Elşən Nəsirov: “Dəniz vağzalının işğalçı qoşunlar tərəfindən sarıldığını gördük”

Müstəqil.Az və “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin bu dəfki qonağı Səudiyyə Ərəbistanı Krallığının  Zamil Offshore Services Company (ZOSCo) şirkətinin DP2 tipli offshore gəmilərində də electro texnika mühəndisi işləyən Elşən Nəsirovdur

 

Elşən bəy, sizinlə çoxdandır müsahibə götürmək istəyirdim, amma bu gün sabah deyirdim, gecikirdim. Xoş görüşdük.

-Xoş gördük, virtual da olsa. Son 5 ildə deyəsən əyani görüşümüz olmayıb, ancaq sosial şəbəkələrdə görüşürük. Dənizçi olmağın özəlliklərindən də biri nəinki əski iş yoldaşları, bəzi qohumlarla da illərlə görüşə bilmirsən.


Deyin, haralardasız? Hansı ölkə, hansı kompaniya, hansı gəmi və hansı dildə dilinizdə hallanır?

-Hal hazırda iş yerində, Səudiyyə Ərəbistanı Krallığındayam. Zamil Offshore Services Company (ZOSCo) şirkətinin DP2 tipli offshore gəmilərində electro texnika mühəndisi (ETO – Electro Technical Officer) vəzifəsində çalışıram. Bu şirkətədək əsasən Sinqapur Offshore şirkətlərində dünyanın bezi  ölkələrində çalışmışam (Sinqapur, Güney Koreya, İndoneziya, Braziliya, Çin və Uzaq Şərdə, Rusiyanın Saxalin adasında)  və sonunda 2017-də yenidən körfəzə, Səudiyyə Ərəbistanına qayıtmışam.

Bəs bu dünyamıza harda göz açdız, böyüdüz, oğulluq etdiz, məktəbli, tələbə olduz. Özünüz haqda danışardız.

– Dünyaya göz açdığım məkan Azərbaycanın gənclik şəhəri olan Sumqayıt şəhəridir. Orta məktəbi də Sumqayıtda başa vurub həmən il də Azərbaycan Texniki Universitinin (Əskidən Azərbaycan politexnik İnstitutu adlanırdı) Avtomatika fakultəsinə daxil olmuşam və həmən institutu electronika mühəndisi dərəcəs ilə bitirmişəm. İnstitutdan sonra təyinatla Soyuzneftemaş istehsalat birliyinin İnformasiya hesablama mərkəzində electronika mühəndisi kimi çalışmışam və nəhayət 1988-ci ildə Xəzər Dəniz Neft  və Qaz Donanması idarəsinin sovetlər birliyində  iki  gəmidən biri olan “Bakerit” gəmisində DP sistemi üzrə işə düzəltmişəm. Bu geoloji kəşfiyyat qazma gəmisi idi, sonradan bu gəmiyə “Cümşüd İbrahimov” adı verildi. Dənizlə tanışlığım bundan sonra başlayıb və bu günə kimi də davam etməkdədir. Elə o vaxtdan açıq dənizə çıxandan dənizdən gedəcəm deyərək bu günə kimi də dənizdəyəm.

– Uzun müddət XDND də eyni idarədə çalışmışıq. Sizi çox yaxşı tanıyıram, oxucularımıza da bir qədər görünməyən tərfinizi tanıdaq.

– Görünməyən tərəflər deyəndə şəxsi həyatımı nəzərdə tutursuz yəqin ki. Ailəliyəm, iki övladım var, nəvələrim var. Nəvələrin də necə şirin olduğunu sən də çox gözəl bilirsən. Allah bütün övladları və nəvələri qorusun. Mənim Bakıda bir nəvəm var, o birilər qəriblikdədirlər, Böyük Britaniya vətəndaşıdırlar, onlarla ancaq internet üzərindən əlaqə saxlayırıq, ALLAH cəmimizin övladlarına yar və yardımçı olsun.  Belə də ki, səyahəti çox xoşlayıram, xüsusən də arabayla (avtomobillə). Allaha  və onun insanlara göndərdiyi Qurana inanıram, bununla yanaşı dindən uzaq adamam və yaxınlaşmaq fikrim də yoxdur. Öz ətrafımdakı gənclərə də həmişə dindən uzaq olmağı, elmlə daha çox məşğul olmağı tövsiyə edirəm, çünki din özünün günümüzə gəlmiş formasında tam olaraq siyasətə xidmət edir.

– Bizim sizinlə həmsöhbət olmağımız “Dənizçi həyatı” layihəsində baş tutur. İllərdir dənizlərdəsiz. Dənizçi həyatının fərqli cəhətləri nədir?

Dənizçilik peşədir, hər peşənin də özünə görə çətinlikləri var. Dənizçi həyatı çətindir, aylarla ailədən uzaq olursan, qohumların, yoldaşların xeyrində, şərqində həmişə iştirak edə bilmirsən, fors major hadisələr daha çox olur, heç nəyi normal planlaşdıra bilmirsən. Məsəl üçün, mən bu ilin fevralında növbəti kontraktı bitirib gəmidən ayrıldım. Evə getməmişdən öncə İngiltərəyə, qızımgilə getdim, son beşik nəvəm dünyaya gəlmişdi onu görmək istəyirdim, lakin COVİD-19 səbəbindən 5 ay orada qalası oldum, amma bu da Allahın bir işi idi 5 ay qəriblikdə yaşayan nəvələrlə birlikdə olmaq özü də Allahın bir lütfü idi. Bir də iyulda Bakıya gələ bildim. Bu da bir macəra oldu mənim üçün.

– Basqalda, sizinlə ata-baba yurdunuzda olmuşam , yüksəklikdən aşağa – dənizə tərəf yol gəmisiz, sanki… O kəndlə bağlı xatirələrin necədir?

– Düzdür, Sumqayıt şəhərində doğulub böyüsəm də valideynlərim İsmayıllı rayonunun Basqal kəndindəndir. Basqal  özü də bir cənnət məkandır, uşaqlıqda yay tətillərini nənəmin yanında keçirərdim həmişə. Allah cəmi ölənlərimizə rəhmət eləsin, rəhmətlik nənəm quran oxumağı bacaran birisi idi, kənddə böyük hörmət sahibi idi, böyükdən kiçiyə hamı onu Sona bacı deyə çağırardı. Ölümündən öncə Quranı oxuyub, bitirib qapayıb kənara qoymuş və canını tapşırmışdır, yəni özü necə gözəl insan idisə, ölümü də gözəl olmuş

– XDND də kimlərlə əlaqələriniz var, ümumiyyətlə idarəmizin bu günü haqda düşüncələrinizi bilmək, gənc dənizçilərimizə tövsiyyənizi öyrənmək istərdik.

– XDND dən 1996- da ayrılmışam, yəni o dövrdə bəzi iş yoldaşlarıyla əlaqələr var idi, amma indi yeni nəsil gəlmiş və mənim heç bir tanışım yoxdur hal hazırda. Özünüz bilirsiz ki, indi dənizçilərin əksəriyyəti yurd dışında çalışırlar.

 

-Elşən bəy, sizinlə həmdə 1990-cı ilin yanvar hadisələrindən bəhs etmək istərdik. O günlər yadınızda necə qalıb?

-20 yanvar hadisələrinə dair fikrimi ayrıca sizə bildirmişəm. Ölkəmizin həyatında mühüm mərhələ sayıram və bu günkü müstəqilliyimizə gedən yolda bir dönəm idi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Üstündən 30 il keçəndən sonra o hadisələrdə kimin nə etdiyini, nə etmədiyini təftiş etmək, dartışmağı düzgün saymıram. Bu hadisələrə qarşı göstərdiyi münasibətdə hər kəs özünün kimliyini, yəni daxili aləmini göstərmiş olur. Yəni hərə qaldırdığı məsələ və suallarla özünün kim olduğunu göstərir.

30 ildən çox vaxt keçib, amma o günlərdən sonra Azərbaycan adlı ölkənin başına çox müsibətlər gəldiyindən 20 yanvar hadisələri onların fonunda, deyərdim ki,  hamımız üçün  bir azca adiləşdi. Amma 20 yanvar hadisələri ərəfəsi sanki fırtına öncəki bir dəhşət saçan sakitlik idi, Bakıdakı hərbi hissələrdə artıq SSRİ-nin müxtəlif bölgələrindən yığılmış ehtiyatda olan hərbçilər toplaşmışdı, əhali öz təşəbbüsü ilə bu hərbi hissələrin önündə keşik çəkirdi, hökumət orqanları isə tam iflic olmuş kimi görsənirdi.

Bütün bunlar dəhşətli günün, şəhərin qan içində boğulduğa günə hazırlıq idi…

-Elədir, şəhər yuxudan səksəkə içində dururdu, sanki. O vaxt biz gəmilərdə idik, mən də “Cümşüd İbrahimov”  geoloji kəşfiyyat gəmisində DP (Dynamic Positioning System) xidmətində Electonika mühəndisi vəzifəsində çalışırdım. Axşamlar heyətin bir hissəsi kayutlarda yığışıb Mirzə Xəzərin verilişlərini dinləyirdi, indikindən fərqli olaraq o zaman başqa bir infarmasiya əldə edəcək mənbə də yox idi. İndi əksəriyyətdə hər zaman nə isə baş verə biləcək kimi bir hissiyat var. Hətta heyətdəkilər xatırlayar, mən bir gecə dəhşətli bir yuxu görmüşdüm, guya ki, ermənilər ruslara birgə Bakını zəbt ediblər və hamımızı əhatəyə alıblar. Təxminən bu yuxumdan bir neçə gün sonra 20 yanvar faciəsi baş verdi.

-Sizinlə bir neçə dəfə “Sabit Orucov” gəmisində, yığıncaqlarda görüşmüşdük, gənc də olsanınız aktivliyinizlə seçilirdiz. O görüşlər, söhbtlər, gəlinən qərarlar, atılan addımlar yaddaşında necə qalıb?

O vaxt gəmilərin əksəriyyəti reyddə lövbərdə idi, Xəzər Dəniz Neft Qaz  Dononmasının  “Sabit Orucov” gəmisi Dəniz vağzalındakı yanalma körpüsünün sol tərəfində bağlanmışdı. Bir gün eşitdik ki, XDNQD – öncül kapianlardan bir qrup o vaxtkı terrorçuların başçısı Yazovla görüşə gediblər, çünki faciəyə etiraz olaraq XDNQD – nin bütün gəmiləri Bakı buxtasında lövbər atmışdı. Görüş təşəbbüsünün kimin tərəfindən olduğunu bilmirəm, amma mən də gəmidən bir nümayəndə kimi “Sabit Orucov” gəmisində olacaq o vaxtkı Ali Sovetin bir qrup deputatı ilə görüşə getdim.

Dəqiq neçə nəfər deputat idi xatırlamıram, amma görüş oldu. Görüş bitdikdən sonra hazırlaşırdıq ki, “Sabit Orucov” gəmisini tərk edək (mən də bir gecəlik evə baş vurmaq istəyirdim), gəminin və ümumilikdə Dəniz vağzalının işğalçı qoşunlar tərəfindən sarıldığını gördük. Əli avtomatlı əsgərlər kobud surətdə hamımızı körpüyə çıxardılar və üzü gəmiyə tərəf durmağı tələb etdilər, “Sabit Orucov” gəmisi ilə yanaşı körpünün digər tərəfində əski bir parom var idi restoran kimi işləyirdi o zaman, üzü ona doğru düzdülər bizi. Sonra Dəniz Vağzalının binasında tərəf apardılar, qrupun başçılarından biri avtomatla atəş açaraq vağzalın içindəki restoranın qapısını qıraraq hamımızı oraya yığdılar. Axşamadək orada saxlayıb sonra həbsxana arabasıyla hamımızı apardılar. Və düz bir aydan sonra Bakıya qayıtdıq.

– Bakıda və regionda baş verın hadisələr bu faciənin olmasından xəbər verirdimi?

-20 yanvar hadisələri Azərbaycanın müstəqilliyə doğru irəliləməsinə necə qığılcım oldusa, dənizçilərimizin də 20 yanvar hadisələrində göstərdikləri böyük təpki sovet rəhbərliyini və yerli rəhbərliyi çox şaşırtdı və bəlkə də bu birlik, etiraz aksiyası  işğalçıların Bakıda törədə biləcəkləri digər aksiyaların da qarşısını almışdı, çünki dənizçilərimizin hadisələrə qarşı göstərilən təpkisindən əlavə demək olar ki gəmilərin əksəriyyətindən bütün dünyaya “sos” siqnalları göndərilmiş və Bakıdakı faciəni dünya ictimaiyyətinə çatdırılmışdı.

20 Yanvar faciəsindən sonra baxmayaraq ki, bəziləri deyirdi ki, hər şey bitdi, sovet rejimiyle mübarizə aparmaq mümkünsüzdür, amma mən şəxsən artıq görürdüm ki, müstəqilliyimizə doğru yolun artıq başlanğıcındayıq. Allaha çox şükür ki, özgürlüğümüzü də qazandıq və bütün bunlar cəmi şəhidlərimizin axıdılan qanı bahasına oldu. Məkanları cənnət olsun şəhidlərimizin.

Hadisəlırlə bağlı indi ən maraqlı . O zaman isə daha dəhşətli olan olaylardan bəhs etmək sənin üçün çətin olmaz ki?

-Hadisələrlə bağlı maraqlı olay Dəniz Vağzalını daxilində saxlanıldığımırz sürəcdə oldu. Restoranın yuxarı mərtəbəsində gecə barı var idi, vəhşi işğalçı ordunun nümayəndələri o bardakı alkoqollu içkilərin axırına çıxdılar. Novbə ilə yuxarı gedib gəldikdən sonra sifətlərinin qırmızılığı artırdı. Arada körpüyə tərəf çıxıb, avtomatlardan və BMP lərdəki iri çaplı silahlardan dənizə doğru atəş açırdılar və qayıdıb bizə deyirdilər ki, görürsüz sizin gəmilərdə ekstremistlər var və bizə atəş açırlar. Bu şou üçün bir neçə işğalçı əsgər körpüdə dayanan iki gəminin ən hündür yerindən yönü vağzala tərəf havaya atəş açaraq, guya gəmilərdən atılan atəş effekti görüntüsü yaradırdılar. Ancaq sözsüz ki, biz hamımız bilirdik ki gəmilərdən atəş açmaq məsələsi gülüncdür.

Bir maraqlı anı da qeyd etmək istəyirəm ki, Vağzalın içində olan arada kamera və mikrofonla müxbir kimi iki nəfər zala (restoranın zalına) daxil oldu və heç bir sual vermədən mikrofonu və kameranı növbə ilə bizlərə tərəf tuşlayırdılar və bəziləri də sadəlövhcəsinə mikrofona heç bir suçumuzun olmadığını və sadə dənizçi olduğumuzu deyirdilər. Müxbir kimi gələnlər isə heç bir sual vermədən, bir 10-15 dəqiqəlik video parça çəkib getdilər. Sonralar bir nəfərdən eşitdim ki, bu video görüntülərə artıq dublyaj olunmuş formada Azərbaycan film kinostudiyasında baxıb və oradakı rusca dublajında hamımız qışqırırmışıq ki, bəli biz ekstremistik, gəmilərdə silahlarımız var və rus əsgərlərini əcəb edib gəbərtmişik və bundan sonra da gəbərdəcəyik. Bax budur rus imperializminin iç üzü. Sonraki 30 günlük həbsxana macərası haqda bir başqa vaxtda söhbət edərik İnşallah.

– Elşən bəy, DSD İB-ni yartmışıq. Siz bir müddət Azad Həmkərlar Təşkilatının sədri olmusuz. Təcrübənizə müraciət edirik. Nə etmək olar ki, DSD İB işini daha mükəmməl qura bilsin.

-Dənizçiləre Sosial Dəstək ictimai birliyini yaratdız, çətinliklə də olsa          bürokratik maneələri yarıb qeydiyyatdan da keçdiz, bir daha təbrik edirəm. Allah yar və yardımçınız olsun. Çalışın sonuna qədər bağımsızlığınızi qoruyun, obyektiv olun.

Söhbətləşdi: Faiq BALABƏYLİ

 

Share: