Dağları dumana qalan Əlirza HƏSRƏTİN  hər misrasında məcnun ahı olan şeirləri

Yazıçıdan, şairdən, alimdən soruşurlar ki, həyatda ən böyük çətinliyin nədir? Bütün cavablar təxminən eyni olur: Ən böyük çətinliyim başladığım əsərdə ilk cümləni yazmaqla bağlıdır! Necə başlamaq lazımdır ki, ilk cümlədən oxucunu əldən verməyəsən?!

Bəzən tərsinə olur, böyük mövzuya böyük mənası olan cümlə ilə başlayanda oxucu səndən qaçır, necə deyərlər, əsər boyunca bu cür “başağrıdan” fikirlər burulğanında çırpınmaqdan ehtiyat edir. Şair üçünsə ilk misraya siqlət axtarmaq lazım gəlmir, çünki şeir elə ilk misradan başlayır, formanı da, məzmunu da bu misra çəkib arxasınca gətirir, Ovçu ovunun ovqatına köklənir, yaraqlanıb yasaqlanır, ya quş vurur, ya ceyran tutur! Şair isə söz ovuna çıxır, bədahətdən gələn misralar emosional olur, düşünüb-daşınanda yazdıqları  intellektual nəsnələrə dönür.

Hər hansı bir şairin yaradıcılığı haqqında söz demək də o qədər asan deyil, baxır, kimin haqqında danışırsan, necə danışırsan, bu danışdıqların şairi qaldırır, ya sən özün onun səviyyəsinə qalxırsan?! Bu məqamda seçim tərəzinin gözünə bərabərlik pərsəngi qoymaq kimi bir şeydir. Bərabərlik alınacaqmı? Bax, bu, pərsəngin çəki təyinatından asılıdır: sən mer-meyvə çəkirsən, yoxsa qızıl?!

Əlirza Həsrət yaradıcılığından söhbət açmaq da belə bir məsuliyyətli yanaşma tələb edir. Əlirza Həsrət (Abbasov Əlirza Azadxan oğlu) 1963-cü il noyabrın 1-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub, Cəlilabadda yaşayır. Əlirza Həsrət Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Şeiri ilk dəfə “Azərbaycan qadını” jurnalında çap olunub. Yaradıcılıq nümunələri müntəzəm olaraq ədəbi orqanlarda işıq üzü görür. AYB-nin “Qadınlara həsr olunmuş ən yaxşı şeir müsabiqəsinin qalibidir. Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən “Türk Dünyasına Ədəbi Xidmət Ödülü” ilə təltif edilib. Ədəbi fəaliyyəti haqqında Azərbaycanda və Türkiyədə çoxlu sayda məqalələr çap olunub.

Ədəbiyyata ədəbi üslubların, poetik cərəyanların, metodların axtarış məqamında olduğu bir dövrdə gələn Əlirza Həsrət oxucudan öncə özünə hesabat verməkdə maraqlı olan bir şairdir. Necə deyərlər, sözün ucunu tutub ucuzluğa getmir, kök və işlək qafiyələrə can atmır, rədif aşiqi deyil, “ağ” şeirlər yazmır, misra sərbəstliyindən “qaçır”, klassik janrlarda da itib-batmır, forması eldən gələn, məzmunu könüldən gələn poeziya həvəskarıdır, amma həvəskar şair deyil, ustad sənətkardır. Əlirza Həsrət sadəliyində böyük müdriklik var, çünki ən mürəkkəb fikri sadə sözlərlə ifadə edəndə sadələşmirsən, müdrikləşirsən:

 

                 Şeh diksindi bu gülün,-

                               Qucağında, ilahi.

                                Hörülmüş tüstü teləm,-

                               Ocağında, ilahi.

 

                                    O görünən Murovdur,

                                    Hər tərəfi qırovdur.

                                    Namərdin də girovdur,-

                                    Qoçağın da, ilahi.

                                    Bu eşq qubarmış elə,

                                    Əynimə darmış elə.

                                    Dumanı varnış elə,-

                                    Bu dağın da, ilahi.

 

Dağ, duman, yol, həsrət, qürbət, Vətən sözlərinə Əlirzanın şeirlərində kəlməbaşı rast gəlmək mümkündür, amma bu qədər çox işlənən eyni sözlər bəzən müxtəlif mənalara gəlir, sətiraltı dona girir, üzdə görünən tərəfini alt qatı üstələyir:

 

       Sarılıbdır duman dağa,

                                    Bəlkə dağlara qar yağa.

                                    Süzüb könül oynatmağa,-

                                    Səndə o göz-qaş qalıbmı?

 

Ədəbi fəaliyyətə təlatümlü doxsanıncı illərdə başlayan, fiziki və mənəvi azadlığını ruh sərbəstliyi tamamlayan, şəxsi həyatındakı çətinliklərini dilə gətirməyən, el üçün el ilə yanan, milli müstəqilliyə daxili müstəqilliyi kimi baxan, sözün kövrək ucundan tutub sərt zirvəsinə ucalan Əlirza Həsrət bəzən özünü tənha, kimsəsiz hiss edir. Bu onun şəxsi həyatının, acı taleyinin ovqatıdır, amma şeirlərində görünmür. Bəlkə də oxucunu özünə çəkən şairin bu tənhalığıdır, çünki hər oxucunun qaynar həyatında tənha qaldığı, evinin soyuq divarlarının küncündə çıxılmazlığa dirənən məqamları olur:

 

  Yaxasını açıb dağlar,

                                    Gülümsəyir quzeydə qar.

                                    Bir ayrılıq heykəli var,

                                    Yerimiz boş olan yerdə.

 

                                    Bir qılıncdım, yoxdu tiyəm,

                                    Atıb getdi məni yiyəm.

                                    Dar ağacı pöhrəsiyəm,

                                    Bədənsiz baş olan yerdə.

 

Yaxud fikri haçalayan, çığırı yola çıxmayan, sevda həsrətli bu misralarda çırpınan ürəyin nisgilini yaşamağa çalışaq: əgər enişdə diyirlənəcəkdiksə, yoxuşa dırmanmağa nə ehtiyac vardı?

 

Sığınmışıq koğuşa,

                                    Könül verək o quşa.

                                    Yol dirənib yoxuşa,

                                    Bir qərib kəsə gəlir.

 

                                    Düşdüsə kəməndə eşq,

                                    Pirdir bu bədəndə eşq.

                                    Sevdalandı məndə eşq,

                                    Ayrılıq bəhsə gəlir. 

 

Tənqidçi Vaqif Yusifli doxsanıncı illərin ədəbi meyilləri içərisində Əlirza Həsrət, Əlizadə Nuri, Salam Sarvan, Böyükxan Pərviz, Rəsmiyyə Sabir, Tərlan Əbilov yaradıcılığını fərqləndirir və  bu adı çəkilən şairlərin bir təmayül altında birləşdiyini söyləyir. Tənqidçinin dəlilləri ilə razılaşmamaq mümkün deyil, baxmayaraq ki, o zaman adı çəkilən şairlərin çoxu həyatda şəxsən tanış deyildilər, onları üslub, deyim, ifadə tərzi birləşdirirdi. Hətta elə mövzular var ki, bu şairlərin hamısı o mövzuda oxşar rədiflə şeirlər yazıblar. Bu bənzərlik plagiat deyildi, yaşantıların yaxınlığı və üslubun tələb etdiyi forma seçimi ilə bağlıdır. Əksər şeirlər qoşma və gəraylı janrında yazılır, üç bənddən ibarət olurdu. Bu şairlər frazeoloji birləşmələrdəki sabitliyi “sındırır”, ata sözlərini və el deyimlərini “oynadır”, qoşmanın və gəraylının daha ritmik variantlarını (6+5 və 4+4) seçir, omonimləri, sinonimləri, antonimləri “güləşdirir”, çoxmənalı sözlərin kişnər atlarına süvar olub “çapırlar”. Xalq danışıq dilindən gələn ifadələr və deyimlər bu şeir təmayülünü geniş oxucu kütləsinə daha yaxın edir. Əlirza Həsrətin yaradıcılığında təmayülün gətirdiyi ən yaxşı keyfiyyətləri görürük:

 

       Duman zirvələri əsir götürüb,

                                     Qonmağa yer tapmır quşum dağlara.

                                     Gəl quzey qarında şəkil çəkdirək,

                                     Bir az da qarışsın başım dağlara.

 

Əlirza Həsrət obrazlı ifadə aludəsi deyil, sadəcə, şeirin tələbinə uyğun forma və məzmun seçimləri edir. Buna görə də o, qarşısına konkret meyarların poetikasını yaratmaq məqsədini qoymur, bu meyil şeirdən şeirə keçdikcə təkmil şəkildə “İlahidən” gəlir. Məsələn, Əlirza Həsrət konkret olaraq ayrılıq şeiri yazmır, onun yazdığı şeirdə ayrılıq sevgidən gəlir, ayrılıq uzandıqca sevgi də bitib-tükənmir. Həsrət də sevgidən doğur, istər sevdiyi qadına olan həsrəti, istərsə də sevdiyi Vətənə olan həsrəti antitezaların bucaqları şəklindədir. Vaqif Yusifli yazır ki, Əlirza Həsrət istedadlı şairdir. Tənqidçi həm də bu fikrini qətiyyətlə söyləyir: ”Hər bir istedadlı  şair kimi o da şeirlərində poetik ifadə vasitələri ilə işləməyi çox sevir. Xüsusilə metafora, təşbih, mübaliğə kimi bədii təsvir vasitələrinə onun şeirlərində bol-bol rast gəlirik”.

Əlirza Həsrətin şeirlərinə oxşar münasibəti Türkiyəli professor İsa Kayacanın Ankarada çap olunmuş bir məqaləsində də müşahidə edirik: “Alirza Hasret şiir dünyasının meşekketli yollarındakı yolçuluğunda yorulmak bilmedigini katılanmak istiyor. Aşk oyunlarının derinliklerine inip, oralardan seslenmekdeki ustalığını gösteriyor”. Doğru və düzgün münasibətdir. Şeirlərin mövzusuna baş vurduqca aşıq lirikasında süzülüb gələn, lakin klassik metaforalara bələnən, çağdaş bənzətmələrə üz tutan mükəmməl yaradıcılıq nümunələrinin şahidi oluruq. Bu, fitrətdimi? Bəlkə poeziya kamilliyi Əlirzanın şeirlərinə bilgidən gəlir? Çeynənmiş bir ifadə var, deyirlər, itedad zəhmətlə birləşəndə daha yaxşı nəticə verir. Məncə, bütün bu obrazlı deyimlər nəticəni qiymətləndirmək üçündür. Əlirza Həsrət şeirləri üçün bu qiymətləndirmə yetərli deyil. Şəxsən tanıdığım, xarakterinə, biliyinə, əxlaqına, mədəniyyətinə bələd olduğum Əlirza Həsrət  şeirə iç dünyasından, yaşantılarından, açığını deyim, günündən-güzəranından, yaşam tərzindən gəlir. Onu yazmağa vadar edən qüvvə istedaddan, savaddan, zəhmətdən üstündür. Bulaq qaynayanda fantan vurar. Gəl, oxucu, görüm, bu şeiri həyəcansız oxuya bilirsənmi? Mənim gözlərim yaşardı, oxu, gör, kipriyin islanır, ya islanmır?

Səni çağırmağa nəfəsim çatmır,

                                    Dilimin ucunda söz itirmişəm.

                                     Belə yanmağımın xətası çıxmaz,

                                    Kül olub içimdə köz itirmişəm.

 

                                    Toxunma tökülən ömür barıma,

                                    Bəlkə xatirələr gələr karıma.

                                    Gör necə yatmısan baxışlarıma,

                                    Yolunda gör necə göz itirmişəm.

 

                                    Bu ömrün astarı üzündən baha,

                                    Yalandan öyrəşdim çəkdiyim aha.

                                    Sinəmin dağına qar düşüb daha,

                                    Gələn yox, gedən yox, iz itirmişəm.

 

Əlirza Həsrətin ağrılı şeirlərindən biri ata haqqındadır. Erkən atasız qalan şair “Anamdan öyrənmişəm necə ata olmağı” deyir:

 

Atasızlıq sinəmə çəkilən tale dağı,

                                    Göz yaşıyla suvardım bu bostanı, bu bağı.

                                    Anamdan öyrənmişəm necə ata olmağı,

                                    Odur könül məlhəmim, odur dərmanım, ata.

 

                                    Atadan söz düşəndə, mən susdum, danışmadım,

                                    Yalandan çırpınırdı bu lələksiz qanadım.

                                    Atalılar yanında çağrılmadı heç adım,

                                    Ruhun əlimdən tutub, hardasan, canım ata?

 

                                    Könlümdəki bu niskil min qıfıla açardı,

                                    Anamın duaları yoluma nur saçardı.

                                    Tay-tuşum ata deyib qabağına qaçardı,

                                    Mənimsə, qaynamazdı heç kimə qanım, ata.

 

                                    İndi bircə balamın söhbəti-sözü mənəm,

                                    Hamı elə bilir ki, atamın özü mənəm.

                                    O ocağın qaralan kül altda közü mənəm,

                                    Bir həzin mehə bəndəm, alışıb yanım, ata.

 

Əlirza Həsrət mənimlə bir bölgədə yaşayır, oxşar tale burulğanında çabalayırıq. Burdan, əyalətdən ədəbi mərkəzə can atmaq, yaşadığını, var olduğunu sübut etmək olduqca çətindir. Bəzən əlçatanlar da əlçatmaz olur, şeirini tanıyanlar səni tanımırlar. Gündüzlər gündəliyini yaşayırsan, iş, ailə problemləri, oğul-uşaq istəkləri, bir sözlə, həyat adamı yeriməyə yox, kross qaçmağa məcbur edir. Amma axşam düşəndə, həyətdan-bacadan əl-ayaq yığılanda, insanın yaxasını dartışdıran qayğılar mürgü döyəndə şeir pərisi çiyinlərinə qonur, bax, onda ya qələmin xışıltısı, ya da klviaturanın çıqqıltısı sənin öz yuxunu qaçırır:

 

Sükut nəğməsiylə bəzənib dünya,

                                    Heç kimə çatmayan sədam nə çəkir?

                                    Bu göyün altında,Yerin üstündə,

                                    İlahi, bu qədər adam nə çəkir?

 

                                    Qol-boyun oldunsa xeyirlə, şərlə,

                                    Ayrı dil tapasan gərək bəşərlə.

                                    Eşqdən köz götürən xatirələrlə,-

                                    İçinə girdiyim bu dam nə çəkir?

 

Mən bu yazını başqaları haqqında olan məqalələrim kimi yazmadım. Bunun bir səbəbkarı da Əlirza Həsrət özüdür, həyatından, yaşadığı çətinliklərdən söhbət açmağı xoşlamır, indiyə qədər çap olunmuş kitablarında da özü haqqında ətraflı məlumat vermir. Bəlkə də buna görə onu şeirlərindən süzülüb gələn poetik nəticələrə görə həsrət şairi adlandırırlar, elə təxəllüsü də bunu deyir, görünür, şair özü nəyin həsrətini çəkdiyini yaxşı bilir. Amma bir ipucu verim də: Bu, təkcə Vətən həsrəti deyil, sevda həsrəti deyil, bu həm də yaxşı şeirin həsrətidir, o həsrət ki, Əlirza Həsrətin öz şeirlərində vüsala çatır, haqqa qovuşur! Şair özü mənim demək istədiklərimi daha yaxşı ifadə edir: “Hər gün köz götürüb qərib ahından, içimdə bir həsrət qalandı”. Bu qəriblik o qəriblik deyil, bu qəriblik uşaqlığını uşaq kimi, gəncliyini gənc kimi yaşamayan həssas, kövrək bir insanın ötüb keçən, izi sözlərdə qalan ömrünə darıxmasından doğur: “O vaxtdan bəri qanadlarım çıxmasa da, boyum uzanıdı. Boynu bükük xatirələrlə qol-boyun  böyüdüm. Əlləri qoynunda çarpazlanmış arzularımla yaşlandım. Sərhəd tellərini ahımla kökləyib, sözsüz nəğmələr kimi qanadsız uçmağı öyrəndim… Bir qərib süfrəsi oldu ürəyim”.

Hər hansı bir əsərin müəllifini yaxından tanıyanda onun bu əsəri hansı ovqatla yazdığını, əsasən nə demək istədiyini yaxşı bilirsən və bu “bilgi” imkan verir ki, əsərin qayəsini, məqsədini anlayırsan. İş elə gətirib ki, Əlirza Həsrəti yaxşı tanıyıram, onun maraqları mənə tanışdır, hətta ailə vəziyyətinə, yaşam tərzinə, çətinliklərinə, səhhəti ilə bağlı problemlərinə, bir sözlə, “həyatına və həyətinə”  cikinəcən-bikinəcən bələdəm. O da məni yaxşı tanıyır, buna görə də mənə ünvanladığı bir neçə şeirində günümüzlə bağlı problemləri qaldırır:

 

 Sən sevda yolçusu, mən eşqə heykəl,

                                     Kimin göz yaşıdır bu gövhər, bu ləl?

                                     Ay Bilal Alarlı, qəm eləmə gəl,

                                     Bizim də Yerimiz, Göyümüz varsa.

 

                                     Gülə bax, şam tutub şehin üstündə,

                                     Bu kimin eşqidir behi üstündə?

                                     Oxuyaq Məcnunun ahı üstündə,-

                                     Ürək dağlamağa neyimiz varsa.

 

                                     Belə ha gedirik, yolda iz çatmır,

                                     Suyundan içməyə bir kəhriz çatmır.

                                     Alardan o yana səsimiz çatmır,

                                     Alardan bəridir nəyimiz varsa.

 

İstəmirəm, kitabına yazdığım ön sözü şəxsi münasibətlər səviyyəsinə endirim, amma bəzi münasibətlər var ki, şəxsilikdən çıxır. Əlirza Həsrətin ayrı-ayrı şəxslərə ünvanladığı şeirlər əslində ona imkan verir ki, mövcud problemlərə bu yolla öz münasibətini bildirsin:

 

Eşq taxtına çıxan içər bu andı,
And içdinsə, demək, halın yamandı.
Xəbərin yox, bizdə dağlar dumandı,
Duman görüb, dağlar güldü üzümə.

 

Qəribsədim mən bu durna köçündə,
Qanadımdan tutub burdan köçün də.
Belədirsə alışmaq öz içində,-
Bəs tökülən bu nə küldü üzümə?

 

Ay Əlirza, dilin öyrən bu lalın,-
Oxuyanda nəğməsini Qu lalın.
Görən deyir, çöhrəsindən Bilalın,-
İşıq düşdü, nur töküldü üzümə.

 

Bu şeir həm də dostuna-tanışına dəyər vermək bacarığının bariz nümunəsidir. Əlirza Həsrətin yeni kitabında belə həsretmələr saysızdır və hər şeir bir problemə toxunur, hər şeir bir dərdə qılınc çalır. Bu yolla şair həm də ürəyini boşaldır, kimsənin deyə bilmədiyi bir səviyyədə ətrafımızda cərəyan edən hadisələrə münasibətini bildirir. İki min iyirminci ili öz qara əlləri ilə tarixə yazan pandemiya həkimlərə olan məhəbbətimizi artırdı. Belə məqamlarda özündən çox xəstəsini düşünən tibb bacıları Əlirza Həsrətin şeirində ona görə güclü təsvir olunmuşdur ki, onun öz ömür yoldaşı Nailə xanım da həkimdir. Çətin məqamlarda xəstələrinin başı üzərindən əskik olmayan bu peşənin sahibləri doğrudan da tərənnümə layiqdirlər:

 

    Əllərində şərbət dadır ən acı dərman da elə,

                                    Heyrandır bu gözəlliyə Hörmüz,Əhriman da elə.

    Can istəsən əsirgəməz, vallah, verər can da elə,

                                    Ürəyimdə ən sevdalı sözüm şəfqət bacıları.

 

                                    Elə bil, hər tibb bacısı bir ağ çiçək dəstəsidir,

                                    Ayaq səsi simfoniya, gülüşü eşq bəstəsidir.

                                    Dünyanın ən bəxtəvəri bu qızların xəstəsidir,

                                    Gözəllik ilahəsidir bizim şəfqət bacıları.

 

Oxuculara təqdim olunan “Duman şehi” şair Əlirza Həsrətin “Kim sənə oxşayib, sevmişəm elə”(1998), ”Ayrılıq sevginin dar ağacıdır”(2001), “Edam çiçəyi”(2004), “Sükut nəğməsi”(2005), ”Bundan belə ayrılıqdır”(2008), “Həsrət rüzgarı”(2010), ”Saat səsi”(2015) adlı şeir kitablarından sonra oxucularla səkkizinci görüşüdür. Kitabda müəllifin son vaxtlarda yazdığı lirik-fəlsəfi şeirləri ilə yanaşı, “O dağların dumanı” və “Qərib beşiyi” adlı iki lirik poeması da yer almışdır. Poemalar narahatedici mövzulardadır. Dili gözəl, quruluşu sadə olan bu lirik hekayətlər çağdaş poema janrına cavab ola biləcək səviyyədədir.

“O dağların dumanı” poeması müəllifin şəxsi həyatı fonunda cəmiyyətdə baş verənlərə münasibətini poetik şəkildə ifadə edir. Şeirlə vermək çətin olanda şair nəsr parçalarına üz tutur. Belə nəsr parçalarından birini ürək ağrısı ilə oxumamaq mümkün deyil: “Arxamca göz yaşlarını aydınlıq suyu kimi atan Şirvandakı evimizi xatırlamasam da, o qayğısız məktəb illərini və kəndimizdə yetim körpə kimi boynu bükülü qoyub getdiyimiz köhnə, balaca evimiz hər gecə divanə dərviş kimi yuxuma pənah gətirir”.

“Qərib beşiyi” poeması Qarabağ mövzusundadır, işğal altında olan torpağın həsrəti, Şuşa, Murov və digər bölgələr haqqında olan poetik misralar vətənpərvərlik hisslərimizi təzələyir, ağrımıza ağı tutur, yaramızın qasnağını tökür.

Əlrza Həsrət müstəqillik illərində yaranan poeziyamızın ən qüdrətli sənətkarlarından biridir. Onun yaradıcılığını araşdırmağın, tədqiq etməyin, öyrənməyin və öyrəncilərə öyrətməyin vaxtıdır.

Bilal Alarlı HÜSEYNOV,

filologiya üzrə fəlsəfə doktoru

 

Share: