Azərbaycan əsgərinə heyrətlənən erməni hərbçi

“Azərbaycanın bir əsgərini vurursan, o biri gəlir, o birisini vurursan, yenə gəlir. Qaçmırlar. Gəlməyə davam edirlər. Robot kimidirlər”

Bunu 90-cı illərdə vuruşmuş, indi isə Ağdərədə canınını süründürən, yaşı getmiş bir erməni hərbçisi “New York Times”a danışır.

Bu məqama qayıdacam.

Əvvəlcə həmin reportajdakı jurnalistika, bitərəflik prinsiplərini pozan bir neçə məqama toxunaq.

Reportaj başdan-ayağa tərəflidir, daha çox hazırda Xankəndidə, Şuşada gizlənən erməni qadın və kişilərdən bəhs edir. Qeyd olunur ki, bir erməni qadın 3-4 gün zirzəmidə qalıb deyə soyuqlayıb, digəri PUA-nın səsindən qorxu keçirib, sarsılıb.

Aman…

Hörmətli “bitərəflik” deyəndə ağzı köpüklənən “New York Times”, 3-4 gün zirzəmidə qalan kimi soyuqlayan erməni qadınına acıyırsız, bəs bununla müqayisəyə gəlməyəcək qədər acınacaqlı durumda illərlə ömrünü çürüdən, səfalı kəndlərdən qovulub aranın bürküsündə vaqonlarda can verən, nəm zirzəmilərdə həyatını tapşıran on minlərlə azərbaycanlı qadın, uşaq, ahıl gözünüzün önünə gəlmir?

Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün var və dildə rahat hallanan bu “milyon” sözünə ömrünüzdə bircə dəfə, çox yox, 5 saniyə vaxt ayırmısız?

Bir milyon sosial problemli insanı təsəvvürünüzə gətirə bilirsiniz?

Üstündən 30 il vaxt ötüb, bu gün onların böyük əksəriyyəti mənzillərlə təmin olunub, Bakıda və Azərbaycanın digər rayonlarında yaşayırlar, ancaq hələ də uşaq bağçasında, yardımçı tikililərdə qalan minlərlə soydaşımız var, Qarabağdakı müsibətdən canını qurtaranda subay olan insanlar var idi, hansı ki vaqonlarda, uşaq bağçalarında nənə, baba oldular…

Bu adamları 3 gün zirzəmidə gizlənib deyə soyuqlayan erməni qadınla bir tabloya qoya bilərsiniz?

Reportajdakı açıq-aşkar qərəz püskürən digər məqam Qarabağın adlandırılması ilə bağlıdır. Çox məşhur beynəlxalq KİV-lər Qarabağa hələ də usanmadan mübahisəli torpaq deyir.

Axı siz bütün ölkələrin, qurumların Azərbaycan ərazisi kimi qəbul etdiyi, sənədləşdirdiyi bir ərazi haqqında mübahisəli torpaq deyərək necə canınızı qurtarırsız? Əgər mübahisə ilə ərazi mənimsəmək olursa, bunu hər kəs eləyə bilər.

Hazırda Azərbaycanın 5-dən çox ölkədə tarixi əraziləri var, millətçilərimiz daim o torpaqlardan iddialarını çəkmir, o zaman həmin torpaqlardakı iddialarımızı da qoruyun, millətçilərimizin mübahisəsinin yanında olun.

Biz isə sizə mübahisə üçün zərrə də boşluğu olmayan, bütün dünyanın qəbul etdiyi, sizin də daim mötəbər saydığınız mənbə təqdim edirik: beynəlxalq hüquqi sənədlər, qanunlar, konvensiyalar.

Daha nə görməlisiz ki, Qarabağın Azərbaycan torpağı olduğunu dilinizə alasınız?

Daha bir termin, “anklav”…

2016-cı ilin mart ayında Tərtər rayonun Şıxarx kəndində idik. Yaxın kəndlərdən birinin icra nümayəndəsi çəkmək istədiyimiz verilişə görə bizə informasiya verirdi. Bu zaman ərazidə qismən dağıdılmış bir abidə gördük. Həmin abidə Qarabağ ermənilərinin nə qədər qarabağlı olması ilə bağlı bütün iddialara aydınlıq gətirir. Zənnimcə “anklav” terminindən istifadə edən beynəlxalq qurumlar da bu məqama diqqət yetirsə, azından həqiqəti bir daha bilmiş olarlar.

Abidə ermənilərin həmin əraziyə İranın Mədrəsə və digər ərazilərindən, eləcə də başqa ölkələrdən köç etməsinin 150 illiyi münasibətilə 1978-ci ildə, dünyanın düz vaxtı ermənilər tərəfindən Şıxarx kəndində ucaldılıb. Öz əlləri ilə inşa etdikləri abidə də göstərir ki, inşaatdan 150 il əvvəl, yəni 1828-ci ildə Azərbaycanın İran və Rusiya arasında bölüşdürülməsini rəsmiləşdirən Türkmənçay müqaviləsindən sonra, Arazın o tayında qalan ermənilər Azərbaycan ərazisinə, o cümlədən Dağlıq Qarabağa köçürülüb.

Sewing military uniforms and other supplies in a basement in Stepanakert.

Mən bəzi tarixçilər kimi ermənilərin ümumiyyətlə tarixdə mövcud olmadığını, günlərin birində çantada göydən düşdüyünü iddia etmirəm. Ermənilər mövcud olub, amma əksəriyyətinin Qarabağa gəliş tarixinin çox yaxın olduğunu təsdiq edən daha bir məqamı kütləviləşdirirəm.

Həmin abidə ermənilərə aid olduğu üçün 90-cı illərdə Şıxarx kəndinin azad olunmasından sonra bəzi məlumatsız, erməniyə qəzəbi olan millətçi gənclər tərəfindən sökülürmüş. Söz açdığım icra nümayəndəsi təsadüfən ordan keçərkən mənzərəni görür, uşaqları qovur və bu gün bizim işimizə yaraya biləcək, daim çürük, pafoslu tarixi iddialarla danışan erməni siyasətçilərin qarşısına qoya biləcəyimiz bir abidə xilas olunur.

İndi “anklav” terminini işlədən beynəlxalq KİV nümayəndələri də bir zəhmət bu tip məqamlara diqqət etsələr, daha peşəkar davranmış olmazlarmı? Çalışdığı qurumdan ezamiyyət qoparıb macəra axtarışına çıxan xarici jurnalistlər Tərtər rayonuna gəlib həmin abidə ilə tanış ola bilər. Bu gün bir topa erməninin azərbaycanlıların sıx yaşadığı rayonlarla əhatələnmiş Ağdərədə, Xocavənddə, Xankəndində anidən artmasının səbəbini anlaya bilər.

Sözügedən reportajda və bu tip materiallarda yazılan nabələd və bəzən bilərəkdən təhrif olunan məqamların müəllifləri təəssüf ki, SSRİ zamanı da aparılmış və bu gün sənədlərlə təsdiqini tapan böyük köçlərdən xəbərsizdir. Hansı ki, bu köçlər bütün hallarda ermənilərin Qarabağ regionunda, Ermənistan ərazisində sıxlaşmasına, azərbaycanlıların isə oradan seyrəldilməsinə xidmət edib.

Təkcə 1948-1953-cü illərdə İrəvandan və hazırkı Ermənistan Respublikasının ərazisindən 100 mindən artıq soydaşımız Salyana, Ucara və Azərbaycanın digər aran rayonlarına köçürülüb – bu proses çox yaxın tarixdə baş verdiyindən istəyən jurnalist, tarixçi, hətta beynəlxalq ekspertlər arxivdən bu sənədləri əldə edə bilər.

Təkcə 1949-cu ildə Ermənistandan Azərbaycanın Saatlı, Göyçay, İmişli, Əli Bayramlı (Şirvan), Zərdab, Salyan, Kürdəmir, Xaldan, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Gədəbəy və Bərdə rayonlarına 15 min 276 adam köçürülüb.

Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu, əsasən, Basarkeçər, Zəngibasar, Noyemberyan, Mikoyan, Dilican, Aştarxan, Kirovakan rayonlarını əhatə edib.

Deportasiya əsasən azərbaycanlıların yığcam şəkildə, yaxud ermənilərlə qarışıq yaşadıqları dağlıq və dağətəyi rayonlarında aparılırdı.

1947-ci ilin 23 dekabrında SSRİ Nazirlər sovetinin verdiyi 4083 saylı qərarı ilə ümumilikdə 100 min azərbaycanlı Ermənistandan Kür-Araz ovalığına köçürülüb. Qərara əsasən onların boşaltdığı evlərə xarici ölkələrdən köçürülən ermənilər yerləşdirilib.

Ümumi mövzudan yayınmamaq üçün bu barədə daha səlis məlumatın yer aldığı “Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabımı nişan verib, qayıdıram “anklav” məsələsinə.

İndi ətcə jurnalistlər “anklav” terminindən istifadə edərək keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisini Azərbaycan rayonları ilə əhatələnmiş erməni torpağı kimi qələmə vermək istəyir. Məsələ budur ki, bu tip reportajlardakı qərəz, təhrif primitiv səviyyədədir. Aydın görünür ki, bu işə təhkim olunan nümayəndələri regionun yaxın tarixindən belə xəbərsizdir. Qərəzin primitivliyi isə özünü hər an ələ verir.

Əgər ermənilərin bir yerə köçməsi, orada artması, sonradan ərazi iddiası irəli sürməsi bunca rahat leqallaşdırılırsa, o zaman onlar dünyanın hər yerində özlərinə “anklav” ərazilər istəyə bilər; Livan, Rusiyanın Krosnadar vilayəti, ABŞ-ın bir çox ştatları, İran ostanları, Fransanın Marsel şəhəri və s.

Və sonda qayıdaq elə həmin reportajda yer alan mırıq erməni hərbçisini heyrətləndirən əsgərlərimizə. Köhnə hərbçilər olan Aleksanyan və Saakyan Azərbaycan əsgərlərindən heyrətlə söz açırlar və deyirlər ki, artıq Kalaşnikov (avtomat) müharibəsinin vaxtı deyil, Azərbaycan dronları hərbi texnikalarımızı məhv edir.

“Müharibə” və “möhtəşəm” sözləri hər nə qədər uzlaşmasa da, onu demək zorundayıq ki, PUA-larla sırf hərbi texnikaların məhvinə hesablanan müharibə dünyanın ən sivil, ən möhtəşəm müharibəsidir. Bir jurnalist olaraq məhv olmuş hərbi texnika görəndə sevinirəm. Ona görə də PUA-lar əvəzsizdir və Azərbaycanın bu müharibədə böyük gücü pilotsuz aparatlarla qarşı tərəfin texnikalarını məhv etməsinə verməsi çox ağıllı taktikadır.

Ermənilərin xatirində isə üç Azərbaycan əsgərinə bir avtomat, iki daraq güllə çatan günlər qalıb, müharibə başlayana qədər hərbçilərimizi belə qiymətləndiriblər. Hansı ki, həmin vaxtlar əsgərlərimiz yalnız hərbçi dostu yaralananda və şəhid olanda onun silahını alıb döyüşə atıla bilirdi. Belə üz-üzə döyüşlərdə təbii ki, SSRİ-nin hərbi bazasından istifadə edən ermənilər üstün olurdu.

Sadəcə, erməni hərbçilərini kimsə aldadıb, yaxud bu 27 il ərzində o qədər yalan danışıblar ki, axırda mitomaniyaya yoluxublar, öz yalanlarına inanmağına başlayıblar.

Guya erməni ordusu yenilməzdir, Azərbaycan əsgərləri bunları görən kimi qaçırlar. İndi Aleksanyan kimilər əsl Azərbaycan əsgərini görəndə gözləri kəlləsinə çıxır. Deyirlər, geri çəkilmirlər, hərbçi yoldaşları ölsə də, onlar yenə irəli gəlir.

Ay Tiqran Saakyan, təbii, geri çəkilməyəcəklər, sizin robot dediyiniz məqama biz ilahi eşq, vətən yanğısı deyirik.

Vursanız da geri çəkilməyən o əsgərlər düz 30 ildir bu günü gözləyirdilər.

Qarabağı görməyən gənclər belə atalarından, babalarından eşitdikləri söhbətləri içlərində o qədər diri saxlayıblar ki, o əhvalatlar sizin kimi yüz mırıq hərbçidən qüdrətlidir.

Sərdar AMİN

Share: