Özü də şeiri kimi doğma insan

Rəfail Tağızadə

Rayonlardan birində idim. Evə zəng edəndə dedilər ki, bir xanım zəng edib səni soruşurdu. Axşam zəng edəcək. Axşam zəng edəndə dedi: Fərqanə Mühdiyevayam. Təbrizdə idim, özümlə “Ulduz” jurnalını da götürmüşdüm. Sizin şeirləri oxudum. Çox xoşuma gəldi. “Sahil bağları” şeiri daha çox.

Təşəkkürümü bildirdim. Yazıçılar Birliyinə gələndə görüşərik, dedim.

İnternetdən Fərqanənin şeirlərini axtardım. Anası, Qarabağ haqqında şeirlərindəki ağrı, yanğı məni daha çox tutdu. Səhv etmirəmsə, şeirlərin içərisində Laçınla bağlı bir şeir də vardı. Şeir o qədər həssaslıqla yazılmışdı ki, elə bildim Fərqanə Laçındandır. Ancaq o halı yaşayan belə şeir yaza bilərdi.

Yazıçılar Birliyindəki ilk görüşümüzdə şeirdən başqa özümüz haqqında da danışdıq. Onda bildim ki, Fərqanə Salyandandır. Qarabağlılıq, Laçınlılıq şeirdəki hissin, duyğunun, ifadənin gücündəymiş.

Bu Fərqanənin şairliyindən irəli gəlirdi.

Hər dəfə Yazıçılar Birliyinə gələndə “Ulduz” jurnalının redaksiyasına gəlib, doğma adam kimi Fərqanə ilə mütləq görüşərdim.

Kitablarının birinin təqdimatına gəlib çata bilmədim. Mən gələndə artıq tədbir başa çatmışdı. “Ulduz” jurnalının redaksiyasına qalxdım. Gördüm Fərqanə, həyat yoldaşı və Narıngül artıq evə getməyə hazırlaşırlar. Üzrxahlıq etdim. “Bildim işin çıxıb, ona görə gələ bilmədin” – dedi. Təbrikdən sonra kitabı alıb getdim.

Fərqanənin sevinci də fərqli idi.

Musa Yaqubun 80 illiyində İsmayıllıya biz bir az gec çatdıq. Bir yerdə getdiyimiz Rafiq Əliyev, Ramiz Rövşən, Ramiz Həsənoğlu ilə və Rasim Balayevlə şəkil çəkdirəndə Fərqanə gəldi ki, gəl biz də şəkil çəkdirək, birlikdə şəklimiz yoxdur. Məmnuniyyətlə bir neçə şəkil çəkdirdik. Birini bəyəndi.

Sonuncu dəfə foto şəklimiz Əntiqə Səməndərin toyunda oldu. Üçlükdə. Mənim üçün iki dəyərli xanım yazar – Fərqanə Mehdiyeva, Hicran Hüseynova və mən.

Bunlar şəkil yaddaşında qalanlardı.

Fərqanənin mehribanlığı da özünəməxsus idi.

Şairin şəkilləri şeirlərindədir. Deməli, eyni zamanı və oxşar düşüncəni bölüşdüyümüzdən Fərqanə ilə də xeyli qoşa şəkillərimiz var.

Bütün yazarlar müəyyən mənada özlərini yazırlar. İnsana tez qaynıyıb-qarışan, mehriban Fərqanə şeirlərində özü idi. Ağrısıyla, sevgisiylə, mehribanlığıyla.

Fərqanə xoşbəxt şairdir ki, o, dostlarının, onu sevənlərin düşüncəsində, yaddaşında söz-söz, sətir-sətir yaşayır. Sözün adamı olur.

İnsan dünyadan köçəndən sonra yaşayır.

Fərqanə bu qədər xatırlanırsa, demək yaşayır.

Hər dəfə Natavan adına kluba girəndə gözümüz ya aparıcı, ya da şeir söyləyən Fərqanə Mehdiyevanı axtaracaq.

Şeirləri də özü kimi doğma və səmimi olan Fərqanəni…

    07.05.2020

Share: