TANIDIĞIM, OXUDUĞUM, SEVDİYİM FƏRQANƏ

Və onun rəngli dünyası…

Qənirə PAŞAYEVA

Millət vəkili

 Fərqanə xanımın imzası ilə çoxdan tanışıydım; həzin, kövrək və xəlqi duyğuları dərhal hiss olunurdu. Həzinlik, kövrəlik fərdi xüsusiyyət planında qabarırdısa, xəlqilik artıq ümumvətəndaş məzmunu, cəmiyyətşünaslıq aktı kimi də qavranıla bilərdi. Bu, aydın görünürdü. Hələ özünü yaxından tanımadığım vaxtlardı… Və belə bir “mətn-mündəricə”li şairlə, xanıməfəndi ilə tanışlıq, əlbəttə, maraqlı və arzuolunandı.

Şairin özünü şeirlərindən sonra tanıdım və məncə bu, bir şairi tanımaqçün daha yaxşı ardıcıllıqdır. Çünki şairin hansısa xüsusiyyətinin, xoşumuza gələn, gəlməyən cəhətinin təsirinə məruz qal­madan, sırf mətnin özünə, şeirin öz energetikasına uyğun rəyin formalaşır. Amma sonra şairin özünü tanıyınca, onun öz şəxsiyyəti ilə şeirlərini tamamladığı yaxud şeirin şairin iç dünyasını doğru nişan verdiyini görəndə, çox xoş olur. Fərqanə xanım şeiri ilə bütöv şairiydi; əgər bir qədər obrazlaşdırsaq (yaxud məşhur təriqət termini ilə ifadə etsək), onun yaradıcılığında “vəhdəti-vücud” şəkillənməsi ilə qarşılaşırıq, məncə.

Fərqanə xanım məsuliyyəti şair idi.

Bir şair haqqında məsuliyyətli demək ilk baxışdan qəribə görünə bilər, sanki məsuliyyət sözü şair azadlığını, şair dünyasını çərçivəyə salır; əslində, bu kateqoriyaları qarışdırmamaq və bir-birinə münasibətdə hüquqlarını qəbul etmək daha doğru yanaşma olardı. O, el dili ilə desək, “başını aşağı salıb”, öz iş-gücü ilə məşğuldu – aram-aram, məsuliyyətlə, ləyaqətlə, ümidlə, öz­güvənlə…

 

Fərqanə xanım haqqında, ümumən istənilən əsl şair haqqında keçmiş zamanda danışmaq  doğru deyil bəlkə də… Çünki şairin şeirləri bugün də oxunur, yayılır, çap edilir və sevilirsə, (gələcəkdə də belə olacağına dair əsaslı inam içindəyiksə), o, öz müəllifinin ömrünü özü boyda böyüdür, yaşadır…

Fərqanə xanımın özəlliklə ana dünyasına, qadın dünyasına (deyərdim, ümumən dünyaya!) baxışı bir başqa aləmdi, dünya içrə dünyaydı. Bunu onun anasından yetim qalan təndirlə dərdləşməsində də, “şair balaları yetim olurlar” nidasında da, “daşyonanla söhbət”ində də, öv­ladına, nəvəsinə verdiyi şairanə adlarda da… açıq-aydın görmək mümkündür. Fərqanə xanım həyatda da, yaradıcılıq həyatında da sabitqədəm, qaça-qovdan uzaq bir ziyalı kimi qalıb yadımda –  ancaq onun vəfatı münaibəti ilə sosial şəbəkələrdəki çoxsaylı paylaşımlardan, xatirə yazıla­rın­dan gəldiyim qənaət, əslində, sabitqədəmlik, təmkinlik içində, “yeraltı çaylar kimi tələsimək də, darıxmaqlar da varmış” deyir… Bu tələskənlik, darıxmaqlar isə onun xarakterik xüsusiyyətlərini, xanıməfəndiliyini zədələmirdi; o, məhz səhhətindəki problemin qapını vaxtsız döyəcək bir ölüm vəd etdiyini bildiyi üçün… daha çox yazıb-yaratmağa, daha çox xeyirxahlıq etməyə, yarımçıq arzuları bütövləşdirməyə, görmədiyi və təəsüf ki… artıq görə bilməyəcəyi günləri yaxınlaşdırmağa can atırmış… Doğrusu, şəxsən mən ona ölümün belə tez yetişəcəyinə inanmırdım, inanmaq istə­mirdim; ancaq “təqdiri-İlahi” deyərlər…  Fərqanə bacımız artıq haqq dünyasındadır; indi tə­səllimiz onun gözəl yaradıcılığı, əziz xatirələri, ad verdiyi övladlarında ülfət-ülfət, sevgi-sevgi çiçəkləyən, davam edən ömrüdür…

Fərqanə xanımın şeirlərini

bir gülə bənzətmək lazım gəlsəydi,

o gülün adı qızılgül olardı;

onun şeirlərinə bir rəng müəyyənləşdirsək, o rəng də elə qızılgül rəngində – alqırmızı olardı. Ustad Rəsul Rza “Qırmızının ümid çaları”nda yazdığı kimi:

Uzaq ulduzların yaxın yolu.

Bir də insan:

alnı açıq,

gözləri etibar dolu.” – Fərqanənin yaradıcılığını küll halında götürsək o məhz bu sözə – ÜMİDə uyğun gələr… Necə deyərlər, rəngdən ümid doğar, ümiddən rəng doğar… Və Ümiddən şeir, şeirdən ümid doğar…

Nə gizlədim, mən şairlər haqqında “nekroloq” üslubunda danışmaq, yazmaq istəməzdim; hər istedadlı, sevilən şair ömrü illa da ömürlərə səpələnibsə, yaşarılıq qazanıbsa, onun haqqında olan yazının hətta sonluğu belə “Uvertüra”ya layiqdir – qoy, “Uvertüra”lı sonluğumuz, Fərqanə xanımın özünün də çox sevdiyi, yaradıcılığından təsirləndiyi ustad Rəsul Rzadan, onun ölməz “Rənglər”indən olsun…

Və biz, bununla Fərqanə xanımın şeirlərini, duyğu və düşüncələrini yalnız bir rəngə, yalnız bir ətrə bağlamaqdan qaçınıb, orada bütün rənglərə yer olduğu fikrinə ortaq olaq:

 

Ağ, qara, sarı, yaşıl, qırmızı;

hərəsi bir sınaqla bağlıdır.

Biri həsrətimizi xatırladır,

biri dərdımizi, biri arzumuzu.

Hərəsində bir məna arayıb,

bir səbəb görən var.

Kim bilir, kim sınamış,

kim bunu ilk dəfə demiş.

Qara – matəm,

qırmızı – bayram,

sarı nifrət rəmzi imiş.

Kim bilir keyfinin nə vaxtında,

kim olmuş, rəngləri belə damğalayıb,

belə ayıran.

Qırmızı qan da ola bilər,

bahalı üzük qaşı da.

Qara matəm rəmzi də ola bilər,

məhəbbət rəmzi də,

nifrət rəmzi də.

Ağ gözümüzü nurdan sala bilər,

çiçək-çiçək bəzəyə bilər süfrəmizi də.

Biri yaşıl görür yarpağı,

biri qırmızı.

Ancaq yarpaq öz rəngində qalır.

Yaşıl olur, qızarır, saralır.

Rənglər könlümüzdən keçir

isti, sərin küləklər kimi.

Nəğmələr, sözlər, səslər

Qəlbimizə dolur müxtəlif rənglər kimi.

Rənglər xatirələr oyadır,

duyğular oyadır.

Gördüyümüzdən artıq görmək istəməsək

hər rəng adicə boyadır.

Rənglərin də musiqi kimi ahəngi var.

Ağrının, sevincn, ümidin də

rəngi var.

Düşündükcə açılır

əlvan səhifələri rənglərin.

Canlanır gözümüzdə rəngi

ömrün, mübarizənin,

qəlbin, nifrətin,

gecənin, səhərin

və insan taleyinin… (R.Rza. “Rənglər”in “Uvertüra”sı…)

RUHUN ŞAD OLSUN, ŞAİR BACIM!

Bakı,

May-2020

 

Share: