“HALAL ÇÖRƏK” haqqında…. – Adilə Nəzər yazır

Əli Vəlioğlunun “Halal çörək” adlı povestini oxuyub bitirdim. Əsər müəllifin vəfatının ildönümü münasibətilə nəşr olunub. Redaktoru

Tariyel Azerturk

, tərtibçi

Azər Əlizadə

, ön sözün müəllifi professor Rüstəm Kamaldır.

Ümumiyyətlə, yaradıcı adamların hamısının özündən sonra tamamlanmamış və ya bitmiş, amma nəşr olmamış əsəri qalır. Və bu əsər adətən müəllifin ömrü boyu demək istədiklərinin xülasəsi olur. Bəlkə də bu yazı onun sonuncu səfərinin vaxtını bir az da uzadır. Kim bilir?!…
Yəqin ki, Əli Vəlioğlunda da belə olub. O, bizə ədəbiyyatın gəlmiş-keçmiş ana mövzusu olan insan problemini – yaxşı adam – pis adam, halal adam – haram adam, dost adam – düşmən adam və s. təzadların doğru tərəflərini bir daha xatırlatmaq istəyib. Eynən digər yazarlar kimi.
Suriyalı yazıçı Adonis “niyə yazırsınız?” sualına belə cavab vermişdi: “Tanrının dediyi amma yazmadığı şeylərə əlavə olsun deyə yazıram”. Eyni sualı italyan yazar Calvino isə belə cavablandırmışdı: “İndiyədək yazılanları tamamlamaq, düzəltmək və problemlərin həllinə yeni çözümlər tapmaq üçün yazıram”.
Hər hansı bir əsəri oxuyarkən hər oxucuda fərqli və ya oxşar fikirlər yaranır. Bu oxucunun savadına, dünyabaxışına və əsərin gücünə – oxucuya verdiyi mesaja bağlıdır. Mən də zamanla oxuduğum kitabların bəziləri haqqında rəy yazmışam. Bu kitab haqqında da ətraflı rəy yaza bilərəm. Amma…
Bu kitab böyük həyat təcrübəsinin müdrikləşdirdiyi bir insanın mənəvi bütövlük və saflıq haqqında düşüncə və qənaətlərindən ibarətdir. Əli Vəlioğlu bu qənaətlərini mübaliğəsiz ağsaqqal nəsihəti, həyat gerçəkliyinin əbədi qanunlarından doğmuş həqiqət kimi bizlərə çatdırmağı özünə borc bilib.
Mən də kitab haqqında fikir deməkdən çox kitabdakı fikirləri çatdırmaq istəyirəm. Əsər bilavasitə avtobioqrafik əsər olduğu üçün məhrum müəllifi tanıdığım qədər tanıtmağı, eyni zamanda əsərin mətləbini, qayəsini geniş oxucu kütləsinə çatdırmağı özümə borc bilirəm. Bu baxımdan kitabdan bir neçə hikməti paylaşmağı məqsədəuyğun hesab edirəm.
* * *
– Halal çörək ağır zəhmətdir, lakin şərəflidir. alın açıqlığı, üz ağlığı, ürək dincliyi var bu çörəkdə.
– Haram bəşəriyyəti içindən dağıdan iyrənc bir qurd, onun sağalmaz xəstəliyidir.
– Haram ədalətin əzəli qatili, bəşəriyyətin müsibətidir.
– Haram bir ləhzədir, doğrular -ölər, halal bir zamandır, tarixə dönər.
– Haramın çölü də, içi də qışdır., halalın hər iki üzü yazdır, alqışdır.
– Göydən yerə yağır nur,
Ağır otur, ağır dur.
El içində düz dolan,
Görən desin ağırdır.
– Düzə, həqiqətə də arxa lazımdır…
– Gücsüzün güclüyə arxalanıb onun kölgəsində keçirdiyi həyat, qollarına vurulmuş qızıl qandala bənzər..
– Ağıllı yüz xalqı özündə birləşdirir, axmaq isə bir xalqı ikiyə bölür.
– Yada tərif demək, alqışlamaq mənəvi xəstəlikdir.
– Namərdin peşmanlığı qurduğu tələyə özünün düşməsilə başlayar.
– Mərdlər öz fitrəsini namərdin zəlil balasına verər… (!)
– Bir dostun varsa bir evin, yüz dostun varsa yüz evin var.
– Bu eldə səda çoxdur,
Dərd çoxdur, qada çoxdur.
Dost min olsa da azdır,
Düşmən birsə də çoxdur.
– İnsanlıq borcu ən adi şeylərdən başlayır – davranışdan, danışıqdan, kiçiyə-böyüyə, dosta, yoldaşa, ailəyə münasibətdən. Budur cəmiyyəti nizamlayan.
– Təbiətdə oksidləşmə, korroziya, çürümə halları olduğu kimi, cəmiyyətdə də ictimai quruluşun təsirindən asılı olaraq keyfiyyətdən kəmiyyətə və ya bunun əksi olaraq kəmiyyətdən keyfiyyətə keçmə halları baş verir.
– İnsani borc cəmiyyətin mənəvi havasıdır.
– Vətən (A.N.torpaq) can bahasına vətəndaşından borc istəyir..
– Güc mərdin silahlı ordusudur, hiylə namərdin silahsız kəşfiyyatçısı.
– Ucalıq şərəfdir – ayağının altını görə bilsən.
– Ucalıq pisdir – özün buna layiq olmayanda.
– Vətəndən gözəl və ətirli çiçək tanımıram.
– Milli qürur – bu şərabdan daha çox içib məst olmaq nə böyük səadət!
– Haqsız iş tutmayın, yoxsa ömrümü gödəldərsiniz.
– Yaşadıqca ömrümüzün düsturunu açırıq. Taleyimiz bu düsturun qiymətini yerinə qoyur.
– Ömrüm hər an mənə qəsd edir, lakin qarşısını ala bilmirəm.
* * *
Əsərin XII fəslində müəllifin “Ömrüm ödənməyən borclar içində” şeirindən bir parça verilir:
Borclarım var,
narahatam.
Elə bil ki, ürəyimdən daş asılıb.
Əbədilik ödənməyən borclarım var –
ata, ana, vətən borcu.
öz xalqıma məhəbbətim,
övladıma qayğıkeşlik,
düşmənimə nifrət, qəzəb..
İnsanlara sədaqətim,
dostlarıma sevinc adlı borclarım var.
Borclarımı unutmayıb – yada salıb,
dincliyimə qatıb haram,
narahatam.
Elə bil ki, ürəyimdən daş asılıb.
Fikirlərim məcrasında tutmur qərar,
çünki mənim əbədilik ödənməyən borclarım var.
Ömür qısa, qəlb tələbkar…
Arzu edirəm ki, Əli Vəlioğlunun ömrü boyu yerinə yetirdiyi, amma yenə də yetirə bilmədiyini sandığı borcları bizlər də özümüzə borc sayaq, hər birimiz bu borcu öz ömrümüzdə tətbiq etməyə çalışaq. Xüsusilə, onun vətən qarşısında “düşmənimə nifrət, qəzəb..” borcunu öz üzərimizdə hiss edək – o vaxta qədər ki, Əli Vəlioğlunun doğulduğu Zəngəzur mahalının Nüvədi kəndi – yəni tarixi Azərbaycan torpaqları erməni işğalından azad olunsun.
Beləcə, Əli Vəlioğlunun bu sonuncu əsəri ilə, ömür yoluna bir daha nəzər salaraq, onu ildönümündə sayqı və rəhmətlə anırıq. Ruhu şad olsun!
Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər
Share: