İSTƏKLƏR TOZ DUMANI KİMİ QARIŞIB: Rəsul Rza -110

            Məlahət Yusifqızı

İSTƏKLƏR TOZ DUMANI KİMİ QARIŞIB     

                                         Rəsul Rzaya

-Anan əngəldir yolunun üstündə, -deyib

Şeir yazan qızıma Rüstəm Kamal.

Hərdən ata kəsir

oğluna gələn istəyin qarşısını,

hərdən də oğul.

 

Səni bir müəllimim sevdirmişdi mənə,

Rəsul Rza!

Bəxtiyar Məmmədli.

80-ci illərdə qoyub gəldim onu.

Xəbərim də olmadı

köçüb getdiyindən.

Yəqin sözə sevgisindən getdi yanına.

 

Bəli,

keçən günlər gələn günlər üçündür,

Rəsul Rza!

Sevənlərin çox olduğu qədər də az idi.

Hərdən yaddaşıma vurur yoxluğun.

Oturub dərdləşmək istəyirəm səninlə.

Kimdir məni oturmağa qoyan, atam!

İşə çatdırmalıyam özümü.

Odur ki,

yol gedə-gedə düşünürəm bu şeiri.

Dayanıb yazdığım yerdə

qonşunun iti

üstünə hürür bu yazının.

 

İtlər niyə əl çəkmir bizdən, görəsən?!

Atalar niyə:

-Üstümə it hürdü, -deyib?!

Yəqin şeytan adamlara yamayıblar itin adını.

Yoxsa adamlara “Şeytan” deməyə qorxub atalar?!

Yox, təzə söz almağa hövsələsi olmayıb ataların.

Çünki söz qədər qiymətlisi yoxdur satılanların.

Ona görə  sənə də çox itlər hürdü, bilirəm.

Çünki it də gözəl bilir kimə hürdüyünü.

 

“Ən bahalı” “ən yaxşı” demək deyil.

“Ən yaxşı” “ən bahalı”dır demək.

Düşməni daha çox olur varlının.

Sözü daha kəsərlidir düzün.

Kəsir cərgədən dönəni,

boşuna əyiləni.

 

Hərdən cəllad olmaq da

yarayır işə.

Birini öldürürsənsə minini azad edirsən.

İstəklər toz dumanı kimi qarışıb

biri-birinə.

Əsillər seçilmir qondarmadan,

yalandan.

Yalan demək üçün

dərs keçmək gərək deyil ki, atam!

Yalan danışmaq üçün

“usta” doğulur yalançı adam.

Düzün sözünün üstündə qurulur edam.

 

Əslində suçlar şeytan üçündür.

Sarsıtmağa, ləkələməyə çalışır insan.

Ömrümdə getmədim

hər kəsin getdiyi səmtə.

Pislərdən öyrənmədim ömrümdə.

Şah deyib

qulluğunda durmadım nəfsin.

Hadi deyib,

Cavid, Sabir…

kəsəsi, söz deyib,

min dəfə əyildim

və qorxdum sözü itirməkdən, ustad!

19.04.2010.

SƏNİ DAHA YAXŞI GÖRÜRƏM

                                 Rəsul Rza -100.

“Bilsəm də

ən yüngül ağrının dadını.

Eşidə bilmirəm

köçəri quşlar kimi

gedən günlərin

əbədi ayrılıq fəryadını.”

“Sən mübarizə meydanında

gülüşünü döyüsə hazır qoydun

ən qorxulu silah kimi.”

“Yamanlıq eləmək

özü də yaxşılıqdır.”

Bəzən bilməmək də səadətdir.

 

Bizi vurmağın yolunu

çoxdan tapdı düşmən.

Haqqımı aldı.

Dünyanın hər yerindən

görünür haqqım.

 

İndi həqiqətən indidir.

Mümkün olmayana inanıram.

Özümü inandırıram

ölüb dirildiyimə.

 

Dünyanın axırı sudu, torpaqdı.

Torpağı çox sevdim ki,

öləndə çox sıxmasın məni,

gələcəyim bildim ki,

dostlarım kimi

“ətimi yesə də sümüyümü atmasın.”

 

Torpaq onu udana qədər

torpağa qarışacağını unudur hər kəs.

Həmişə özünü çəkən rəssamdı torpaq.

Onu öz yaratdığı öldürür.

 

Yenidən başlamaqdır ölüm.

Həyatın, işığın başqa üzüdür, yəni.

-Gələcəkdən sənə açılan qapı mənəm,

-deyir.

-Özgə çıxış yolu yoxdur.

Məndən keçməlidir hər kəs.

Mənimlə qarşılaşanda

hər kəs dəyişməyə hazır olur

və qorxulu kəs rolunu oynamaqdan

bezirəm.

Ölən isə:

-Mən sənin üçün nə isə eləyə bilərəm.

Səni daha yaxşı görürəm, ölüm! –deyir.

21.04.2010.

ÖZ QƏDƏRİNDƏ GÖTÜRDÜ HƏRƏ

    Rəsul Rza – 100

Uzun –gödək sətirli şeirləri ilə

bir şair başına aldı dünyanı.

Ağ üzlü qara adamların yamanında,

ağ günlərin qara yanğısı canında,

incə duyğulu Nigarı yanında,

bağ-ayaq zamanın ürpədici asılqanında

ağ şeirlər yazdı insanlıq adına.

 

Ömrün bütöv üzünü yaşadı,

günahlarını kişi kimi daşıdı,

boynuna çəkdi səhvini belə.

Yaxşı cildində yaman,

yaman cildində yaxşı olmadı.

 

Qafiyəsiz, qəlibsiz,

ütüsüz sətirlərini

döndərdi quşqaytarana,

atdı baltalı, baltasız qara daşların,

qardaşların önünə.

Tək çıxdı yüzünə, mininə,

Şeytanına, cininə.

Məngənəyə döndərdi sözü,

qəlibə saldı yamanlığı.

Fəqət uzun-gödək biçdi doğmalığı,

ölçüyə gətirmədi qulağa gəlməyən istəyi.

Dosta uzun-gödək biçdi sevgini.

Fəqət on iki arşından o yana

biçmədi yağıya kəfəni.

Uzun-gödək sətirlər yazdı

uzun-gödək biçənlərə.

Əlindən gələni elədi,

Haqqı almadı çəpərə.

Qapı qoymadı sərhədlərə,

daşdan keçib, yol saldı ürəklərə.

Nə yazıqlar ki,

öz qədərində götürdü hərə!

             22.05.2000.

BƏXTƏVƏRƏ DÜŞMÜŞ CƏNAZƏ

      Rəsul Rza və Nigar Rəfibəylinin ölümünə

 

Kaman ustası Habil Əli:

-Qızısan, bala?!

Başımla yox deyirəm.

-Qohumusan?!

Eyni cavab.

-Bəs kimsən onda?!

Birtəhər, oxucusuyam, deyirəm.

 

-Nəə?!

Yad ola,

göynəyə-göynəyə ağlaya?!.

Gör, nə böyük xoşbəxtlikdi, bala!

Çevrilib üzü cənazəyə:

-Bəxtəvərsən, Rəsul,

səni belə istəyirlər!

-Qəbirdən əvvəl bəxtəvərə düşdün.

Gözə gətirdim səni, şair!

Yoxsa belə tezliklə

aparmazdın Nigarını,

-Nigarımızı.

11.07.1981.

KİMİ AXTARASAN

                             Rəsul Rza və Nigar Rəfibəyli sevgisinə

Minəsən bir köhlənin belinə,

alasan yolları tərkinə,

bənd olmayıb boğazına ilişən

kəndirə, örkənə,

baxmayıb dəli-dolu dünyanın ərkinə,

düşəsən bu qara dünyanın ağına,

kimi axtarasan?!

 

Yad üzlərdən, yad baxışlardan

qovrula-qovrula,

içindən içinə ovula-ovula

gəzəsən havasız, havalı,

döyüşə durasan yavasız, yavalı,

kimi axtarasan?!

 

Ümidin qala yolundan,

fürsətin düşə əlinə,

bu iki doğma ruhun eşqinə

İlahi bir nəğmə gələ dilinə,

dönəsən bir ağduvaqlı bəxtəvər gəlinə,

kimi axtarasan?!

Axtara-axtara

çıxasan Yerin məhvərindən,

qonasan nağılların sinəsinə.

Uyasan nağıl eşqinə, nağıl havasına.

Baxasan alma atan oğlana,

bir də Göydə yol gələn almaya.

Alma yiyəsindən təmiz,

alma yiyəsindən şirin olmaya.

İlahi, o nağılı mənə göndər!

İlahi, məni o nağıla döndər!

02.02.1985.

SEVİNMƏYƏ SƏBƏB VAR

  “…Nə öyünür:

                                           -Hamıdan yaxşıyam,-deyə,

                                            Nə baxtına küsənir:

                                            -Başqalarına oxşayam, -deyə.”

                                                           RƏSUL RZA, Kövrək budaq.

Sevinməyə səbəb var bu gün.

Heç nə dəyişməyib.

Bəzən qiymətli olur dəyərsizlər.

Bilmirəm

durğunluğun dalınca nələrin gələcəyini.

 

Sevinməyə səbəb var bu gün.

Heç nə dəyişməyib.

Anam sağdır.

Sonbeşik nəvəsi ilə ovudur

atamsızlıq dərdini.

Gününün çoxu

alqış (dua) eləməklə keçir anamın.

Bütün dinlərin peyğəmbəri doğmadır

onun dinində.

Allahın sevdiklərini

anam da sevir.

Heç işi olmaz şeytanla.

Hərdən mələk demək istəyirəm anama.

Evimizin xeyir mələyidir anam.

 

Sevinməyə səbəb var bu gün.

Heç nə dəyişməyib

yollardan özgə.

Daha yerimir

dünən yüyürən yollar.

Çatmaq istədiyim mənzil qalmayıb.

Təkcə atamı istəyir könlüm.

Ruhu gözə görünmür,

özü yuxularıma gəlmir.

Bütün günü danışıram

düşüncəmdəki atamla.

Sıxır məni Yerin üstündəki qəriblik.

O dünya da çağırmır məni

balalarım var deyə.

 

Sevinməyə səbəb var bu gün.

Heç nə dəyişməyib.

Prezidentin növbəti təqaüdünə düşüb

çörək dostlarımdan üçü.

Xeyli sevindim.

 

Sevinməyə səbəb var bu gün.

Heç nə dəyişməyib.

Sağ olsun Anar müəllimi!

Xeyli göz yığdı yollardan.

Gözləmək çətindi

qazanmağı öyrənənlərə.

Hətta atalar üçədək deyıb,-

deyənlər var aramızda.

Fikrini cəmləməyə qoymurlar adamı.

Teatr səhnəsinə döndərsələr də həyatı,

öz əsərlərində tapmaq olmur belələrini.

Usta oynayırlar

kasıbın yanındakı varlı,

varlının yanındakı kasıb rolunu.

Kəsmək olmur dağ selinin yolunu.

Qurban gedirsən daşına, çınqılına.

 

Sevinməyə səbəb var bu gün.

Heç nə dəyişməyib.

-Otur, gözlə, Məlahət, tərpənmə!

Gözlə kiminsə yadına düşəcəyini,-

dedi Elçin Hüseynbəyli.

-Bacarıq (istedad) vergidi, Elçin,

gərək o Haqdan gələ!

Görünür,

təkcə yazmaq bacarığı verilib mənə,

bir də baxıb sevinmək.

 

Bu gün sevinməyə səbəb var, Ustad!

Heç nə dəyişməyib.

Nə öyünürəm:

-Hamıdan yaxşıyam,-deyə,

Nə baxtıma küsənirəm:

-Başqalarına oxşayam,-deyə.

  1. 04.2010

SİZDƏN ÖYRƏNİRƏM

                             Rəsul Rzaya

 

Sağ olsaydınız,

“Cənab Rəsul Rza!” –dedirdərdilər Sizə.

Necə ki, dünən,

“Yoldaş Rəsul Rza!”- dedirtmişdilər.

 

O çağlar xoşum gəlməzdi

“dost”, “qardaş” sözündən.

Dilim qabar olmuşdu düşmənə, yada

“dost”, “qardaş” deməkdən.

Xoşum gəlməzdi

küyə gedənlərin səmtindən, tərəfindən.

Bir başqa idi

mənim dost istəyim, qardaş sevgim.

Bir başqa idi

zamana, çağa yanaşmağım, baxışım.

O sarıdan gətirməzdi

qismətim, naxışım.

Yenə, yenə sevərdim

dost, qardaş bildiklərimi.

 

İndi də eləyəm eyni ilə.

İndi də dəyişməmişəm zərrə qədər.

İndi də küyə gedənlər var aramızda.

Ruhunuzu “oğurlamaq” istəyirlər məndən.

Kitablarınız düşməyir əlimdən.

Hər dəfə Sizi oxuyub, geri qayıdıram ölümdən.

 

Sizdən öyrənirəm,

“dost  zirvəsinə” duruş tutmağı,

Cılızları unutmağı, atmağı.

Sizdən öyrənirəm,

özümü, sözümü ötkəm tutmağı.

                       13.03.2013.

 

Share: