Ədəbiyyatımıza Yaxşı Hədiyyə…

Əlibala HACIZADƏ Şəfəq Sahiblidən yazıb…
(2014-cü il)

Mən gənc və istedadlı şairəmiz Şəfəq xanım Sahiblini çoxdan -poeziya aləmində ilk kövrək addımlarını atmağa başlayan çağlardan tanıyıram. Müxtəlif ədəbi məclislərdə, dərnəklədə çəkinə-çəkinə,sıxıla-sıxıla ,utancaq ,kövrək-kövrək oxuduğu şeirləri tək mənim yox,dinləyicilərin də diqqətini cəlb edib, onun gələcək uğurlarına inam doğururdu.

İllər keçdi, Şəfəq xanım çətin ,lakin şərəfli sənət yollarında cəsarətlə,mətinliklə addımladı və bizim ümidlərimizi doğrultdu. Budur ,indi mənim qarşımda onun iki kitabı var:”Könlüm susuz səhradır”(2002-ci ildə)və”Anasız günlərim”(2003-cü il).Bu kitabların birincisində Şəfəq xanım qələmindən çıxan lirik, sevgi,torpaq,vətən haqqında maraqlı düşüncələrdən doğmuş səmimi mənalı düşünməyə vadar edən şerləriylə uşaqlarımızın həyatından, müşahidə və maraq dünyasından xəbər verir.
Xüsusilə qeyd etmək istəyirəm ki, şairənin məhəbbət mövzusunda yazdığı şerlər daha həyatı,daha mənalı,daha obrazlıdır.Oxucularımızda müəyyən təsəvvür yaratmaq üçün mən burada çoxsaylı nümunələrdən yalnız bir beyti xatırlatmaqla kifayətlənirəm.
Mən özüm sussam da, danışmasam da
Ovcunun içində danışdı əlim.
Şəfəq xanım bu misralarla ədəbiyyatda izini qoyur .Və ana haqqında şerləri də beləcə təsirli və düşündürücüdür.Bu poetik parçalarda ümumiləşdirmə çox güclüdür və dünyada insan üçün ən əziz varlıq olan ananı itirən hər kəs bu şerləri özününkü bilib doğması üçün ağı deyib ağlaya bilər.Bu şerlərin gözəlliyi bundadır.
Şəfəq xanımın birinci kitabında verilmiş uşaq şerlərini görəndə düzü, sevindim.
Əvvəla,ona görə ki, uşaq şeri yazmaq uşaq aləminin min bir çalarını qələmə almaq , onlara nəyisə təlqin edib öyrətmək çox çətin və məsuliyyətli bir iş olduğundan hər şairə bu sahəyə girişmir və yazmağı bacarmır.
Şəfəq xanım bu işə girişirsə, demək özündə bir güc və istedad hiss edir. İkincisi ona görə ki, ədəbiyyatımızın mühüm bir qolunu təşkil edən gələcəyimiz olan gənc nəsilin tərbiyəsində diqqət yetirmək hər bir qələm sahibinin qarşısında duran vəzifələrdən biri sayılmalıdır. Və Şəfəq xanımın bu sahədəki fəaliyyətini alqışlayıram.
İndi oxucularımıza təqdim olunan”Biçilmiş çiçəklər”kitabının əlyazmasını oxuyanda başa düşdüm və sevindim ki, Şəfəq xanımda uşaq ədəbiyyatına olan maraq ötəri gələn bir hiss deyildi.Şairənin uşaq yaradıcılığı mühüm bir qolunu təşkil edir.”Biçilmiş çiçəklər”toplusunda 100-dən artıq şeri və poeması toplanmışdı. Bu şerlərdə gənc oxucularımıza Vətənə,anaya,təbiətə məhəbbət və bağlılıq hissləri tərənnüm olunur.
Şairə uşaq pisxologiyasını,təbiət hadisələrin dərindən bilir və müxtəlif həyat və təbiət hadisələrini poetik bir dillə izah edir və oxucunu onların barəsində düşünməyə vadar edir.Mən burada”Biçilmiş çiçəklər” kitabında tpolanmış şerləri ayrı-ayrılıqda təhlil etmək fikrindən uzağam, sadəcə bunu qeyd etməklə kifayətlənirəm ki, Şəfəq xanımın bu kitabı zəngin və tarixi ənənələrə malik Azərbaycan uşaq ədəbiyyatı xəzinəsinə , balalarımıza yaxşı bir töhfədir və inanıram ki, şairəmiz öz adını gənc oxucularımızın yaddaşına həkk edə biləcək . Bu isə ən azı bir qismin hafizəsində, yaddaşında, yaşamaq deməkdir və şair üçün böyük xoşbəxtlikdir. Sənə bu çətin ancaq şərəfli yolda dözüm və uğurlar arzulayıram.
 
 
 

 

Share: