Adamda ağalıq duyğusunun qaynağı

Soylu ATALI

Tibb elminin bilgisinə görə insan orqanizmi havadan çoxsaylı mikroblar götürür. Sosioloji ifadələrlə desək, orqanizm bu mikrobları izolyasiya edib qulluğunda saxlayır. Başqa sözlə, orqanizm özünün  mövcudluğunu sürdürmək üçün qullanır. Orqanizmdə zəiflik yarananda həmin mikroblar zərərli mühitə çevrilməyə çalışırlar,  yəni xəstəlik yaradıcısına çevrilirlər. Sanki plantasiyalarda işlədilən qullar ilk fürsət düşəndə üsyan qaldırırlar.

 

Bu açıdan yanaşanda ruhanilik-cismanilik təzadını daha yaxşı aydınlaşdırmaq olar. Cismanilik – orqanizmin mövcud olmasına,  mövcudluğunu sürdürməsinə bağlı anlayışdır. Orqanizm mikroorqanizmlərə ağalıq eləməsə mövcud olmaz. İnsanda idrak, mənəviyyat böyüyüb aktiv etki göstərməsə isə ruh cismaniliyə tabe olar. Yəni orqanizmin mikroorqanizmlərə ağalıq etməsi ruha da yansıyar. Bununla da, insan öz növündən olanlara ağalıq eləmək yolunu tutar. Sonucda  cismanilik hakim olar, ruhanilik sıradan çıxar. (Toplum ruhaniyyat ölçüləri ilə yaşamadığına görə aydınlıq verdiyimiz durum daha çox özünü doğruldur). Ancaq ruh bütövləşərsə,  orqanizmin mövcudolma tələblərini, əslində ağalıq tələblərini bioloji müstəvidən sosioloji (deyək, toplumsal) müstəviyə daşımaz. Yəni ağalığı toplumsallaşdırmaq (ictimailəşdirmək) yerinə onu biolojilikdən yüksəyə qalxmağa qoymaz. Başqa sözlə, toplumsal ortam ruhsal ortamla əvəz olunar.

Bir sözlə, orqanizmin mövcudluğu mikroorqanizmlərə ağalıq eləməkdən keçir, ruhun varlığı isə toplumsal ortamda ağalığın öldürülməsindən. Ağalıq cismaniliyi var etsə də ruhaniliyi yox edir. Deməli, ruh cismaniliyə tabe olmalı yox, cismaniliyə hakim olmalıdır ki, yaşasın.

(Asif Atanın “Ruhani Cəmiyyət” ideyasını bu açıdan da öyrənmək olar).

Sözardı (Haşiyə): Bu yazını  işdə yazdım. İşlədiyim texnoloji qurğuda təmir gedirdi. Burada bir çox fiziki işləri mən özüm görürəm. Eyni halda, bəzi işləri yoxlamaq gərək olur. Neft emal olunan kalonun hündürlüyü 50 m-dən yuxarıdır. Mən onun ən yuxarı qatına qalxmışdım, baxış keçirmək gərək idi. Bir az dincəlmək üçün məhəccərə söykənib dənizə baxdım. Aşağıda fərqli geyimli insanlar qaynaşırdı. Onların bir kəsimi yönəticilər idi, bir kəsimi isə neft məhsullarına bulaşmış, çirkli geyimlərdə çalışan əməkçilər idi. Təmiz geyimdə gəzişənlər əlləri, üz-gözləri bulaşmış əməkçilərdən daha çox aylıq alırlar. Buradaca aydın olur ki, elm təbəqə yaradır. Yəni diplom alan diplom almayandan çox yeməlidir. İnsanlıq, Ruhaniyyat bunu demir, belə ədalət olmur. Axı hər kəsin zəruri tələbatları var, hər kəs də diplom ala bilməz. Alsaydı bəs “qara inəyi kim sağardı”?! Düşündüm, belə bir ideya ağlıma gəldi. Öncələr özümə sual verirdim, insanda  ağalıq duyğusu hardan, nədən qaynaqlanır? Bu an ağlıma gəldi ki, ağalıq duyğusu cismaniliyin mövcudolma instinktindən qaynaqlanan bir şeydir. Elə oradan üzü aşağı baxanda gördüyüm mənzərələr ağlımda bu məsələni bir az da aydınlaşdırdı. Deməli, əmək dünyasındakı təbəqələr əslində həmin orqanizm-mikroorqanizm məsələsidir, topluma yansıyıb. İnsan orqanizminin quruluşunda olan münasibət, İnsanlığın ölçüsünə dayanılmadığı üçün, toplumsal yaşayışa etki göstərə bilir. Dövləti yönətənlər, ayrıayrı strukturların rəhbərləri bir orqanizmdir, fiziki əməklə uğraşanlar da sanki mikroorqanizmlərdir. Əməkçiyə münasibət ədaləti doğrultmur, onun əməyini özündən daha çox başqaları mənimsəyir.

Asif Atanın “Ruhani Cəmiyyət” ideyası nə qədər doğru qoyulmuşdur. Onun ideya sistemi, dünyabaxışı əslində kəşflər üçün böyük bir xəzinədir. Yetər ki, biz onları yaşayaq, dərk eləyək.

Dedik ki, orqanizm havadan qəbul elədiyi mikroorqanizmləri özünə tabe etdirir, belə demək olarsa, onları özü üçün işlədir. Əgər bunu eləməsə orqanizm yaşamaz. Deməli, orqanizm bu mikroorqanizmlər üzərində ağalıq etməklə var olur. Bunu isə topluma yansıtmaq olmaz. İnsan ruhaniyyat dünyasını düşünməsə, cismanilik  səviyyəsində düşünərsə, onda onun toplumsal davranışı elə başqalarını qamarlamaq, soymaq, talamaq olacaq. Təki mən yaşayım, təki mənim ailəm yaşasın, başqaları nə olur olsun. Belə düşünəcək. Bunların olmaması üçün,yəni ağalığın insanın ruhuna yansımaması üçün, ruhuna hakim olmaması üçün mənəviyyatı düşünmək, yaratmaq gərəkdir. Ruhaniyyat dünyasını, insanlıq dünyasını dərk eləmək gərəkdir. Dünyalıq anlamını dərk eləmək gərəkdir. Dərk eləyərsənsə cismanilik səviyyəsində qalmazsan, ruhanilik səviyyəsinə qalxarsan. Orqanizmdə nə proses gedir-getsin, özü bilər.  Bu, təbiətin qanunauyğunluğudur, ancaq biz təbiətin qanunauyğunluğuna ruhumuzu tabe eləmirik. Çünkü bizim İnsanlıq  mahiyyətimiz təbiətin qanunauyğunluqlarından, mövcudolma şərtlərindən daha yüksəkdə durur. Ona görə də biz mənəviyyat dünyamızı cismanilikdən yuxarıda tuturuq. Asif Atanın “İnsanlaşın – İnsanlaşdırın” çağırışı da buradan qaynaqlanır. “Ruhani Cəmiyyət” Quruluşu bununla  oluşa bilər.

Beləliklə, adamda ağalıq duyğusu orqanizmin  özündəki mikroorqanizmlərə ağalıq halıdır, mövcudolma instinktlərindən başlayır ki, bu da insanın bütövlükdə  düşüncəsinə, ömrünə, ruhuna yansıyır. Bunun qarşısını almaq üçün özüylə döyüş gərəkdir. Özünü öyrənmək, tanımaq, özündəki heyvanilikdən imtina etmək – Özümləşmək gərəkdir. Yəni bioloji istəklərə deyil, mahiyyətinə bərabər yaşamaq gərəkdir.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

15 Xəzan Ayı, 42-ci il. Atakənd.

(oktyabr, 2020. Bakı.)

 

Share: