Hidayət Atakişiyev: Şəhidlərin dəfni günü dor ağacından Sovet bayrağını endirib öz qara köynəyimi asdım

Müstəqil.Az saytının Dənizçilərə Sosial Dəstə İB ilə birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı, təcrübəli dənizçi, FHN-nin gəmilərində kapitan olaraq şalışan Hidayət Atakişiyevdir.

-Salam, Hidatət kapitan, xeyli müddətdir görüşmürük.

– salam, Faiq müəllim. Düzdür, görüçməsək də əlaqələrimiz heç kəsilməyib də…

-O da düzdür. Hidayət müəllim, ilin günü bu vaxtında hardasız, nə işlə məşğulsuz, səhhətiniz necədir?

-Hal-hazırda FHN- nin Xilasetmə İdarəsində kapitan olaraq çalışıram. Səhhətim də pis deyil. Pandemiya ilə əlaqədar olaraq, hər kəs kimi mən də özümə və ətrafıma qarşı daha diqqətliyəm.

– Yaşınızın üstünə yaş gəlir, daha saçlar da əvvəlki deyil, rənglərini tam dəyişib, ruhən necəsiz?

– Saçlarım ağarsa da, ruhən çox sağlamam və xalqımızın yolunda özümü həmişə əsgər kimi hiss edirəm.

– Sizinlə “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq, necədir dənizçilik həyatı, ürəyinizcə oldumu uzun illər bu həyatın yaşamını , dadını, tamını bilən adam kimi?

-Mən dənizə gələndən sonra həmişə işimi sevmişəm. Dövlətimiz üçün hər zaman öz təcrübəmdən istifadə edərək gələcək nəsillərin dəniz təcrübəsinə yiyələnməsi üçün çalışmışam və çalışıram da. İşimlə qürur duymuşam.

– Hidayət müəllim, siz Qubada doğulmusuz, dəniz səviyyəsindən çox-çox yüksəklikdə. Bu yüksəklikdən sizi aşağa, dənizə hansı qüvvə çağırdı, dənizə sevgi hardan yarandı?

-Bəli, Quba yüksəklikdə olsa da, mən hələ yüksəlməmişdim. Böyük qardaşımın məsləhəti ilə dənizdə işə başladım. Dəniz məni Quba qədər yüksəltdi, ailəmin xoşbəxtliyini dənizdən qazandım. Bəli, Faiq müəllim, dəniz zarafatı, sevinci, dostluğu, cəsurluğu, təmizliyi, fiziki sağlamlığı və allahını sevən adamlara həmişə ruzi-bərəkət verib.

– Mən sizi tanıyanda “Alatau” gəmisinin kapitanı idiz. Daima zaraft edən, yumor hissi güclü olan bir kapitan kimi tanınırdız. O günlərin macəra dolu anlarından oxucularımız üçün danışa bilərsizmi?

-Harada olsam da  bütün tanıdığım insanlarla, gəmi heyətilə, fərq etməz, şən, mehriban olmuşam. Bu gün də tanıdığım hər kəsə hörmətim var. Maraqlı bir dəniz əhvalatı danışım:

Qazaxıstanda idik. Yadına gələr, yəqin ki, Hacının oğlu Akif də bizimlə idi (Hacı dononmanın ərzaq mağazasının müdüri idi, maddi cəhətdən zəngin adam idi – Faiq Balabəyli). Qəfildən qasırğaya düşdük. O mənə yalvardı ki, geri qayıdaq. Əlavə etdi ki, atama deyəcəm, mağazadan nə istəsəz, pulsuz verəcək sizin gəmiyə.

Amma Bakıya gələn kimi Akif o gedən getdi, ümumiyyətlə dənizdən qaçdı.

Sənə çox məsələləri, zarafatları, Kamalın baş köməkçi olmasını yazsam, onları toplasan bir roman olar.

Demək, Akif dənizin o üzünü sevə bilmədi.

– Düzdür, dəniz o tip adamlarlıq deyil, həm də deyilib axı,  dəniz sağlam insanları sevir.

 

-Hidayət müəllim, bir çox dənizçinin formalaşmasında, təhsilini davam etdirib, gəmi sürücüsü, mexannik olmasında tövsiyyələriniz olub. Deyəsən ailə üzvlərinizdən də sizin yolunuzu davam etdirən var, oğlunuz Faiq nəzərdə tuturam.

-Davamcıllarımla fəxr edirəm. 1985-ci ildən “Yusif Səfərov” gəmisində kapitanlığa başlamışam. Sonra XDND  idarəsinin bütün gəmilərində və idarədə 14-cü dərəcəli təlimatçı işləmişəm. Xəzərdəki neft şəhərciklərinin, “Çıraq-1”, “Günəşli”, “Azəri”, “Şahdəniz”, “Abşeron”, Qazaxıstan, Türkmənistan yataqlarının yaradılmasında fəaliyyətim olub. Mənimlə işləyən köməkçilərim hazırda kapitan kimi xarici sularda üzür. Fərrux, Nazim, İlqar, Şirzad, Kamal, Gülbala və başqaları.

Ailə üzvlərimdən böyük oğlum da davamçımdır. Sənin adaşındır- Faiq Atakişiyev.

Astarxanın “Lotos” zavodunda buruqlar üçün modulların tikilişində, neft şirkətinin vitse-prezidenti Əhməd Zeynalovun köməkçisi kimi də işləmişəm. İki il Yuqoslaviyada gəmi tikilişi və təmirində çalışmışam. Hal-hazırda isə FHN-də kapitanam.

-1990-cı ilin 20 yanvar hadisələri zamanı sizində kapitanı olduğunuz “Alatau” gəmisi Bakı buxtasında qəsbkar ordunun Azərbaycandan çıxarılması üçün edilən etiraz aksiyasında, ölüm-dirim savaşında çarpışanlardan idi. Hadisənin ilk gününü necə xatırlayrsız?

-1990-cı ilin yanvar ayında “Alatau” gəmisilə Qazaxıstan sularında neft axtarışı üzrə işləyən  “ Arteriya-7 “ üzən qurğusunun təhlükəsizliyini və hər bir ərzaq qurğuya lazım olan mal – materiallarla təmin edirdik. Biz verilən tapşırıqlara görə 19 yanvarda Bakıya gəldik və Limanbazanın körpüsünə yan aldıq. Geofizik idarəsindən məlumat gəldi ki, sabah gəmiyə qazma üçün borular yüklənəcək. Mən icazə alıb evə gəldim. Gəmi ilə əlaqə yaratmaq üçün əl radiosunu götürmüşdum.

Porta yaxın yerdə qalırdım. Saat 23:30-da baş köməkçi ratsiya ilə xəbər verdi ki, Şamaxinka tərəfdən rus qoşunu şəhərə girir. Ağalar İbrahimov camaatı yolları kəsmək üçün yığır. Tapşırıq verdim ki, heç kim gəmini tərk etməsin, özüm gəlirəm. Evdən çıxıb taksi çağırdım. Yollar BTR və tanklarla dolmuşdu. Evə dönüb ətrafda yaşayanlara küçəyə çıxmamağı tapşırdım. Hasardan tullanıb dənizin sahiliylə gəmiyə gəldim. Saat 03:50 idi. Baş köməkçi vəziyyəti məruzə elədi. Bəlli oldu ki, şəhərdə insanları qırıblar.

– Bəs sonrakı günlər? Məsələn Xəzər Hərbi Dəniz Dononmasının ərazisində olarkən qarşılaşdığınız anları yada salmaq çətin deyil ki sizə?

-Deyildi ki, Ağalar dənizçilərdən yığıb gedib. Səhərədək gözlədik və kapitanlarla məsləhətləşərək qərara gəldik ki, dəniz vağzalına gedib lövbər salmaq və “Sabit Orucov” gəmisiylə “SOS”  siqnalı verib dünyaya xəbər salaq. Saat 08:00 -da “Alatau” gəmisiylə “Sabit Orucov”  gəmisinə çatdıq. Kapitan Mövludun yanına gələndə gördüm ki, idarənin rəisi Cəbrayil Xanlar oğlu, Kapitan Mövlud, Elşən Nəsirov, Gərkədan Mirkərim, baç köməkçi Kamil də burdadır.

Məni “Alatau” gəmisinə çağırdılar, görüləcək işlərlə bağlı idi. Sifarişçi idarənin nümayəndəsinə  gəminin heç yana getməyəcəyini bildirdim. Artıq Bakı buxtasında 100- dən çox gəmi var idi. Və idarəmizin dənizdə olan  bütün gəmiləri Bakıya gəlirdi. Bu dəqiq idi kiŞ rəhbərlikdən heç kəs  gəmilərə “gəl” tapşırığı verməmişdi. Biz şəhidlərimizə görə yığışmışdıq. İkinci dəfə Mövlud kapitanın yanına gələndə onun kayutasında idarəmizin rəisi Cəbrayıl Xanlaroğlu və ona yaxın digər dənizçilər vardı. Həmin gün orda hərbiçilər də vardı. Onlardan biri soruşdu ki, “kto zdes starşi?”. Cəbrayıl Xanlaroğlu dedi ki, ” Vı smotriti more, skolko sudov i stolko starşiy, oni vse starşi”

Saat 14:00 radələrində buxta gəmilərlə dolmuşdu. Cəbrayıl Xanlaroğlu dedi, bir nəfər “Sabit Orucov”la efirə, danışıqlara qulaq assın.

Mövlud kapitanla Azadlıq meydanı tərəfə irəlilədik. O, əlini ürəyinin üstünə qoyub ağlayırdı. Şəhidləri meydandan götürəndə izdiham hərəkətə  başladı. Mövludla gəmiyə qayıtdıq. Dedi ki, Hidayət, indi bizi tutmağa başlayacaqlar.

Gəmi ilə lövbərə dayandım.”Vodoley-4” gəmisi vağzala yaxın yerdə lövbərə durmuşdu. Buxtanı boşaltmaq zamanı gələndə gəmiyəsahildən tankla atəş açdıqları üçün gəminin burun tərəfi partlamışdı.

– Hidayət müəllim, yanvarın 24-də həbs olundunuz, Ulyanovska sürgün olunan dənizçilərin sırasında vardız. Bu haqda mənim “Kəsilməyən həyacan fiti” kitabımda bəhs olunub. Amma əlavə nə deyə bilərsiz?

-Bütün gəmilərə saat 14:00-dək buxtanı boşaltmaq əmri verilmişdi. “Qazma kəşfiyyat”  idarəsindən Hüseyn müəllim-idarənin rəisi dedi ki, təhlükəsizliyimə zəmanət verir və mən portbazadan ərzaq götürüb qurğu üçün Qazaxıstana gedim. Buruqdakı adamların ailələrində şəhid olanlar, itkin düşənlər var, onları gətirim.

Mən gəmini limanbazaya gətirdim. Saat 15:00 olardı. Elan olundu ki, dənizə çıxan gəmilər hərbi gəmilər tərəfindən yoxlanılacaq, sonra dənizə çıxmağa icazə veriləcək. Neftayırma zavodunun qabağında “Bakı-5 “ adlı hərbi gəmi lövbərə dayandı. Elan edildi ki, gəmiləri  bunlar yoxlayacaq.

Şəhidlərin dəfni günü dor ağacından Sovet bayrağını endirib öz qara köynəyimi qaldırmışdım. Portbazada idim. “40 let VLKSM” gəmisinin kapitanı  Kərəm Məmmədovun  tələsik harasa getdiyini gördüm. Hara getdiyini  soruşsam da, mənə cavab vermədi. Beş dəqiqə keçmiş efirdə deyildi ki, Səfər bəy qaçdı.

Onda bildim ki, Kərəm kapitan heyyətini tək baş köməkçi Elxan Hüseynlinin ümüdünə qoyub və gəmini tərk edib. (Kapitan Hidayət Atakişiyevin söhbətlərində bəhs olunanlar digər şahidlərin söylədikləri ilə üst-üstə düşmədiyi üçün xatirələrdə doğruluğu şübhəli olan məqamlar  var- Faiq Balabəyli). Elə bu zaman “Neftqaz-64” gəmisinin kapitanı Rövşən Dəmirovu gördüm. Dedim, sən burda dayanma, gəmin aşsüzənə dönüb, get.  Dedi, yox, o zaman mənə də Kərəm kimi qaçıb, deyəcəklər. Çox məcbur etdim, sonda razılaşdı. Mənim gəmimə ərzağın gətirildiyini Rövşən kapitan da gördü,mən onu yola salıb gəmiyə qayıtdım.

Gəmidə radist dedi ki, komandir,  səni tutacaqlar, dayanma, get. Olmaz, dedim, deyirsən gərək mən də qaçım?

Heyətin sənədlərini yığıb yoxlamanı gözləyirdim. Radist yenə gəldi və dedi ki, qaçın, gəlirlər. Həmin an qapı təpiklə açıldı və üç nəfər silahlı adam içiəri girib avtomatı sinəmə söykədi.

Komanda verib məni qaldırdığım qara bayrağın altına gətirdilər. Təsəvvür et, Faiq müəllim, Hidayəti əli boynunda ağzı aşağı uzadıblar, avtomatlar da atəşə hazır vəziyyətdə…
Mən niyə sovet bayrağını salıb qara bayraq qaldırdığımı soruşdular. Dedim ölkədə şəhidlərimiz var. Dedilər ki, əmr edirik, bayrağı aşağı sal. Yox, dedim.
Dedilər, səni bu dəqiqə güllələyəcəyik, dedim, güllələyin, mən də o şəhidlərin biri. Bayrağı özləri endirdi, Sovet bayrağını qaldırdılar,  məni isə hərbi katerə mindirib apardılar. Gəmi heyət katerə doğru irəlilədi, mənim aparılmağıma imkan vermək istəmirdilər.  Onları sakitləşdirdim,  güclə geri qaytardım, hərbçilərə təzyiq edilməməsini xahiş etdim. İzahata qol çəkib qayıdacağımı vurğuladım.
Məni Bayıla-Hərbi Dəniz dononmasına dubinka ilə döyə-döyə gətirdilər. Kapitan Valodya Sapronovu gördüm. Onu da həbs etmişdilər.  Komandan general Tiqonov da burada idi. O, buxtada duran gəmi kapitanlarının siyahısını istədi.
Dedim, Qazaxıstanda işləyirəm, burada heç kimi tanımıram.
Sapronovdan istədi. Sapronov ona qışqırdı: ” Vı sadisti, vı şakalı, o qədər adam öldürmüsünüz, bəs deyil?”

Bundan sonra bizə olmazın işgəncələr verməyə başladılar.
Başımıza qara çexol keçirib BTR-in içinə saldılar. Valodyanı rus olduğuna və bizimlə bir olduğuna görə ölümünə döydülər. Gözlərini açıb mənə baxdı, sanki vidalaşırdı.
Qeyri-ixtiyarı onları söydüm. Məni necə vurdular, bilmədim. Huşumu itirdim.

-Ümumiyyətlə o hadisələrdən 30 ildən çox vaxt keçir. Bəzi qüvvələr dənizçilərimizin etdiklərinin üstünə kölgə salmaq istəyir, buna sizin münasibətinizi bilmək maraqlı olardı.

-. Bir az keçəndən sonra bizi yenidən döyməyə başladılar. Bizi hara apardıqlarını bilmirdik. Sonradan  indiki Səbail Polis İdarəsinə gətirildiyimizi bildik. Kərəm Məmmədovun baş köməkçisi Elxan Hüseyinli, ” Atlet-21” gəmisinin kapitanı  Ümüdvar Hüseynov, matorçu Nazim və bir çoxk=ları vardı burda. Hamımızı bir otağa salıb əzab verməkdə davam edirdilər…

-Hidayət Kapitan, özünüzü ələ alın, çətindir, bilirəm, amma yaddaşınızı vərəqləyin…

– Baxın  gözlərim dolur, danışa bilmirəm. Faiq müəllim, əslində, siz də bu hadisələrin içində olmusunuz, həm bir kapitan, həm də  jurnalist kimi fəaliyyətiniz göz önündədir, onsuz da, tariximizin saxtalaşdırılmasına icazə verməyəcəksiniz, hər şeyi bilirsiz. Görmüsüz, yazmısız və yenə də yazmaqda, araşdırma aparmaqdasız.O baxımdan nələri və necə danışmağımın fərqindəyəm. Dənizçilərimizin fədakarlığını unutmamalıyıq, çəkdikləri, onlara verilən işgəncələri, iztirabları və çox illərdən sonra da həqiqəti saxtalaşdırmağa can atanlara da bu imkan verilməsin. Yazdıqlarınız bunu edəcək, əminəm.

Bilirsən, bir dəfə mən Ələt dəniz limanının rəisi Taleh müəllimdən xahiş etmişdim ki, 20 Yanvar hadisələrində iştirak edən dənizçilərə heykəl qoysun. Söz vermişdi. Amma bu faktiki işə görə sizə minnətdaram. Siz yazdıqlarınız kitabar, məqalələr, götürdüyünüz müsahibələrlə bu heykəli qoymusuz. Dənizçilərə həm sosial, həm mənəvi dəstəkdir bu, və bu çox vacibdir.

-Hidayət kapitan, bunu hamımız edirik. Hər kəs bacardığını etməlidir və edir də. Mənim boynuma düşən missiya həm də bunları yazıb, yaddaşlarda qalanları bir yerə toplayıb  yaşatmaqdır, başqalarının işi də başqadır. AXDG QSC-nin rəhbərliyi bu günlərlə bağlı çox işlər görməkdədir. Dediyiniz abidə hazırdı, çox qısa zamanda açılışı olacaq. Dənizçilərimizin qəhrəmanlığını əks etdirən bədii film çəkilir, ölkənin və dünyanın bir çox böyük sənətkarları dəvət olunub, özü də heç nə təhrif edilmədən, dənizçilərimizin haqqına əl basılmadan edilir bu iş. Çünki bu bir tarixdir bu tarixi yazanlar hələ ki yaşayır və onların gözündən heç nə yayına bilməz. Baxmayaraq ki, bəzi adamlar hadisələrin içində olmaya-olmaya ürək bulamdırırlar. Bəs sonra necə oldu?

-Faiq müəllim, sizin üstüörtülü dediyləriniz məsələlər haqda məlumatlıyam və mən də o adamlara iradımı bildirirəm ki, dənizçiləriizin qəhrəmanlığına kölgə salmaq istəyirlər və haqq etmədikləriniə sahib şıxmaq istəyirlər.

Nə isə, bizi səhər Qara şəhərdəki türməyə gətirdilər. Türmə Rəisi  bizi mehriban qarşıladı. Bu münasibəti görən rus hərbiçiləri onu  cəzalandırdılar, həmin rəisi başqa bir adamla əvəz etdilər.
Daha sonra Binə türməsinə gətirildik.
Burada hərbi təyyarəyə mindirildik. Rəhmətlik elektromexannik Vilayətin qollarını qandal kəsmişdi. İki saatdan sonra endik. Bizim Krosnadara gətirildiyimizi dedilər. Buradakı türmədə də verilən işgəncələr bir-birindən fərqli idi. Krosnadarda başımıza açmadıqları oyun qalmadı. Səhər siyahı ilə bir-bir çağırdılar, mənim adım çəkilmədi. Uşaqlardan ayrılacağımdan qorxurdum. Əhəmiyyət vermədilər.Cibimdə 370 rubl və vəsiqə var idi. İki gündən sonra Ulyanovskya gedəcəyimizi, dedilər. Bildirdilər ki, inturistin rəisi Əlibala ilə burada qalmalıyam. Amma maşın tərpənəndə dənizçilərimizə qarışıb mən də maşına mindim.
Qataradakı vaqonlara altı-altı mindirdilər. Ən çətin günlərdən biri də bu iki gün oldu. Ulyanovskda itlərlə, dubinkayla qarşılandıq. 72 nəfər idik. Yenə də əzabla dolu saatlar..

– 72 nəfər ididk, dediz. Axı sürgün olunan dənizçilərimizin sayı düz gəlmir. Orenburqa da aparılanlar var idi…

– Düz deyirsiz, 72 nəfərin hamısı dənizçi deyildi. Şəhərdən həbs etdikləri digər soydaşlarımız da var idi. Orada, dənizçilər bir korpusdakı , başqalarını da  digər korpuslardakı kameralara salındı. Ümidvar, Elxan,Vilayət, Vladimir Sapronov, İmran, Etibar, Xosrov, Şaiq, Vahid, Emil (indi kapitandır) bir yerdəydik. Vəziyyət get-gedə pisləşirdi, hamımızı bit – birə basmışdı. Burada bizi döymürdülər.
Varis adlı bir həmyerlimiz türmənin rəisi ilə dost imiş, bunu bizə rəis özü demişdi. Varis məsələdən xəbərdar olan kimi vəziyyətimiz tamam dəyişdi. Təmiz paltar, təmiz kamera, isti çay, yemək…
Varis Ulyanovskda yaşayırdı. Xüsusi təyinatlıların komandiri idi. Bizimlə görüşdü. Sulu yeməyimizə qatıla biləcək dərmanlardan danışdı. Ümumiyyətlə, sulu yeməkdən imtina edib, ancaq quru yemək yeməyimizi tapşırdı. Varis sulu yeməkləri özü bizə gətirərdi. Adı Varis olsa da, xahiş etmişdi ki, ona Fariz deyək.
Artıq bir ayımız tamam olurdu.
Türmədən buraxılanda hərəmizdən 22 rubl pul aldılar. Nömrəsiz jiqulilərə mindirib buradan apardılar. Bir otelə gətirdilər. Fariz də bizdən ayrılmırdı. Otelin qabağında qara qoç bağlanmışdı, Fariz bunu Bakıdan bizim üçün gətirdiyini dedi. Fariz bizi Otelə yerləşdirdi, təzə paltarlarla təmin etdi. Yemək vaxtı özüylə də xeyli adam gətirdi. Hamımızın adından ona minnətdarlıq etdim. Fariz bizimlə çörək yedi. Sonra cibindən bir paçka onluq çıxarıb ortalığa atdı, mənə də dedi ki, buradan Moskvaya, Moskvadan da Bakıya bilet alıb hamımıza. Bakıya çatanadək uşaqlara bax, bu pulu xərclə. Pulu götürmədik. Moskvaya çatanda səhər tezdən idi. Bakıya axşam yola düşməli idik. Polislər ətrafımızı sarmışdılar. Bizi heç yerə buraxmırdılar. Həmən günü Moskvadan qara millətləri qovurdular. Axşam mindik, axırıncı vaqonu bizə vermişdilər. Gecəni yatdıq, inana bilmirdik ki, biz azadlıqdayıq.
Səhər tezdən Elxana dedim ki, gedək restoranın müdirilə danışaq, Bakıya çatana qədər bizə gündə bir dəfə nahar versinlər…

Söhbətləşdi: Faiq Balabəyli

 

 

 

 

 

Share: