Dünyanın xoşbəxt damarını tuta bilməyən şair, yaxud taleyi ilə əlbəyaxa olan Elnur Qoca Türkün Abazallı sevgisi

Elnur Qoca Türk gözəl lirik şairdir. 1957-ci il fevralın 12-də Cəlilabad rayonunun Təklə kəndində dünyaya göz açıb, Təklədə və Şorbaçıda tam orta təhsil alıb. Naxçıvan Dövlət Pedaqoji İnstititunda və Azərbaycan Müəl­limlər İnstitutunda ali təhsilə yiyələnib. “Hayana apardı o qatar səni?” və “Sən məni tərk etmə” poetik topluların müəllifidir. Toponi­mik araşdırmalar aparır, müəllif şərikliyi ilə “Yarməmmədlilər” adlı geneoloji araşdırması işıq üzü görüb. Onun Abazallıya həsr elədiyi şeirdə bu kən­din poetik mənzərəsi öz əksini tapıb:

 

Gün doğur, nur axır, yuxular qaçır,

İnçəçay nəğməsi səhəri açır.

Göyündən bəxtəvər quşları uçur,

Uşaqlıq illərin salıram yada

Qızılgül qoxulu Abazallıda.

 

Günçıxan, Günbatan söykənib dağa,

Günəş üfiq ilə dodaq-dodağa

Öpüşür, Tanrıdan yoxdu qadağa,

Haqqın dərgahından gəlir bir səda,

Sevgi var daima Abazallıda…

 

Kəndim, səni sevdim, ev-ev dolandım,

Çox sözü-söhbəti qələmə aldım.

Həqiqət olacaq, xəyala daldım,

Elnur yaşayacaq yaddaşda, yadda,

Tanrının sevdiyi Abazallıda!

 

Abazallının sözə meyilli adamları öz yurdları haqqında gözəl şeirlər yazıblar. Əli­hü­seyn Hüseynoğlu, Əliqismət Cəlaloğlu, Dilqəm Kərimoğlu, Dava­xan Alışoğlu, İbrahim Ataxan oğlu (Zəkiyev) Abazallının şairləri kimi tanınıblar. İbrahim Ataxan oğlunun “Saxla izimi dünya” və “Mənim arzularım” adlı şeir kitabları işıq üzü görüb. İbrahim Ataxan oğlu dün­yasını erkən dəyişib. Dayısı haqqında ürək yanğısı ilə danışan Həmidə Nazimqızı (Rüstəmova) da qələm adamıdır, respublikanın müxtəlif mət­buat orqanlarında çalışıb, indi “Mədəniyyət” qəzetinin əmək­daşıdır.

Əliqismət Cəlaloğlunun “İnçəçay” adlı şeiri maraqlıdır. İnçəçay bir neçə dağ kəndini aşıb Cəfərxanlıdan. Üçtəpədən, Zu­ban­lıdan keçir, Alar kəndində Xəzər dənizinə tökülür. Bu çayla bağlı çoxlu əfsanə və rəvayətlər mövcuddur. Keçmişi daşqınlarla yadda qalan və əhalinin yeganə su mənbəyi olan bu çay haqqında yazılmayıb. Sonra bu çaya bənd atdılar və çayın Aran kəndlərindəki hissəsi susuz qaldı. Şeirinin bəzi kəm-kəsir­lərinə baxmayaraq, Əliqismət Cəlaloğlunun İnçəçay haqqındakı poetik fikirləri narahatedici duyğular oyadır:

 

Yaraşırsan qoynundakı dağlara,

Can verirsən bostanlara, bağlara…

Sən bir anasan şırran bulaqlara,

Yoxdur ətrafında tayın, İnçəçay.

 

Qoynunda dolanır yenə sonalar,

Layla çalır sənə ağaç analar,

Göydən sahilinə quşlar yan alar,

Gözəllikdir sənin payın, İnçəçay.

 

Gözəlliyi yada salan yazın var,

Toy-büsatlı kamanın var, sazın var.

Sənə vurğun neçə oğlun, qızın var,

Ədalətdi sənin payın, İnçəçay.

 

Hey axırsan, yorulmursan, oyaqsan,

Sahilində söyüdlərə dayaqsan.

Dünyanın sonuna sən gedib axsan,

Yenə qəlbimdədir yerin, İnçəçay.

 

Abazallı olub sənin həmdəmin,

Bir olub sevincin, bir olub qəmin.

Əli də vurğunun olubdu sənin,

Hüsnünə salama gəlib, İnçəçay.

 

Elnur Qoca Türkün də şeirləri cəmiyyəti düşündürən mövzulardadır. Onun vətənpərvərlik mövzusunda çoxlu şeirləri var.

 

Qılıncım yazıbdı daşa tarixi,
Hələ çatdırmayıb başa tarixi!
Qoymaram bir daha çaşa tarixi!
Azadlıq yolunda doğranan Türkəm!
İçində, çölündə od olan Türkəm!

 

Tanrı qılıncıdır böyüklərimiz,
Haqqın yanındadır bizim yerimiz!
Bizdən olmayıbdır dönüklərimiz…
Əyilməz vüqarla poladdan bərkəm,
Tarıxdə əbədi mən qalan Türkəm!

 

İlahi yaradıb nurundan bizi,
Pay verib torpağı, çayı, dənizi!
Silinməz tarixdən Türklərin izi!!!
Alınmaz dövlətəm, satılmaz mülkəm,
Qılınc tək qınından sıyrılan Türkəm!

 

Elnur Qoca Türk dünyanın ucqar kəndində böyük bir “külfətin” qayğısını çəkə-çəkə dünyanın xoşbəxt damarından tuta bilməyən bir şairdir. Şeirləri tərcümeyi-halı olan, daha doğrusu, halının tərcümanı olan Elnur qismətlə küsmür, tale ilə əlbəyaxaya çıxmır:

 

Hicranı yollarda, dərdi sinədə,
Daşıdım, hamıya danışa bildim.
Nələr varmış həyat adlı səhnədə,
Nə yaxşı dərdimə qovuşa bildim!

 

Bu mənəm, həyatda Günəşə vurğun,
İçimi dağıdır qəm oğrun-oğrun!
Xəyallar içində dayanıb yorğun,
Dərdli taleyimə yovuşa bildim…

 

Kədər əllərini üzümə çəkdi,
Özgənin külünü gözümə çəkdi,
Hisslərim könlümü dözümə çəkdi,
Tüstülü ocağa alışa bildim…

 

Zəhəri verənə bal göndərmişəm,
İnsanlıq olubdu amalım, peşəm.
Məcnunluq etmədim dillərə düşəm,
Sevgimlə göylərdə dolaşa bildim…

 

Qaytar səni mənə, göylərdən enim,
Bu yorğun ruhumla başına dönüm!
Son ümid içimdə göyərən dənim,
Söylə ki, Elnurla barışa bildim!

 

Barışmaq! Bu, sıxıntılarla barışmaq, yoxsa ilahi sözün məcaz­ları ilə dil tapmaqdır? Çiyninə düşən yükün altından qaçmayan, ağırlığı üzərinə məsuliyyətli yük kimi götürən Elnur Qoca Türk şəxsi həyatını Tanrının ismarıcına qurban verir, yəni əli ətəyində olanların əlini üzmür, amma özü üzülə-üzülə yaşayır.

 

Bir işığın arxasınca yüyürürəm,
Xof basınca mən geriyə yeriyirəm…
İçimdəki duyğuları yürüyürəm,
Qınamayın məni daha, bu yazıdı…

 

Şərik olsam fəryad dolu bir kədərə,
Dözə bilsəm mən özüm də bəd xəbərə,
Xoşbəxtlik yox, təskinlik var mənə görə…
Diqqət edin aman-aha, bu yazıdı…

 

Zorla deyil xoşbəxt olmaq, qismət yoxsa,
Kim neylər ki, taleyini dərd-qəm yıxsa?!.
Haqq evinə qonaq gəlsin, kim darıxsa,
Ümid çoxdur səcdəgaha, bu yazıdı…

 

Əlim göydə, sirlər yatıb neçə qatda,
Haqsız kimi haqlı ağlar ayaq altda…
Mən çaşmışam vurhavurda, athaatda,
Adam batır hər günaha, bu yazıdı?

 

Yaxşı gördüm nədir gözəl, nədir çirkin,
Göy üzündə…yerim yoxdur, yerə çəkin…

Bacarsanız dərd-qəmimin şəklin çəkin,

Göndərəcəm mən Allaha, bu yazıdı!

 

Tanrı haqqıdır, nəyisə qurban verməsən, nəyisə qazana bil­məz­sən! Elnurun qazandığı peyğəmbərdən sonra Tanrının sevdiyi ikinci şəxs olmaqdır, yəni şair kimi yaşamaq, özünü sözə qurban verməkdir:

 

Yaşıl ömrü dərdin biçib gedibdi, 
Bilirəm ki, bu gün nədən qəmlisən…
Gözlərində qara bulud bitibdi,
 
Baxma gözlərimə gözü nəmlisən!

 

Hayana baxır ki, qara gözlərin,
Görmürmü arxamda dərdin dağı var?..
Dərd içində ləpələnir sözlərin:
 
Arxa nədi, dərdin solu, sağı var!

 

Gözlərindən yolda düşüb qalacam, 
Tənhalıqda qoyma məni amandı!
 
Dözə bilsən, səni səndən alacam,
 
Səbrin yoxsa… mənim halım yamandı!

 

Bəli, Elnur Qoca Türkü bizə onun şeirləri daha yaxşı tanıdır. Elnur sözün arxasında gizlənə bilmir, əksinə, sözün hikməti ilə “zühur” edir, bəllənir. Elinə-obasına olan sayqı da buradan gəlir. Bu da bir borcdur, ziyalının öz xalqı qarşısında borcudur! Hər kəs böyük anlamda vətənpərvər olmaq üçün ilkin olaraq kəndini-kəssəyini, yerini-yurdunu sevməlidir. Vətən hər kəs üçün doğulduğu kənddən başlayır. Onun tarixini öyrənməli, araşdırmalı, unudulmağa qoyma­ma­lıdır. Elnur bu missiyanın öhdəsindən ləyaqətlə gəlir.

Bilal Alarlı HÜSEYNOV,

filologiya üzrə fəlsəfə doktoru

Share: