“CƏNGİ” – TÜRKÜN DAŞ YADDAŞI

Oğuzların, eləcə də digər türkdilli xalqların etnoqrafiyasını öyrənən alimlərin əsərlərindən bəlli olur ki, qədim dövrlərdə döyüşçülər kiçik yaşlarından qəhrəmanlıq ruhunda tərbiyə olunurmuşlar. Onlar ox atmaq, qılınc vurmaq, at çapmaq, güləşmək və s. döyüş üsullarını öyrənərkən bu hərəkətləri musiqi sədaları altında icra edirmişlər. Həmin melodiyalar sonralar müstəqil rəqslərə çevrilmişlər.

XIX əsrdə milliyyətcə fransız olan səyyah, etnoqraf-tarixçi İvan İvanoviç Şopen (1798–1870) Qafqazda və İranda tədqiqatlar aparmışdır. O yazır ki, “Azərbaycan türkləri oxumaq və oynamaqda qonşularının müəllimidir” (Bünyadov T.Ə. Əsrlərdən gələn səslər. B.: “Azərnəşr”, 1993, s. 56). Burada “qonşu” dedikdə Qafqazda və İranda yaşayan türk olmayan başqa millətlər nəzərdə tutulur. Dahi Üzeyir bəy Hacıbəylinin (1885–1948) də fikirləri maraqlıdır: “Azərbaycan türkləri istedadi-musiqicə nə Osmanlı türklərindən, nə də qonşuları iranlılardan heç də geri deyildirlər. Qafqaz millətləri içində isə musiqiyə ən müstəid olanları Azərbaycan türkləridir desək, zərrəcə mübaliğə olmaz” (Hacıbəyli Ü.Ə. Bədii və publisistik əsərlər. B.: “Şərq-Qərb”, 2008, s. 492).
Döyüş və qəhrəmanlıq ruhunda yazılmış kütləvi rəqslərimizdən biri də “Cəngi” adlanır. İlk “Cəngi”ləri zurnaçalanlar eramızdan əvvəlki dövrlərdə bəstələmiş, bu rəqs sonralar müxtəlif tərkibli ansambllarda da ifa olunmuşdur. Klassik “Cəngi” rəqsini sənətşünas Rauf Bəhmənli “Azərbaycan xalq rəqsləri” adlı kitabında notlaşdırıb (B.: “Adiloğlu”, 2002, s. 100-101). “Cəngi”lərin ölçüsü 2/4-dir və əsasən çahargah məqamında qurulur. Bəzən bəstəkarlar bu rəqsin ritmindən bəhrələnməklə fərqli məqamlarda da (şur, rast, bayatı-şiraz) müxtəlif cəngilər yazmışlar. Lakin çahargah məqamında “Cəngi” rəqsi daha təsirli alınır. “Çahargah” muğamı dinləyicidə cəngavərlik, mübarizlik, mərdlik ruhu yaradır. Bəlkə də, bu səbəbdən zorxana oyunlarında idmançılar, xüsusən güləşçilər “Cəngi” sədaları altında yarışmağı xoşlayırlar və yaxud ağır daşlar qaldıran pəhləvanlara, eləcə də kəndirbazlara sanki bu musiqi əlavə stimul, güc-qüvvət verir. Özündə bu xarakteri təsirli əks etdirən “Cəngi” ifa edən sənətkarlarımızdan biri də şirvanlı ustad zurna ifaçısı Ağasəf Seyidov olmuşdur (Azərbaycan radiosunun fondu, “Cəngi” rəqsi. İfa: zurnaçalan Ağasəf Seyidov, kartoteka №10455-s, xronometraj 2.30, 05.03.1991).


Görkəmli folklorşünas, musiqi bilicisi, baletmeyster, əvəzolumaz xoreoqraf, Xalq artisti Əlibaba Abdullayev (1915–1980) 1953-cü ildə “Çobanlar” adlı kompozisiya hazırlayarkən əsasən klassik “Cəngi” melodiyasından istifadə etmişdir (https://www.youtube.com/watch?v=e1-cZ-spEIc&feature=youtu.be). Bu quruluşda rəqsin məzmunu çobanlarla bağlı olduğundan kompozisiya da “Çoban bayatı” muğamı ilə başlayır. Daha sonra əzəmətli “Cəngi” səslənir, həmin melodiya isə 6/8 ölçüdə olan kiçik fraza ilə əvəzlənir və ardınca şıdırğı “Xançobanı” rəqsi ifa olunur, kompozisiya “Cəngi” sədaları ilə də tamamlanır. Göründüyü kimi, “Cəngi” rəqsi “Çobanlar” adlı kompozisiyanın leytmotiv, aparıcı melodiyasını təşkil edir. Həmin “Cəngi” rəqsi Əlibaba Abdullayevin quruluşunda ilk dəfə 1954-cü ildə Moskvada keçirilən festivalda nəhəng səhnədə nümayiş etdirilmiş və bu barədə mətbuatda (“Sovetskaya kultura” qəzeti, 1954, 17 avqust) bilgi verilmişdir.
Haşiyə. Bir çox muğamların adında “bayat” sözünə rast gəlirik. Hətta ozan-aşıq musiqisində də adında “bayat” sözü olan melodiyalar da az deyil: “Atüstü bayatı”, “Azər-bayatı”, “Bayatı”, “Bayatı-əcəm”, “Bayatı-əmül”, “Bayatı-ərəban”, “Bayatı-Əraq”, “Bayatı-fars”, “Bayatı-feli”, “Bayatı-İsfahan”, “Bayatı-İsfahani-Mühəyyər”, “Bayatı-kürd”, “Bayatı-Qacar”, “Bayatı-Qacar guşəsi”, “Bayatı-Mənsuri”, Bayatı-Nəhoft, “Bayatı-race”, “Bayatı-ravəndi”, “Bayatı-Segah”, “Bayatı-şikəstə”, “Bayatı-Şiraz”, “Bayatı-Şur”, “Bayatı-türk”, “Bazəm-Bayatı-Şiraz”, “Bazəm-Bayatı-kürd”, “Bəhri-Bayatı-əcəm”, “Çoban-bayatı”, “El bayatı”, “Eyzən-bayat”, “Qatar-bayatı”, “Mürəkkəbi-bayatı”, “Novruz-bayatı”, “Pəs bayatı”, “Sallama bayatı”, “Zil Bayatı-Qacar”, “Zil Bayatı-Şiraz” və s.
“Bayatı” təmiz Azərbaycan türkünə, daha dəqiqi, oğuz türklərinə məxsus sözdür. Bu söz öz adını 24 oğuz elindən biri olan bayatdan almışdır. Adında “bayatı” sözü əks olunan bütün muğamların yaradıcısı Azərbaycan xalqıdır. “Bayatı” kəlməsi etnonim, toponim və ya qövm isimləri ilə birləşərək məlum muğam adlarını əmələ gətirmişdir. Böyük ürəkli xalqımız yaratdığı muğamlara səxavətlə müxtəlif regionların adlarını verməklə bir daha beynəlmiləlçi olduğunu nümayiş etdirmişdir (Nəcəfzadə A.İ. Adında “bayatı” sözü olan muğamlar. // “Konservatoriya” jurnalı №1 (15), 2012, s. 27-37).
Bəlli olur ki, Əlibaba Abdullayev qədim və klassik “Cəngi” rəqsini böyük səhnəyə çıxaran ilk xoreoqraf olub. Ümumilikdə “Cəngi” kimi qəhrəmanlq rəqslərinin icrasında qılınc-qalxan oynatmaq, at çapmaq, nizə atmaq, güləşmək və s. kimi atribut və xarakterik hərəkətlərdən istifadə oluna bilər.
Azərbaycanın bir çox tanınmış bəstəkarları fərqli cəngilər bəstələmişlər. Üzeyir bəy Hacıbəyli (1885–1948) “Koroğlu” operasında III pərdədə “Cəngi” adlı rəqsini təqdim etmişdir (Hacıbəyli Ü.Ə. “Koroğlu” operası. III c. 5 pərdəli opera. Partitura III pərdə. B.: Şərq-Qərb, 2010, s. 175–178; Hacıbəyli Ü.Ə. Koroğlu. Klavir. B.: Şərq-Qərb, 2008, s. 257–262). O, 1941-ci ildə xalq çalğı alətləri üçün “Cəngi” adlı instrumental əsər də bəstələmişdir. Sonralar Soltan Hacıbəyov, Qara Qarayev (“Yeddi gözəl” baletində), Aqşin Əlizadə (rast məqamında) və başqa bəstəkarlar da “Cəngi” adlı simfonik-xoreoqrafik əsərlər yazmışlar. Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyli Fikrət Əmirovla birgə, Səid Rüstəmov, Midhət Əhmədov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Adil Gəray, Cavanşir Quliyev “Cəngi” adlı instrumental pyeslər yazmışlar. Soltan Hacıbəyovun oğlu İsmayıl Hacıbəyov (1949–2006) da müasir musiqinin ifadə vasitələrindən istifadə etməklə “Cəngi” adlı rapsodiya bəstələmişdir. Bu əsərin ilk ifaçısı dünya şöhrətli pianoçu Xalq artisti, professor Fərhad Bədəlbəyli olmuşdur.
Azərbaycan qarmonu çalğı alətinin virtuoz ifaçıları Teyyub Dəmirov (1908–1970) və Həmid Haqverdiyev (1947–1980) də cəngi ruhlu rəqslər bəstələmişlər. Ustad Teyyub Dəmirovun “Cəngi” rəqsini Rafiq Rüstəmov nota almışdır (Rənglər və rəqslər. Melodiyaları Teyyub Dəmirovundur. Fortepiano üçün işləyəni Rafiq Rüstəmov. B.: Azərbaycan Dövlət Musiqi Nəşriyyatı, 1961, s. 9 (№2); Dəmirov T.H. Milli rəqslər və dəramədlər. B.: Adiloğlu, 2009, s. 26). T.Dəmirovun “Cəngi”si rast məqamında, allegretto tempində, ölçüsü isə bütün cəngilər üçün xarakterik olan 2/4-dir. Sonralar bu rəqs rəng kimi ifa olunmuş, muğam ifaçılarının repertuarına daxil edilmişdir. Maraqlıdır ki, Teyyub Dəmirovun “Cəngi” rəqsini fortepano üçün klavir şəklində işləyib çapa hazırlamışlar.
Biz, Həmid Haqverdiyevin bəstələdiyi “Cəngisayağı” rəqsi haqqında mətbuatda ilk olaraq bilgi vermiş və bu rəqsin not nümunəsini təqdim etmişik (Nəcəfzadə A.İ. Novator sənətkar – Həmid Haqverdiyev. // “Mədəniyyət.az” jurnalı, 2018, iyul-avqust, s. 76-79). Bu rəqsi ilk dəfə sənətşünas Rauf Bəhmənli notlaşdırmışdır. Rəqsin ölçüsü 2/4, tempi allegro, məqamı bayatı-şirazdır.
Cəngi sözü farsca “cəng”, yəni vurmaq, döyüş mənalarını bildirir. Əslində, cəngi sözünün əsasında arxaik türk sözlərindən biri olan “zəngi” kəlməsi durur. Böyük türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğluya (Cəlilov) görə, Azərbaycan ərazisində olan bəzi toponimlər və hidronimlərdəki “zəngi” sözü qədim döyüşkən oğuz (türk) tayfası – “sangi”nin adından törəmişdir (Ağasıoğlu F. Azərbaycan türklərinin İslamaqədər tarixi. Doqquz Bitik, III Bitik: Azərbaycanda qurulan qədim dövlətlər. B.: Ağrıdağ, 2014, s. 241). Ölkəmizin bir sıra yaşayış məskənlərinin toponim və hidronimlərində “zəng” sözünə rast gəlirik: Zəngi çayı (Qərbi Azərbaycan, İrəvan), Zəngələ kəndi, Zəngəran kəndi (Yardımlı rayonu), Zəngqala (Gədəbəy rayonu, Böyük Qaramurad dağ kəndi), Zəngilan rayonu, Zəngişali kəndi (Ağdam rayonu), Zəngənə kəndi (Sabirabad rayonu), Zəngibasar, Zəngəzur (Qərbi Azərbaycanda mahal) və s. Firudin müəllim bildirir ki, İran Azərbaycanındakı Zəncan şəhərinin də adı “zəngi boyu ilə bağlıdır, çünki yerli əhali bu adı Zəngan şəklində tələffüz edir (Ağasıoğlu F. Yenə orada, s. 240). Maku şəhəri yaxınlığında Zəngimar çayı, Təbrizlə Əhar arasında Zəngibar və s. Azərbaycan türklərinin yaşadığı hidronim və toponimlərdə də zəngi-sangi sözləri ilə rastlaşırıq (Ağasıoğlu F. Yenə orada, s. 243). Etibarlı mənbələrə əsaslanan F.Ağasıoğlunun fikrincə, bu adlar ilk yarandığı dövrlərdə “zəngi” deyil, “sangi” şəklində işlədilib. Fars dilinə keçən “sangi” sözü də dilimizə sonradan “cəngi” şəklində qayıtmışdır. Dilimizdən bir çox sözlər fars dilinə keçmiş, sonradan lüğətlərdə təhrif olunmuş şəkildə fars sözü kimi yer almışlar.
Həqiqətən, farslar vurmaq sözünə “bezən” deyirlər ki, burada da sözün kökü “zən”dir. Maraqlıdır ki, fars musiqisində “Cəngi” adlı rəqslər yoxdur. Bu baxımdan düşünürük ki, rəqsin, eləcə də ritmin qədim adı “Cəngi” deyil, “Sangi” olmuş, sonrakı mərhələlərdə “Zəngi”yə, nəhayət, “Cəngi”yə çevrilmişdir. Azərbaycanda Şamaxı ərazisində (indiki Qobustan) Cəngi adlı toponim vardır. Görünür, bu da vaxtilə Zəngi adlanıb.
1932-cu ildə (I və II nəşrlərdə) ədəbiyyatşünas və folklorşünas Hümmət Əlizadənin (1907–1941) təqdim etdiyi “O xal nə xaldır” xalq mahnısının ilkin nümunələrində Zəngi çayının adına rast gəlirik (Aşıqlar. II c. Toplayanı Hümmət Əlizadə. B.: Azərnəşr Bədii ədəbiyyat şöbəsi, 1938, s. 358):

İrəvanda Zəngi çayı, 
Hüsnün mat eyləyir ayı, 
Mən yazıq yetimin payı, 
Ay qız, o nə xaldır, 
Sən ora düzdürmüsən? 
Ay naz, o xal nə xaldır, 
Sən üzə düzdürmüsən?

Təəssüf ki, sonralar xanəndələr bu gözəl bəndi oxumamışlar. Musiqişünaslıq üzrə elmlər doktoru, tanınmış ustad sənətkar Aşıq Çingiz Mehdioğlunun söylədiyinə görə, “O xal nə xaldır”ın melodiyası ən qədim aşıq mahnılarından biri olan “Gəraylı gülü” qaydasındadır və bu havaya çox uyğundur.
XIV əsrdə yaşayıb-yaratmış klassik Azərbaycan şairi Qazi Bürhanəddin Sivasi (1345–1398) də “Divan”ında “Cəngi” rəqsini vəsf etmişdir (Sivasi Q.B. Divan. B.: Öndər, 2005, s. 258):

Sübhdəmdür al ələ çəngi, bəgüm,
Gedərəlüm arada “Cəngi”, bəgüm.

İran Azərbaycanında fəaliyyət göstərmiş böyük şair Mirzə Mehdi Şükuhi (1829–1896) də şeirlərində “Cəngi” rəqsindən söz açmışdır (XIX əsr Azərbaycan şeiri antologiyası. B.: Şərq-Qərb, 2005, s. 203):

Saqi dolandırsın cami-gülrəngi, 
Düzülsün məclisə lalə, mərdəngi, 
Oxusun xanəndə, oynasın “Cəngi”, 
Xəyalımdan setar keçər, saz keçər.

Göründüyü kimi, Mirzə Mehdi Şükuhi “Cəngi” rəqsi ilə yanaşı, xanəndə sənətini, tənburun bir növü olan setarı və aşıqlarımızın sevə-sevə istifadə etdikləri saz alətini də vəsf etmişdir. Xatırladaq ki, IX əsrdə yaşamış xalq qəhrəmanı Babək əl-Xürrəmi (795–838) də dövrünün məşhur tənburçalanı olmuşdur. O, bir əlində setar (tənburun bir növü), bir əlində də qılınc düşmən üzərinə yerimişdir. Bu barədə X əsrdə yaşamış məşhur ərəb tarixçisi, biblioqrafı İbn ən-Nədim Əbu-l-Fərəc Məhəmməd ibn İshaq ən-Nədim əl-Vərraq əl-Bağdadi (?–995) “Əl-Fihrist” (“Göstərici”) adlı əsərində məlumat vermişdir.
Ümumiyyətlə, biz musiqi mədəniyyətimizi qədim dövrlərdə izlədikdə, nəinki Babəkin tənburda, eləcə də ulu Dədə Qorqudun qolça qopuz, Şah İsmayıl Xətainin və xalq qəhrəmanı Koroğlunun saz kimi çalğı alətlərindən döyüşqabağı hərbçiləri ruhlandırıcı alət kimi də istifadə etdiklərinin şahidi oluruq. Şübhə yoxdur ki, bu alətlərdə də zurna alətində olduğu kimi, qəhrəmanlıq rəqsimiz olan “Cəngi”lər və yaxud “Cəngi” ruhlu havalar da ifa olunmuşdur.
Möhtərəm oxucu! Beləliklə, “Cəngi” ilə bağlı apardığımız bu kiçik araşdırmada rəqsin Azərbaycan türkünə məxsusluğu, adının etimoloji açıqlanması, onun morfoloji xüsusiyyətləri, istifadə yerləri, ədəbi və s. qaynaqlarda vəsf olunduğunu diqqətinizə çatdırmağa çalışdıq. Buna nə qədər nail olduqsa, dəyərini siz verə bilərsiniz.

P.S. Bir daha xatırladırıq ki, məqalədə məqsəd bəstəkarların yazdığı “Cəngi”lər deyil, qədim klassik “Cəngi”lərdən söz açılır. Bəzən rəqs sözünün dilimizdə başqa xalqlardan alınma olduğu bildirilir. ABŞ-da yaşayan alim, Azərbaycan türkü Tariyel Azərtürk rəqs, eləcə də musiqi sözlərinin gil yazılara əsasən hələ 6000-6500 il bundan əvvəl ulularımızın, antik şairlərimiz – Enlil İsme Dağan və Bikə Xatunun işlətdiyini bildirir. Bikə Xatun yazır: “Çıkaru restü tanak [kus], ana Mahur rəqsi aradı, haş hüri aradı, ti-ti aradı, müzik kannı…”.

Abbasqulu NƏCƏFZADƏ 
sənətşünaslıq elmləri doktoru, professor

Share: