçısına isə 80 manat müavinət ödənilir. Hazırda bu məbləğlərin artırılması üzərində təkliflər irəli sürülür və ümid edirik ki, bu məbləğ artırılacaq.
Dövlət qayğısından əlavə iş adamları və imkanlı şəxslər, icra hakimiyyəti başçıları, deputatlar və müxtəlif fondlar da şəhid ailələrini və müharibə əlillərini daimi diqqətdə saxlayır və onlara birdəfəlik və ya müəyyən müddətədək yardımlar göstərirlər. Bunlar hamısı təqdirəlayiqdir və bəyəniləndir. Hamiya məlumdur ki, bu abzasda nəzərdə tutulan yardımlar müvəqqəti xarakter daşıyır və müəyyən müddətdən sonra müxtəlif səbəblərdən unudulacaqdır.
Bu məsələyə münasibətimi və yanaşmamı Sizlərlə paylaşmaq istəyirəm.
Hesab edirəm ki, şəhidlik ən uca status olduğu üçün, şəhid ailələsinin də başqasından asılı vəziyyətdə yaşamasına yol verilməməlidir. Şəhid ailələri tam dövlət qayğısı ilə əhatə olunmalıdır, dövlətdən aldığı yardımlar və aldığı əmək haqqı ilə ailəsinin qayğısına qalmalıdır. Belə ki:
1. Şəhid və müharibə əlillərinin ailələrinə yardım üçün daha fərqli qayda tətbiq olunmalıdır. İlk olaraq şəhid ailələrinin ehtiyacları və ailə vəziyyətləri dəqiqləşdirilməlidir. Belə ki, həmin ailələrdən olan işsizlərin yüksək maaşlı işlə təmin olunmasına, az maaşlı işlərdə işləyənlərin isə daha yaxşı işlə təmin olunmalarına nail olmaq lazımdır. Bunun üçün əmək hüququnun subyekti olan ailə üzvlərinin adlı siyahisı və ixtisası müəyyən edilməlidir. Bundan sonra isə onların müstəsna qaydada işlə təmin olunması həyata keçirilməlidir. Şəhidlərin övladlarının, xanımlarının və ya qardaş və bacılarının bu gün rayonlarda nisbətən yüksək əmək haqqı ödənilən Polis şöbəsində, Fövqəladə Hallar Nazirliyinin yerli strukturlarında, Gömrük orqanlarında, İcra hakimiyyəti orqanlarında, Ədliyyə Nazirliyinin yerli orqanlarında, ASAN-da, banklarda ixtisaslı mütəxəssislər varsa, ixtisaslarına uyğun olan işlərlə və s. təmin olunmaları üçün ölkə üzrə vahid qayda hazırlanmalıdır.
2. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün əvvəl xüsusi təlimlər təşkil etmək, sonra isə maliyyə dəstəyi göstərilməlidir.
3. Şəhid ailələrinin və müharibə əlillərinin tibbi sığortaları təmin edilməlidir.
4. Şəhid uşaqlarının Bakıda dövlət büdcəsindən maliyyələşən və yaşayış yeri ilə təmin olunan ən yaxşı internat məktəblərinə müstəsna qaydada qəbul edilməsi təmin olunmalıdır.
5. Ehtiyacı olanlar yaşadığı əraziyə uyğun olaraq mənzillə və ya həyatyanı torpaq sahəsi ilə təmin olunmalıdırlar.”
Müstəqil.Az
Share: