XİLASKAR – Qalib Şəfahətin yeni hekayəsi

Nurlan neçə vaxt idi ki, atasının xatirələri ilə yatıb dururdu.  Hər səhər məktəbə yollananda  baxışları  qapıya zillənib,  gözləri onu axtarırdı.
– Oğlum, hazırlaş gedək, dərsə gecikərsən.
Nurlan üz-gözünü turşudub, deyinməyə başladı:
– Eh! Getmirəm!  Bu gün də atam məni dərsə aparmayacaq?
Hər səhər atası Nurlanı məktəbə qoyub, işə gedərdi. Anası bilirdi ki,  atasının kürlüyünü çəkir. Dinməzcə gəlib boynunu qucaqlayıb, üzündən öpdü.  Anasının xoş nəvazişinə təslim oldu.  Əlindən tutub yola düzələndə təəssüf  hiss ilə soruşurdu.
– Ana, atam nə vaxt qayıdacaq?
Anası oğlunun sualı qarşısında  aciz kimi  görünsə də özünü tox tutmağa çalışırdı. Dərindən köks ötürüb:
– Oğlum narahat olma, Allah qoysa atan müharibədən qələbə sevinci ilə evimizə qayıdacaq. – dedi.
Nurlan başa düşürdü atası müharibə qurtarmasa  evlərinə  qayıtmayacaq.  Arada özünü qınayıb: –Yəqin, mənə söz verdiyinə görə gəlməyəcək. – fikirləşirdi.
Atası mühahirbəyə yollananda  onun başını sığallayıb
– Oğlum, ananın sözünə bax. Evdə kişi sənsən.  Mən də torpaqlarımızı  mənfur düşməndən azad edib qayıdacağam. – demişdi.
Atasının getməsinə razı olmasa da, məcbur idi reallıqla barışsın. Özünü cəsur oğlan  kimi göstərmək istəyirdi:
–Ata, bəlkə mən də gedim? –dedi.
–Yox, oğlum, hələ balacasan.  Sən dərslərini yaxşı oxusan elə bil müharibəyə getmiş kimisən. Gərək hamı öz üzərinə düşən vəzifəni yerinə yetirsin ki, torpaqlarımızı azad edə bilək. Sənin vəzifən dərslərini yaxşı oxumaqdır.
–Yaxşı ata, söz verirəm,  dərslərimi yaxşı oxuyacağam. Sən də torpaqlarımızı azad edib  gəl.
– Oldu mənim balam! Gör nə ağıllıdır mənim oğlum! –deyib qucağına alıb üzündən öpmüşdü.
Qələbə sədaları eşitdikcə fərəhlənib:
–Ana, atam gələndə biz də gül-çiçəklə qarşısına çıxıb onu qarşılayarıq, eləmi? –sevincini bölüşürdü.
– Əlbətdə oğlum, atanı gül-çiçəklə qarşılayarıq.
–Ana bilirsən atam üçün necə darıxmışam, istəyirəm onu gələndə o qədər öpəm ki… O da məni qucağına alıb doyunca öpsün.  – deyib arzularını ifadə etməyə çalışırdı.
Müharibə həyacanı yaşayırdı. Tez-tez kinolarda gördüyü döyüş səhnələrini  gözünün qarşısında canlandırırdı.
Son günlər  atası haqqında anasından heç nə soruşmurdu.  Mısmırığını sallayıb anasının yanına düşüb məktəbə gedib gəlirdi. Hər şəhid adını eşitdikcə ürəyi quş ürəyi kimi çırpınıb atasını düşünürdü.  –Görəsən atam sağ-salamat evimizə qayıdacaqmı? – Arxasınca ufuldanıb, özü öz sualına  cavab tapmadıqca içindən qəhərlənirdi. –Kaş müharibə tez qurtaraydı, atam, – elə hamının atası,  sağ-salamat evinə qayıdıb gələydi.
Bikə müəllim onu fikirli görüb ayağa qaldırdı. –Nurlan görürəm fikirlisən. Dərsə qulaq asmırsan. Bu suala sən cavab ver.
Müəllim  yazı lövhəsinin yuxarısına vurulmuş şəkli göstərib:
– Bu kimin şəklidir?- dedi.
– Müəllim, Heydər babanın şəklidir.
Atası ilə olan bir xatirə yadına düşdü. İlk dəfə dərsə gedəndə böyük heykəli görüb soruşmuşdu:
– Ata, bu kimin heykəlidir?
– Oğlum Heydər babanın heykəlidir. Məktəbdə müəllimin hər şeyi sənə öyrədəcək.
Müəllimin sualı onu yenidən xəyaldan ayırdı.
– Heydər baba kim olub?
– Azərbaycanın Prezidenti.
–Onun haqqında başqa nə bilirsən?
Döyüküb sağa- sola boylandı. Gülər adlı qız əlin qaldırıb:
–Müəllim Azərbaycanın xilaskarı olub –dedi.
Müəllim:  -Afərin! – deyib  izahat verməyə başladı. – Uşaqlar,  Gülər düz deyir.
1993 –cü ildə ölkəmizdə vətəndaş qarşıdurması var idi. Xalqımızı bu qarşıdurmadan Heydər baba xilas edib.
Fərid ayağa durub dedi:
– Müəllim, Qarabağımızı da xilas edə bilərmi?
– Bəli, uşaqlar, xilas edəcək. – müəllim sevincək cavab verdi.
Nihad yerindən dilləndi. – Axı, o rəhmətə gedib. Ölən adam Qarabağı necə xilas edə bilər?
Müəllim sifətini turşudub:
– Nihad sən səhv düşünürsən. Heç vaxt dahi insanlar ölmür.  Onların əməlləri bizi bu çətin yolda da xilas edir.   Nurlan dərin düşüncəyə dalmışdı. Öz aləmində nəyisə saf-çürük edirdi. Müəllim sinifdən çıxandan sonra çantasını yığıb yola düzəldi.

Heykəli qucaqlayıb ağlayırdı. Polis ona yaxınlaşıb başını sığalladı. Əlindən tutub şirin-şirin söhbət  edib, yol gedirdilər.
Yuxudan oyanıb anasını sevincək gördü.
– Atam gəlib?-deyib anasının üzünə baxdı.
– Gələcək oğlum, gələcək. Artıq ordumuz Şuşanı azad edib.  Düşmən təslim olub. Müharibə dayandırılıb . Bütün Qarabağ işğaldan azad olunacaq.  Yaxın günlərə döyüşçülər  öz evinə-eşiyinə qayıdacaq. Hamımız zəfər yürüşünə çıxarıq.
Nurlan özündən razı adam kimi gülümsünüb:
– Ana mən demişdim.  Ona görə Qarabağı aldıq. Atam da qayıdacaq.
– Anası gülümsünüb:
– Kimə demişdin oğlum?
– Heydər babaya. Axı, o, Azərbaycanın xilaskarıdır. Gördüm müharibə davam edir, atam da gec gələcək. Gedib ağlayıb dedim: – Qarabağı tez al, qoy atam da evimizə qayıtsın!
Onda polis əmi mənə yaxınlaşıb dedi ki, Heydər Əliyev ümumilli liderimizdir. Prezident Heydər babanın oğludur, onun siyasətinin davamçısıdır. Heydər baba sənin səsini eşitdi. Prezidentimizə deyəcək; – Qarabağı tez alın!   O da atasının dediyini yerinə yetirəcək.
Yolda polis əmi onu da dedi ki:  “Get evdə rahat yat, yuxudan duranda görəcəksən, Qarabağı almışıq”.
Var olsun Heydər baba, mənim sözümü eşidib. Qarabağ bizimdir!

 

Share: