“Onun yanına gəlirdimsə, bilirdi ki, Laçına gedəcəyəm, ona görə…”

İlham Qəhrəman: “Bizim sevgimiz də işğal altında idi, anamızın başımızı sığallaması ilə bağlı xatirələrimiz də”

“Deyir ki, yurdundan sürülən, ölənəcən ağlayar. Qaçqınların bütün xatirələri işğal altında olur. Bizim sevgimiz də işğal altında idi, anamızın başımızı sığallaması ilə bağlı xatirələrimiz də. Məktəb yolları ilə bağlı xatirələrimiz, müəllimlərimizi xatırlamağımız, qonşuluq münasibətlərimiz, quzu, inək otarmağımız, kövşəndə ot çalmağımız… Bunlar hamısı işğal altında olub və ağır dərdlərdir”.
Bu fikirlərin sahibi şair-publisist İlham Qəhrəmandır. O İlham Qəhrəman ki, 28 ildir ki, doğma torpağı Laçına həsrətdir, o şair ki, şeirlərinin bir çoxu vətən, torpaq həsrəti ilə yazılıb. Laçının düşmən tapdağından azad olunduğu günlərdə onunla söhbətləşdik, o xatirələrdən, Laçınla bağlı hazırda ürəyində olan arzulardan danışdıq.
Uşaqlıq illəri ilə bağlı yaddaşının tamamilə Laçınla bağlı olduğunu deyir: “Laçında doğulmuşam, orda böyümüşəm. Uşaqlıq illəri ilə bağlı xatirələrim də bu torpaqla bağlıdır. Laçında Həkəri çayı vardı, uşaq vaxtı anamızdan gizlin qaçıb çaya gedirdik. Yaz vaxtı dağlarda qar əriyəndə, yağış, leysan yağanda, çay daşırdı. Bu vaxtlar deyirdilər ki, çay göy ilə gedir. Həkəri çayının yatağı tez-tez oynayırdı, sonra müəyyən yerlərdə göllər əmələ gəlirdi. Biz əvvəlcə o göllərə girib iti daş olub-olmadığını yoxlayırdıq, sonra “kəllə vururduq”. Çayda qarmaq sallamağım heç yadımdan çıxmaz. Həkəri çayında qəşəng, dadlı balıqlar olurdu. Laçında həm də qəşəng bağ-bağçalar var idi. Bostançılıq və ot biçini yadımdadır. Ən ağır işimiz ot biçini və yeri belləmək, əkin işi olurdu. Laçın şəhərinin üstündə Göl deyilən bir yer var idi. Əslində göl deyildi, dağın sinəsində stadion kimi düz yer idi, niyə Göl deyirdilər bilmirdik. Orda futbol oynamağımız yadımdadır. Müəllimlərim tez-tez yadıma düşür. Laçında biliyini, qabiliyyətini şagirdinə ötürməyə həvəsli olan, peşəsini sevən yaxşı müəllimlər var idi”.

“İndi əlimdə həmin darıxmaq hissi var”

Təhsil, iş üçün Bakıya üz tutsa da, “imkan tapan kimi Laçına qaçırdım” deyir: “Mən Laçından 1978-ci ildə çıxıb Bakıya gəlmişdim. Burda təhsil almışam əsgərliyə getmişəm, təyinatımı da Bakıya veriblər, burda işləmişəm, qalmışam. Laçına ayda bir dəfə, alınmayanda, iki-üç aydan bir mütləq gedirdim. İş yerində kadrlar şöbəsinin rəisi Sara Həsənqızı var idi. O qadın, həm də idarəmizdə qarşılıqlı yardım kassasına məsul şəxs idi. 5-ci gün onun yanına gəlirdimsə, bilirdi ki, Laçına gedəcəyəm, ona görə kassadan pul götürməyə gəlmişəm. Təbii ki, maaşda o pulu çıxırdılar”.
İ.Qəhrəman deyir ki, hazırda əlləri Laçının cökə ağaclarına toxunmaq üçün darıxır: “Laçında səkilərin qırağında cökə ağacları əkmişdilər. Biz əlimizi o ağaclara vura-vura məktəbə gedirdik, sanki ağaclarla salamlaşırdıq, qayıdanda da elə. Mən Bakıda işlədiyim dövrlərdə belə, Laçına gedəndə o cökələrə əlimi vurmaqdan özümü saxlaya bilmirdim, sanki əllərimdə bir həsrət var idi. Bax, indi əlimdə həmin darıxmaq hissi var. Əllərim balaca olanda onlara o qədər dəymişdi ki, bu gün bu yaşda da Laçına nə vaxt getsəm, əgər o cökə ağacları yerindədirsə, mütləq o ağaclara əlimi sürtə-sürtə gedəcəyəm. Laçının mərkəzi küçəsinin sağı-solu divarlar idi. Ağaclarla bərabər səkilərin yanındakı divarlara da əlimi sürtmək, onları hiss etmək istəyirəm. Bu, elə bir darıxmaqdır ki, izahı yoxdur”.

“Artıq biz rahat ölə bilərik”

Vətən-yurd həsrətinin yaradıcılığında üstünlük təşkil etməsi də məhz Laçına olan bağlılığı ilə əlaqəlidir: “Şeir yazmaq həvəsim işğaldan əvvəl də var idi. Məktəbdə oxuyanda, pambıq yığmağa gedəndə, əsgərlikdə olanda, şeir yazırdım. Amma rayonlarımız işğal olunandan sonra gördüm ki, sanki sözlər içimdə “dınqır-dınqır” edir. Yadımdadır, “Laçın qan ağlayır, Şuşa can verir”, “Bu gecə evimiz yadıma düşdü” adlı şeirlərimi yazmışdım. Gördüm ki, “525-ci qəzet”də çoxlu müəlliflərin şeirləri gedir. Arasında elə şeirlər var idi ki, “mən içimdən gələnləri yazsam, bunlardan yaxşı yazaram” dedim və yazmağa başladım. Amma içimin hissi daha çox işğal altında olan torpaqlar olduğuna görə, yurd həsrətli şeirlər daha çox yazmışam”.
İ.Qəhrəmanın sözlərinə görə, hətta torpağı işğal altında olan, onun azad olunduğu günü görmək üçün yaşayan, bunun üçün dünyadan köçə bilməyən yaşlı insanlar da var idi: “Rayonları işğal olunmuş bir çox ağsaqqal və ağbirçək adamları var ki, ömrünü sürüb, gününü görmüşdülər. Hiss olunurdu ki, bu insanlar işğal altında olan torpaqlardan, Qarabağdan xəbər almamış ölə bilmirlər. Onlar üçün ölüm də çətinlikdir. Rəhmətlik anam həmişə deyirdi ki, ilahi, az ağrı, asan ölüm. Hiss edirdim ki, atam 90 yaşı keçib, amma ölə bilmir (İlham Qəhrəmanın atası “Azərbaycan Ordusu Laçına daxil oldu” xəbərini eşidəndən sonra dünyasını dəyişib). Mən özüm də deyirdim ki, ilahi, görəsən torpaqlardan bir xəbər olacaqmı və biz arxayın, rahat torpağa üz qoya biləcəyikmi?!” Artıq biz rahat ölə bilərik, çünki torpaqları balalarımıza saxlaya bildik. Laçının azadlıq xəbəri gələndən sonra sosial şəbəkələrdə görürəm ki, Laçından olan yaşlıların vəfat etdiyi yazılır. Bu, əhd etməkdən irəli gəlir – yəni torpaqdan xəbər bilsəm, ölərdim”.
Hətta doğma yurddan uzaq düşməklə bağlı səbrinin tükəndiyi vaxtlar da olur: “Hava haqqında məlumatda Şuşa və Laçının adı çəkiləndə, pis olurduq. Mənə “İlham müəllim, o gün olsun, kitabınızın təqdimatını Laçında edəsiniz”, “O gün olsun Laçın klubunda sənin görüşünü keçirək” deyəndə, pis təsir edirdi. 10-15 il əvvəl bir az ümid yeri var idi, amma get-gedə o da ölürdü. Lampanın işığı öləziyən kimi ümidlərimiz də öləzimişdi. Belə hisslər keçirməyin səbəbi də var idi. Azərbaycan dövlətinin apardığı siyasət güclü ordu yaratmaq idi. Mətbuatda gedirdi ki, Azərbaycan xarici şirkət və dövlətlərdən ən müasir silahlar əldə edir, ordu yüksək səviyyədə hazırlanır. Bu bizə təsir edirdi ki, belə güclü ordumuz varsa, nəyə görə Qarabağda bir kəndi, bir şəhəri azad etmir?! Sanki içimizdə get-gedə bir ümidsizlik yaranırdı. Amma birdən-birə belə bir hadisə baş verdi, ordumuz qəhrəmanlıq göstərdi, içimizdə, qanımızda gizlənən o igidliyimiz, qəhrəmanlığımız oğullarımız tərəfindən nümayiş olundu və ortaya çıxdı. Sanki biz birdən-birə özümüzü tanımağa başladıq. Əsgərlərimizin özünə güvəni birə-beş artdı”.

Qələbəmizin səbəbləri

İ.Qəhrəman deyir ki, bu qələbənin çoxşaxəli səbəbləri var: “Azərbaycan ordusunu yetişdirənlər onun gücünü hansısa xəyali bir şkala üzrə 10 bal gücündə qiymətləndirirdilərsə, birdən-birə məlum oldu ki, 100 baldan da yuxarı güclü orduya malikik. Bu cür güclü ordumuz var. Bu mənada, Azərbaycan ordusunu yaradanlara, onu belə yüksək səviyyədə təlim edənlərə, onları dünyanın ən müasir silahları ilə təchiz edənlərə (düşmənlər deyir ki, Azərbaycan ordusu 5-ci nəsil silahlarla silahlanmışdı), Azərbaycan dövlətinin səlahiyyətli şəxslərinə, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə təşəkkürlər düşür.
Analarımıza böyük təşəkkür düşür. Ona görə ki, analar övladlarını şəhid kimi qarşılayanda, cənab Prezidentə ismarıc da yollayırdılar ki, biz şəhidlərimizi qəbul edirik, amma siz dayanmayın, şəhidlərimizə görə dayanmaq olmaz. Torpaqlarımız azad olunmalıdır.
Düşmən getməli, bu töhmət üstümüzdən götürülməli idi. Azərbaycan ordusu 28-30 il ərzində zəif bir düşmənin hiylə ilə boynumuza, çiynimizə qoyduğu töhməti, başqa xalqlar qarşısında bizim gözükölgəliliyimizi, diligödəkliyimizi üstümüzdən götürdü. Buna görə Azərbaycan ordusuna borcluyuq.
Torpaqların azad olunmasının bir səbəbi də Laçını və digər bölgələrimizi təmiz qəlblə, sidq ürəklə istəyən analar, nənələr, babalar, cavanların arzuları, dualarıdır. Bəlkə Allah o torpaqları bir də həmin insanların qəlbinin saflığına görə bizə qaytardı”.

“Hazırda əsas düşüncəmiz torpaqdır, vətəndir”

Şair bildirdi ki, evləri bu yaxınlara qədər salamat idi, əgər ermənilər gedəndə, yandırmayıbsa, nəinki Laçına, həm də öz evinə qayıda biləcək: “O vaxt Laçına girəndə, bəzi evləri yandırmışdılar, 5-6 evi də Gorusdan atdıqları mərmilərlə dağıtmışdılar. Şəhərdə yerdə qalan hər şey qaydasında idi və şəkillərinə baxanda da görürdük ki, Laçın Ağdam, Füzuli, Cəbrayıl qədər dağıdılmamışdı. Ermənilər çıxıb getsəydi, hər kəs öz evinə gedə bilərdi. Bizim də evimiz salamat idi. Amma xəbərlərdə gördüm ki, ermənilər gedəndə, Laçını da odlayırlar. Belə çıxır ki, ermənilər Laçını da odlayıb gediblər və biz Laçının külünə çatacağıq. Amma vətən çox şirin şeydir. Hazırda əsas düşüncəmiz torpaqdır, vətəndir”.
Şairin Laçınla bağlı planları, arzuları nəvələrinə verdiyi sözlərdə daha gözəl ifadə olunub: “Noyabrın 9-dan 10-a keçən gecə  Prezident İlham Əliyev Laçın, Ağdam və Kəlbəcərin də qaytarılacağı ilə bağlı Bəyanatı elan etdi, ondan bir neçə gün sonra nəvəm Zəhranı görəndə, dedim ki, balamın Laçında evi, bağ-bağçası olacaq, balam orda tut, gilas yeyəcək, tağdan xiyar-pomidor, badımcan dərəcək, hindən toyuq yumurtası götürəcək. Çaydan balıq tutacam, ondan yeyəcək. Bunlardan böyük xoşbəxtlik ola bilməz. 3 aylıq nəvəm var, artıq ona da danışmağa başlamışam. Qulaqları eşitsin, alışsın. Bizim yurd baxımından qəlbimiz qırıq idi. Amma o da yerinə qayıdır və balalarımızın yanında da qəlbisınıq olmayacağıq. Onları Laçına dincəlməyə, təmiz hava almağa aparacağıq, dostlarımızı qonaq dəvət edəcəyik”.
Şair artıq həsrət deyil, qələbə ruhuna köklənən şeirlər qələmə almağa başlayıb:
ÜZÜNÜ DÖNDƏRMƏ, LAÇIN 
Bir gör kimlərin qayıdır
Üzünü döndərmə, Laçın!
Gözəl dəmlərin qayıdır,
Üzünü döndərmə, Laçın!
Arzu bizdən, istək səndən,
Hicran döydü kötək səndən…
Əl bizidəndi, ətək səndən,
Üzünü döndərmə, Laçın!
Az salmadın oda bizi,
Salırdınmı yada bizi?!
Ağac götür buda bizi
Üzünü döndərmə, Laçın!
“Dəhliz”tək üz qaramız var,
Qardaş ilə aramız var…
Səndən başqa haramız var?!
Üzünü döndərmə, Laçın!
Bizdən əvvəl ordun vardı,
Perik düşən qurdun vardı,
Türkün vardı, kürdün vardı,
Üzünü döndərmə, Laçın!
Bu deyil ki, yalan – gəldik,
Yurd-yuvası talan gəldik.
Ölən öldü, qalan gəldik,
Üzünü döndərmə, Laçın!
Torpaqdan özgə yalandır,
Gəldik bitsin həsrət andır.
Bizi başına dolandır,
Üzünü döndərmə, Laçın!
(19.11.2020)
Aygün Asimqızı
“Kaspi” qəzeti
05.12. 2020
 
Share: