Hər şey cəbhə üçün: “Bir gecədə 42 uşaq öldü”

“XATİRƏ DƏFTƏRİ” LAYİHƏSİNDƏ:

Hündür boyu, enli kürəyi ilə seçilir. Saçını həmişə dibdən kəsdirir. Maraqlı insandır. 50 il olar ki, dənizdə işləyir. 30 ilə yaxındır tanıyıram onu.

Tanışlığımızın ilk günlərində orta yaşlarında idi. Dənizçilərə xas olan bütün xüsusiyyətlər onda var; sözübütöv, yalanı sevməyən, qorxmaz, səxavətli və davakar… Donanmada belə adamlar az deyildi. O isə tamam fərqli idi. Açığı, dənizə yeni gələnlər dənizin sirlərini onlardan öyrənərdi. Beləliklə, bu dəfə köhnə dənizçi Ənvər Paşayevin “Xatirə dəftəri”ni vərəqləyəcəyik.

GÖZ YUMULUR…

Hal hazırda “Atlet-2” gəmisində bosman vəzifəsində çalışır. Səhərin “gözü açılmamış” göyərtədə idman edib, soyuq duş qəbul etməklə çoxlarına örnəkdir. Gəminin təmizliyinə nəzarəti isə xüsusilə qeyd olunmalıdır. Hə, bu arada gərək Ənvər kişinin yaşını da nəzərə alaq. Bu gün-sabah 70 yaşı olacaq. Çoxdan təqaüdə çıxışa da, səhhəti, fiziki görkəmi və bacarığı hələ də işləməyə imkan verir. Elə işinin öhdəsindən gəlməyi, öhdəsinə düşən vəzifəni məsuliyyətini bilməsi rəhbərlik tərəfindən dəyərləndirilir. Yaşıdlarının artıq çoxdandan bəri başını nəvələri və nərd ilə qatmasına rəğmən, qalıb işləməsinə göz yumulur.

İşlədiyimiz gəminin “kayut-kompaniya”sında bosman Ənvərlə üz-üzə oturmuşuq. Rayondan gətirdiyi kəkotundan yaxşı çay dəmləyib:

– Komandir, bəlkə sən də içəsən? Dur, süz..

– Yox, istəmirəm..

– Özün bilərsən, amma pis çay deyil, – sonra özünə yenidən çay süzür, kresloda oturur. – Matrosu özüm buraxdım, hüzuru vardı, dedim, get, sən gəlsən, mən deyərəm.

– Eybi yoxdur, – deyirəm və bu azdanışan kişini söhbətə tutmağın yollarını axtarıram. (Dənizçilər bəzi siyasət, sənət, yazı-pozu adamları deyil ki, onlardan yazılması üçün canfəşanlıq edələr). – Bosman, sən Yasabdan oldun da…

Yasab Qusarın ən böyük kəndlərindəndir…

HAMINI SÜNNƏT EDİB YOLA SALIRLAR…

Sualıma qımışır, hələ də həkim üzü görməyən dişləri görünür:

– Hə, neçə dəfə soruşacaqsan, guya bilmir də? Yəqin təzə lətifə danışacaqsan? – deyir və yenidən xırda-xırda gülür.

– Yox, sənin haqda yazmaq istəyirəm, dedim bir az danışaq.

– Sən canın, qoy oturmuşuq, yazıb məni p…a salma. Onsuz da “flotda” hamını “sünnət” eləyib, yola salırlar. (Güclü ixtisarları nəzərdə tutur.)

GRDİM ƏLİMƏ ÜLGÜC ALIM?

– Ləzgilər nə yaman sünnətdən dəm vurur e, sən də işdən çıxarsan, gedib sünnətlə məşğul olarsan, – aranı qızışdırmaq üçün əlimə fürsət düşüb.

– Nə deyirsən, qoca vaxtımda gedim əlimə şey… ülgüc alım? Yox, mən pensiyaçıyam. İki oğlum var, biri gəmi kapitanıdır, biri də baş köməkçi. Daha mənə nə lazımdır ki… Pensiyam da ki, pis deyil, arvad da pensiya alır.

Beləliklə, Ənvər kişi ilə söhbətimiz öz məcrasına düşür. Açıram onun qat kəsmiş xatirə dəftərinin üz qabığını, ömrünün ilk günlərini vərəqləyirəm.

– Biz müharibə vaxtı dünyaya gələnlərdənik. Anam deyirdi ki, sizi çox çətinliklə böyütmüşəm. Kişilər davada idi də… Bizim rayon çox aclıq keçirib, sən bilməzsən, Cəlilabada baxma, orda taxıl bol olub. Kitab oxumaq, yazmaq o günləri yaşamaq deyil.

HƏR GÜN ÖLÜM XƏBƏRİ ALMAQ ADİ ŞEY İDİ..

Sonra o qanlı-qadalı günləri yada salıb təfərrüatı ilə danışır:

– Anam deyirdi ki, qış vaxtı hər gün ölüm xəbəri eşitmək adi hal idi. Davadan o qədər ölüm xəbəri gəlməzdi, deyir anam. Arvadlar o qədər əziyyət çəkərdi ki… kotana qoşularmışlar. Sonra heç doğa da bilməyiblər e… – gözümün içinə baxır, – əlbəttə ki, ərləri gələndən sonra. Ot-ələflə içlərini təmizləyiblər, türkəçarə ediblər.

Zarafat edirəm:

– Niyə türkəçarə, ləzgiçarə yox idi ki…

– Elə ləzgilərin çarəsidir də, türkaçərə adıyla yayılıb Rumdan Şama…

Deyir və televizorun düyməsini basır:

– Görək, nə deyirlər.

KOLXOZ SƏDRİ BİLİRSƏN NEYNƏDİ?

Televiziyadan xəbərlər gedir. Xəbərlərdə bir nəfər hansısa ölkənin vətəndaşının özünə torpağın altında qazma otaqdan ibarət ev yaratdığından danışırlar.

– Komandir, bu indi harınlığından yerin altında ev tikib. Amma bizim kənddə birisi vardı, özünə qazma ev yaratmışdı. O vaxtlar e… biz hələ uşaq idik. 5-6 yaşımız olardı. Xaçmaz tərəfdən imiş. Bizim kəndli qıza evlənibmiş. Orda yola verməyiblər. Gəlib bizim kəndin qırağında dağın yamacında yeri qazıb, 3 otaqlı bir ev düzəldib. O zaman 3 uşağı varmış. Mağara qurubmuş da özünə. Kimsə kolxozun sədrinə deyib, o da gəlib haylayıb onu, çıx çölə, deyib. Niyə burda qalırsan, soruşub. Kişi də deyib ki, evim yoxdur. Demək, o kolxoz sədr bilirsən neynədi? Kənd adamlarına, kolxozçulara kərpic kəsdirdi, evin tirlərini meşədən gətizdirdi, buna 3 otaqlı ev tikdirdi. Ayaqyolusunu, hamamını tikdirdi. O zaman evlərin yeri torpaqdan idi, buna taxta döşəmə vurdurdu. Sonra ona iş də verdi. Yazıq türmədə olubmuş, heç kəs ona iş vermirmiş. Təzə traktor gətizdirdi verdi ona, elədi 5 kişinin biri…

HİL KƏNDİNİN UŞAQLARI

– Xeyirxah adam imiş..

– Xeyirxah da sözdür? Adı Hacıkərim idi… özü “detdom”da böyümüşdü. Bizim Davud Tələtoviç vardı ha, Talıbzadəni deyirəm, (Talıbzadə uzun müddət XDND-nın karlar idarəsinin rəisi işləmişdi) bax, onunla yetim evində böyümüşdü. Davud müəllim hər yay gələrdi bizim kəndə istirahətə.

– Demək, ona görə Yasablılar dənizi bürüyüb də.

– Hə, bizə baxdı, Hil kəndinin uşaqları gəldi dənizə. Hacıkərim yaxşı kişi idi. Onun çox böyük hörməti vardı.

– “Hil ilə Yasab, Bilməz haqq hesab”, – niyə belə deyirlər?

– Qonşu kənddir də… Vallah çox mehribandı bu kənd adamları. Amma arada olur da… Lətifə qoşurlar…

TOYUQ OĞURLUĞU

Sonra yenə də xatirələrinin uşaqlıq illəri səhifəsinə qayıdır:

– Hacıkərimin o qədər xeyirxahlığı olub ki… Həmişə 4-5 uşaq gedərdik fermanın toyuqlarını vurub bişirərdik. Bir dəfə də elə etdik. Qoruqçu axırı kişiyə deyib ki, vallah, toyuq qurtaracaq, hayıfmı gəlir uşaqlara, acdılar, müharibədən sonradı, ələ vermək istəmirəm. Toyuqdur da yesinlər. Amma ta bu qədər də olmaz. Soruşub kimlər idi, bu da deyib ki, filankəsin uşaqları. Bizim də dostlardan birinin ata-anası qışlaqda idi. Uşaq evdə tək olurdu. Toyuqları kabab edib elə süfrəyə təzə oturmuşduq ki, qapı açıldı. Sədr girdi içəri. Salam verdi, özü də oturdu, bir tikə yedi. Sonra dedi ki, axırıncı dəfə olsun, daha oğurluq etməyin. Utandıq. Şəxsən mən bir daha oğurluq etmədim…

LENİN HEYKƏLİNİN DAĞIDILMASI

– Bir dəfə də,- sən rəhmətlik Eldar Şəfiyevi tanıyırdın da,- hə bax, o, orta məktəbi bitirib gedib instituta. İki alıb, girə bilməyib. Əsgər aparırlar. Axşam 6 nəfər cavan oğlan yeyib-içir, gəlirlər kənd sovetinin qarşısında parkda Lenin heykəlini sökürlər. Heykəli tamam sındırırlar. Səhər parkın keşikçisi sədrə deyir ki, bəs uşaqlar sərxoş idilər, Leninin ana-bacısını söyürdülər ki, bizi əsgərliyə aparırsan, biz isə oxumaq istəyirik. Sədr axırı uşaqlardan birinin adını öyrənə bilir. Qarovulçu qorxusundan demirmiş ki, uşaqlara nəsə edərlər. Nə isə, Eldarın atası Şəfi kişini çağırır. Deyir, olmaz belə. Şəfi də anbardar işləyirdi. Bütün kəndin ağsaqqallarını toplayır, komissiya yaradır, akt yazırlar ki, güclü külək heykəli yıxıb. Raykom katibi deyir, Hacıkərim, o külək nə vaxt əsdi, biz bilmədik? Axı yaydı. Hacıkərim də deyir ki, külək qışda əsib, heykəli əymişdi. İmkanımız olmayıb düzəltməyə. Bu ilin məhsul yığımından sonra təmir etdirəcəkdik. Beləliklə, cavanları qoymadı itib-batsın. Əsgərlikdən saxlatdırdı. Hamısına şərait yaratdı, girdilər məktəbə. Eldar tanınmış kapitan oldu. Oğlanlarının ikisi də dənizdədir…

NANƏCİB ADAM

– Bosman, deyirsən, sizin kənddə heç nanəcib adam olmayıb?

– Niyə olmayıb, meşəyə gedirsən, uzaqdan gül-çiçək, moruq, giləmeyvə ətri vurur adamı. Get içəri, ayağını tikanlar dalamır?

Başımla təsdiqləyirəm.

– Ay sağ ol, bizim də kənddə elələri olub. Amma onları heç xatırlamırıq. Bax, Hacıkərimdən qabaq bir kolxoz sədri olub, adı da Eyvaz. Heyf o addan. Gör bizim kənddə indi Eyvaz adında bir adam taparsan? Yox, çünki o Eyvaz o adın üstündə oturdu, zay elədi o adı…

UŞAQLARI GÜLLƏ İLƏ VURARMIŞ

– Necə ki?

– Müharibə vaxtı kolxoz sədri olub. İnsanlara qan uddurub. Körpə uşaqlar çıxıb ağacdan alma-armud dərərmiş ki, yesinlər. Ölməsinlər acından. Bu, atın üstündən tüfənglə uşaqları vurub yerə salırmış. Elə bil, qarğa-quzğuna güllə atırmış. Camaata deyirmiş ki, hər şey cəbhə üçündür. Camaat həyətində meyvə ağacı əkirmiş, gəlib sayırmış meyvələrin sayını, qeyd edirmiş ki, yeməsinlər.

42 UŞAQ ÖLDÜ

Yaxşı adam deyildi. Kənddə müharibə zamanı uşaq bağçası tikilibmiş. Atasız-anasız yetim uşaqlar qalırmış orda. Bir gün güclü şaxta olur. 42 uşaq donub ölür. Anam deyir ki, səhər hərəmiz bir uşağı aldıq qoltuğumuza apardıq basdırdıq. Kişilər müharibədə idi. Eyvaz qoymayıb odunu yandırmağa ki, hər şey cəbhə üçündür, əsgərlər orda soyuqdan donur, uşaqlara heç nə olmaz…

– Bu adam necə yaşadı sonra, necə öldü?

– İt kimi öldü. Zingildəyə-zingildəyə. Öləndə arvadı, oğlu bir də qızı apardı basdırmağa, kənddən heç kəs yasa getmədi. Arabaya qoyub apardılar. Daha o kənddə qala bilmədilər. 1-2 ay keçmiş köçdülər başqa yerə. Amma Hacıkərim öləndə, qəbiristanlığa qədər bir km yol insanla dolu idi. Hər yerdən gəlmişdilər yasına. İndi onun oğlanlarına da atasına görə hörmət edirlər. Yaxşı adam yaxşı ad qoyub gedər də…

HƏLƏ BUZOVNADA OLMAMIŞAM

Ənvər kişi, indi də yaxşı adamlar var, amma pislər o qədər çoxalıb ki… o gün maşını aparmışam ustaya, evə gəlmişəm. Uşaqların anası çay süzüb, təzə oturub çay içirəm, kimsə zəng vurur ki, bəs sənəd tapmışam, burda nömrədə yazılıb. Sürücülük vəsiqəsi, texpasport, başqa kağızlar. Deyirəm, haradan tapmısan? Deyir: – Buzovnadan. Deyirəm, a bala, mən 50 ildir Bakıda yaşayıram, hələ Buzovnada olmamışam. Sənədlər isə yarım saat bundan qabaq maşında idi… necədi sənin üçün – 59 manat aldı məndən…

– Sən də bəsdir də. Day 59 niyə, ya əlli olardı, ya da 100.

– Olanım o oldu. Vermirdi ki, deyir, tapmışam, şirinliyimi ver. 100 manat istəyirdi.

Bu dəfə mən dururam, Ənvər kişiyə çay süzürəm:

 Sən qal, matrosların üstündə gözün olsun, təmir də gedir, mən gedim.

– Get, arxayın ol, bir azdan mən də çıxacam, iş vaxtı başa çatır…

Faiq Balabəyli

2014.05.24 Axar.az

Share: