Fərqanəni  Tanrının ölümdən  möhlət verdiyi az sayda adamlardan sanıram

NATƏVAN DƏMİRÇİOĞLU

Yazıçı, Filologiya üzrə fəlsəfə doktoru

Tanışlıqlar, ünsiyyətlər çeşid-çeşid olur: yavaş-yavaş yaranıb dostluğa çevrilənlər; “alışdım-yandım dostluq”dan sozalıb sönənlər; təsadüfdən-qəfil yaranan, rastlaşandan sonra ayrılmaz yollara dönənlər; zərurətdən yaranan, möhkəm bağ olan, getdikcə isə nazilən, üzülən tanışlıqlar;  qabarıb, çəkilən- gah yaxınlaşan, gah uzaqlaşan münasibətlər-bir kitablıq söz, bir tədqiqatlıq fəlsəfədir  bu…

Fərqanə Mehdiyeva ilə tanışlığımızı yazmaq istəyirəm. Fərqanəni nə vaxt  tanımışam, ilk ünsiyyətimiz necə olub, xatırlasam yazacam. Hələlik, onunla münasibətlərimizi ən son nöqtəsindən əvvələ çözmək istəyirəm. Çünki, onun ömürü, ölümü də axırdan əvvələ sanıldı, yazıldı elə bil…Yaradıcılığı da, nədənsə  mənə elə gəlir ki,  sondan əvvələ doğru tədqiq olunacaq. Sanki, sonu tez gəldi onun, öyrənə-öyrənə sonuna getmək yox, onu öyrənmək üçün axırdan əvvələ gəlmək lazımdır.

Çox da geniş olmayan, öyrənmək üçün çətinlik yaratmayan, bununla bərabər,  kifayət qədər maraqlı yönləri, mövzu aspektləri, çeşidli xarakterləri, ədəbi bağları olan bir yaradıcılıq məhsulu var ortada. Üstəlik, ağrılı, materiallı, ibrətli bir tale var. Fərqanə Mehdiyeva intonasiyası, təbi, qafiyə tapıntısı, obraz sistemi, koloriti, özünüifadə keyfiyyəti olan şairdir.

Fərqanə şer qadın idi. Şerlər yazırdı, şerlər söyləyirdi, şer seçirdi, “Ulduz” jurnalında poeziya şöbəsinin müdiri kimi çörəyi də şerdən şıxırdı. Həmişə demişəm, yenə də o fikirdəyəm ki, hər bir yazar harada olmasından asılı olmayaraq, bütün situasiyalarda öz varlığı ilə ədəbi mühitdir. Yəni, yazıçının, şairin, dramaturqun, ədəbiyyatşünasın, ədəbi tərcüməçinin durub dayandığı yerdə sözün ətri, hənirtisi hiss olunur. Bunu Səməd Vurğundan, Mikayıl Müşviqdən, Mehdi Hüseyindən, Mirzə İbrahimovdan aşağı, Osman Sarıvəllidən başlamış, Hüseyin Arifdən, Nəbi Xəzridən, İsmayıl Şıxlıdan, Mirvari Dilbazidən, Qabildən, Aydın Məmmədovdan, Əzizə Cəfərzadədən, İsa Muğannadan, Yusif və Vaqif Səmədoğlulardan, Zəlimxan Yaqubdan, Anardan, Elçindən, Bəkir Nəbiyevdən, Qara Namazovdan,  Azadə Rüstəmovadan, Vaqif Bayatlıdan, Kamal Addulladan və bütün tanıdığınız ədəbi camiənin əksər üzvülərindən bu və ya digər dərəcədə tanışlığı olan, onları efir üçün yazan birisi kimi deyirəm: Yazar özü tək başına bir ədəbi mühitdir, əgər deyilsə… onda deyil!

Fərqanə də tədbirlərdə, səfərlərdə, yoldaşlıqda, ünsiyyətdə ədəbi təhlili, düşüncəsi, analiz və təfəkkürü ilə deyil, ədəbi yaddaşı, poetik əzbəri ilə mühit idi. Gözəl şer lisanı var idı. Özü və müasirləri mükəmməl əzbərində idi. Özünü ləyaqətlə, dostlarını səxavətlə və hər ikisini məharətlə çatdırırdı. Hətta mən bir neçə ədəbi görüşdə, səfərdə Fərqanənin söylədiyi, bəyənib, təqdir edib, bölüşdüyü şerləri eşidəndə sevinirdim ki, bizdə nə qədər dəyərli, tutumlu yazan şairlər var.

O şeri duyurdu, şerin ətrini hiss edirdi, təzə yazılan şerlərin yaxşısını o saat tanıyırdı, seçirdi. Şer yaddaşında problem yox idi, əzbəri açıq idi. Şerlər onu tanıyırdı elə bil, üstünə yüyürürdülər, ətəyindən yapışırdılar, yaddaşına höpurdular. Fərqanənin şirin poetik tembri var idı. Şerlər onun deyimində bir az da dadlı, duzlu olurdu.

Sonuncu dəfə ünsiyyətimiz övladının toyu ilə bağlı oldu.”Votsap”ıma yazdı, toya dəvət etdi. Tarixini biləndə: “Bakıda olmayacam, amma oğlumu mütləq göndərəcəm, o iştirak edəcək” yazdım. Sonra öz təbrikimi də yazdım. 21 Yanvar 2020-ci ildə mənə yazıb: ” Çox sağ ol, bacım, subaylarına qismət olsun, oğlunun toyuna gələcəm.” Davamında səsli mesaj göndərib: “Sənin toyunda” şeri, öz səsində:

Gəzişib ömrümün hər tərəfindən,

Varıb oynayacam sənin toyunda.

Nə qədər sərhəd var, nə qədər sədd var,

Yarıb oynayacam sənin toyunda.

 

Tapıb məkanımı, bilib yerimi,

Duyub dayazımı, duyub dərini,

Bu fani dünyanın tilsimlərini

Qırıb- oynayacam sənin toyunda.

 

İlahi, çox görmə mənə yarımı,

Allah, özün saxla balalarımı,

Öpüb, əzizləyib yaralarımı,

Sarıb oynayacam sənin toyunda.

 

Rahat yaşamadım mən bu həyatı,

Ömür amanatı, can amanatı,

Gecə yarıyadək inan, saatı-

Qurub oynayacam sənin toyunda.

 

İlinə, ayına qurbanam deyib,

Bu gözəl toyuna qurbanam deyib,

Min dəfə boyuna qurbanam deyib-

Durub oynayacam sənin toyunda. 

Tanış, unudulmaz, ahəngdar səs telefonumun yaddaşında eləcə qalıb və Fərqanəni canlı, diri saxlayıb mənimçün. Bu şeri niyə bütün verdim bu yazıda. Ona görə ki, bu poetik  nümunə Fərqanənin özünü yaza bilmək  kimi halal, təmiz, doğruçu qələm adamı olduğunun sübutlarından biridir.

Fərqanə ilə ondan əvvəlki ünsiyyətim Onun sosial şəbəkədə ürək parçalayan bir tərzdə yazdığı “Ömrümə 2-ci dəfə “qara kagız” aldım…” statusu ilə bağlı oldu. Yazını görəndə heç olmasa mənəvi dəstək olmaq, təskinlik vermək ehtiyacı duydum və açıq yazıb, paylaşdım: “Şairə Fərqanə Mehdinin “Ömrümə 2-ci dəfə “qara kagız” aldım…” statusuna: “Qara kağız”ı ağ sulara at, getsin. Qara fikirləri ağ kəfənə bürü, basdır. Qırmızı donunu gey. Yaşıl otların üstünə süfrə sal. Mavi səmanı seyr et. Göy suların şırıltısını dinlə. Sarı çiçəkləri dər. Əlinə ağ kağız, bənövşəyi qələm al… Sən yaxşı şairəsən, çox yaşa, Fərqanə!” 7 Avqust, 2019- cu ildə bu statusu onun səhifəsində paylaşdım. Şərh yerinə “Cannnnnnım” yazdı. İki dəfə adımı yazdı, ürəyi soyumadı, zəng elədi mobil telefonuma. Gördüm odur, söndürdüm, təkrar mən onu yığdım. “Ürəyinə sağlıq, yarandığın günə min şükür” dedi. Bir dəfə də ad günümdə bu deyimlə təbrik etmişdi məni. Xeyli danışdıq, bölüşdük, kövrəldi…((  “Ömrünə “2-ci dəfə “qara kagız” alan” Fərqanə 2 may 2020-ci ildə artıq getdi. Riyazi hesablayanda bu 269 gün edir. Mənim ona arzuladıqlarıma, şübhəsiz ki, xərçəngin cəngində çırpınan, ölümlə həyat arasında yaşam mübarizəsi aparan  Fərqanə əməl edə bilmədi. Mən bu dünyaya inandığımdan daha çox o dünyaya inanıram (çoxları cəfəng adlandırsa da). Yenə arzu edirəm ki, Fərqanə  o dünyasında qırmızı donunu geysin, yaşıl otların üstünə süfrə salsın, mavi səmanı seyr etsin, göy suların şırıltısını dinləsin, sarı çiçəkləri dərsin. Təkcə, əlinə ağ kağız, bənövşəyi qələm ala bilməyəcək Fərqanə! Çünki, qələm dirili dünyaya məxsusdur. O qələmlə Fərqanə Mehdiyeva Tanrıdan söz demək haqqını axıra qədər istifadə edib. Yazmaq qismətində olanları yazıb. Kimsə etiraz edib deyə bilər ki, vaxtsız idi gedişi, deyəcəklərinin çoxunu demədən getdi. Elə deyil, hər kəs deməli olduqlarını deyib gedir! 20- sində də  getsə,  100-ündə də getsə. Hər yazarın söz haqqı, söz payı, söz qisməti var. Fərqanə Mehdyevanın qismətinə xeyli sayda populyar şerlər yazmaq düşdü: “Siz məni qoymayın şair olmağa”, “Təndir”, “Bilirsən söz adamıyam”, “Böyümədim uşaq qaldım”,  “Məktub”, “Qadınlar, sıxmayın kişiləri siz”, “Daş yonanla söhbət” və sair. Hələ kitabların adına fikir verin: “Çəkdiklərim mənə bəsdi”, “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq”. Buna demək olarmı ki, deyilməmiş sözü qaldı?! Ona söz yox ki, “Ölüm həmişə vaxrsızdır” dədələrimiz belə deyib və bu həqiqətən  belədir!

Fərqanə ilə ondan əvvəlki görüşüm isə bir başqa ağrıdır mənimçün. İlk əməliyyat olunandan sonra  yanına getdim evinə. Naringül Nadir, Şəfəq Sahibli, övladları və başqa kimlərsə oradaydı. Özü yataqdaydı. Sözlərim üçün kimsə məni qınamasın. Bax, Fərqanə o vaxt qurtarmışdı. Süfrə açmışdılar. Nədənsə o süfrə mənə ehsan süfrəsi anlamını verdi və çox sarsıldım. Nə qədər təkid etsələr də xörək gətirməyə qoymadım. “Süfrəmdə oturmadı, çayımı içmədi” kimi hörmətsizlik olmasın deyə, oturdum, yarım stəkan çay içdim. Oğlumla getmişdim. Evinə çatanda  dedim, “sən maşında gözlə, tez qayıdacam”. Gördüm, yad məhlədə bu heç onun xoşuna gəlmədi, dedim, ” istəyirsən sən də gəl”.  Evə getdik, oturduq, Fərqanə şerlər söylədi, gəlişimizə sevindiyini dedi. Qəribədir ki, oğlum ayrı-ayrı günlərdə bir neçə dəfə o günü xatırladı: “Siz bununla o xanım ömrünün son günlərini yaxşı keçirtsin, şer oxusun, ədəbiyyatdan danışsın, dərdini az da olsa unutsun deyəmi onun yanına yığışmışdınız?” dedi. Bildirdim ki, yox, mən sadəcə maddi və mənəvi dəstək olmağı özümə borc bildim, ömrünün nə qədər olacağını isə Allah bilər, biz  bilmərik ki? Sonrakı gün isə məni şaşırdan  sual verdi: “Ana, səncə o qadının ovladları bilir ki, onun ömürünə az qalıb? Yəni onun öləcəyini ailəsi bilir?” Bu mənimçün çox tanış situasiyadır.  Dörd il anası yataq xəstəsi olan bir insan üçün bu sarsıdıcıdır. Yox –dedim- oğlum, onlar heç vaxt onun öləcəyinə inanmazlar. Vəziyyəti pisləşən kimi son ümid olaraq, hay salıb həkim çağıracaqlar, maşına qoyub xəstəxanaya çatdıracaqlar. O qəbullanmaz bir hissdir. Kədərlə xatırladım ki, mənim anam yataq xəstəsi idi, ölümü qaçılmazdı. Amma anam can verəndə birdən dirçəldi, üzünə nur gəlmişdi, havası çatışmır kimi dərindən, çox dərindən nəfəs aldı. Mənim 12 yaşım vardı, evimizə doluşan adamları, anamın çarpayısının başına toplaşan qonşuları kənarlaşdırmaq, “qapının qabağını kəsməyin, imkan verin hava gəlsin” demək istədim. Nə yazıq ki, mollanın ömürlük unutmayacağım sözünü eşitdim: “balaca yaylıq gətirin, çənəsini bağlamağa.”  Fərqanənin balaları onu hələ çox xatırlayacaqlar. Və ona da inanacaqlar ki, Fərqanə ilk əməliyyat olunanda artıq qurtarmışdı, onun bu dünya ilə əlaqəsi üzülmüşdü. Sadəcə, ona möhlət verildi. Verdiyi müsahibələr, qonaq olduğu TV verlişləri, tədbirlərdə iştirakı, övladının toyu, son bir neçə şeri  ona möhlət payı oldu. Tütyə günlər yaşadı o. Deyirlər, “Allah Fərqanəni vaxtsız apardı.” Mənsə  Fərqanəni  Tanrının ölümdən  möhlət verdiyi az sayda adamlardan sanıram.

Dünyanın düz adamıyam,
Tanrının öz adamıyam.
Bilirsən söz adamıyam,
Sən məni sözlə aldatma
– deyən şairəni aparmaq, görünür çətin olmuşdu, əlavə möhlətə ehtiyac duyulmuşdu…

Fərqanə ilə bunlardan  əvvəlki görüşlərim gözəl günlərdir. Pozetiv enerji ilə, şerlə limə-lim dolu günlər. Avrasiya  Sanat  Kültür və  Edebiyyat  Federasiyonu  –ASKEF  “Uluslar Arası Avrasya Yazarları və Sanatçıları Buluşması” adı altında TÜRKSOY -un 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan etdiyi Şəkidə keçirdiyi tədbirdə Fərqanəni  yaxından tanıdım. Əksəriyyəti Türkiyəli qonaqlardan ibarət olmaqla, demək olar ki, bütün türk cumhuriyyətlərindən nümayəndələr toplaşmış o tədbirdə kimin kim olduğu o qədər aydın görünürdü ki… Fərqanə şer pərvanəsi idi…

Fərqanə ilə bunlardan əvvəlki görüşüm isə Nizami və Cavad xan yurdu qədim Gəncəyə Xalq Şairi Nigar Rəfibəylinin Poeziya Gününə getməyimiz olmuşdu. AYB –nin qadın yazarları ulu Nizaminin məqbərəsini ziyarət etdik, Nigar Rəfibəylinin heykəli önündə tədbir keçirtdik. Gözəllər gözəli xanım Nigarı yad etdik, çıxışlarımız oldu. Heç kəs inciməsin, mənimçün yenə ən yaxşı şerləri Fərqanə söylədi. Uzun yolumuzun maraqlı yol yoldaşı, şerli- nəğməli səfərimizin mərkəz oyunçusu Fərqanə Nigar xanımın, özünün, gənc yazarların şerlərini deməkdən yorulmadı. Ən gözəli o idi ki, biz də onu  dinləməkdən yorulmadıq.

Daha əvvəl isə şairə Fərqanə ilə görüşüm, AYB- nin qadın yazarlarının Şimal bölgəsinə-Şabran, Xaçmaz, Quba, Qusar, rayonlarına birgünlük səfərimiz olmuşdu. Qədim Şabran şəhərinin qalıqlarını ziyarət edib, şair Ramis Qusarçaylının ədəbi məclislərinin iştirakçısı olduğumuz günlərdə də  Fərqanə şer qadın kimi tədbirlərimizin mərkəzində idi  və onun şer söyləməyini birdəfəlik sevmişdim.

Fərqanə ilə bunlardan əvvəlki ünsiyyətim, səhv etmirəmsə, 2006- cı ildə- Səməd Vurğunun 100 illiyində “Səməd Vurğun-100” qatarı ilə Qazağa səfərimiz olmuşdu. İştirak edənlər bilir ki, o yubley  bir ədəbiyyat hadisəsi idi. Tutumu, dəyəri, maştabı ilə qeyri-adi poeziya bayramı idi. Mənim üçün həm də az ünsiyyətdə olduğum çağdaş yazarları daha yaxından tanıma fürsəti oldu o səfər. Həm də  yaddaşımın işıqlı  guşəsində Fərqanənin səfər boyu qatarda sinədən, həvəslə, səliqəylə, qabiliyyətlə və ən əsası ürəklə dediyi şerlər həmişəlik qaldı.

İlk ünsiyyətimizi  isə xatırlaya bilmədim…  Bəlkə bu heç vacib də deyil. Ən əsası odur ki, bu yazıda “Fərqanəni  Tanrının ölümdən möhlət verdiyi az sayda adamlardan sanıram” dedim. Onun “Daş yonanla söhbət”  adlı avtobioqrafik şeri möhlət müddətinin məhsuludur:

…Bax üzümə baxır o daş,
Sındırma könlü xoş olsun.
Eləsini saxla, qardaş,
Başıma yaraşan olsun.

Bəlkə almasam da olar,
Bu ehtiyac bir həvəsdi.
Qəbrimin üstə qoymağa
Başıma düşən daş bəsdi!

Birin behlə, çıxım gedim,
Kimsəyə gərək olmasın.
Nə qəribə peşən varmış,
Görüm, mübarək olmasın!

 

Yonduğun məzar daşları,

Sənə dərd, azar verməsin.
A müştəri gözləyənim,
Heç Allah bazar verməsin!

 

Poetikasından, fəlsəfəsindən, hadisəliliyindən, sujetliliyindən, psixi-emosional yükünün çox olmasından əlavə,  bu şerin dəyəri onun avtobioqrafik olmasındadır.

P.S.   Qan çəkir bizi Təbrizə…

              Gedirəm üzü Təbrizə…

              And verirəm sizi Təbrizə…

              Məni unutmayın, dostlar…

Təbriz andı mənimçün ağır anddır. 1995-ci ildən Azərbaycan efirindən  üzü Təbrizə danışıram. Bu xatirələri unutmayım deyə yazdım…Dərdini götürüb  üzü Təbrizə bir neçə dəfə getdi  Fərqanə. Kaş yenə Təbrizə getmiş olardı…

    15.05.2020.

 

Share: