Söyüş yağır məmləkətə – ARZU ƏSƏDin şeirləri

Şəhid

Ey şəhid!
Sən şəhid, mən də şəhid!
Biz ki bir vətəndə şəhid –
sən bu torpaqda şəhid,
mən bu bədəndə şəhid.
Sən ki verdin canını
bir dəfə oldun da şəhid,
getdin öndən də, şəhid!
Mən ki hər gün görürəm
torpağı yad əllərdə,
ölürəm yüz dəfə hər gün,
oluram yüz dəfə səndən də şəhid!

Söyüş yağır məmləkətə

Söyüş yağır məmləkətə,

Söyüş tutub yeri-göyü.

Yoluxubdur bir lənətə –

Azərbaycan söyüş söyür!

Söyüş yağır məmləkətə,

Kül püskürür qoca vulkan.

Söyüş söyür alim-gədə,

Söyüş çıxır hər ağızdan.

Səpilir kəndə, şəhərə

Narın söyüş yağa-yağa,

Hamı çıxır küçələrə

Bu söyüşdə islanmağa.

Hər kəs söyür bir-birinə –

Böyük-kiçik, arvad-uşaq,

Belə getsə bu ölkədə

Söyülməyən qalmayacaq.

Söyüş-salam göndəririk

Uzaqdan bir-birimizə.

Söyüş-salavat veririk

Ölümüzə-dirimizə.

Mənəviyyat dəlik-deşik;

Söyüşürük həzz içində.

Sado-mazoxistləşmişik –

Millət ekstaz içində!

Hər şey çevrilir söyüşə

Elə canlı, elə asan,

İndi sən durasan necə

Freydə inanmayasan?

Azadlığa könül verdik,

Başımıza hər iş gəlir.

Mədəniyyət gözləyirdik,

Avropadan söyüş gəlir.

Bu da bir dava yoluymuş,

Sənin davanı görsünlər.

Mübarizə üsuluymuş,

Üsuluna tüpürsünlər.

Söyüş haqqın yolu olmaz,

Yezid hara, sünnət hara?

Söyüşlə haqq qazanılmaz,

Şeytan hara cənnət hara?

Nifrət söyüşə çevrilsə,

Məzlumun ahına dönməz.

Yolun özü haqq deyilsə,

Axırında haqq görünməz.

Bir il, üç il – bu yazıq xalq

Söyüşə da öyrəşəcək.

Sözün içi boşalacaq,

Söz də dəyərdən düşəcək.

Söyüş çıxan dil-dodaqlar

Dua üçün yaranıbdır.

Bəndədən utanmayanlar,

Bəlkə Allahdan ayıbdır?!

Azərbaycan ocaq olub,

Müqəddəsdir içi-dışı.

Şəhid qanıyla yuyulub

Bu torpağın hər qarışı.

Ürəkləri, beyinləri

Söyüşlərlə kirlətməyin.

Pırıl-pırıl nəsilləri

Bu pisliyə oyrətməyin.

Söyüşləmi quracağıq

O işıqlı sabahları?

Söyüşləmi alacağıq

Zəbt olunmuş torpaqları?

Ey Lut əhli – ey lüt əhli,

Ey vətənin övladları!

Zamanmı boş, sizmi dəli?

Sevindirməyin yadları!

Belə getsə uca Allah

Bu xalqdan üz döndərəcək.

Başımıza daş yağacaq –

Allah bəla göndərəcək!

Bu söyüşlər yedəyində

Qırğın, qada, qan gələcək.

Baxıb tarimar Vətənə

Söyən dillər dincələcək.

Dinclik göyə çəkiləcək,

Xeyir-bərəkət itəcək.

Tarix kökündən siləcək,

Yerimizdə ot bitəcək!

Biz birlikdə güclüyük

Milyardlar kilidlənib ekranların önünə,

Hamı heybətlə baxır bu Qiyamət gününə,

Bir kabus ölüm saçır dünyanın üzərində,

Qorxu, şübhə, həyəcan ürəklərdə – dərində.

Ölüm iki addımda, ölüm bircə nəfəsdə,

Çırpınır həyat deyə insanlıq bir qəfəsdə,

İradələr buxovlu, ağıllar, qəlblər tutqun,

Varlıq can çəkişmədə pəncəsində yoxluğun.

İndi bu həqiqəti can gözüylə görürük:

Biz birlikdə güclüyük!

Biz birlikdə güclüyük!

Bir ümid yanır- sönür Bakının üzərində,

Bir şüar dalğalanır Alov qüllələrində,

Bir Liderin dilindən bir ölkəyə yayılır –

Azərbaycan hər səhər bu ümidə ayılır-

Ağılları ram edir, qəlblərə hüzur olur,

Hər evə, hər qapıya yetişir, Xızır olur,

Bu gecikmiş baharın ilk əsintisi kimi

Açılır könüllərdə bir təsəlli iqlimi,

Bu ümidin bətnində çırpınır uşaq, böyük-

Biz birlikdə güclüyük!

Biz birlikdə güclüyük!

O modern,o parlayan,gurlayan dünya hanı,

Raketləri Allaha tuşlayan dünya hanı?

İndi belə boş, miskin, belə lal, belə həzin,

Qarşısında çarəsiz bir gözəgörünməzin!

Hanı insan övladı fövqəlgüc olacaqdı?

Hanı Allaha şərik Postinsan doğacaqdı?

Hanı o ən böyüklər, hanı o ən güclülər?

İndi bu ən zəifin önündə gücsüzdülər;

Fitrətdən uzaqlaşıb təkləşirsək ölürük,

Biz birlikdə güclüyük!

Biz birlikdə güclüyük!

Uzun, incə bir yolun hələ əvvəlindəyik,

Sirat körpüsündəyik, zaman tunelindəyik.

Gün məsuliyyət günü, an sayıqlıq anıdır,

Bəla hardan gəlsə də Haqqın imtahanıdır.

Azərbaycan evdədir, Azərbaycan bir evdir,

Bu gün qınına yatan sabah bir iri devdir.

Zamanı oxumalı, ayıq,sayıq olmalı,

Girib ana bətninə yenidən doğulmalı

Yeniləşən dünyada – daha gur, daha böyük –

Biz birlikdə güclüyük!

Biz birlikdə güclüyük!

Xalqım! Qorxub sıxılma ürəyinin küncünə,

İnan varlığındakı yaradılış gücünə.

Sənin bir Sahibin var, ömrün bir hədəfi var,

Bu dünyada hər Şərin bir Xeyir tərəfi var;

Kibrin ayırdığını bəla birləşdirəcək,

Tarix qabıq dəyişir- Yeni dünya gələcək!

Zamanın buxovundan sıyrılacaq o qüdrət,

Çıxacaq bu bəladan, dirçələcək bu millət –

Sənin əzmin, idrakın düşündüyündən böyük,

Biz birilikdə güclüyük!

Biz birlikdə güclüyük!

 

Share: