“Qarabağda ildrımsürətli MÜHARİBƏ…” – Region alovlanma astanasında

Ermənistan dövlətinin davam etdirdiyi siyasi ekstremizm və işğalçılıq siyasəti regionu müharibə astanasına gətirib.
Hələ 1997-ci ildə istefa verərkən, Ermənistanın o zamankı prezidenti L.Ter-Petrosyan “Ermənilərə məktub” adlı müraciətində istefasının səbəblərini açıqlamışdı. Orada belə abzas var idi: “Ermənilər! Biz indi Azərbaycanın təklif etdiyinə (geniş muxtariyyata-NB) razılaşmasaq, 15-20 ildən sonra güclənmiş Azərbaycan bizə bunu da təklif etməyəcək. Ermənistanın isə Azərbaycanla ayaqlaşmaq üçün iqtisadi və demoqrafik potensialı yoxdur, ona görə getdikcə Azərbaycandan daha geri qalacağıq. Və tarixdə dəfələrlə olduğu kimi, ermənilər sonda heçnəsiz qalacaqlar”. 
Bu gün Ter-Petrosyanın rasional öngörüşü artıq yerini tutub. İqtisadiyyatı borc əvəzi Rusiyaya verilmiş, əhali sayı azalıb, 3 milyondan  az olan Ermənistanın perspektivsizliyi və strateji məğlubiyəti göz qabağındadır.
Paşinyan Ter-Petrosyanın siyasi tələbəsi və məsləkdaşı olsa da, müəllimi kimi Qarabağa görə hakimiyəti itirmək istəmir. Hakimiyətdə qalmaq üçün o, Qarabağ problemində əvvəlkilərdən daha radikal mövqe nümayiş etdirir. Paşinyanın baxışları ilə yürütdüyü siyasət arasında dissonans göstərir ki, o, axını idarə edən deyil, axından asılı və axınla gedən populist liderdir. Erməni cəmiyəti isə tarixi yalanlardan və təhriflərdən yoğrulmuş, “üstünlük maniyası” ilə fobiyaların və fantom ağrıların qəribə qarışığından ibarət xəstə təxəyüllə idarə olunur.
Müasir erməni ideologiyası “Dağlıq Qarabağın erməni milləti və dövlətçiliyi üçün ekzistensial (varlıq) və sakral əhəmiyət daşıdığını” aşılayır. Yəni Dağlıq Qarabağı uduzsalar, Ermənistan dövləti tənəzzülə və süquta uğrayacaq. Bununla, ekstremist, işğalçı ideologiyası əvvəlcə erməniləri qonşuları ilə düşmən etdi və düşmənçiliyin girovunda saxlayır.
Danışıqların nəticə vermədiyi və davamı sual altında olduğu şəraitdə düşmən, müharibəyə intensiv hazırlıq aparır.
Paşinyanın məlum aqressiv ritorikası fonunda ermənilər 2019-cu ilin avqustunda qondarma “DQR”-də və oktyabrda Ermənistanda dövlət strukturlarının müharibə şəraitində vəzifələri, koordinasiya və qarşılıqlı əlaqələndirmə təlimləri keçirdilər. Həmin dövrdən Ermənistan SQ-i Dağlıq Qarabağda hərbi kadrların rotasiyasını sürətləndirib.
Ermənistan müdafiə naziri Tonoyan “qabaqlayıcı hücum”, “yeni müharibə, yeni ərazilər” strategiyasını elan edib, təxribatlar həyata keçirir. İyulun 12-i Tovuzda məhz belə diversiyalardan birinə cəhd olmuşdu. Belə təxribatlarla ermənilər hərbi-siyasi təşəbbüsü ələ keçirib, hadisələri öz ssenarilərinə uyğun yönləndirməyə çalışırlar.
Bir neçə gün əvvəl Ermənistanda yerli əhalidən ibarət silahlı ərazi milis birləşmələri yaradılması ilə bağlı “Müdafiə haqqında” qanuna düzəlişlər müzakirəyə çıxarılıb. Milis, Ermənistanın Baş Qərargahı rəisinə birbaşa tabe olacaq. Erməni komandanlığı ordunun və daxili qoşunların bir sıra vəzifə və funksiyalarını milisə tam ya qismən verməklə, öz ordu cəbhə rezervinin sayını təxm. 30% artıra bilir.
Sentyabrın 3-dən isə Ermənistanda üç ay ərzində səfərbərlik məşqlərin və orduya ehtiyatdan çağırılanların müasir silahlara yiyələnməsi məqsədilə təlimlərin başlanması elan olunub. Yəqin ki, söhbət Rusiyadan Ermənistana son vaxtlarda hava yolu ilə daşınan müasir silah və vasitələrdən gedir. Mətbuatımızda gedən bəzi məlumatlara görə, Rusiya Ermənistana “Krasuxa-4” kimi müasir rəqəmsal radio-elektron mübarizə və hava hücumundan müdafiə vasitələri daşıyır.
Beləliklə, ermənilər dövlət strukturları səviyəsində müharibə təlimləri keçirməklə, yeni paramilitan birləşmələr yaratmaqla, cəbhə rezervlərini artırmaqla, ehtiyat qüvvələrinin səfərbərliyi və döyüş hazırlığı və hərbi-texniki bazanı gücləndirməklə məqsədyönlü müharibə hazırlığı aparırlar. Düşmən anlayır ki, müasir müharibə ildrımsürətli və qısamüddətli olacaq. Ona görə, hazırlıqlarını sonraya saxlamır, müharibəyə maksimum hazır, təlim, məşq keçmiş, mülki və hərbi idarəçiliyi uzlaşdırmış halda gəlməyə çalışır.
Nəzərə alsaq ki, düşmənin ordumuz qarşısında şansı azdır, onun qabaqlayıcı zərbəyə cürət edəcəyini istisna etmək və belə hədələri yalnız təbliğat hesab etmək yolverilməz səhlənkarlıq olardı. Düşmənin vəziyyəti, niyyətləri və imkanları düzgün qiymətləndirilməlidir, zəif görülməməlidir.Unutmayaq, ermənilər mümkün müharibəni özlərinin “ölüm ya qalım” məsələsi hesab edirlər.
Azərbaycan (açıq mənbələrə görə) 300 minlik ehtiyat qüvvəsinə malikdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında bu ilin iyul ayının sonlarına kimi 55 mindən çox vətəndaşın hərbi xidmətə könüllü yollanması barədə müraciətlərin daxil olduğu barədə məlumat yer alır.
Ermənilərdən fərqli bizdə insan resursu problemi olmamasına baxmayaraq, hər an başlaya biləcək müharibənin zaman məhdudiyəti bizim üçün də keçərli olmasını və dövlət idarələrinin üst səviyəyə “bəzədilmiş” hesabatlar və raportlar təqdim etmək “ənənəsini” nəzərə alaraq, müharibə astanasında ehtiyat qüvvəsinə baxış və təlim keçirmək zərurəti bizim üçün də aktualdır.
Nazim Bayramov
Hərbi icmalçı

 

Share: