İncik qarğa – hekayə

Murad KÖHNƏQALA

Aydın Bakıdakı Sabir bağı adlanan xırdaca parkın skamyalarından birində oturub şairin heykəlinə tamaşa edirdi. Elə bu zaman bir qara qarğa gəlib bağın alçaq hasarı üstünə qonaraq, onunla çox yaxın məsafədə dayandı. Sonra başını o yan-bu yana burub, Aydını diqqətlə süzməyə başladı. Qarğanın qorxmazcasına bir-iki addımlığında dayanması onda maraq oyatdı: “Nə yaxşı qorxmur bu? Əl atsam tuta da bilərəm ki bunu!”

Aydın bu fikirlərdə olarkən, qarğa dayandığı yerdə bir-iki qarış irəli-geri yeriyib ona dedi:
– Məni heç vaxt tuta bilməzsən, çünki əl atmaq fikrini duyarsam, dərhal qaçmaq üçün aramızdakı məsafə mənə bəs eləyir.
“Baa, işə düşdük dəə! Bu nədi, olmaya qarğa danışır?” deyə düşünən Aydın qarğaya tərəf dönüb:
– Əşi, neynirəm ee, səni tutub? Ətin də yeyilmir! – dedi ki, görsün, o doğrudan da danışa bilirmi, yoxsa ona belə gəlir? Qarğa dərhal cavab verdi:
– İnsanlar belədi dəə, həmişə yemək, ət barədə düşünür. Nə yaxşı bizim ətimiz yeyilmir, yoxsa çoxdan nəslimizi kəsmişdiniz!
Aydın baxdı ki, qarğa nə dimdiyini aralayır, nə də ondan səs çıxır. Sadəcə, qarğa tərəfə baxanda ondan fikirlər axıb gəlir. “Çox maraqlıdı”, – Aydın düşündü, – “bəlkə onunla biraz söhbətləşim?”


– Qarğa qardaş, sən düz deyirsən, ətin yeyilməli olsaydı, bu qədər yaxına qonmağa da risk eləməzdin. Özü də ətinizi yemirik deyə, sizə mundar deyirik. Bəs sizi, məsələn, tülkü-çaqqal yeyirmi?
Qarğa bir xeyli gülüb:
– A kişi, tülkü-çaqqal bizi hansı ağılla tutub yeyə bilər? – dedi. Aydın:
– Bəs, deyirlər, guya, ağzında pendir olan bir qara qarğanı nə vaxtsa tülkü aldadıb? – deyə soruşdu.
Qarğa əsəbləşdi:
– Kişi, birincisi, o təmsili nə vaxtsa rus şairi İvan Krılov goplayıb. Guya bir qarğa ağzında pendir budağa qonubmuş. Tülkü onun pendirini əlindən almaq üçün ağacın dibindən yuxarı boylanaraq ona deyib ki, eşitmişəm, sənin çox gözəl səsin var, oxusaydın qulaq asardım. Guya, qarğa da tərifə uyaraq oxumaq istəyib. Ağzını açan kimi pendir düşüb, tülkü də qəniməti göydə qapıb. Bunu o rus təmsilçisi yazıb, sizdə də bax, bu kişi dilinizə tərcümə eləyib. Düzdü, bundan qabaq o təmsili Abbas Səhhət də tərcümə eləmişdi. Ancaq, insafla deməliyəm ki, Sabirinki daha şirin alınıb. Lakin Sabir təmsilin arxasına belə bir beyt artırıb:
“Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı mənim kimi yaltaqlar…”
Sabir məllim qarğanı sarsaq adlandırıb, ancaq biz sarsaq deyilik, quyruğu özünə şələ olan tülkü kimi savadsızlar bizi aldada bilməz! Yaltaq sözlərdən, yersiz təriflərdən özünü itirən qarğalar yox, siz insanlarsınız, bildin?!
Çəpərin üstündə var-gəl edən qarğa xeyli qəzəbli görünürdü. Aydın onun könlünü almaq üçün söhbətin yönünü dəyişmək istədi:
– Yaxşı, qardaş, eşitmişəm, qarğalar çox yaşayır, bəs sənin neçə yaşın var?
Qarğa dayandığı mərmər daşın üstündə yenidən var-gəl eləyərək əsəbi halda nazlanaraq:
– Bilirsənmi, quşlar heç vaxt öz yaşını deməz! – dedi.
Aydın onun xətrinə dəydiyini zənn eləyib xırda bir üzrxahlıq kimi:
– Hə, düz deyirsən, bizdə də qadınlardan yaşını soruşmaq ədəbsizlik sayılır, – dedi.
Qarğa tərəfdən yenə fikirlər gəlməyə başladı: “Bax, sən bayaqdan mənə “qardaş-qardaş” deyirsən, nə bilirsən, bəlkə qardaş yox, bacıyam?”
Aydın ona dərhal:
– Xətrinizə dəymişəmsə, bağışlayın! – deyə rəsmiyətə keçdi.
Qarğa təzədən başladı:
– Mən uşaq olanda babam söyləyirdi ki, sizdə bir Molla Nəsrəddin olub, pusqu qurub ovlayaraq bizlərdən bir qarğa tutub. Soruşublar ki, a Molla, bunu neynirsən, əti də yeyilmir? O da qayıdıb ki, eşitmişəm, qarğalar üç yüz il yaşayır, istəyirəm bunu saxlayıb öyrənəm, söhbət doğrudumu? Onu eşidənlərdən biri də deyib, a kişi, sən axı, üç yüz il yaşaya bilməzsən, qarğanın yaşını hardan biləcəksən? Molla dərhal öz avamlığını anlayaraq qarğanı buraxıb. İndi, gör, sarsaq olan insanlardı, yoxsa qarğalar? Yalandan təmsil yazmaqla deyil, ee!
Aydın baxdı ki, qarğa insanlardan çox yanıqlıdı, həm də həmcinslərini ağıllı canlı kimi qələmə verir. Hücuma keçərək: – Balam, bu qədər ağıllısınızsa, bəs bir avam Molla o qarğanı necə tutubmuş? – deyə soruşdu.
Qarğa başını o tərəf-bu tərəfə əyərək Aydını yenicə görürmüş kimi ona diqqətlə nəzər salaraq davam elədi:
– Bilirsənmi, əziz dost, qarğalar da tora düşür, lakin bu, çox təsadüfi hallarda olur. Babam deyərdi ki, Molla o qarğanı tutmaq üçün tövlənin qapısının ağzından içərisinə qədər taxıl səpibmiş. Qarğa da elə bilib həmin dənlər, Molla dəyirmana dən aparanda kisənin yırtığından töküb. Sən demə, Molla qapının tutalğacına ip bağlayıb, axurda gizlənibmiş. Əhvalat qış fəslində, aclıq vaxtlarında olub. Qarğa dənləyə-dənləyə tövləyə girəndə, Molla qəfil qapının ipini çəkib, qarğa da qalıb içəridə, bax, belə. O boydana kişi bir qarğadan ötrü, eşşəyin axurunda gizlənibmiş. Eşşək olmasaydı, qarğa heç də Mollanın toruna düşməzdi. Babam deyirdi ki, ac qarğa kişinin hənirtisini uzaqdan hiss eləməliydi, sadəcə, eşşəyin hənirtisi ona mane olub. Yəni, Molla o qarğanı eşşəyin köməkliyi ilə tuta bilib, indi bildin?
Aydın dinməzcə, uzun-uzadı ona baxdı, aralarına sükut çökdü. Qarğa birazdan dimdiyi ilə Sabirin heykəlini göstərib, əsəbi şəkildə sükutu pozaraq:
– Bu kişi də inanıb ki, guya tülkü bizi aldada bilir. Halbuki, iki qarğa ən hiyləgər tülkünün ovunu əlindən ala bilir. Biri onun quyruğunu dimdikləyir, tülkü arxaya çevrilən kimi o birisi onun qarşısındakı tikəni götürüb gedir, bax, belə! – dedi və qanad açıb yaxınlıqdakı qoca çinara tərəf uçmağa başladı.

Share: