Qürbət ağrılı, Vətən həsrətli şeirlər, yaxud el şairi Zakir Qəmlinin sürgün həyatı

Azərbaycan el ədəbiyyatında Vətən həsrətli şeirlərlə tez-tez qarşılaşırıq. Keşməkeşli hadisələrlə zəngin olan tariximiz, maharibələr və siyasi proseslər, həmçinin ailə-məişət münaqişələri ayrı-ayrı insanların həyatında ağrılı xatirələrə səbəb olan izlər qoymuş, bəziləri doğma elindən-obasından uzaq düşmüş, qürbət ömrü yaşamış, vətən həsrəti ilə yanıb qovrulmuşdur.

 

Nə qədər qəribə olsa da, bir çoxlarının belə qürbət yaşantıları sonradan poetik salnamələrə çevrilmiş, təkcə ayrı-ayrı insanların həyatında deyil, bütövlükdə Azərbaycan xalqının tarixində ağrılı səhifələrə çevrilmişdir. Dastanlarımızda, nağılları­mız­da qürbət elləri gəzib dolaşan, ömrünü yad diyarlarda “çürüdən” qəribə taleli insanlardan söhbət açılır. Aşıqlarımız, el şairlərimiz, yazıçılarımız müəyyən səbəblərdən qürbət ağrısı çəkməli olmuş və öz yaradıcılıqlarında bu yaşantıların poetik mənzərəsini yaratmışlar. Qasım bəy Zakir şeirlərinin qürbət ovqatını təkrarlayan Zakir Qəmli də öz sələfinin yaradıcılıq kredosuna sədaqətini nümayiş etdirir:

 

Qəm yemə, sevgilim, bağda, çəməndə,

Lalə, novruzgülü bitəndə gəlləm.

Məni nadan əllər salıb kəməndə,

Gəlib xilaskarım yetəndə gəlləm.

 

Hicran qəm evimdə etdikcə tüğyan,

Qan sızar könlümə köhnə yaramdan.

Əcəl yaxalayıb verməsə aman,

Xəzan küləkləri ötəndə gəlləm.

 

Zakir Qəmlinin başqa bir şeirində qürbət ağrısı daha təsirlidir:

 

Doluxub yaş tökmə sən gilə-gilə,

Bəlkə də qələbə çalıb gələrəm.

Fəsillər qovuşub dönəndə ilə,

Hicranı kəməndə salıb gələrəm.

 

Fəth edib dünyanı, sonasız gölü,

Dolanıb səhranı, çəməni, çölü.

Bahardan əl borcu bir vüsal gülü,

Təvəqqə eyləyib alıb gələrəm.

 

Bu uğursuz səfər qəddim əysə də,

Dərd üzmüş qəlbimə neştər dəysə də,

Əzrayıl sinəmdə tələk döysə də,

Göylərtək boşalıb-dolub gələrəm.

 

Zakirəm, bir sızqa damdam bulağam,

Özüm öz yarama məlhəm dolağam,

Çox şükür, bu halla hələlik sağam,

Gümrah gəlməsəm də, solub gələrəm

 

Kimdir oxucusunu öz qəm dünyasına çəkib aparan Zakir Qəmli?! Zakir Qəmli – İbrahimov Zakir Mətləb oğlu 29 avqust 1952-ci ildə Astraxanbazar (indiki Cəlilabad) rayonunun Abışabad (keçmiş Xanrəva) kəndində anadan olmuş, orta təhsilini Əliqasımlı kənd orta məktəbində almışdır. Bundan sonra Abbas Səhhət adına 8 saylı Tibb Texnikumunda orta tibb təhsili almış, Moskvada ali kənd təsərrüfatı fermeri ixtisasına yiyələnmiş və müəyyən səbəblərdən uzun müddətə doğmalarından ayrı düşmüşdür. Qürbət ellərdə Vətən həsrətli şeirlə­rini qoşub-düzmüş, bu şeirlər 2016-cı ildə “Gəncliyim – ömrümün sərt qışı” adıyla ayrıca toplu halında işıq üzü görmüşdür.

El şairinin anasına ünvanladığı ürəklər dağlayan “Ağla” şeirin­dən:

 

Ana, yada salıb məni ağlasan

Baharda gul çiçək açanda ağla.

Əl dəydiyin görüb cəh-cəh qoparan

Quşlar yuvasından uçanda ağla.

 

Oxşasın zülfləri qoy səhər yeli,

Bülbülün naləsi təzə-tər gülü.

Oğlanlar mən yaşda bir tuti dili

Özünə arayıb seçəndə ağla.

 

Harda görsən bir gül açmamış sola,

Ol məni yad edən, ol yada salan.

Əhdi-peyman edib qız ilə oğlan,

Sədaqət andını içəndə ağla.

 

Yadlar yaman deyib kimə pisləsə,

Bacı qardaş deyib harda səsləsə,

Kim sinədə əmanət nar bəsləsə,

Yad əllər toxunub qucanda ağla.

 

Su ağzına ala düzüü-dünyanı,

Göyərməz, tağ etməz könül bostanı.

Zakir istəməyib bu zəlil canı,

Əlvida deməyib köçəndə ağla.

 

Belə bir məsəl var, deyirlər, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Başqa bir məsəldə isə deyilir ki, bir gün də olsa qürbət ağrısı yaşayan vətənin, elin qədrini yaxşı bilər. İntizar və həsrət həm də insanı kamilliyə aparır:

 

Fikir sirdaşımdır, qəlb də qardaşım,

Gəlibdir əzəldən qara iqbalım!

Çox bəlalar çəkir bəlalı başım,

Salıbdır canımı nara iqbalım.

 

Öyüd və nəsihət dolu “Oğul” şeirindən:

 

Ürəklə ərz edib, dillə deyirəm,

Gəlmə pis nəzərə, pis gözə, oğul.

Görüb öz gözünlə, ya eşitməmiş,

İnanma deyilən hər sözə, oğul.

 

Pis işə heç zaman çalış qoyma qol,

Qoysan naləm tutar, səni vurar yol.

Çalış yaxşılarla yol-yoldaşı ol,

Pislərlə oturma göz-gözə, oğul.

 

Nə qədər bəd gələ, pis əsə ruzgar,

Qoyma səndən iraq düşə etibar.

Dostunu vaxtında itirib-axtar,

Gözləmə o desin, gəl bizə, oğul.

 

Ana müqəddəsdir, yoxla, yada sal,

Qardaş qəhmərindir, qayğısına qal.

Bacı kəsik olar, istədiyin al,

Demə, özüm geyim tək təzə, oğul.

 

Göz önündə çalış, ürəkdə yaşa,

Elə layiq olan çəkəcək başa.

Gəlsə hüzuruna müntəzir paşa,

Çaş baxma əyriyə, düm-düzə, oğul.

 

Fürsənt gəzər səni salmağa tora,

Rəqibi əfv etmə necə yalvara…

Susma bu dünyada nə dövlət-vara,

Nə arvad gətirən cehizə, oğul.

 

Gənc yaşlarından hekayə və şeirlər yazan Zakir Qəmli bir müddət mətbu orqanlarda da çalışmış, hətta qəzetlərdən birində şöbə müdiri işləmişdir. Hazırda Zakir Qəmli Qobustan rayonunun Cəm­cəmli kəndində yaşayır. Zakir Qəmlinin beş övladı, səkkiz nəvəsi var. Oğlanları Asif və Elnur onun adına layiq övladlar kimi böyüyüblər. Elnur idmançıdır, bir neçə güləş yarışının qalibi olub. El şairinin qızları təhsil görmüş ziyalı qadınlardır. Hədiyyə həkimdir, Aynurə və Elnurə isə müəllim peşəsinə yiyələniblər. Nəvələri Həşim, Simran, Elton, Arzu, Meh­ri­ban, Gülər və Fatimə də ailənin təhsil ənənəsini davam etdirirlər. Həşim ali təhsilli hərbçi həkimdir. Simran filoloqdur. Ot kökü üstə bitər, deyiblər. Simran Əlizadə haqqında bir neçə kəlmə danışmağa dəyər.

Simran Vəli oğlu Əlizadə 1994-cü il noyabrın 26-da Abışabad kən­din­də anadan olub, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialını bitirb, Azərbaycan dili və ədəbiy­ya­t müəllimliyi ixtisasına yiyələnsə də, inzibati işdə çalışır. Usi-sanda üzrə Respublika və Dünya çempionu, “Qızıl Kəmər” ustasıdır. Bədii yaradıcılıqla da məşğuldur, hekayə və şeirlər yazır. Şeirləri “Sənə uçmağı öyrədəcəyəm” (2016) adlı topluda işıq üzü görüb. Bun­lar­dan biri “Geri qayıt, uşaqlığım” adlanır. Simran ata nəvazi­şin­dən məhrum bir uşaq kimi böyüyüb. Onun atası dünyadan vaxtsız köçüb:

 

Geri qayıt, usaqlığım,

Senə ehtiacım var.

Xoş keçmir gəncliyim.

Onsuz yoxdu dincliyim.

Geri qaytar o illəri,

Şirin-şəkər xəyalları

Evcikləri, oyuncaqları…

Axı bilməzdim dərd-sər nədi?!

Təkcə dərdim oyuncağımın

qonsu usağının oyuncağından

kicik olması idi…

Geri qaytar o illəri,

Ancaq bir istəyim var:

Apardıqlarını da geri qaytar.

Goz acıb gördüyüm insanları-

Yaxınları, doğmaları

Geri qaytar uşaqlığımla birlikdə.

 

Ana haqqında çox şeirlər yazılıb. Bütün bu şeirlərdə ana müqəddəs bi varlıq kimi xatırlanır. Simranın şeirində isə həyat yoldaşını erkən itirmiş bir qadının övladlarını məhəbbətlə böyütməsi, onlara ali təhsil almağa şərait yaratması, çətin günlərdə isə heç kimə əyilməməsi təsvir olunur:

 

Sən bizə

Tanrının Hədiyyəsisən

adın kimi.

O tərtəmiz, pak adınla,

namusunla,

qeyrətinlə fəxr edirəm

mənim anam.

Qara saçını ağ hörmüsən,

zülüm, zillət çəkmisən,

İki övlad böyütmüsən

Öz əlinin qabarıyla.

Əyilmədin nə yaxına,

nə uzağa.

nə ataya,

nə anaya,

nə qardaşa,

nə qayına…

Öz cavanlığına,

gözəlliyinə

qoydun qadağa,

Götürmədin kimsələrdən sadağa…

 

Şeirin yaratdığı kövrək hisslər doğrudan da təsirlidir. Simranın anası İbrahimova Hədiyyə Zakir qızı 16 mart 1971-ci ildə anadan olub. 1989-cu ildə Tibb Texnikumunu qırmızı diplomla bitirib və Abışabad kənd tibb məntəqəsinin müdiri vəzifəsində işləyir. Simrana ata yoxluğunu hiss etdirməyən ana elə onun qələmindən çıxan şeirdə nə qədər böyük görünür:

 

Həyatdan cavan gedən atamın yoxluğunu

bildirmədin sən bizə.

Həm ata oldun bizə,

həm ana oldun bizə

bütün çətinliklərə sinə gərib…

 

Simranın anası Hədiyyə xanım da gözəl şeirlər yazır. Əlbəttə, bu təəccüblü deyil. Zakir Qəmli kimi el şairinin nəvəsi şeir yazırsa, demək, bu, anadan gəlir. Ana isə el şairinin qızıdır. Əlbəttə, nə Simran, nə də onun anası Hədiyyə xanım peşəkar şair deyil. Bəlkə də Simran poetik axtarış­larını davam etdirib gələcəkdə daha gözəl şeirlər yaza bilər. Oxuculara təqdim olunan poetik nümunələr isə ağrılı yaşantıların ekspressiv ifadəsidir. Bunu Hədiyyə xanımın öz övladları haqqında yazdığı, lakin mərhum həyat yoldaşına ünvanladığı şeirdə daha yaxşı müşahidə etmək olur:

 

“Gedək desəm, gələrsənmi mənimlə?”

Sən sınamaqmı istəyirsən bu sözünlə məni?

Bilirsənmi,

bu həsrətin alovuyla qovrulmuşam,

kül olmuşam illərlə mən!

Qaça-qaça,

uça-uça,

sevə-sevə gələrəm mən.

Ölüm nədir mənim üçün?

Yeni dünya,

yeni həyat!

İstərəm ki, orada da gəzək qoşa!

Bu sevgimiz ölümə də qalib gələr.

Sevgimizdən Əzrayıl da gəlib cuşa

bəlkə bizə bağışlayar

yeni ömür,

yeni dünya,

yeni nağıl!

Amma mənim bir qorxum var:

fidanlarım,

balalarım,

aslanlarım…

Sənin kimi namuslu,

sənin kimi qeyrətli,

sərv boylu,

şux qamətli,

həyat dolu,

sevgi dolu balalarım…

Mən onları tək qoymaqdan çox qorxuram.

Mən onlara

Ata, ana, ulu vətən sevgisini daddırmışam…

Mən onlara yalnız saflıq öyrətmişəm,

Allaha inamı öyrətmişəm.

Mən qorxuram həyatın bu girdabında

fidanların azmağından,

fırıldağa, yalanlara inanaraq

həyatından bezməyindən.

Onlar mənə sənin əziz əmanətindir.

Yadındamı, söyləyirdin dəfələrlə:

“Mən ölsəm də, sən muğayat ol bunlardan”.

Elə bil ki, hiss etmişdin getməyini,

bizi vaxtsız tərk etməyini.

Bax, onunçun yaşayıram, inan mənə.

Sinə gərib dözərəm hər əzaba.

İstəmirəm balaların əclafların yemi ola,

istəmirəm kiməsə alçalsınlar.

İstəyirəm alnı açıq, üzü ağ böyüsünlər,

sözləri ötgün olsun,

hər biri ağıllı, igid insan kimi yaşa dolsun!

Bu cür oğulların anası kimi yaşamaq istəyirəm,

Ana adını qürurla daşımaq istəyirəm.

Yoxsa ölüm nədir ki, ondan qorxum?!

Zülmün azından, çoxundan qorxum?!

Bu dünyada əmanətik biz,

Gec-tez bizi nişan verəcək qəbrimiz.

Nə vaxtsa getməliyik,

Həyatı tərk etməliyik

onsuz da.

 

Zakir Qəmlinin şeir ocağının belə gur yanması təsadüfi deyil. Onun özünün keçirdiyi həyat sıxıntılarını sonralar övladları da yaşamışdır. Şübhəsiz, bədahətən söylənmiş, yaxud qələmə alınmış bu şeirlərdə müəyyən tələblər pozulub. Bəzi şeirlərdə qafiyə məzmuna qurban verilib. Onun şeirlərinin bir neçəsi əlyazma məktub şəklindədir və Rusiyanın Vladimir vilayətinin Kuybışev şəhərindən göndərilib. Hətta bir şeirin altında yazılıb ki, burada meşə yanır, bizi başqa yerə köçürürlər… Bu məktubların yazılması ötən yüzilliyin yetmişinci illərinə təsadüf edir. Şeirlərin möhürbəndlərində də adlar müxtəlifdir. O, Zakir, həmçinin Qəmli ad və təxəllüsündən istifadə edərək şeirlərini yazmışdır:

 

Könül, nə gileylən, nə yas tut ağla,

Bu dünya heç kimə qalan ki deyil.

Səni nəzərindən qeyri sənəmlər,

Salsa da, oz yarın salan ki deyil.

 

Ün salmaqla əlim de çatar hara,

Mənsum tək dilimdən çəkilsəm dara.

Deyin, öyünməsin o zülfü qara,

Canı mən vermişəm, alan ki deyil.

 

Yedirtdim kimə kor gözümün yağın,

Boynuma saldırdı zülfümün tağın.

Zakir, bir də yanmaz sönmüş çırağın,

Bunu mən demişəm, yalan ki deyil.

 

Zakir Qəmlinin qəmli dünyası oxucularına qəm gətirmir, əksinə, düşündürür və ibrət götürməyə səsləyir:

 

Bir tülək tərlanım uçdu əlimdən,

Axtarıb bəlkə də görən olaydı.

Nabələd ovçuyam naşı səhrada,

Tapıb şikarımı verən olaydı.

 

Əlvan çiçəkləri əlvan darayım,

Qohuma-qardaşa çatmır harayım.

Əzəldən uçubdur sevgi sarayım,

Uçuranın evi viran olaydı.

 

Ömrünün çiçək açan vaxtlarında qürbət ellərdə vətən həsrəti ilə qovrulan el şairinin şeirlərində həyat sevgisi, ailəyə və övladlara məhəbbət hissi daha qabarıq şəkildədir. Təlatümlü, narahat gənclik illəri arxada qalıb. Zakir Qəmli yaşadığı bölgədə sakit bir həyat keçirir, təsərrüfatla, bağ salmaqla, bostan becərməklə məşğuldur. Onu həm də bölgənin ağsaqqalı kimi tanıyırlar. Xeyir-şər məclisləri Zakir Qəmlisiz keçmir. Ayrıca toplu halında işıq üzü görən qürbət və həsrət şeirləri gənc el şairi Zakir Qəmlidən el ağsaqqalı Zakir Qəmliyə bir söz töhfəsidir. Bu kitab həm də onun şeirlərini sevənlər üçün bir hədiyyədir. Ağrılı yaşantılardan sonra bir kənd guşəsində rahatlıq tapan el şairi üçün bu şeir toplusu ömrünün sərt qışını – uğursuz gənclik illərini xatırladan poetik bir salnamədir:

 

Necə deməyim ki, kor olsun fələk,

Məni gözü yaşlı çöllərə saldı.

Tale dəftərimin ağ vərəqini

Tərsə qələm çalan əllərə saldı.

 

Zakir Qəmlinin ömrünün müdrik çağlarında yazdığı şeirləri isə həyat təcrübəsinin, əzablı qürbət yaşantılarının poetik ifadəsi adlandırmaq olar.

Bilal Alarlı HÜSEYNOV,

filologiya üzrə fəlsəfə doktoru

Share: