“Qalanin dibində bir daş olaydım…” nəğməsinin dünya musiqisində yeri – Video

Qalanın dibində bir daş olaydım,

Gələnə-gedənə yoldaş olaydım.

Azərbaycanın qədim və zəngin mədəniyyətə; habelə folklora malik bir diyar olduğu məlumdur. Xalq mahnılarımız da bu folklorun çox güclü və ifadəli qolunu təşkil edir. Türk dilləri ilə yanaşı musiqi və rəqs sənətinin də bu mənada təsirləri məsələsi artiq musiqi ictimaiyyətinə və elmi fikir aləminə yaxşı məlumdur. Bu məqsədlə  mən Türk dünyası üçün ortaqlıq daşıyan məşhur türkülərimizin, daha dəqiq desək, “Qalanın dibində bir daş olaydım” nəğməsinin Dünya miqyasına çıxışı – başqa xalqlara məxsus bir çox sənət örnəklərində istifadəsindən bəhs etmək istəyirəm.

Mahnı, musiqi təmirə ehtiyacı olmayan körpüdür, demişlər. 19-cu əsr Rus ədəbiyyatında Qafqaz mövzusuna Şərqin – ayrıca yenə Qafqazın musiqili etnoqrafik ərzi-halı kimi “Persidskiy xor” daxil olur. Böyük Rus bəstəkarı Mixail Qlinka isə Puşkinin “Ruslan və Lüdmila” poeması əsasında yazdığı operasında  nəğməni rəqsin müşayətində xor şəklində vermişdir. Bu parçanın mənşəyi  məsələsi ilə əlaqədar belə bir fikrə gəlmək mümkündür ki, “həqiqətən Qlinkanın “Ruslan və Lüdmila”da işlədiyi türkünün coğrafi arealı genişdir. Xəzər xaqanının “Şəhrizadın sarayı”ndan geri qalmayan evi, sehirkar bir gözəllik daşıyan bağı…

Qıpçaq yönlü Kiyev knyazlığında baş verir hadisələr. Xəzər xaqanlığının hökm sürdüyü coğrafiya, yaranmış türkanə mühit… Təəssüflər olsun ki, yazıldığı vaxtdan başlayaraq  böyük bəstəkarın “kəşf etdiyi” intonasiyalar kompleksini təşkil edən  çox incə, həssas melodiyaların əslində çox aydın olan mənşəyi barədə müəmmalı fikirlər hələ günümüzə qədər davam etməkdədir. Bu ilahi melodiyalarda bir çox xalqlar öz doğma musiqi nişanələrini görə bilirlər və ya görmək istəməkdədirlər.

Qalanın dibində yıxılıb yatdım,

Yuxuda yarıma hey baxdım, baxdım.

1842-də ilk dəfə Peterburq Böyük teatrında ilk tamaşası keçən operası ilə əlbəttə hər şeydən öncə Qlinka qədim Rusu Şərq ilə yaxınlaşdırıb birləşdirmiş, həm də bizim bu nəğməmizə əbədiyaşarlıq qazandırmışdır.

Rəssam Ayvazovskinin xatirələrindən bilirik ki,  dostu Qlinka yazmağa başladığı operası üçün ondan  kamançada  yerli musiqilərdən çalmağını xahiş etmiş, və sənətkar ona  çox uşaqkən eşitdiyi tatar mahnısı “Qalanın dibində bir daş olaydım” mahnısını ifa etmişdi. O  da bunu “Ruslan və Lüdmila” operasına daxil etmişdi (“Fars xoru”; “Çernomor üzərində qələbə” adlı IV aktda “Türk rəqsləri”), deyə yazır. Bəstəkar özü də bu görüş barədə “Qeydlər”ində  göstərirdi: Ayvazovski mənə 3 tatar nəğməsi ifa  etdi. Onlardan ikisini “Ləzginka”, üçüncüsünü isə operada xor şəklində ifa etdim. Və bununla o, Rus musiqisinə çox koloritli orientallıq bəxş edir.

Əslində bu təsir daha əvvəldən təzahür edib bərkimişdi: “Qalanın dibində bir daş olaydım” mövzusuna gəldikdə bəstəkar 1829-cu ulə  aid  xatirələrində göstərirdi:  Xosrov Mirzənin katibinin oxuduğu bu fars nəğməsini həmin ilin payızında mən Şteriç gildə dinlədim.  Bu motiv mənə  operadakı “Çölə axşam qaranlığı çökmüşdü”  adlı xor üçün yaradı. (Xosrov Mirzə şahzadə Abbas Mirzə Qacarın oğlu Rusiyanın səfiri Aleksandr Qriboyedovun   Tehranda öldürülməsi münasibətilə 1829-da Peterburqa göndərilən rəsmi Barış missiyasına rəhbərlik edirdi). Demək, Ayvazovskinin ifasından da 10 il əvvəl bəstəkar bu mahnıyla tanış imiş hər halda. Bununla bitmir; bu ifaya sonralar da soyuq Peterburq guşələrində rast gəlinincə, bizim bu nəğmənin həqiqətən öz soydaşlarımız tərəfindən çox-çox sevildiyinin şahidi olursan. Operadan çox illər sonra bəstəkar Rimski-Korsakovun da müşahidələri maraqlıdır:  “Əlahəzrət imperatorun Mühafizə alayının Şpalernoy küçəsindəki qışlasını  Balakirevlə ziyarət edəndə indiki kimi yadımdadı Qafqazlıların balalaykaya bənzər, ya da gitara oxşar alətdə çalıb xorla bir səslə  Qlinkanın “Persidski xor”u bəzi dəyişikliklərlə oxuyurdular” sözlərini misal gətirir. Şübhəsiz, bu mühafizə alayındakı Azərbaycanlı zabitlərinin çaldığı saz, oxuduğu onların qəriblik, həsrət duyğlarını bəyan edən  “Qalanın dibində bir daş olaydım” şərqisi idi. Bu nəğmə çox sevilən, ən çox tələbat duyulan bir parça olmuşdur. Özüm illər öncəsi 20 əsrin ilk çağında alman folklorşünasları tərəfindən yazıya alındığını eşitmişdim.

Bizim bu qədim mahnımızın  əsrlər öncəsi uzaq xalqların da sevgisinə, diqqətinə səbəb olduğuna dair yenə faktlar var əlimizdə.  Daha əvvəldən polyak dilinə tərcüməsi varmış. Qafqazın istilasının ilk çağlarından başlayaraq süngülərin açdığı yolla buraya gələn elm-maarif xadimlərinin də diqqətini cəlb edən saysız örnəklər içində bu türkü də vardı. Abbasqulu ağa Bakıxanov Qafqaz xalqları mədəniyyətilə, tarixilə yaxından maraqlanan dostu etnoqraf, tərcüməçi  Tadeuş Lada Zablotskiyə bu mahnını təqdim etmişdi. Bundan başqa 1844-cü ildən başlayaraq 7 il Kırımda, Qafqazda yaşayan şair Polonski Yakov da bu mahnının sözlərini tərcümə etmiş, onu tatar nəğməsi adı ilə yaymışdır. Bir də bu nəğmənin ruhuna uyğun ona özü yazdığı əlavə bəndlər də qoşmuşdur. Tək bununla qalmamış, Qafqazda ilham çeşməsi çağlayan şair 12 şeirinin toplandığı “Sazandar” silsiləsini yaratmışdır.

“Qalanın dibində bir daş olaydım…” qeyri-maddi mədəni irsimizin gözəl örnəyi sayılan türkümüz demək olar ki bütün Türk dünyası ilə ortaq mənəvi sərvətimizdir. Türkiyə, Kərkük, Balkanlar, Türkmənistan ölkələri ilə sıx ortaqlığını deyə bilərik. Bu siyahıya Türk dünyasında ortaq dəyərlərdən sayılan “Sarı gəlin”, “Dedim dedi”, “İrəvanda xal qalmadı”, “Qubanın ağ alması”, “Çaxmağı çax”, “Ver yaylığı”, “Mindim gəmisinə” və s. əlavə etmək olar. Bu mənada Azərbaycan xalq nəğmələri Azərbaycan, eləcə də türk xalqlarına xas olan psixologiyasının, əhval-ruhiyyəsinin xəritəsini xatırladır. Həqiqətən, xalqın epik və etnik yaddaşı olan folklorla tanış olmadan millətin psixologiyasını, müstəqil, milli, fərdi mentalitetin sabit, əbədi daşıyıcısı kimi onun etnik “mən”ini, ümumbəşəri və qlobal yaddaşda məhz bu “mən”lə təmsil olunan bədii arxetipi, fəlsəfi-estetik kodu və geni arayıb – axtarmaq, tapıb, ayırıb incələmək qeyri-mümkündür. Baxın: nəğmənin həzin ifadə tərzinə uyğun gələn Qalanın dibində əkərlər darı/Əkərlər-biçərlər yarıbayarı/ Yar mənə göndərmiş heyvaynan narı”(Kərkük variantı); “Qalanın dibində əkərlər narı/ əkərlər, biçərlər, çəkərlər zarı/ çəkdirmə zarı, ol yigidin yarı (Türkmən variantı) xalqlarımızda eynidir

İohann Ştraus (oğul) da “Qalanın dibində” nəğməsindən istifadə etməklə “Persidskiy marş”ı ortaya çıxarıb. Yeri gəlmişkən qeyd edək ki, Peterburq Universiteti Türkologiya kafedrasına başçılıq etmiş mərhum həmyerlimiz prof. Əfrasiyab Vəkilov etiraz edərək vallarda yayımlanan Persidskiy tanets yerinə Azerbaydjanskiy tanets (Azərbaycan rəqsi) yazdırmışdı.

Mahnının nəqarətində:

Ay dadaş, atma daş, mən yaralıyam

Şəkinin, Şirvanın mən maralıyam.

Kərkük variantındakı nəqarətdə:

Atma bu daşları mən yaralıyam,

El –aləm al geyinib, mən qaralıyam.

Nəğmənin Türk xalqlarında “Kalenin dibinde bir taş olaydım”,    “Kalenın ardında”, “Kalanın başında”, “Kalenin altında”? kimi yalnız cüzi fərqlərlə olsa da eyni sayaq adlandirilmasi da eyni qaynaqdan qaynaqlanmasına sübutdur.

Aram Xaçaturyan “Spartak” baletində “Köçəri” oyun havası ilə yanaşı Azərbaycan, Türkiyə, Balkan türkləri, Kərkük, Türkmənistan ölkələri  üçün ortaq şərqilərdən olan “Qalanın dibində bir daş olaydım”, mahnısından istifadə etmişdir.

Belə məlumatlarla Kamran İmanovun “Erməni yadelli nağılları” kitabında daha ətraflı tanış olmaq olar. Kitab Azərbaycan, rus, ingilis, fransız dillərində çap olunmuş və yayılmış, müxtəlif informasiya saytlarında yerləşdirilmiş, Türk dünyasına, o cümlədən Azərbaycana məxsus mədəni sərvətlərin, o cümlədən muzeylərdə, kitabxanalarda və arxivlərdə qorunub-saxlanılan və ictimai varidat sayılan mədəni irs və digər əqli mülkiyyət nümunələrinin mərkəzləşmiş şəkildə rəqəmləşdirilməsi, hüquqi qorunması və beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin aidiyyəti qurumları ilə mübadiləsinin təmin edilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıb.

Türkülərimizin elmi tədqiqi onların yayılma arealını da dəqiqləşdirməyə yol açır, bu təşəbbüslər onun itirilmiş, əldən getmiş nüsxələrini də tapıb üzə çıxarmağa, bununla məzmunu bütünləşdirməyə, habelə sonda mahnı xəzinəmizi zənginləşdirməyə şərait yaradır.

    PROF. Minaxanım Nuriyeva-Təkləli

https://www.youtube.com/watch?v=ZQYsqT-2aeo

Share: