Borçalının haqqını tanımaq gərəkdir

Soylu ATALI

 İllər öncə bir yazı yazmışdım: “Borçalı Vətəndir, Vətənlə oynamaq olmaz”. Yazı 9 il öncə yazılsa da, bu gün də olduqca aktualdır. Çünkü heç bir problem həllini tapmır.

Əslində bu problemlərin köklü həllinə heç çalışılmır da. Ona görə də köhnə problemlər yeni faciələr doğurur, hətta gələcək üçün çıxılmazlıqlar yaradır. Hər yerdə, hər zaman, istər toplantılarda, istərsə yazılarımda vurğu elədiyim bir məsələ var: mən siyasətçi deyiləm, bu millətin sadə bir düşüncə adamıyam, dövlət siyasətini də təmsil eləmirəm. Bu səbəbdən də açıq danışıram, doğruları söyləməyi gələcək soylara saxlamağı da yanlış sayıram. Fəlakətlə üz-üzə dayanıb onunla oyun oynamağı düşüncəsizlik kimi qiymətləndirirəm. Bu gün kimi dindirirsən, siyasət dilində danışır.Hərə bir təşkilat yaradıb deyir, mən açıq danışa bilmərəm, sonra ölkələrarası münasibətlərə ziyan gələr i.a. Bir sözlə, elə düşünürlər ki, fəlakəti qılıqlamaqla, ona yalvarmaqla qabağa getmiş olacaqlar. “Quran oxumaqla donuz darıdan çıxası deyil” məsəli yerində deyilmiş məsəldir. Heç kimi avantüraya çağırmırıq. Heç kimi də küçümsəmirik. Ancaq insanlarımıza, özəllikcə Azərbaycanın indiki sınırlarından qıraqdakı soydaşlarımıza durumlarını, fəlakətlərini anlatmaq üçün doğru üsul bəlirləmək gərəkdir. Nə bədbinlik yaratmaq, nə də yalançı ümidlər vermək özünü doğrultmaz. Həm doğruları bildirmək, həm də özünə, gələcəyinə inam yaratmaq yönündə addımlar atmaq gərəkdir. Yoxsa, fəlakətlərin üzünə pərdə çəkib pıçıltılarla danışmağın adına maarifçilik demək daha böyük zərərlər doğurur. Kimə ziyan gələcək, nəyə ziyan dəyəcək, özü bilər. Soydaşlarımızın taleyi qaranlığa sürüklənirsə, açıq danışmaq, həyəcan təbili çalmaq gərəkdir.  Biz həmişə iş-işdən keçəndən sonra dişlərimizi qıcıyırıq. Qorxaqlığın sonucu arsızlıq deməkdir. Qorxunu ötməsək arımızı, qeyrətimizi itirə bilərik.

İndi nə demək istədiklərimi aydınlatmaq üçün baxışlarınızı konkret məsələlərə yönəltmək istəyirəm. Sovetlərin respublikalar arasında yaratdığı süni birlik, bu quruluş dağılandan sonra, amansız düşmənçiliklərə çevrildi. Özəllikcə Güney Qafqaz respublikaları arasında anlaşılması çətin olan sorunlar yaşandı. Bu ona görə baş verdi ki, sovetlər yalançı qardaşlıq görüntüləri ilə milli problemləri arxa plana atmışdılar. Azərbaycan torpaqlarında yaratdıqları erməni dövləti də milli problemlərin gizlədilməsi üzərində yeni işğalçılıq həvəslərinə düşdü. Baxın, Sovetlərin qurulduğu ilk gündən dağıldığı günə qədər yaratdıqları Ermənistan dövlətindən, 4-5 yol, azərbaycanlıların kütləvi deportasiyası həyata keçirildi. Minlərlə soydaşlarımız dədə-baba yurdlarından işgəncələrlə qovuldu. 80-ci illərin sonlarında isə soydaşlarımızın öz torpaqlarından boşaldılması faciəvi qırğınlarla başa çatdırıldı. Üstəlik Azərbaycanın yeni torpaqlarına – çevrəsi ilə birlikdə Qarabağa göz dikildi, qoparıldı. Sovetlər dönəmində, eləcə də onun dağıldığı çağlarda Borçalıdan da soydaşlarımız bir neçə yol deportasiya edilmişdir. Daha açıq sözlə ifadə eləsək, qovulmuşdular. Ayrı-ayrı çağlarda əli qələm tutan, ağzı söz tanıyan adamlarla birlikdə minlərlə insan qovulduqdan sonra nisbi sakitlik yaranmış, hamını arxayınlaşdıran görüntülər sərgilənmişdir.

İrəvan,  Göyçə, Zəngəzur, Zəngibasar, Qaraqoyunlu, Ağbaba mahalları, Dağ Borçalının bir hissəsi tam boşaldıldı, üzdən baxanda oradan qovulan soydaşlarımızın faciəsi başa çatdırıldı. Ancaq Azərbaycanın faciəsi başa çatmır, daha amansız şəkildə davam eləyir. İndi buna bənzər aqibət Borçalılara hazırlanır. Azərbaycanın aydın sayılan kəsimi, siyasətçilər, elm adamları da bəyan edir ki, Gürcüstan bizim strateji müttəfiqimizdir. Olsun, buna qarşı deyilik, tərsinə, biz də belə bir münasibətin olmasını istəyirik. Bəs hanı strateji müttəfiqlik?! Bu müttəfiqlik yalnız neft, neft məhsullarının alverinəmi bağlıdır?! Bəs dil-boğaza qoymadan təriflənən bu əməkdaşlıq soydaşlarımıza, bütövlükdə götürəndə Azərbaycanın siyasi varlığına münasibətdə özünü niyə göstərmir?!

Bizə görə, Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmaq Azərbaycan dövlətçiliyinin tarix səhnəsindən silinməsinə hesablanıbdır. Gürcüstan dövlətinin də bu ideyaya qulluq eləməsini onun siyasi davranışlarından açıq görmək mümkündür. Ayrı-ayrı çağlarda Gürcüstandakı soydaşlarımıza qarşı davranışları ayrı-ayrı araqarışdıran adamların, başlıca olaraq ermənilərin əməlləri kimi qiymətləndirsələr də, məsələlərin mahiyyəti tamam fərqlidir. Biz bunları Gürcüstanın dövlət siyasəti kimi qiymətləndirirk. Məsələn, Borçalı məktəblərində Azərbaycanın tarixini tədris eləmək yasaqdır. Bu məktəblərdə Gürcüstan tarixinin öyrədilməsinə qarşı deyilik. Ancaq bu tarixin bir sıra faktları saxtalaşdırılıb öyrədilir. İddia olunur ki, Börçalı kökənli Azərbaycan türkləri yaşadıqları bölgələrə 17-18-ci yüzillərdə köçürülmüşlər. Toponimləri, geniş miqyasda yer adlarını dəyişdirməklə Borçalıların gəlmə olduqlarını sübut eləmək üçün, tarix dərsliklərində, ya da genel təbliğatlarında, yalançı zəmin hazırlayırlar. Məgər bu, erməni kökənli araqarışdıranların işidir?!

Borçalının çoxsaylı kəndlərində onlarla qədim tarixi olan Alban kilsələri mövcuddur. Bunların çoxunda tikinti-bərpa işləri aparılaraq, oralara gürcü keşişləri yerləşdirilmişdir. Gürcüstan dövlətinin ruhani qurumu həmin kilsələrin adına hektarlarla torpaq ayrılmasını tələb edir. Bu gediş həmin kəndlərdə  yaşayan soydaşlarımızın təsərrüfat-örüş-otaracaq imkanlarının əllərindən alınması deməkdir. Deməli, soydaşlarımız, mövcudluqlarını sürdürmək, qorumaq üçün, ya ölüm-qalım mübarizəsinə girişməlidirlər, ya da köçməli, köçürülməlidirlər. Mübarizə olumsuzdur, çünkü torpağı kilsəyə dövlət verirsə, verəcəksə arxasında da dövlət duracaq. Gürcüstanın gürcü əsilli əhalisi az olduğuna görə Borçalıda demoqrafik üstünlüklər əldə edə bilmir. Burada kilsələr birbaşa demoqrafik üstünlük əldə eləmək vasitəsinə çevrilir. Buna da araqarışdıranlarınmı əməlidir deyək?!

 

Dünyanın bir çox ölkələrində olduğu kimi, Gürcüstanda da koronavirus pandemiyası adı altında karantin rejimi yaratmaq prosesi başladıldı. Bu karantin rejimi, bütün bölgələrdən fərqli olaraq, Borçalının çevrəsində daha sərt xarakter aldı. Niyə?! – Bir neçə başqa xəstəliklərdən əziyyət çəkən adamların koronavirusa tutulması səbəb göstərildi. Bu məsələdə də məntiq bizi başqa niyyətləri izləməyə yönəldir. Bir çox insanlarımız yaşamlarını əkin-səpin yerlərinin hesabına sürdürür. Onların aylarla evlərə qapadılması qış hazırlığından məhrum olmaları demək oldu. Bir-iki lokal yardımlarla heç kim qışı-yaza başa vura bilməz. Kimsə deməsin ki, bu durum başqa ölkələrdə də vardır. Əgər doğru araşdırmalar aparılsa, faktlardan qat-qat artıq bəhanələrin olduğu üzə çıxa bilər. Başqa ölkələrin bəhanələrinin nəyə hesablandığı bu yazımızın qonusu deyil. Ancaq Gürcüstandakı bəhanələrin daha çoxunun bizim soydaşlarımızı təhdid eləməsi düşüncəsindəyik. Bəlkə bu bəhanələr “sivil deportasiya” üsullarından biridir…

Başqa bir faciə milli məktəblərin bağlanmasına yönəlik çağırışlardır. Onsuz da məktəblərimizdə gürcü dili yetərincə tədris olunur, buna qarşı deyilik də. Bəs bütövlükdə milli məktəblərin qapadılması soydaşlarımıza hansı gələcəyi vəd edir, ya da bütövlükdə Azərbaycana nə vəd edir?! Bunu araşdıran, aydınlaşdıran mövqelər sərgilənmir. “Borçalılar Gürcüstan mədəniyyətinə inteqrasiya eləməlidirlər, onun dilində təhsil almalıdırlar” çağırışının arxasında çox qorxunc bir gələcək hazırlanır. “İnteqrasiya” kəlməsi ağızlarda yaxşı səslənir, humanist, demokratik bir anlayış kimi görünür. Ancaq bütün bu çabalar bir toplumu assimilyasiyaya hazırlamaqdan başqa bir şey deyil. Milli şüurunu, göz yaddaşını, tarix yaddaşını itirən, mənsub olduğu mədəniyyəti öz dilində ifadə eləməyən, daha geniş anlamda milli mədəniyyətini tanımayan, dərk eləməyən bir toplumun ölüdən nə fərqi var ki?! Belə çıxır ki, bizim soydaşlarımız orada mövcudluqlarını  sürdürmək üçün manqurtlaşmalıdırlar. Bizə görə bunu düşünmək (hələ yaşamaq demirik) ölümə bənzəməkdir. Biz Borçalıda xırda bir etnik deyilik, böyük bir millətin bir parçasıyıq. Bəşər mədəniyyətləri içərisində həlledici çəkisi olan bir mədəniyyətin daşıyıcılarıyıq. Bu böyük mədəniyyəti təhsilimizdən, tariximizdən, yaddaşımızdan uzaqlaşdırıb problemləri ortadan qaldırmağı mümkün sayanlar bunu necə əsaslandıra bilərlər?! Milli problemləri dərinləşdirməklə, bir toplumun milliliyini ortadan qaldırmaqla hansı problemlər ortadan qalxacaq?! Bizə görə Gürcüstan dövləti bütün bu deyilənləri hesaba almalıdır, ya da biz nə istədiyimizi doğru, əsaslı bəlirləməliyik. Probləmləri gizləməklə həllini tapmaz, onu açıq qoymaq, açıq demək gərəkdir ki, həllinə doğru addımlar bəlirləmək mümkün olsun. Yoxsa biz Gürcüstana dost deyirik, onlar bizə qarşı düşmənçilik sərgiləyirlər. Bu məsələnin də sağlam, doğruçu həllini düşünən soydaşlarımız Gürcüstan dövlətinin qara siyahısına yazılır… Azərbaycan dövləti bu məsələlərdə söz deməli, ortaya siyasi mövqe qoymalıdır. Yoxsa gec olacaq. Əgər biz istəmiriksə Ermənistanla Azərbaycan arasında yaranan düşmənçilik Gürcüstanla Azərbaycan arasında da olsun, onda diplomatik danışıqlar başlamalı, problemləri çözmək üçün birgə komissiyalar qurulub işə keçməlidirlər. Düşünürük ki, diplomatik danışıqlara Türkiyə də qoşulmalıdır. Çünkü Borçalı problemləri Türkiyənin də milli-siyasi çıxarlarına uyğun deyil. Üstəlik Türkiyə ilə Gürcüstan da müttəfiq sayılırlar. Müttəfiqliyin səmimi olması siyasi davranışlarda aydınlığın olmasını tələb edir.

Borçalıda da “Topxana olayı”nın yarana biləcək ehtimalının qarşısını indidən almaq gərəkdir. Yoxsa biz “lazım gəlsə” sindromunu yeni biçimdə yaşatmalı olacağıq…

  Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

   Atamız Var olsun!

15 İşıq Ayı, 42-ci il. Atakənd.

(may, 2020).

Share: