Peyğəmbərin məqbərəsində qətl – Qulu Ağsəs

( hekayə )

 

– Ya peyğəmbər, mən saa arxeyin oluf, bu yolu gəldim. Nə bilim, sən də qaçaq-quldurluxnan məşğuluymuşsan…

Abdal Qasımın canı ağzından bu sözlərqarışıq çıxdı, nahaq dünyanın dalından dəyib, haqqa yollananda da məzələnməyindən qalmamağı haya yığışanları bir az da kövrəltdi, atını səyirdib güclə aradan çıxan şahsevənli qaçaq, Qasımı gec tanıdığına görə barmağını salıb gözlərini oymaq istəyirdi. Balaca Əfqan nəsə pis şey baş verdiyini hiss elədiyindən atasından aralanıb, anasının tumanına sığındı. Bir neçə gün qabaq Abdal Qasımın kirvəsi onu ailəlikcə Beyləqana qonaq çağırmışdı, yaxşıca yeyib içmiş, bəs deyincə şənlənmişdilər. Dörd qızın bircə qardaşı Əfqanın kiçik toyundan sonra kirvələr bu tarixi qohumluğu indi də aranda yuyurdular. Kəlləri qoşub geri qayıdanda təzəcə toran çalırdı, üç-dörd adam olardılar, Peyğəmbərin məqbərəsindən adlayanda göydə ulduzların sayı-hesabı yoxudu, elə bil qızıl ordunu poliqona tökmüşdün. Kefi qoyun quyruğu çağıran Qasımın sifəti birdən dəyişdi, atın cilovunu çəkib, onu arabaların ardınca yeriməyə vadar elədi, qaranlıqdan da qara kəli zəndlə süzüb, “saa canım qurvan” dedi.

…Kəbleyi Qulunun böyük oğlu Xanlar 1917-ci ildə gedir Ağdama, xeylax mal vurub tərpənir Qalaya sarı. Dan üzü gətirdiyini satır, şər qarışanda Abdala qayıdır. Şuşalı dostları çox deyir qal, Xanlar az eşidir. Arabaya oturub kəlləri dəhmərləyir. Xocalıdan keçəndə ürpənir, beşatılanı çıxarıb qaraltını nişan alanacan dərənin üstdən bir güllə atırlar, ikincidə kəl yıxılır, samı qırılır, qalır yolun ortasında. O biri kəl təkbaşına arabanı çəkib aparır. Qarqardan keçib, Qızılcabeldən aşıb, Aranzəminin, Pircamalın altından adlayıb, Ağbulaqdan dönür Abdala – düz rəhmətlik Qulu kişinin qapısına. Xanların anası tezdən sübh namazına qalxır, həyətə çıxanda görür araba çardağın qabağında dayanıb, kəlin biri yoxdu, o biri də arabanın altında yatıb. Cumur irəli: “Ay Xanlar, ay Xanlar!” Xanlar nə gəzir? Xanlar Xocalıda birinci güllədən keçinəndi. Camaat şivən səsinə oyanır, başıpapaqlılar atlanıb arabanın rəddiylə Qalaya san çapırlar. Aranzəmində qanın izinə düşüb, düz Xanların vurulduğu yerə gəlib çıxırlar. Kəlin meyiti yolun ortasında qalıbmış… Üçü verən kimi Qasım evdən çıxır, dörd gün keçir, beşinci gün geri dönür, at belindəki həvgəni yerə düşürür, içindən 24 (!) sağ əl çıxarır.

“Söyün, ay nənə, – deyir, – oğlunun qanını aldım”.

Anası təzədən şivən qoparır: “Nəyə söyünüm, a öyü dağılmışın oğlu, 24 ananı ağlar qoymağına, ya adam qırmağına?”

Qasıma sözmü çatdırmaq olar, qayıdır ki, aaz, adam öldürməmişəm ey, bunlar hamısı dığa qoludu…

…Sahibinin mehribanlığını duyubmuş kimi qara kəl başını qaldırdı, heyvan dilində Allaha yalvardı ki, bir də bu qapıya cənazə daşımasın, yazıqdı. At ona baxanda Allah bəxtəvəridi, bir ayağı şərdədisə, üçü xeyirdə, dava-dalaşda, deyişmədədi. Kəhər telini gözünün üstündən atmaqla öküzə acıq verdi. Həm də xatırladı ki, bir yol onu da kəl kimi yükləmişdilər…

…Hazırcavablıqda, mərdlikdə Qarabağ mahalında ad çıxarmış Abdal Qasımın erməni-müsəlman qırğınında göstərdiyi şücaətlərdən sonra bir az da nüfuzu artmış, sağlığında əfsanələşmiş bu qəhrəmanla çörək kəsmək istəyənlərin sayı-hesabı itmişdi. Bir gün Şuşaya – çox hörmətli qala bəylərindən birinin məclisinə dəvət alan Qasımla olduqca sərt bir şərt kəsilir: bəy səkkiz pilləkən düşüncə onu güldürməsə, Qasım güllənəcək. Çar-naçar razılaşan Abdal Qasım bəyin zarafatla işi olmadığını gözəl bilirdi. Amma indi ki vəziyyət belədi, geri durmaq kişilikdən deyil. Bəy yeddi pilləkən düşür, Qasımın bir sözünü də eyninə almır. Əhli-məclis indicə qanlı bir tamaşanın şahidi olacağını düşünür. Səkkizinci pilləkənə ayağın qoyanda Qasım dözmür, deyir, a sənin dədənin beynini…, qapında qan düşəcək deyin, dodağını niyə sallamısan? Bəy uğunub gedir. Qasımı yola salanda ona məktub verir ki, Ağcabədidə mənim mülkümə baxan darğa var, ona çatdırarsan, sənin bəxşeyişini verəcək. Qasım həmən bu atın belində gəlir Abdala – uşaqlara baş çəkməyə. Evdə məktubu açıb oxuyur, görür qala bəyi yazıb ki, bəs Qasıma iki xurcun qar verərsən. Altdan da qəşəng imza atıb (qışın oğlan çağları olub bu). Qasım məktubu atır evə, iyulun ortalarında “Ya Allah” deyib, atın başını Ağcabədiyə sarı döndərir. Məktubu yiyəsinə çatdıranda darğanı az qala yayın cırhacırında don vura. Bəyin də sözündən keçə bilmir, qalır mat-məəttəl. Qasıma yalvarır, gəl bu qarı dörd xurcun taxılnan əvəz eləyək. Qasım nəm-nüm eləyir ki, bəs bəy razı olmaz. Darğa deyir, sən razı ol, bəyi yola gətirmək məndən. Razılaşırlar. İki yekə xurcun taxılı Qasımın atına, ikisini də darğanınkına yükləyib, qonağı hörmət-izzətlə yola salırlar. Qasımın atının bərkə düşdüyü həmin əhvalatın üstündən bir ay ötməmiş darğa olanları Şuşada bəyə çatdırır. Bəyi gerçəkli don vurur, darğanı söyüb yamanlayır, “əşşi, bu Qasımı çox eşitmişdim, indi təzədən gördüm ki, deyiləncən varmış” deyə özünə təsəlli verir…

…Kəlin nənni kimi yırğaladığı geriki arabada balalarını böyrünə yığıb oturan Maya xanım ərindən razıydı – neçə qızdan sonra bir oğulları, bir tikə çörəkləri, hörmətləri də ki bir mahalı tutmaz. Ağalar bəyin qızı Abdala gəlməydi, Qasım onu halallıqla, dədə-baba qaydasıyla almışdı, götürüb qaçmamışdı. Ermənilərin qorxudan tük saldıqları ərinin qız-gəlində cavanlıqdan gözü olan deyildi, heç erməni haxçilərinə də dönüb baxmazdı, halbuki Qasımdan ötrü Təkirdən, Ağbulaqdan adlayıb onların qapısına gələnlər də olurdu… Maya xanımın Murtuza adlı balaca qaynını da ermənilər qətlə yetirmişdi, taleyin işinə bax ki, Murtuzanın nəvəsi bala Murtuzanı da 70 ildən sonra eyni yerdə (“Vışka”nm yanı), həmin kəndin erməniləri gülləylə vurub öldürəcəkdilər. Hələliksə çox şeydən, onu arabanın addımbaaddım yaxınlaşdırdığı faciədən də xəbərsiz Maya xanım dünyadan razı halda kirvələrinin arvadıyla şirin söhbətlərini xatırlayırdı.

Qasım atını əmisi oğlunun atı ilə qoşalaşdırdı, beşatılanını onun çiyninə salıb, mauzerini götürdü. Atını sürüb təzəcə uzaqlaşmışdı

ki, irəlidən atəş səsi eşidildi. Əmoğlunun dalağı sancdı, bu atəş xeyirliyə deyildi, o öz mauzerinin səsini gendən tanıyırdı. Atan yad adamıydı. “Qasımı vurdular!” Özünü çatdıranda at Qasımın başı üstdə kişnəyir, köçü haraya çağırırdı. Onu tanımadan atmışdılar. Beyləqan camaatı Abdal Qasımı Peyğəmbər məqbərəsində basdırmaq istəyirdi: “Burda ölənin yeri cənnətdi”. Əmisi oğlu razı olmadı, Abdal Qasımı adının sol tərəfində torpağa tapşırdılar…

P.S. …Nəvə Qasım danışır ki, atam öləndə mənə son sözü bu oldu: “Sən Abdal Qasımın nəvəsisən, Əfqan kişinin də oğlu – unutma! Bizim bu xalqdan düşmənimiz olmayıb, ermənidən dostumuz. Bir də bunu yadında saxla…”

Aprel, 2000

mersin escort
kalebetting.com -

baysanslicanli.com

- casinoslotsclub.com -
meritroyalbet