Fikri sağlam oldu, yolu Haqq yolu, düşmədi payına sevincin bolu

Şikar Məmmədov

GETDİ

Fərqanə vədəsiz yumdu gözlərin,

Cismində min ağrı, min acı getdi.

Müşkül bir azara düçar olmuşdu,

Olmadı dərdinin əlacı, getdi.

 

Sevgidən gəlmişəm dedi cahana,

Məndə qəzəb, nifrət olmaz insana

Vəfalı bir xanım, qayğıkeş Ana,

Hamıya mehriban bir Bacı getdi.

 

Fikri sağlam oldu, yolu Haqq yolu,

Düşmədi payına sevincin bolu.

Bir ürək apardı şeriyyət dolu,

Bu Ulu Sənətin ZƏR TACI getdi.

21.05.2020. Sibir-Tayqa.

 DAĞLARA

Ötən günlərdən yadigar qalan bu şeiri təkcə Fərqanə bacım oxumuşdu

 

Ay Fərqanə, bu il səfər eyləsən

Mənim salamımı yetir dağlara!

Səhər şehli-şehli dər çiçəkləri,

Yaysın əsən yellər ətir dağlara!

 

Gələr göy üzünə sıra buludlar,

Çəkər karvanını hara buludlar?

Leysan ələyəndə qara buludlar,

Tutar ağ buludlar çətir dağlara.

 

Şikaram, dağ olub sağım, həm solum,

Dağlarsız sınıqdır qanadım, qolum.

Murovdan o üzə açılmır yolum,

Sürünəm, dolanam o pir dağlara.

01.06.2018. Sibir-Tayqa.

 

 

Share: