SİZ MƏNİ HEÇ NƏYƏ TƏLƏSDİRMƏYİN

Heç özü də tələsmədi- nə yaşamağa, nə yaratmağa, nə də ölməyə… Amma bizdən asılı olmayaraq, tələsən tələsdi… Artıq bir ildir ki, Şamxal Rüstəm haqq dünyasındadır. Hədənsə bu gün çox darıxdım. Şamxalım şeirləri ilə ovunmaq istədim. İstədim ki, sevgili dostlar da səhəri onun şeirləri ilə açsınlar.

Vasif SÜLEYMAN

Şamxal Rüstəm

BİRCƏ BİLƏYDİM
Adını anmadığım babamın, nənəminmi,
Oduna yanmadığım qonşu qız Sənəminmi…
Eh, qəlbini qırdığım nə bilim, yüzmü, minmi,
Bircə biləydim məni kimin qarğışı tutdu.
Yetməmişəm çətində çox doğmamın dadına,
Çoxunu unutmuşam, çoxu gəlmir yadıma.
Bir quzu kəsilibmiş doğulanda adıma,
Bircə biləydim məni kimin qarğışı tutdu.
Hər çiçəyi, hər gülü leysan yağışı tutmaz,
Xata hər ömrü tutmaz, bəla hər başı tutmaz.
Süd əmmişəm döşündən, ana qarğışı tutmaz,
Bircə biləydim məni kimin qarğışı tutdu.
SİZ MƏNİ HEÇ NƏYƏ TƏLƏSDİRMƏYİN
Vaxtında gəlibdi ürəyə ağrı,
Saçımın dəni də vaxtına düşüb.
Dünyada heç nədən gileylənmərəm,
Dünyaya gəlişim ağ günə düşüb-
Siz məni heç nəyə tələsdirməyin.
Vaxtında boşalar hər dolan bulud,
Şimşəklər nə bilər çaxmaqdan özgə.
İnsan sevincinə gecikmək olar,
İnsan harayına çatmaqdan özgə-
Siz məni heç nəyə tələsdirməyin.
Hələ nə yazmışam, hələ nəyim var.
Dağ yüklü bir ömrün enişindəyəm,
Hələ zirvələrlə döyüşməyim var-
Siz məni heç nəyə tələsdirməyin.
Vaxtında gəlibdi ürəyə ağrı,
Saçımın dəni də vaxtına düşüb.
Taledən hərəyə bir pay düşəndə,
Mənim də gecikmək baxtıma düşüb-
Siz məni heç nəyə tələsdirməyin.
Share: