BƏLALAR AŞİQİ, yaxud xirədməndlər sənətinin fədakar təmsilçisi Mirkamil Mirxəliloğlu

Klassik üslubda yazıb-yaradan şairlərindən biri Mirkamil Mirxəliloğlu (Kərimli) 1942-ci ildə Cəlilabadda anadan olmuşdur. İxtisasca mühasibdir. Onun “Qəzəllər” (2 cilddə), “Pyeslər”, “Divan”, “Vətən sizə oğul dedi” və başqa kitabları çap olunub.

 

Mirkamil Mirxəliloğlu Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O öz şeirlərində klassik ənənəni gözləyir:

Sevgilim, gül yanağın söyləginən, qandı məgər?

Soruram, qara gözün istəyi hicrandı məgər?

Heç vaxt, heç bir janrın imkanları tükənmir. Məsnəvi, qəzəl, qəsidə, qitə kimi klassik janrları orta yüzilliklərin ədəbi məhsulu sayanlar çağdaş ekspromtal şeirlərdə onların ənənəvi izlərinin yaşadığını inkar etmirlər. Bəzən janrın özü klassik imkanları ilə birlikdə gücünü göstərir. Füzulidən Vahidədək durula-durula gələn qəzəl janrı dilin omonim, sinonim, çoxmənalılıq və s. kimi leksik vahidləri sayəsində İlqar Fəhmi qələmində üzə çıxmadımı? Yaxud qəzəlin əruzdan hecaya ekstradisiyasına uğurlu cəhədlər azmı olub? Qəzəldə Füzuli zirvəsini fəth etmək hər kəsə nəsib ilmasa da, Füzuliyəbənzər qəzəl yazan çağdaş şair də uğur qazana bilmz. Ən azı ona görə ki, çağdaş oxucu maraqları klassik Şərq təfəkkürü səviyyəsində deyil. Füzuli klassik janrın klassik ustadı kimi gözəldir.

Qəzəl məhəbbət, eşq, sevgi janrı kimi yaranmış, fəlsəfi keyfiyyətlərə yiyələnmiş, ictimai əhəmiyyət daşımışdır. Nəsimidə də belə olub, Nəbatidə də! Füzulinin xirədməndlər sənəti saydığı qəzəl bəlalara düçar olmuş şairlər tərəfindən yaradılır. Qələmini müxtəlif janrlarda sınamış dini rəvayətlər və mənzum dramlar yazmış Mirkamil Mirxəliloğlu qəzəl janrına daha çox meyil edir.

Məqtə beytləri Mirkamil, Kamil və Seyid möhürlü qəzəllərdə əsasən klassik üslub və ənənəvi məzmun gözlənilir. Onun “Qəzəllər” adlı toplusunun birinci kitabı Böyükxan Bağırlının, ikinci kitabı Vaqif Yusifinin təqdimatı ilə işıq üzü görüb. Onların hər ikisi qəzəl janrının məziyyətləri haqqında kifayət qədər söhbət açdıqdan sonra Mirkamil Mirxəliloğlunun bu janrda qazandığı uğurları oxucuların nəzərinə çatdırmağa çalışırlar. M.Mirxəliloğlunun qəzəlləri həm dünyəvi, həm də ilahi eşqi tərənnüm edir. Açıq-aşkar sufizm mövqeyində duran qəzəllər də var:

 

Aşiqəm, məst əməli ömrümə yazmır ki, zaman,

Meyi mey üstə gətir, anlayım, qəmxanədi bu.

 

Cəmə qatma məni gəl, xəlvətə çək, haşimiyəm,

Nuruna səcdə edim, söyləyim, şəmxanədi bu.

 

Məni məst eyləməsən meydən uzaq nurun ilə,

Qəlbini eylə məkan, söyləyim qəmxanədi bu.

 

“Canımı canım verə cananıma istəmərəm” – deyən şair haqq olan eşqin yolunda qurban olmağa can atır. Füzuliyə görə, aşiq bəlanı sevdiyi üçün bəla da onu istəyir. Mirkamil Mirxəliloğlu da bəlalar aşiqidir:

 

Mən bəlalar aşiqiyəm, bu aləmdə kədərim var,

Füzulinin möhnətindən, kədərindən xəbərim var.

 

Vaqif Yusifli, Mirkamil ağanın kədərini eşqin kədəri, insanı ucaldan, sonsuzluğa aparan kədər, ruhun ölməzliyindən xəbər verən ölümsüz kədər sayır. O, bu qəzəllərin min hüsnü, min lətafəti var,- deyir, min işvə-nazı olan bir gözəlin gözəlliklərini sərgilədiyini bildirir. Qəzəl nədən bəhs edir-etsin, onun baş mövzusu məhəbbətdir – anaya, Vətənə, qadına, insanlığa və Allaha məhəbbət! Mirkamil Mirxəliloğlu bu məhəbbətin ucalığını qəzəlin hədsiz imkanlardan istifadə etməklə oxucuya aşılaya bilir.

Mirkamil ağada Füzuli, Nəbati, S.Ə.Şirvani, M.Şəhriyar və Ə.Vahidin qəzəlləri ilə səsləşən misralar, beytlər çoxdur:

 

Səni dünya üzünə bəxş edənə min əhsən,

Doqquz ay yatdığın müddətinə qurban olum.

 

Bu müddətdə gərək mən də olaydım sən ilən,

Cüt olardıq anadan, hikmətinə qurban olum.

 

Bu fikir M.Şəhriyarın  rəməl bəhrində yazdığı qəzəldə bir qədər fəqli ifadə olunsa da, məğz eynidir:

 

Mən cəhənnəmdə də baş yastığı qiysam sən ilə,

Heç ayılmam ki, durum cənnəti-məvayə gəlim.

 

Nənən qarnında da sənlə əkiz olsaydım əgər,

İsatəməzdim doğulub bir də bu dünyaya gəlim.

 

Mirkamil Mirxəliloğlunun qəzəlləri əsasən beş beytdən ibarətdir, onun barmaqla sayılan 7, 6, 4 beytlik qəzəlləri var, 6 və 4 beytlik qəzəllərdə bu janrın həcm tələbləri pozulur, lakin belə hallar çox deyil. Mirkamil Mirxəliloğlunun qəzllərində az da olsa ərəb-fars sözləri, izafətlər özünə yer almışdır. Mənə elə gəlir ki, Mirkamil Mirxəliloğlunun “bəhri-eşq”, “aləmi-eşq”, “dəryayi-eşq”, “nuri-cismim”, “eşqi-aləm”, “xurşudi-cəmal” və başqa bu kimi izafətləri asanlıqla Azərbaycan dilinin tələblərinə uyğunlaşdıra bilər.

Vahid özünü böyük Füzulinin yadigarı sayırdı. İki böyük kitabda 500-dən çox qəzəlini oxucuların ixtiyarına verən Mirkamil Mirxəliloğlunu haqlı olaraq Vahidin davamçısı saymaq olar. Çağdaş şeirlərimizin bir çoxu qələmlərini qəzəl janrında həvəslə sınayırlar. Lakin Mirkamil ağanın qəzəl janrındakı məhsuldarlığı çoxlarını heyrətdə qoyur. Əlbəttə, bu qəzəllərin hamısı haqqında xoş söz demək mümkün deyil. Bu təbiidir. Lakin çoxsaylı qəzəllərin içərisində Mirkamil ağaya uğur gətirənləri xüsusi qeyd etməyə dəyər. Hər halda öz dövrünü başa vurmuş sayılan bir janra belə inadlı müraciət təqdirəlayiqdir.

Bilal Alarlı HÜSEYNOV,

filologiya üzrə fəlsəfə doktoru

 

 

Share: