Mehdi Yusifov: Dənizçi olmaq, bu sənətə yiyələnmək çətin olduğu qədər də maraqlıdır

Müstəqil.Az saytının Dənizçilərə Sosial Dəstə İB ilə birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı  Birləşmiş Ərəb Əmirliyinin “Zakher Marine” şirkətinin   “Zakher Victory” gəmisində baş mexannik vəzifəsində çalışan Mehdi Yusifovdur

-Mehdi bəy, Vətəndən uzaqdasan, darıxmırsan ki? Əhval –ruhiyyən necədir?

-Xoş gördük , Faiq bəy. Sən necəsən? Vətəndən uzaqda Sözssüz ki, Vətən üçün, ailə üçün, dost tanışlar üçün darıxıram. Bir tərəfdən də pandemiya. Əhval ruhiyyəyə gələndə qələbədən sonra necə olmalıdır? Əlbəttə ki, çox yaxşı.

Fürsətdən istifadə edib bütün Azərbaycan xalqını Şanlı Ordumuzun əldə etdiyi Qələbə münasibətilə təbrik edirəm. Şəhadətə qovuşmuş əsgər və zabitlərimizin ruhu qarşısında sayğı duruşu ilə durub, baş əyirəm.

-Əlbəttə ki, düz dedin,  yaxşı olacaq, qələbə qazandıq, erməni faşistləri təslimçilik aktını imzaladı. Bu xəbəri harda və necə qarşıladın?

-Müharibənin başlaması xəbərini də, qələbə xəbərini də mən gəmidə olanda eşitdim. Hamı kimi mən də qələbə qazanacağımıza inanırdım və əldə olunan qələbəyı çox sevindim. Sevincimin həddi hüdudu yoxdur. Həmin anda Vətəndə olmağı çox arzuladım. Şanlı ordumuz bu sevinci bizə yaşatdı. Bir də bu qələbə Səhidlərimizin qanı və canı bahasına əldə olundu. Allah Şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Qazilərimizə Allahdan şəfa diləyirəm. Əsgər və zabitlərimizə, ordumuza, Ali Baş Komandan Cənab Prezidentimizəbugünki qələbədə minnətdarıq.

– Hər birimizin ürəyi fəxr və fəxarətlə doludur. Səni və bütün qəribşilikdə olan ürəyi bu qələbəyə təşnə olanrı təbrik edirəm. Mehdi bəy, bəlkə oxuculara da sənin özün haqqında məlumatların çatdırılmasında kömək edəsən.

– Mən 1968-ci ildə Lənkəran rayonunun Xolmili kəndində anadan olmuşam. 1974-cü ildə həmin kəndin 1-ci sinfinə getmişəm və 1984-cü ildə məktəbi bitirmişəm. Həmin il Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumuna qəbul olmuşam. 1986-1988 illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşam. 1989-cu ildə hərbi xidmətdən sonra texnikumu bitirib təyinatla  XDND motorçu vəzifəsinə işə qəbul olmuşam. Bir müddət XDND – də işləyəndən sonra ”BUE Caspian” şirkətinə keçmişəm. Hal hazırda BƏƏ şirkətlərinin birində baş mexaniki kimi əmək fəaliyyətimi davam etdirirəm.

– Mehdi, özün qeyd etdiyin kimi, uzun müddət XDND- də çalışmısan, baş mexanniksən, indi xarici sularda işləyirsən. Ayrı-ayrı xalqların nümayəndələri ilə görüşürsən. Ölkəmizin siyasi-sosial durumu haqda söhbtlərin olurdumu?

-Bəli, Faiq bəy, qeyd etdiyin kimi hal hazırda xarici sularda müxtəlif xalqların nümayəndələri ilə birlikdə çalışıram. Xaricdə çalışan hər bir dənizçi kimi mənim də ölkəmizin sosial və siyasi durumu haqqında ekipaj üzvləri ilə söhbətimlərim olur. Həmişə çalışıram ki, ölkəmizi hərtərəfli əcnəbilərə tanıdım. Xocalı soyqırımını sənədli sübutlarla onlara çatdırım, Qarabağ həqiqətlərini onlara düzgün təbliğ edim. Vətən müharibəsi başlayandan bu təbliğatı bacardığım qədər bir az da gücləndirdim.  Ermənilərin necə vəhşi bir xalq olduğunu onlara çatdırırdım. Sübut olaraq ermənilər atəşkəsdən sonra işğal olunmuş torpaqlarımızdan çıxarkən evləri yandırmağı, heyvanlara qarşı, təbiətə qarşı terroru onlara göstərdim, öz gözləri ilə görəndən sonra bir daha mənim dediklərinə inandılar. Azərbaycanın bu müharibədə haqlı olduğuna inandılar.

– “Dənizçi həyatı” layihəsində söhbət edirik. Dənizçi həyatının fərqli tərəfləri sənin üçün nədir?

-Dənizçi olmaq, bu sənətə yiyələnmək çətin olduğu qədər də maraqlı bir peşədir. Çətinliyi ondan ibarətdir ki, pis hava şəraitində işləmək, daim dalğalarla mübarizə aparmaq və sair. Maraqlı tərəfi ondan ibarətdir ki, gəzib görürsən, müxtəlif millətlərdən olan insanlarla tanış olursan, xalqların mədəniyyətləri haqqında soruşub öyrənirsən. Bax, dənizçinin həyatının fərqlililiyi, həm də budur..

Dənizçi olmaq həvəsin necə yarandı, bu sahədə çalışmaq istəyini özündə nə vaxt hiss etdin?

-Məlumat üçün deyim ki, dəniz kəndimizə yaxın olduğuna görə yay aylarında günümüz dənizdə keçib, obrazlı şəkildə desəm dənizlə uşaqlıqdan tanış olmuşam və isinişmişik bir birimizə. Amma dənizçi olacağım haqqında heç vaxt düşünməmişəm ta ki, 9-cu sinifdə oxuyana qədər.  O vaxtları məktəblərdə məzunlarla görüş keçirilərdi. Məzunlardan biri balıq sənayesi texnikumunda oxuyurdu. Həmin məzun öz çıxışında dənizçiliyi o  qədər təriflədi ki, məndə  də dənizçi olmaq həvəsi yarandı. Lakin 10 sinfi bitirəndən sonra valideynimin istəyi ilə sənədlərimi o vaxtkı kənd təsərrüfatı instituna verdim. Amma qəbul ola bilmədim. Tale elə gətirdi ki, qəzetlərin birində Balıq Sənayesi Texnikumuna müsahibə yolu ilə tələbə qəbulu reklamını gördüm. Sənədlərimi ora verdim və qəbul oldum.

– Dənizçi olmaq bəzən könüllü olaraq bir çox hadisələrdən uzaq olmaq deməkdir. Özünü hər şeydən təcrid etmək, deməkdir. Sənin həyatında təəssüf edici anlar oldumu?

-Faiq bəy, qeyd etdiyin kimi dənizçilər bir çox hadisələrdən təcrid olan insanlardır. Bəzən olur dənizçilər özlərindən asılı olmayaraq xeyir və şərdə yaxınlarının yanında ola bilmirlər. Mənim həyatımda təəssüfedici an atamın rəhmətə getdiyi gün olub. Dənizdə olduğuma görə hava şəraiti ilə əlaqədar olaraq atamın dəfnində iştirak edə bilməmişəm. Onda çox təəsüflənmişəm. Nə etmək olardı? Bu bir dənizçi həyatıdır. Bizim də alnınıza bu yazılıb. Allaha həmişə şükür edirəm bu günümüzə görə.

– Mehdi bəy, DSD İB-yi şanlı ordumuza yardımlar etdi və dənizçilərimizin də göndərdiyi yardımların əsgərlərə çatması istiqamətində vasitəçi oldu. Sən özün ölkədən kənarda olsan da bir çox xaricdə olan dənizçilər kimi, bu aksiyada fəal oldun.Tələbə övladlarının əsgərlərimizə ünvanlanan məktubları da vardı ki, ünvanına çatdırıldı. Buna görə sənə sağ ol, deyirəm. Bu haqda da fikrini bilmək istərdim.

-Faiq bəy, təvazökarlıqdan uzaq olsun, biz dənizçilər orduya yardımı reklam xətrinə etmədik. Müharibə başlayandan sonra bütün vətənpərvər insanlar orduya yardım etməyə can başla qoşuldu. Biz dənizçilər də qıraqda qala bilməzdik. Hər kəs bacardığı qədər yardım etdi. Bizim etdiklərimiz Müzəffər Ordumuzun torpaqlarımızın azadlığı üçün etdiklərinin qarşısında dəryada bir damcı qədər ola bilməz. Mən belə düşünürəm. Mənə orduya yardım etmək haqqında ilk təklif balalarəmdan gəldi. Necə yardım edə bilərik, soruşdular. Bir şey fikirləşib yardım etmək lazım olduğunu, dedim. Səhərisi sosial şəbəkədən DSD İB cəbhə xəttinə yardım aparacağı haqqında oxudum. Ardından qardaşımız kapitan Həbibov Nazim mənə zəng edib yardıma qoşulmaq istəyirəmmi, deyə soruşdu və səninlə əlaqə saxlamağımı təklif etdi, sənin nömrəni mənə verdi. Mən də öz növbəmdə sənə çox sağ ol deyirəm ki, bizə kömək etdin. Yardımları ünvanına çatdırdın.

– Bu müharibədə kimliyindən, sosial vəziyyətindən, yaşndan aslı olmayaraq hər kəs döyüşçü oldu. Vətəndən uzaqda bu döyüş necə görünürdü?

-Vətəndən uzaq olsam da müharibə başlayandan ürəyim daim Azərbaycanımızın yanında idi. Bilirdim ki, döyüşlər çox ağır keçəcək. Düşmən uzun illər torpaqlarımızda hərbi istehkamlar qurub. Amma Ordumuzun, Ali Baş Komandanımızın, xalqımızın əzmi, qətiyyəti bütün istehkamlardan yüksəkdə dayandı. Şanlı Qələbəyə inam məndə heç vaxt azalmadı və gəmi heyətinə də Azərbaycan ordusunun mütləq qalib gələcəyini deyirdim. Şükürlər olsun  bu belə də oldu.

– Ölkəmiz həmişə basqı altında qalıb. 1990-cı ilin 20 yanvar hadisələri zamanı sən də dənizdə idin, o günlər haqda fikirlərini bilmək maraqlı olardı. Yaddaşında necə qalb?

-20 yanvar hadisəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Mənfur düşmən və havadarlarının xalqımıza qarşı növbəti bir terroru idi 20 yanvar faciəsi. 20 yanvar həm də xalqımızın milli oyanış tarixi idi. Azərbaycanı müstəqilliyə aparan ilk addım idi.

O vaxtı mən gəmidə idim. O zaman “Calğan” gəmisində işləyirdim, indi ki, “Ədalət Gülməmmədov” gəmisində. Bizim gəmi Ciloy  adasında  lövbərdə durmuşdu. İndiyəcən yadımdadır, hava bərk küləkli idi. Yaddaşım məni aldatmırsa “Şirvan-2” (Həmin məlumat“ Şirvan” gəmisinin 2-ci elektro mexanniki, hazırda gəmi kapitanı Faiq Səfərov (Balabəyli) tərəfindən yayınlanmışdı- redaktor) gəmisindən ratsiya ilə sovet ordusunun gecə şəhərə daxil olub dinc əhalini qırmağı barədə məlumat verdi. Və həmin rayonda olan bütün gəmilərin Bakı buxtasına getmələri təklif olundu. Kapitanımız Novikov soyadlı rus millətindən olan adam idi. Baş mexanik də Supryaqa adında rus. Uşaqlarla məsləhətləşdik ki,  gəmini Bakıya aparmaq lazımdır. Kapitana dedik, o dedi ki, gedə bilmərik, gəminin sahibi – sifarişçini nəzərdə tuturdu – buraxmır bizi, Bildik ki yalandan dedi.  Qorxurdu. Hətta gəmi heyətindən də qorxurdu ki ona nə isə edə bilərik. Günorta yeməyi zamanı heyət üzvlərinə təklif etdim ki, aclıq elan edək. Kapitanla baş mexanik yeməyə gələndə bız içəri keçmədik. Kapitan soruşanda dedik ki, şəhər qan işində boğulur, bizim də  gəmi Bakıya getməlidir. Əks halda biz aclığımızı davam etdirəcəyik. Bizim bu təpkimizdən sonra kapitan gəmini Bakıya aparmağa razılaşdı. Biz Bakıya çatanda artıq axşamüstü idi. Bizə buxtada ayrılan yerdə lövbəri atdıq. 20 yanvar hadisələrində qəhrəman dənizçilərimiz böyük şücaət nümayiş etdirdilər. Əsas da XDND gəmiləri və heyət üzvləri. Hansı gəmidə ki, azərbaycanlı kapitanlar var idi həmin gəmilər hərbi gəmilərin dənizə çıxıb şəhidlərimizin meyitlərini dənizə atmalarının qarşısını məharətlə alırdılar. Ağsaqqal veteran kapitanlarımız var idi  Müzəffər Əliyev, Kapitan, Kişi Mütəllimov, “Çomba“ ləqəbli İbrahim Salayev, Səfər bəy kimi tanıdığımız Kərəm Kapitan, cavan kapitanlardan Mövlud Əliyev, Ümidvar Hüseynov, Rövşən Dəmirov, Ağalar İbrahimov, və bir çox adlarını çəkmədiyim, başqa ixtisas sahibləri olan çoxlu dənizçilərimiz vardı hansı ki çox aktiv idilər. Eşitdiyimə və müşahidə etdiyimə görə el.mexannik Elşən Nəsirov, o zaman el. Nmex işləyən, Amma “Şirvan” gəmisində və hadisələrdə çox aktiv olmağınla Faiq bəy sənin özün  və sair. Murad Əliyevi, Gülağa Məcidovu, Hidayət Atakişiyevi yaddan çıxarmaq olmaz. Allah ölənlərə rəhmət eləsin, qalanlara cansağlığı və ömür versin.

Həmin vaxtı bir çox gəmilərimiz güllə çoxlu sayda yarası aldılar. “Vodoley – 4”gəmisi demək olar yararsız hala düşmüşdü.

-AXDG QSC nin yeni-yeni layihələri olur. Donanmaımız dünya dənizçiləri sırasında fərqlənir və seçilir. Sən bir baş mexannik kimi, dənizçi kimi daha nələri görmək istərdin?

-AXDG QSC nin son 10 ildə əldə etdiyi uğurlar danılmazdır. Əsas iki faktoru nəzərə almaq lazımdır. 1-cisi yeni müasir gəmilərin alınması, öz gəmiqayırma zavodlarımızda yeni gəmilərin tikilməsi, istismar müddəti başa çatmış köhnə tip gəmilərlə xudafizləmə və 2-cisi də işçilərin, dənizçilərin maaşlarında artım. Düzdür, xarici şirkətlərlə müqayisədə maaşlar o qədər də ürəkaçan olmasa da, gəmiçiliyin əvvəlki vaxtları ilə müqayisədə irəliləyiş var.

Bir də mən bir mexanik olaraq  yeni nəsil Azərbaycan dənizçilərinin savadlı kadr olmaları, üzərlərində daim çalışmaları, dünya sularında Azərbaycanımızı yüksək səviyyədə təmsil etmələrini görmək istərdim.

– Bilirsən ki Dənizçilərə Sosial Dəstək İctimai Birliyi yaratmışıq. İctimai Birlik olaraq biz nələr etməliyik?

-Faiq, DSD İB birliyi yarananda və qeydiyyatdan keçəndən sonra səni təbrik edənlərdən biri də mən olmuşam və bir daha səni və komandanı təbrik edirəm. Uğurlarınız bol olsun. Müharibə vaxtı Orduya etdiyiniz yardımlarla, eyni zamanda xaricdə işləyən dənizçilərin yardımlarını cəbhəyə göndərməsində də sizin İB böyük dəstək və aktivlik göstərdi. Bu bir faktdır. Demək nəticə də var. Sizin İB dənizçilərə dəstəyi olub və İnanıram ki gələcəkdə də olacaq. Sizə inanmayanlar, işinizə balta vuranlar da buna şahid olacaqlar. Sizin DSD İB olaraq daha da aktiv oimanızı görmək istərdim. Hər tərəfli. Məlum 3 bank məsələsində bir neçə dənizçi dostlarımız maaşlarını ala bilmirdilər. Banklar bağlanmışdı deyə. Onda həmin dənisçilərin  sizin də dəstəyinizə  ehtiyacı var idi. Düzdür, nələrsə etdiz, amma mənə elə gəlir ki,  həmin vaxtı onları dəstəkləməkdə daha da aktiv ola bilərdiz. Hər halda dənizçilərimiz bun sizdən umurdu. Çox  istərdim ki, siz bu cür məsələlərdə də aktiv olasız.
– Mehdi bəy, məlumat üçün deyim ki, dənizçilərinbank  hesablarının dondurulması zamanı İB-lik olaraq banklara müraciətimiz oldu.  Lakin yeni yaranmış birliyin həm təcrübəsi, həm də texniki cəhətdən artığına gücü çatmadı.

Müsahibə verməyə vaxt ayırdığın üçün çox sağ ol.

-Sən də  sağ ol, Faiq bəy. Dənizçilərimizi gündəmdə saxlayır onların həyatına nəzər salıb, işıq tutursan…Bir şeyi sizin vasitənizlə xüsusi olaraq  qeyd edib, Vətən müharibəsində qazandığımız qələbəmiz münasibəti ilə hər kəsi təbrik edirəm. Azərbaycanımızı təbrik edirəm. Yaşasın Azərbaycan. Ali Baş Komandanımız demişkən, Qarabağ Azərbaycandır!

Söhbətləşdi: Faiq Balabəyli

Share: